Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:04

BALAXAN "Sanitar" (Hekayə)


Qrişa çiskinli bir havada qəbiristanlığın kənarında dayanıb, dəfn mərasimini əli qoynunda seyr edirdi.

Yağış Qrişanın yağlı saçlarına, bığlarına, yarıuçuq budkasına, təzə qazılan qəbirin içinə, ağzıaçıq tabutda əlləri qarnının üstündə çalın – çarpaz, lal – dinməz uzanan meyitin qrimlənmiş sifətinə, vidalaşmağa gələnlərin üst – başına – hara gəldi yağırdı. Göy yenə yırtılmışdı.

Bu qış da ki, Bakıya elə hey yağdı… Və hamı öyrəşdi – alt tumanınacan islanmış Qrişanın heç bığı da tərpənmirdi. Tabutda uzananın da deyəsən vecinə gəlmirdi. Mərasim davam edirdi.

Qrişa qəbiristanlıq gözətçisi idi. Əvvəllər onu budkasından ancaq Şopenin Matəm marşı çıxarardı.

Bu, o vaxtlar idi ki, Bakıda ruslar ölülərini orkestirlə basdırırdılar. İndi həmin orkestr dağılıb, Qrişanınsa gümanı qapısındakı tulaya galıb. O, növbəti «sakin»in gəlişini balaca tula Çarlinin öncəhürməsindən bilirdi.

Tula hürür, Qrişasa iri toy qazanını suyla doldurmağa başlayırdı. Heç on dəqiqə keçməzdi ki, dəfn karvanı qapını kəsdirərdi.

Bu qısa ömründə hələ Çarli səhv etməmişdi. Burda ilin - günün bu vaxtı üstünə hürməyə başqa kim ola bilərdi ki.

Və Qrişanın son iyirmi - otuz ildə həyatının mənasına çevrilmiş sevimli işinin birinci mərhələsi qazanı suyla doldurub, zəif yanan qaz plitəsinin üstünə qoymaqla başlayardı. Günü - gündən zəifləyən qazın qeyrəti yekə qazandakı suyu dəfn mərasimi bitənəcən qaynatmağa ancaq çatırdı.

Dəfndə iştirak edənlər deyəsən, onu heç görmürdülər. Heç kəs də ağlamırdı. Mərhumun başdan - ayağa qara geyimdə daha da arıq görünən arvadı, səkkiz - on yaşlarında iki toppuş balasını – biri oğlan, biri də qız,- hərəsin bir döşünə sıxıb, üçü bir yerdə altı gözlə hələlik boş, nə vaxtsa gorunu söyəcəyi ərinin qəbrinə baxıb, lal - dinməz durmuşdu. Anaları arıq olan uşaqların ətli - canlı olduğunu görən Qrişanın bığları qaçdı. Deməli, atalarına çəkiblər.

Qrişa həmişə dəfndə iştirak edən qohum - əqrəbasının vücudundan mərhumun kök və ya arıq olduğunu ustalıqla təyin edirdi.

Qəbirqazanlar qazdıqları qəbirdən çıxan təzə torpağın üstündə oturub, «Astra»larını çəkirdilər. Deyəsən, onlar da Qrişa kimi darıxırdılar. Qrişa içəri baş vurdu.

Qazandakı su «vot - vot»da idi, on - on beş dəqiqəyə pıqqır - pıqqır qaynayacaqdı..

Birdən bayırda şivən qopdu. Qrişa çölə çıxanda, mərasimin bitmək üzrə olduğunu, tabutun ağzını qəbirqazanların mıxladığını gördü.

Onlar deyəsən zəhlətökən soyuq, yağışlı havanın acığını tabutun qapağından çıxırdılar - əllərindəki çəkiclə mismarların üstünə döşənmişdilər. Amma onların zərbələri də bu çəlimsiz dul qadının səsini batıra bilmirdi.

Bu səhnə həmişəsakit Qrişanın heç tükünü də tərpətmədi. «Sənin ananı.., kişi indi yadına düşüb?» - dodaqlarının altında ancaq bunları dedi. Qadın bədəninin az qala yarısı ilə ağzı bağlı tabutu qucaqlayıb sığallayır, elə bil onunla danışırdı.

Uşaqların atalarını itirdiklərindən çox analarının oxşamasından qorxub hıçqırdıqları aydın sezilirdi. «Deyəsən, uşaqları da bu köpəyoğlundan yarımayıblar» - deyə Qrişa fikirləşdi.

Nəhayət, qəbirqazanlar arvadı birtəhər kənara çəkib, hıqqana - hıqqana tabutu qəbirə sallamağa başladılar. Nə qədər ehtiyatlı tərpənsələr də, qəflətən onlardan biri tabutu saxlayan qayışı əlində saxlaya bilməyib, buraxdı.

Tabut gubbultuyla qəbirə düşdü. «Hə, yüz faiz kökdü, bu köpəyoğlu».

Qrişanın yadına Brecnevin dəfni düşdü. Onu da qəbirə salanda belə ehtiyatsız buraxmışdılar. Bu prosesi televizorla izləyənlər ancaq onda inandılar ki, bu qoca sarsaqdan birdəfəlik qurtulublar.

Dəfn mərasimi başa çatdı. Qrişa budkasına keçib, televizoru qoşdu. Çarli hürdü - deyəsən, gələnlər dağılışdılar. Axşamın düşməsinə lap az qalırdı.

Televizor isti təzə xəbər kimi Bakıdakı erməni qəbiristanlığının üstündən şəhər merinin asfalt çəkmək istədiyindən, ermənipərəst QHT – çilərin etirazından və bu etiraza etiraz edənlərdən danışırdı.

Qrişa səssiz, ancaq özünə məxsus, bu qədər adamın xəbəri olmayan bir işdən xəbərdar olan uşaq kimi, öz – özünə rişxəndlə güldü: «Axmaqlar». Onun qəbiristanlığı ilə haqqında danışılan erməni qəbiristanlığı böyür – böyürə idi. Televizor ermənilərin sümüklərinin qeydinə qalanları söyürdü. Qrişa gülürdü. Qazan da öz işindəydi – qaynayırdı.

Qaranlıq düşər - düşməz Qrişa əlində bel və mıxçıxaran alət arabasının qulpundan tutub, çölə çıxdı.

Yağış hələ yağırdı. Ətrafına heç baxmadı da. Kim idi axşamın bu vaxtı xaç - xuçun, qəbirlərin arasında adam güdən. Yaş torpağın üstü ilə tərs keçi kimi heç cür getmək istəməyən arabasını sürüyürdü.

Bu arabanı yüklə geriyə sürümək, ondan da çox aramsız yağan yağışdan ağırlaşmış təzə qəbirin torpağını qazmaq gözünə durmuşdu.

Gəlib çatdı qəbirin yanına. Əvvəlcə adəti üzrə sallağı oturub, bir siqaret çəkdi. Qəbirin üstündəki bir – iki dənə süni güldən hazırlanmış, ucuzvari əklili ehtiyatla bir kənara qoydu.

Hər dəfə olduğu kimi bir xaç da çevirmək istədi. Əli gəlmədi. Görəcəyi işlə bağlı bu illər uzunu hər dəfə xaç çevirmək istəyəndə elə bil kimsə əlindən tutub, saxlayırdı. Qrişa Şeytana, yoxsa Allahamı qulluq etdiyini hələ özü üçün ayırd edə bilməmişdi. Və işə başladı.

Tabutun örtüyünə çatanda bir də siqaret yandırdı. Qəbirqazanların açıq - aşkar xaltura etdiyi göz qabağındaydı.

Çox dərinə qazmamış, tabutun qapağına mismarları da seyrək vurmuşdular. Bu, Qrişanın işini yüngülləşdirsə də onları da bir – iki ağız söydü. Qrişanın yarımçıq iş görənlərdən zəhləsi gedirdi.

Qrişa özü ilə gətirdiyi köhnə rəng çəlləyini qəbirin içinə atdı. Qohum əqrəbalarının qəbirüstü aksesurlarını rəngləyib görkəmə salanların adəti idi.

Hər dəfə iş görəndə zir – zibillərini hara gəldi atıb gedirdilər. Qrişanın gərəyi olurdu deyə dillənmirdi.

Tabutun qapağını qaldırdı. Bir müddət ölünün üzünə baxdı. Bu illər ərzində əsl filosof olmuşdu. Ölümün və ölülərin yaxınlığı, daima Qrişanın həyatında iştirakı onun Oluma münasibətini dəyişmişdi.

Beynində nəsə fırlanıb, başqa cür olmuşdu… Qrişa bu pəzəvəngi indi dalına atıb, qəbirdən çıxarmalıydı.

Əvvəllər bir – iki şüşə boşaltmasaydı meyidə yaxın düşə bilmirdi. Hər səsdən – cırıltıdan, şırıltıdan diksinirdi. Sonra içməyi də tərgitdi. Sərxoş olanda onu vahimə basır, ağlına min cür əcayib fikirlər gəlirdi. Hələ bu harasıdı, reallıqla yuxunu bir - birinə qarışdırırdı.

Bütün sərhədlər mütləq olaraq pozulmuşdu. İndi də dəqiq bilmirdi ki, sərxoş olanda eşitdiyi səslər, gözünə görünənlər həqiqət idi, yoxsa ki, röya. Sonralar öyrəşdi. Hər cürəsinə rast gəlmişdi.

Düzdü, qalmış meyidlərin iyinə hələm - hələm alışmaq olmur. Amma insan elə zaddı ki, hər şeyə öyrəşir. Hətta Ölümün də iyinə. Qrişa bilirdi ki, xeyirli bir işlə məşğuldu. Bunların burda qalıb qurdlara yem olmağındansa…

Ayaqlarını tabutun qıraqlarına dirəyib, meyidin qollarından tutdu və özünə tərəf çəkdi.

Meyid oturdu. Sonra əllərini onun qoltuqlarının altına salıb, bir balaca güc edərək qaldırdı və qəbirin yaş divarına söykədi. Başının üstündə qarğa qarıldadı. «Bu hardan çıxdı?» Qrişa iş görəndə tam sakitliyi sevirdi.

Gülləsi olsaydı qarğanı vurardı. Lap hövsələdən çıxdı. Dizini meyidin qarnına dirədi ki, təzədən aşağı sürüşməsin, belindən bərk – bərk tutub, bir az da qaldırdı və pəzəvəngi sağ çiyninə atdı. İndi qalırdı yükünü birtəhər qəbirdən kənara atmaq. Qəbir çox dərinə qazılmadığından bu elə də çətin olmamalıydı, lakin yaş da özünü göstərirdi.

Birinci cəhddə az qaldı ki, yıxılsın – gözü ayağının altını görmədiyindən, pəncəsini çəlləyin lap qırağına qoyubmuş. Səndələyib meyidlə birgə qəbirin sağ divarına çırpıldı.

Qrişanı gic gülmək tutdu. Yadına kök erməni arvadlarının meyidləriylə belə süpürləşmələri düşdü. «Köpəy oğlunun millətinin meyidi də ayağı sürüşkən olur». Onda Qrişanın işi yaxşı gedirdi. Sonra ermənilər getdilər. İndi də iki tək bir cüt rus qalıb. Qrişa hərdən oturub sabahı fikirləşirdi. «Bunlar da qurtarandan sonra neynəyəcəm?»

İkinci cəhddə qəbirdən çıxa bildi. Cəmdəyi arabaya atıb, rahat nəfəs aldı. Və indi içində ancaq rəng çəlləyi və boş tabut dəfn edilmiş qəbiri torpağlamağa başladı. Üstünü düzəltdi, əklilləri də olduğu kimi düzdü.

Yarım saat sonra budkanın əyri pəncərəsinə kim yaxınlaşsaydı, içəridə Qrişanın iri bir cəmdəyi ustalıqla baltaladığını görə bilərdi.

Qrişa iri əldəqayırma stolunun üstünə səliqə ilə müşəmbə sərmiş, qəssab önlüyü taxmişdi. Hər dəfə iti baltasını cəmdəyin hər hansı bir hissəsinə endirəndə qıyıq gözlü sifətinə sarı həlməşik maye çırpılırdı.

Qrişa üz – gözünü, yarıya qədər çirmələdiyi qolunu silməyə cəhd belə etmirdi. Balaca budkasının divarlarını saraldan farmalin qatının üstü təzələnirdi. Bütün diqqəti doğrayıb, plitənin üstündə buxarlanan qazana atdığı tikələrdə və ustalıqla endirdiyi baltada idi. «İndi bu bədbəxtin evindəkilər yas qurub «pominka» edir, ruhunun əbədi rahatlığı üçün yüz – yüz vururlar, özü isə qazanda qaynayır». Fikrindən bu keçər - keçməz ürəyindən vurmaq keçdi.

Əlinin altında yarımçıq çaxır vardı, işinin də çoxunu görmüşdü. Amma Qrişanın yarımçıq iş görənlərdən zəhləsi gedirdi axı.

Əlini yarı farmalin, yarı tərli alnına çəkdi. «Getdik!» deyib əlində balta var gücü ilə meyidin ayaqlarına girişdi. Budundan başlayıb topuğunadək xırda – xırda doğradı. Qrişa qazana içalat atmazdı. Adəti deyildi. Ancaq tikə ətlər. İçalat işinə gecələr qəbiristanlığın ətrafında ulaşan yarıvəhşi itlər baxırdı.

Az sonra Qrişa iri kəpkirlə yarıbişmiş ətləri vedrələrə boşaltmağa başladı. Buğlanan ətlərdən qalxan üfunət budkanı basdı. Qrişa qapı - pəncərəni açdı və vedrələri arabaya yüklədi. Arabayla çölə çıxanda üzünə vuran təmiz havadan başı gicəlləndi.

Və o, qəbiristanlığın arxasındakı sıx ağaclığa – buna meşə də demək olardı – doğru sürməyə başladı. «Gəlirəm, mənim əzizlərim, gəlirəm».

Donuzxanaya on – on beş metr qalmış çoşqaların çığırtısı qopdu. Sahiblərininmi, ya sahiblərinin gətirdiyininmi iyini duyan donuzlar özlərini dağıdırdılar. Belə vaxtlar Qrişa onlara yaxın durmağa ürək eləmirdi. Elə alçaq çəpərin bu tayından vedrələri boşaldıb, donuzlarının yarıya qədər torpağa girmiş çənələri ilə ətləri necə gəmirdiklərinə məhəbbətlə baxmağı xoşlayardı.

Yal gözləyən it kimi çəpər boyu düzlənmiş irili – xırdalı donuzlarının ağzının necə sulandığını görəndə gözü yaşardı. Dözməyib bir tikə götürdü və ən balacasının qabağına atdı. Və tez də peşman oldu. İri donuzlar az qaldı ki, çoşqanı parçalasınlar. Qrişa əvvəlki tək onları yemləyə bilmirdi deyə, lap azğınlaşmışdılar.

Tələsik vedrələri onların qabağına boşaltdı. Bir dənə də siqaret çıxarıb tələsmədən çəkdi. Tikələr azaldıqca boğuşma səngiyirdi. Bir azdan hərəsi bir küncə çəkildi.

Balacalara həmişəki kimi az çatmışdı, ya da ki, gözləri doymurdu – çəpərin qabağına düzülüb, Qrişanın əlinə baxırdılar. Çox dayana bilmədi – ürəyi soyulurdu.

Qəbiri qazanda Şeytana qulluq etdiyini fikirləşirdi. Bu dilsiz – ağızsızları doyuranda isə Allaha.

Arabasından yapışıb budkasına qayıtdı. Axşam xəbərlərində erməni qəbiristanlığında basdırılanlar üçün canfəşanlıq edənləri göstərirdilər. «Axmaqlar. Siz o qəbiristanlıqdakılara görə dava edirsiz, mən artıq onların hamısını donuzlarıma yedizdirmişəm».

2003 – cü il, 22 - 23 iyun

Alatoran
XS
SM
MD
LG