Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

Həmid Herisçi "Nekroloq" (Romandan parça)


İLYAS ƏRNƏFƏS
(X hissənin ardı)

5. NƏZİR QUTUSU


- İlyas, kəndlim, Tülkü Əhədi deyirəm dəə, Kal Məmmədin oğlunu, yadına gələr, bir sözü də var idi yazığın: «Bakılı bambılı, fəth etdi İstanbulu!». Sünnətimdə o tutub ayaqlarımı. Yaxşı qədeşi söhbətləri var idi, «Teksun» yağı kimi keyfiyyətdə tək idi, tək. Anasını söydüyüm Rusiyyətə getmişdi, Sankt-Peterburqda bir qril kafesi vardı ki, gəl görəsən, düşmən bağrı çartladandan. Bacısı qızının xeyir işinə gəlsin deyə, toyun vaxtını iki-üç dəfə dəyişmişdilər, ən azı. Qismət… Qismət olmadı, tale ət baltasına dönüb başını yardı o yetimin. Öldürdülər… Dünyanın, urus uşaqlarının haramzadalığı bir yerdə, bir işdə üzə çıxmalıydı axı… Öldür–dü–lər! Buyur, indi yığılıb gəlmişik onun yasına, həyətdəki bu dəmir mafə bayaqdan onun ölüsünü gözləyir, ay İlyas… Meyit evdədi, üçüncü mərtəbədə, indi onu aşağı düşürəcəklər.

Bət-bənizi bir yana, seyrək – didik saçı altından görükən dərisi də gün tabağı kimi yanıb-qızarmış Lax Hüseynin dediklərinə inanmaq çətin idi, çətin. İlyasgilin məhəllə uşağı Tülkü Əhədi, - o, avara-ləvərə, qırdıqaçdının ən birincisi idi, Sovet dövründə dolları mən ilk dəfə onun cibindən çıxdığını görmüşdüm, - Rusiyyətdə amansızcasına döyüb öldürmüşdülər. Həə, fələk çöndü, qismət olmadı, bacısı qızı Gülərin «Bənövşə» şadlıq evində keçiriləcək toyunda qol qaldırıb oynayammadı o. Qismət…Görünür, onun «Aeroflot» uçağına minib Bakıya gəlməsi üçün toyun vaxtını yox, bu gorbagor, bic-bicəngə zəmanənin özünü…özünü dəyişməliydik biz.

- Dünənki televiziya verilişinə baxdınmı, İlyas? Namuslu, halal süd əmmiş ərli-uşaqlı ev qadınları, dedikləri sözlərin ədəbsiz səsləndiyini unudaraq, «Allah o böyük rəhbərimizi üstümüzdən əskik eləməsin!» ifadəsini necə də ürəkdən qışqırırdılar. Ağızları az qalırdı köpüklənə. Əşşi, İlyas, haqq ədalət söhbətində biz həmişə geridəyik. Görüm ki, çənəsi çürüsün o dığ-dığa arvadların, - Lax Kərimin söylədikləri nə qədər gülməli-gülünc olsa belə, fikrini, qayğısını həmişə özündə saxlayıb susan İlyas buna məhəl qoymayaraq, həyətdəki paslı dəmir mafədən öz qara-qaraçı gözlərini ayırmırdı.

Rəhmətliyin bircə yaxşı işi var idi - sədəfli tarını kökləyib, nisgilli-nisgilli çalmağı, vəssalam.

Bu dar məqamda böyürümüzdəki qənnadı dükanın tığ-tığ, kom-kom zibilliyindən, - tullantıların içindən görükən şair Mircavadovun nəfis beşcildliyi, qəribədir, orda da öz ardıcıl sıra düzülüşünü itirməmiş, əhatəsində olduğu murdarlığa hələ ki boyun əyməmişdi, - bir ac-yalavac, vız tükləri ana nəvazişi görməmiş pişik balası çıxdı, oğrun-oğrun, xəlvətcə dəmir mafəyə yaxınlaşdı, əvvəlcə onu qoxulayıb iylədi, sonra … sonra yaladı. İki-üç dəfə, ən azı. Məktəb binası tərəflərdə bir-birini itələyən, qovarağa qatan çolpa cocuqların alabəzək oyun topu da qəfildən yolunu şaşırdı, digirlənə-digirlənə gəlib o məşum dəmir mafəyə toxundu. Dayandı. Allah bunu birdə kimsəyə göstərməsin… Uşaqların şən sevincək oyunu, rəhmətlik Tülkü Əhədin yarımcıq taleyi bir məchul nöqtəyə dirənərək yerindən tərpənməz oldu – Sabunçu vağzalına girmiş Bakı-Tiflis qatarı kimi eynən.

Nəsr əsərlərini ədəbi dərgilərdə çap etməyə çalışdığı gündən başlayaraq sağ çiyninə qara meşin çanta sallamış İlyas Ərnəfəsə elə gəldi ki, ürək dağlayan bu mənzərəni o havaxtsa Bakının üstü açıq yay kinoteatrlarında göstərilən Hind filmlərinin birində görüb. Özü də lap çoxdan, Sovetin yaxşı vaxtında.

Bəridə ki Nərimanov xiyabanının daş səkilərini bəzəyən kol-koslar, qovaq, çinar ağacları elə biləsən ki, karıxıb özünü, öz fəslini itirmişdi. Onların yarımçılpaq xəstə, sısqa budaqlarına göz qoyanda bilmək olmurdu indi yaydı, yazdı, yoxsa qış. Məşədi Əzizbəyovun bir qolu göylərə yüksələn tunc heykəlinə tərəf ölə-ölə, canı çıxa-çıxa hərəkət edən iki köhnə, arxası çökmüş sovet ciqulisinin arasından qəfildən bir cağ mersedes sıçrayıb sürətlə Bayıla sarı şütüdü. Sanki tozlu-tozanaqlı Bakını, köhnə əprimiş tarixi arxada buraxaraq bir baş gedib öz muradına, qismətinə çatdı – necə deyərlər, bacarana can qurban. Buna bayaqdan şahid kəsilən Lağ Hüseyn özünü saxlayammadı, dil altından dil çıxardı:

- Bizim «Qeyrət» partiyamız da seçkilərdə bax belənçiknə qabağa, önə sıçrayar, Allah qoysa! İlyas, bizlərə üzərində partiyamızın adı yazılmış kağız papağlar da paylayıblar. Nümayişlərə çıxarkən onları qafamıza taxırıq ki, it-qurd, hökumətin şilləvuranları sıralarımıza soxulmasın. Qurandan o yana heçnə yoxdur ki, həə? – bacım ona baxıb, deyir ki, qələbə bizimdir, vəssalam, - toyda sevincək düşən, yasda kədərlənən ənənəvi bir azərbaycan balası kimi, Lağ Hüseyn ürəyindəkilərini açıb deməsə bağrı çartlayardı. Həə, indi onun içindəki buynuzlar axır ki üzə çıxırdı, axır ki… Ancaq qoy o, özünü cayıl bilib çox da başına-yanına yaxmasın, bu axmağın ciqulisini həmişə mən götürüb sürərdim, heç adam saymazdım onu.

- Bəs qış gəldi necə? O vaxt kağız papaqlarınızı nə ilə əvəzləyəcəklər – xəzdən tikilmiş baş örtükləriynən? Hələ üstünə bir «qeyrət» sözünü də yazacaqlar? Həə? – ortalıqdakı dəmir mafəni unudaraq hamı az qalmışdı gülməkdən ölüb getsin, İlyasın zarafatı hamının ürəyindən idi, hamının.

Sovetdənqalma dördmərtəbə Bakı evlərinin dibində əkilmiş üzüm tənəkləri nə qədər yuxarı qalxsa, göyə, Allaha doğru sürünsə, dırmansa belə, özünün incə kövrək yaşıl yarpaqlarıynan Bakı binalarının qara daşlarını, qaranlığını, qorxunc cinayətlərini nə dərəcədə gizlətməyi başarsa da, bir həqiqət danılmaz idi – heç nəyin üstünü örtmək, gizlində, kaha-kufulda saxlamaq mümkün olmayacaq. «Qeyrət» partiyası olsun, yaxüd «Heyrət» - bütün başı bağlı, düyünlü sirlərin üstü açılacaq, hamı uduzacaq. Əvvəl həyatda,siyasətdə, seçkilərdə , sonra ölümdə.

Həmişə işin sonunda İlyas kimi birisi gəlib güləcək bütün bu gic-gic söhbətlərə. Sonra sən lağlağaya duçar bu şəxslərin Bayıl, Basin, Koveriçkindəki tək adamlığ mənzillərinə gedib öz kor gözlərinlə görəcəksən ki, bu yazıq ev sahibləri sükut-süqut içində oturub, ağzına bir söz belə alammır, salam da vermir gəlib-gedənə. Bunu onların əvəzinə həmin evdən küçəyə sızan muğamat təranələri edir – öyrətmək olmasın, azmı görmüşük bunu? Gec-tez hamı öz səlahiyyətlərini muğamata təhvil verəcək. Hamı.
Uduzacaq.

Şəvətelli İlyas meyitin dəmir mafəyə qoyulmasını, cənazə törəninin icrasını gözləmədi – belə yerlərdən gərək birazcana tez əkilib gedəsən. O, mafənin böyüründə dayanmış ortası qırmızı zehli topa ayağıynan zərbə endirib onu yenidən oyuna qaytardı. Nəhayət ki…

ANS telekanalı səxavət əlini açaraq İlyasa haçandı ki bir film sifariş vermişdi – cinayət mövzulu qısa, 30 dəqiqəlik bir film. İlyas əyrisayaq sifətini həmin telekanalın bəridəki binasına sarı çevirib yavaşcana buraları tərk etdi. Həyətin bütün boz sərçələri də ona qoşuldu, uçub getdi buralardan. Birdən… birdən mənə elə … elə gəldi ki, ətrafdakı dördmərtəbə «stalinka» binaların palçıq gölməçələrində əks olunan bulanıq cizgiləri, bəlkə də… bəlkə də həmin evlərin əsil, həqiqi siması, onların acı həqiqəti, ana nüvəsidi…

Belə fikirləşirdim mən. Bunu İlyas haqda deyəmmərəm.

* * *

Söz yerinə çəkər, təbi gəlib, deməsəm bağrım çatlayar, ağzımı açıb deyəcəm, dilimə tük gələnəcən deyəcəm: Dərnəgüldə, Ayna Sultanovanın sinədən yuxarı yonulmuş al rəngli daş heykəli tərəfdə, qabaqlar – Sovetin “qırmızı papaq” arağlarını içdiyimiz xoş vaxtlarda, Kosmik Tədqiqatlar İnstitutu yerləşirdi – dəmir qapısında qaradinməz keşikçisi, içində toz basmış sirləri, sehrləri.

Həmin institutda həm də çox nadir, misilsiz qurğular, dəzgahlar vardı – onlar kosmik fəzalara uçan Sovet kosmonavtları üçün min cürə, çeşid-çeşid meyvə-tərəvəz qurudurdular – nə qədər desən, səhərdən axşamacan. Taleyində ölən, həyatında yaşayan bütün boz sovet adamları kimi, mən də qorxa-qorxa, uzaqdan-uzağa baxardım həmin o binaya. Onun qarşısında gəzişən üzütüklü alverçilər çubuğa taxılı karamel xoruzlar satar, qiyməti zarafatla deyərdilər: “təzəsi 5, köhnəsi, ağızda sorulmuşu – 3 qəpiyə!”. Sovetin kitabı ki bağlandı, həmin tərəvəz, sarımsaq, meyvə quruları dolanbac bir yolla gəlib keçdi mənim bankir dayımın cənginə, sonrasını day deyəmmərəm.

İndi o gülünc hadisələri xatırladıqca, sifətimin qırxılmamış ikigünlük tüklərini qaşıya-qaşıya fikirləşirəm: kosmonavtların qismətindən, payından mən də dadmışam. Həə, Sovet hökuməti elə çökdü ki, axırda hətta biz…hətta biz kosmonavtların süfrəsinə dəvət aldıq. Yernən göy, məğribnən məşriq, atamın ölmüşüyçün deyirəm, bax bu nöqtədə bir biriynən görüşüb öpüşdülər – nəticədə zaman da dəyişdi, biz bədbəxtlər də. Həə, zaman qəribə zaman idi…

Zaman ol zaman idi ki, mərcimək qalxan idi. Qarışqa şıllaq atmış, dəvənin budu batmışdı. Zaman ol zaman idi ki, harın qarınqulu varlılar öz yoğun mədələrini kababla doldurmağı “yaxın yerə yük daşımaq” ifadəsi ilə bədiiləşdirirdilər. Zaman ol zaman idi ki, Ağdamın polis rəisi öz sevgilisinin qızıl sırğalı qulağına “mən səni yüz qəhbəyə dəyişmərəm” demiş, cavabında “mən isə dəyişərəm, özü də yüz yox, bir qəhbəyə” kəlmələrini eşitmişdi.

Day nə deyəsən ey, bu köpək qızına. Zaman ol zaman idi ki, köhnə-köşkül Bakı evlərindən tar-kamança səsi gəlmirdi, qəzet üstündə qurutduğumuz nanədən bir çimdik götürüb onu çay dəminə atmaq istəmirdik. Yorğun idik, yorğun. Zaman ol zaman idi ki, hər yerdə zırıltı şadlıq evləri tikib ucaldırdılar, sonra…sonra bu dəbdəbəli zövqsüz binalar küçələrin palçıq gölməçələrinə öz murdar kölgəsini salırdı. Mənnən İlyasa isə elə gəlirdi ki, bu gölməçələrdə gördüyümüz bulanıq təsvirlər həyatın sırf məğzi, yaşayışımızın tam həqiqətidi.

Kosmonavtların halal payını yeyəndən sonra başımıza gör nələr gəldi bizim…

* * *

İspaniya qədeşbalalarının “Barselona” futbol takımı üçün, bütün dünyada çaldığı səs-küylü qələbələr azmış, həddən artıq cıqqılıymış kimi,- görünür cıqqılıymış,- o, axırda, cəhənnəmin isti yeri olan Bakıya gəlib, Dağlı məhləsindəki ölüvay, canı tükdən asılı köhnə bir divar üzərində də özünün növbəti,- məncə, sonuncu,- qələbəsini əldə etmişdi. Eldəniz Quliyev, - söyüş verərkən ağzının qızıl dişləri parlayan dağlıbalaları ona Eldonuz Qıllıyev deyərdilər, - adına küçənin ən qara, qaranlıq divarı üzərinə bu futbol takımının dil dolaşdıran əcaib adını kim yaza, kim yaza?- ANS telekanalının gənc müxbiri Taryel Allahquliyev!

- İlyas, mənim qara şeytana, 666-ya çevrilməyimə nə qalıb ey… cəmi bir dəqiqə, - Taryel Allahquliyev ANS-in girəcəyində dəvə kimi yerə çökmüş təzə ciqulisinin “10-AZ-665” dövlət nişan nömrələrini baş barmağıynan, sol gözüynən göstərincə, güldü. Uğunub getdi özündən. Az sonra əyri ağzını İlyasın şəlpə qulaqlarına sarı yönəldərək:

- İlyas, görürsən müxalifətlə iqtidar neynəyir, sökür eey biri-birinin qarnını. Arada ölkə əldən gedir, Bakı dağılır. Ala, mən həmişə demişəm, indi də deyirəm: adam bir az kişi olmalıdı, bir az! Bütün bu hay-küyün, həsənsoxdu dəyirmanının acı nəticəsini dünənləri bizim bu zibillikdə öz gözlərimlə gördüm: baxdım ki, ora gətirib nəzir qutusu tullayıblar. Nəzir qutusu! Gözlərinə su ver, gəl bax, tamaşa elə, - kəlmələrini ona eşitdirdi. Ancaq eşitdirdimi? İlyas ətrafda uçuşan payız milçəklərinin zəif, əsəbi vızıltısını dinləyən kimi idi, fikri başqa yerlərdə, ala dağının başında idi, hələ ki.

- Vay, bu nəzir qutusudu?… inanmıram, - handan hana özünə gəlmiş İlyas, ANS-in zibilliyindəki bu acı mənzərəni görcək elə susdu ki, ondan sonra adi sıravi adam gərək hökmən təzədən öz doğma dilini öyrənərdi. Təzədən! Burda - saralmış köhnə nərd zərlərinin ölü rəngini öz canına hopdurmuş bu miskin mənzərənin içində, danışıb fikirləşən, ümüdlə yaşayan bir-iki varlıq mövçud idisə, onu adi gözlə seçmək çətin idi, olduqca çətin. Bunların biri, Lökbatana sarı uzanıb gedən neft kəməri idi, digəri, ANS-in həyətində atılıb qalmış kirli-pasaxlı, köhnə yük KAMAZı. Birdə, burnu damcılayan su borusu. Susanların sırası isə İlyasla başlayıb, divar dibində mürgüləyən qotur pişik balası ilə qapanırdı. Bayaqdan qulağımızın dibində uçuşan payız milçəklərinin ölüm qabağı vızıltısı da, deyəsən, tam kəsdi. Sonuncu milçəklər öldü – yay bitdi.

- Hacı Əbdülün nəzir qutusudu, İmam Hüseyn məscidi mollasının. Xatırlayarsan, prezident Mütəllibov yanlısı idi, meydanlarda qışqırırdı onun adın. Buralarda, məktəbin böyründə xudmani xəlvət bir çayxanası var idi. Sökdülər, yernən bir eylədilər, içindən çıxan nəzir qutusunu gətirib atdılar bura, ANS-in zibil tığına. Hacı Əbdüldən o qədən, o qədər müsahibə almışam ki. Deyirəm, bəlkə…,- Taryel sözünü yarımçıq kəsdi. Həyətdə çürüyən paslı-poxsaqlı yük KAMAZı, İlyasdan daha ağıllı görünürdü deyə, Taryel öz cümləsinin axırını məhz ona xitab etdi:

- İlyas, keçib dayi, deyirəm bəlkə bu nəzir qutusuna bir-iki məmməd sədəqə atasan? Hə, hərəkət elə, əlin cibində olsun, bilirəm simicsən, şəkililər demiş “noxudsayan”san. Köhnə “Kommunist” qəzeti 20 yanvar hadisələrindən sonra öz səhifələrində sevgililərin, arvad-uşağın şəkilini çap edər, altında yazardı ki, “Həyat davam edir”. Bu zibillikdə də “həyat davam edir”, qaynayır ee, İlyas, qaynayır. Fikirləş ki, çayxanada çay içib, çaydanın altına iki məmməd pul qoyubsan. Belə fikirləşməsən, nəzir qutusuna pul atammayacaqsan, İlyas. Azərbaycanlılardan pul qoparıb qırpmağın yolu ancaq budu, bu! - durduğu yerdə “mıxməmməd” kimi mıxlanan Taryel, şeytan gözlərini KAMAZdan qoparıb onları təzədən İlyasa zillədi. Xəzərdən əsib gələn dəli küləyin yönünü bələdləyib, özünü onun tam ixtiyarına buraxdı. Sərt külək, Taryelin yağlı-yağlaşoy sifətini yaladıqca o zəmanənin həm qəhrəmanına, həm qurbanına bənzəyirdi. Külək isə, ancaq qarşıdakı o zibilliyə girərkən özündə bir can rahatlığı tapır, Taryelin ifadəsiz sifətindən ləzzət aparmır, ona toxunub yarı yolda dayanmaq istəmirdi ki, istəmirdi.

Hələ lap əvvəllər, dondurma hazırlayan “Taymeks” şirkətindəki nəhəng soyuducuların ustası işlədiyi kasıb vaxtlarında, Taryel bütün Azərbaycan kişilərini birləşdirən, onları taleylə təkbətək qoyan qəribə bir sirrə, övsuna agah olmuşdu: arvadlarının sözünə ki qulaq asmadılar, bu kişilərin bəxti-qisməti gətirmir, işləri gəlib düşürdü açılmaz düyünə. Niyəsini soruşma: bizim kişilərin öz bəxtləri ilə, tale, qəzavü-qədərlə birbaşa əlaqəsi çoxdan, hələ Şah Abbas dövründən kəsilib, ümid qalıb arvadların bu fani zamanla olan gizli-mizli əlaqələrinə – dalısını day heç dilüvə belə gətirmə.

Məncə, Taryelin gümüşü saçları bu sirri onun özündən daha tez dərk etmişdi. Görən, qırışsız gen alnı, qara- şəvə gözləri bütün bünları haçan, nə zaman anlayıb qavrayacaq? Görəsən, Təzə Bazardakı dilənçilərin qara ovcuna bunu biləndən sonra o, neçə «məmməd» pul basacaq? Sözün qısası, arvadını bu sirrin havasına sevən Tariyel, son nəticədə İlyaslı-milyaslı bütün köhnə tanışdarını özündən bilmərrə uzaqlaşdırmış, Zavağzalnidə anasına köhnə erməni evi alıb, yazığı götürüb basmışdı ora. İndi arvadağanın «başıaşağı, teli yuxarı» Tariyelə bircə iradı vardı-paltarından gələn ucuz siqaret qoxusu. Bakılılar demiş: «Nöş yaşayırsan e, bunnan sonra, nöş?» Siqaret çəkməyə görəmi? Lənət şeytana, axı sən, «Taymeks» şirkətində işlədiyin vaxtlarından böyük bir sirrin şahidisən: bu ölkənin özü cəhənnəm, onun hətta dondurmaları, südü belə çürükdü-bəs nədən öz arvadının çürüklüyünü görmürsən, Allah səndən bu qəndin bərəkətini kəssin, ay bədbəxt oğlu, bədbəxt.

Dünyanın təməlini sarsıdan 20 yanvar hadisələrindən sonra «həyat davam edir» başlıqlı məqalələr yazan sovet jurnalistlərindənmi örnək götürmüsən sən? Düzü, o məqalələrdən sonra həyat bitirdi…insan, Tariyel bitirdi, vəssalam.

Paltarından qalxıb burnumun düz içinə vuran acı siqaret qoxusunu çıxsaq, nəyi, harası diridi indiki Tariyelin, nəyi? Öz aramızdı, bu siqaret qoxusu burnumu acışdırana qədər mən inanmalıydım, salam verməliydim, can-can deməliydim Tariyelə. Həmin acı qoxunun havasında «həyat davam edir»di, axı, həyat.

Bir də baxdım ki, külək yatıb, ətrafa-yol boyu şütüyərək dünyanın axırına sarı sanki hərəkət edən köhnə jiqulilərin, suvaqsız, cilasız daş-divarların, Tariyelin ağ saçları üzərinə seyrək yağış çiləyir. Naguman baxışlı İlyas cibindən bir-iki «məmməd» çıxarıb onları Hacı Əbdülün yetim qalmış nəzir qutusuna atdı. Bu mərət, sovxa üçün də «həyat davam edir» fəlsəfəsi, dünyanın fanilik dövrü başladı - zaman hopp eliyib uddu onu özünün acıxmış mədəsinə.

Toy məclisi 1993-ci ilin 20 iyun tarixinə düşdüyündən, Tariyel həmişə dediyi ifadəni yenə də, - bu dəfə İlyas üçün,-təkrarladı: «Surət Hüseynov ordusu Bakıya soxulub Elçibəyi devirdiyi gün, arvadım da evimə gəlib məni taxt-tacımdan məhrum etdi»…Ancaq, gəl əyri oturub düz danışaq, Surət Hüseynovu, arvad-uşağı bir yana qoyaq- o gün tale, qəzavü-qədər girmişdi Bakıya. Qədim bir tale ki, yalnız qadınların sıx əlaqəsi vardı onunla. Ciddi əlaqəsi, cinsi əlaqəsi.

ANS-in qapı-pəncərəsi bağlıdı, açıqdı-yaxınlaşmağa, gedib qapını tapıb döyməyə İlyas uymadı. Binanı çevrələmə çəpər tək bürümüş bit ağaclarının zəhərli qoxusu onu inadla geriyə, Milli Məclis binasına doğru itələyirdi. İlyas isə susur, qızarmış gözləriylə bircə nöqtəni ovsunlayırdı-Tariyelin ifadəsiz üz-gözünü.

«10 -KU-665» nömrəli jiqulinin yiyəsi Tariyel Allahverdiyev yaman dözümlüydü, yaman. Bircə dəqiqə qalırdı onun şeytana, 666-ya çevrilməyinə, bircə dəqiqə.
Düz bir dəqiqə.

Qəfildən Tariyel hirsləndi, cin atına mindi, gözlərinin ağı getdi, qarası gəldi. Səsini qaldırıb bağırdı:

- Sən kimi yarımçıqları dədəm «usta biabır» deyə çağırır, onları bir yumruqla vurub çezqıraq, üçqıraq eliyirdi. Mən axmaq oğlu axmaq, nöş sənlə ağız ağıza vermişəm? Nöş?

* * *

- Tariyel, yaxşı ki, atamın adını bilmirsən, yoxsa, irağ olsun, onu da söyüb abırdan salacaqdın, düzdü? Bu, sizin nəsillikcən adətinizdi, eləmi?

Jiqulisinin qabaq şüşəsini silib-sürtən Tariyel, İlyasın zarafatını eşitcək, işini yarımçıq qoydu, yerindəcə donub qaldı, özünün deyil, atasının iti, qədim baxışlarıynan İlyasa diqqət yetirdi, bir əlində əski parçası, digərində sönük siqaret kötüyü, hirsindən alışıb yandı.

- Az. TV-nin musiqi verilişlərini aparan Seyidağanın sözü olmasın: «Qozbeli qəbir, jurnalisti efir düzəldər!». Varam da sənin yekə-yekə danışmağıva, varam. İndi ANS-də bir-iki qotur veriliş hazırlamısan deyə gəlib çıxmalısan daz başımın düz təpəsinə, danqabaş oğlu, danqabaş. Çəkil yolumdan əclaf, çaqqal,-Tariyelin zil qara saçları çatma qaşlarının üstünü o vaxt tam örtərdi ki, o, hirslənib özünü itirsin, boğazından qadın səsinə qarışmış bir səs çıxartsın. Heç kişilikdən idimi bu?

9 aylıq dərs ilindən üçünü pambıq yığımında itirmiş bütün kənd balaları kimi, neftçalalı Tariyel də bircə işində bacarıqlı idi-söyüş verməkdə, hədyan-hədyan danışmaqda.

Yoxsa…yoxsa, dəli şeytanın özüydümü onun titrək hülqumlu arıq boğazından sör-söyüşü qara kəlbətinlə dartıb-çıxaran? Belədi də bizim jurnalist babaların işi, çətini dillərinə bir damcı araq dəysin, başlayacaqlar söyüş deməyə, qədim bir mahnı var ha, «Ay molla ağa, şərab süz qaba, kəlmeyi-şəhadəti at bir qırağa»…bax, onu oxuya-oxuya zəhlə tökməyə.

Hacı Əbdülün sovxası-nəzir qutusu day lap yaddan çıxmışdı. Atalarımızın sözü olmasın, «qazan səsi, qız səsi, qızıl səsi» ki, gəldi, din imanı əldən veririk biz, düşürük boş-boşanaq söhbətlərin cənginə. Dava çox da uzun sürmədi, Tariyellə İlyas tez küsüb tez də barışdılar, sanki, xəstə yatan dəli şeytanın kirli yastıqı altına pay-püş qoyub, şərrin bac-xəracını ödədilər. Şər deməsən, xeyir gəlməz, cin-şeytanın gözəgörünməz nəzir qutusuna sədəqə, söyüş, dava atmasan, fələyin qara rüzgarı səni Balaxanı zibilliyinə qədər sürüyüb aparar. Budu Bakının acı həqiqəti.

İnanmırsan? Ay sənin dəymişin dura-dura kalın tökülsün…

- Tariyel, fikrin özüvə getməsin, səni təhqir-filan eləmirən. Bir sözdü, zarafatdı daa dedim…Yaxşı, atan Əlibaladan nə xəbər var, yenə «Star» şirkətinin «reno»sunu sürür? Yazıq yenə Bakı yanacağının keyfiyyətsizliyidən gileylidi? Bir az özündən də danış, görüm ANS-də hansı verilişləri yaradırsan.

İlyasın nəlbəki gözlərinə zillənsən görərdin ki, bu yazıq gədə yekə-yekə danışsa belə, hələ ki ixtiyar sahibi deyil, yamanca qorxub, Tariyelin turş sifətinə baxmaqdansa, gözlərini onun bahalı pal-paltarına dikib. Kefcilin lap yekəsi, arvad, pul ölüsü olan Tariyel də bunu hiss edirdi. Onun əynindəkilərin nağdı 100 dollar qiyməti vardı, nağdı.

* * *

- İlyas, alım ağrını, toy müğənniləri məclis ki bitti, bilirsənmi, öz aralarında necə, nə təhər şit-şit zarafatlaşırlar?- «Adə, manıs, süfrədən neçə araq əkişdirib qoltuq cibində öz evinə aparırsan?». Elə onlardı daa, aləmi korlayan. Mən də onlara baxıb hamı kimi öz xeyrimi güdürəm ancaq. Həftədə bir-iki verilişim var, dolanıram.

Odey, bizim gənc şairlərdən «Xəbərlər»ə bir süjet hazırladım: prezident iki gənc şairə ev verib, qonşuymuşlar. İçib dəmləniblər, şair Həmidəli eləmə tənbəllik, cumub o birisinin üstünə, döyməyi azmış hələ, üstəlik, yazığın bir qulağını dişləriylə yerindən qoparıb. Bədbəxt, - Tariyel bunları deyən vaxtda Milli Məclisə gedən yolda tozanaq qalxdı-köhnə bir «Volqa» yola əyri-üyrü qara izlər sala-sala qıjıltıynan ANS binasının önündən ötüb qeybə çəkildi.

Günəşin təkəri qozbel Yasamal təpələri arxasına yuvarlandıqca, onun kəhrabaya oxşarlığı artır, bəridəki Nəbatat bağının nadir ağacları öz doğmaca yaşıl rəngini itirirdi.

Bu dar macalda həmin yastı təpələrin başına uçub yığılan qədim ruhlarla söhbət etməyin nə vaxtıydı, nə vaxtı…

Həə, Tariyelin dədəsi Əlibala kişi köhnə sürücü baba kimi fikirləşir, gün-güzəranın geriləmə səbəbini keyfiyyətsiz Bakı yanacağından görür. Bəs…bəs, İlyas bunun səbəbini harda axtarmalıydı? Yasamal təpələri arxasında əriyən sarı günəşin kəhrəba rəngindəmi?

Hacı Əbdülün zibilliyə atılmış nəzir qutusundamı?

* * *

Srağagünnəri Razində,-oranın bit bazarında ucuz dəri gödəkçələr satırlar, gərək vaxt eləyib Razinə bazarlığa gedəm,-tükürpədici cinayət hadisəsi qeydə alınmışdı.

Rahib Baxışov adlı bazar alverçisi,-deyilənə görə, onu əskərdikdən xalq şairi Əsədulla Yanar qurtarmışdı,-qısqanclıq üstündə öz köhnə qonşusu, küçələrdə bıçaq itiləyən Tərlan Hüseynovu vəhşicəsinə qətlə yetirmiş, üstəlik, ayıb yerini kəsərək, onu yazığın ağzı üstə qoymuşdu-vəssalam, ölkə yetimlərinin biri də əskildi, öldü getdi, ona da bir quş. İlyas bu haqda 30 dəqiqəlik qısa film çəkirdi deyə, Tariyelin bayaq dediklərində öz mövzusu ilə səsləşən incə məqamlar duydu.

Bir tərəfdə qulağı kəsilmiş şair, digərində, ayıb yeri kökündən qoparılmış bıçaqitiləyən-oxşarlıq göz qabağındaydı, kor kor, gör gör.

Həə, əclaflıq, cinayət bizim köhnə dinimizdi, onun öz orucu, öz namazı var, day o biri haqqhesablarını demirəm.

Adam yortub Bayıla zindana düşmək-bir nömrəli, əsas, başlıca, gizli əskərliyimizi biz bax orda çəkirik, özü də canla-başla. Bu əskərlikdən bizləri heç kəs, hətta xalq şairi Əsədulla Yanar da qurtara bilməz. Ağzı nədi?

Orda, Bayılda istintaq hələ başa çatmamış müstəntiqin sənə şad xəbər çatdıracaq: arvadın bir qız uşağı doğub.

Sən ona Hicran adını verib ölənəcən bu qızın namus qeyrətinə yiyə duracaqsan-day bilməyəcəksən ki, həmin qız uşağı əyninə dar şalvar geyib çoxdandı…çoxdandı bütün məhəlləyə şəhvət alovu yağdırır.

Nazik, qara, quru dodaqlarını birbirinə kip sıxıb susmuş İlyas, dayandığı yerdən beş altı addım kənarda paslanan dəmir sütuna yaxınlaşıb kürəyini ona söykədi. Ətrafdakıların içindən bircə onu özünə dost seçdi, bomboş, qupquru ovcunu gen alnı üzərindən sürüşdürərək qara şəvə saçlarını qatıb qarışdırıdı. Hələ damağındaykən sönmüş siqaret kötüyünü yerə atmaqda əməlli başlı gecikdi. Yubandı.Siqaret qarışıq yerə axır sözlərini tüpürdü:

- Tariyel, qulaq kəsmək nədi ki, götürüb onu efirə verirsən? Mən çəkəcəyim filmdə görərsən nəyi kəsiblər, görərsən. Ala, şairlər saxtakardır-həm şerlərində, həm əməldə. Dərinə getmirlər,- bu sözlərin axır nöqtəsini İlyasmı qoyurdu, İlyasmı? Yox. Burnu damcılayan su borusu. Onun divar dibindəki varlığı yalnız indilərdə hiss olundu.

- Qulaq kəsməyə istehza üçün mən öz verilişimə «Arxipelaq QULAQ» kitabının adını vermək istəyirdim. Noolar, götür, bu adı sənin filminə bağışladım, halal xoşun,-Tariyel sağollaşmadan ANS-in daş pilləkanları üzərinə sıçradı, nə sıçradı… Qapı şüşələrindən görükən öz əksinə göz vurub içəri keçdi. Buranın ayaqyolusu təzəlikcə təmirdən çıxıb. Dörd, beş gün olar, olmaz. Sağlıq olsun, axırda Tariyel həmin yerə də baş çəkər, güzgüyə zillənib oradan görükən zavallı simada nəhayət ki, özünü tanıyar. Üstəlik, indiyəcən görmədiyi dədədənqalma bir iki cizgini də «kəşf» edər öz sifətində.
Eşikdə yalqız qalıb sağa-sola gəzişən İlyas çox tez yoruldu, zibilliyə yaxınlaşıb oradakı nəzir qutusuna baxdıqca baxdı. Fikirləşdi ki…

Fikirləşdi ki, bu zir-zibilin hamısını o nəzir qutusuna atmaq ən düzgün iş olardı indi. Vaxtı gəlib çatmışdı bu işin, vaxtı.

* * *

«10 -KU-665» nömrəli jiqulinin yiyəsi Tariyel Allahverdiyev yaman dözümlüydü, yaman.

Bircə dəqiqə qalırdı onun şeytana, 666-ya çevrilməyinə, bircə dəqiqə.
Düz bir dəqiqə.

Alatoran
XS
SM
MD
LG