Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

Azər Abdulla "İşıq" (Hekayə)


Azər Abdulla
Azər Abdulla
-

Sait Faiqə

Səssiz qaranlıq bir gecədə oğlanla qız əl – ələ tutub çöl boyu dinməzcə yeriyirdilər. Ayaqlar altında qumun xışıltısından başqa heç nə eşidilmirdi. Qız həyacan içində pıçıldandı...

- Heç nə görmürəm...

Oğlan qızın əlini yavaşca sıxdı. Dinməzcə yeridilər. Nə sağ vardı, nə sol, nə irəli görünürdü, nə geri, nə aşağı, nə yuxarı. Birdən qızın qulağında addım səsləri də eşidilməz oldu. Elə bildi ki, çöl boyu tək – tənha yeriyir. Sanki hava deyil, qaranlıq udurdu. Təngənəfəs olduğundan əlini dartıb titrək səslə pıçıldadı:

-Üzünü görmək istəyirəm...

Oğlan onun əlini du dəfə bərk - bərk sıxdı. Qız ayaqlarının altında qumun xışıltısını eşitdi. Ancaq çox çəkmədi, yenə sükut dörd yanı bürüdü. İndi qaranlıq ilıq, yaş parça kimi qızın əlinə , qoluna, ayaqlarına dolaşır, bədəninə suvaşırdı. Əlini dartıb bu dəfə qorxu içində:

-Üzün yadımdan çıxıb, - dedi. Oğlan dinməzcə onu çəkib ardınca aparmaq istədi.

Bir neçə addım irəliləyəndən sonra qız birdən dartınıb həyacanla qışqırdı:

-Qorxuram!..Sən kimsən?! Yandır, tez ol yandır, qorxuram! Işıq!Işıq!..

Oğlan cibindən kibrid çıxarıb son dənəni tələsik yandırdı. Alov fışqıraraq qatı qaranlıqda bomba kimi partladı. Yan – yörə işıqlandı. Bir – birinə qovuşmuş iki azman kölgə gedib qaranlığa dirəndi. Qızın geniş açılmış təlaşlı gözlərində titrək bir sevinc parladı. Həyacan içində qaranlığın bir parçasını əritmiş işığın ölçüsünə baxdı. Alov balacalaşdıqca qaranlıq canavartəkin acgöcəsinə onlara sarı təpildi.

Qız qorxu içində oğlanın üz – gözünə hərisliklə bir də baxdı.
Əlləri əsə - əsə:

- Qoyma keçdi, qoyma! - dedi. Oğlan barmağını diliylə yaşlayıb kibrit dənəsinin yanıb gözərən ucundan tutdu. Alov yenidən gücləndi. Qızın üzgözündəki sevinc yenidən işıqlandı. Kibrit çöpünün yarısı da yandı. Alovun iynə kimi iti ucu qısalıb birdən qaranlıqda yox oldu. Qız oğlanın əlindən bərk – bərk yapışdı.
Səssizcə yeriyirdilər. Zülmət elə bil bir az da qatılmamışdı, narın qumun xışıltısı aydınca eşidilirdi. Qız oğlanın əlini bərk – bərk sıxdı, arxayın bir səslə:- Mən səni görürəm,- dedi. Oğlan cavab vermək əvəzinə yenə onun əlini sıxdı. Dinib – danışmadan xeyli getdilər. Yenə qız dilləndi:

-Niyə dinmirsən?..

-Nə danışım?

-Susanda elə bil qaranlıq çoxalır, qatılaşır. Təkcə gözlərimə deyil, ağzıma, burnuma dolur, ürəyim sıxılır... Onda mən danışım...

Oğlan yosuntəkin yumşaq səslə: - Danış,- dedi.

- Ömrümün bir günündən danışmaq istəyirəm.

Bu vaxtacan heç kimə danışmamışam. Yaylaq yerimizdən də çox – çox qəlbidə Top deyilən bir yerdə Seyidəhməd çeşməsi vardı. Hər il yaylağa köçəndə camaatın çoxu kimi biz də qurbanımızı aparıb o çeşmənin başında kəsərdik. Suyu elə dadlı, elə soyuğuydu, onu sayanacan əlini bulağın gözündə saxlaya bilməzdin. Sonralar bildim ki, o çeşmə ulu babamın adınaymış. Yeddi arxa dönəndən sonra mən olmuşam. Dediyim sehirli günü həmin Seyidəhməd çeşməsinin başında görmüşəm. O gün qurban kəsməyə getməmişdik. Mən xəstəydim. Aranda yay yenicə girmişdi. Dədəm atın təpkində məni buraya gətirmişdi. Həmin il ikinci yol yazla görüşürdüm. Hələ ayaq dəyməmiş çəmənliklərdə gül – gülü çağırırdı. Xallı kəpənəklərin bayram günüydü. Dədəm bulağın başında məni atdan düşürüb özü azca aralıqdakı meşəyə yollandı.

Lap uşaqlıq çağlarımdan hər dəfə o bulağın başına gələndə atamın meşəyə sarı getdiyi səmtdən gözümü çəkməzdim. Bir dəfə anam qayıtdı ki, olmuya maralları gözlüyürsən?..

-Maral nədi? – soruşanda anam bir əhvalat danışdı. Deyilənə görə əkin vaxtı camaat hər səhər yuxudan duranda Seyidəhmədin zəmilərinin əkilmiş yerinin bir az da çoxalıb genişləndiyini görüb çaşarmışlar. Axund babanın öküzləri də yoxuymuş, üstəlik bütün gününü məcçiddə, minbərdə keçirərmiş. Seyidəhməd babanın anası Sonabəyim nənəmiz danışarmış ki, bu sirr, bu əhvalat camaatın dilindən düşmürmüş. Kənddə sonsuz, tənha bir qadının gecələr yerinə qop əllənir, yuxusu ərşə çəkilir. Demiyəsən qarı, gecə - gündüz babamı güdürmüş. Bir gecə babam evdən çıxıb öz zəminələrinə sarı üz tutanda qara şapşaba bürünmüş qarı qarabaqara onun onun dalısınca gedir. Qarının sonralar kəndə yaydığı xəbərə görə Seyidəhməd babam həmin gecə atamın getdiyi meşəyə yaxınlaşıb: - Tур-рше!, Тур-рше- deyə iki yol ucadan nəyisə səsləyir. Çox keçmir meşədən bir cüt maral çıxır.Bu vaxt ay doğaraq yeri – yurdu süd kimi nura qərq edir. Marallar babamın dalısınca düşüb zəminin qırağına gəlir. Babam onları cütə qoşub üç – dörd yol o baş, bu başa gedib – gələndən sonra qarı qoca pişik kimi ehmalca qayanın dalından çıxıb babanın qarşısında peyda olur.

- Ağa nə eyləyirsən? – soruşanda bir göz qırpımında marallar səs – küylə xışlı, boyunduruqlu çıxdıqları meşəyə sarı götürülüb gözdən itirlər.

- İmanın yansın, ay qarı, gecənin bu vaxtı burda nəyin azıb? – deyə babam peşmanlıqla qarını danlayır... Bilmirəm nəyə görəsə bu rəvayətə bərk inanıram...

Çeşmədə əllərimi yuyub ovcumda götürdüyüm bumbuz sudan bircə qurtum içib, ayağa qalxdım. Ağrımdan, azarımdan əsər - əlamət qalmadı. Dayandığım yerdən azca aşağı başlanan qalın meşə sallanaraq dağın lap ətəyinə gəlib çatırdı. Dağın dibinə azca qalmış ağ sap kimi uzanan yoldan sanki sürüşüb ötən yük maşınları qarışqa boyda görünürdü. Dağların dibiylə axan çay qayalara ilişib qalmış nazik gümüşü telə bənzəyirdi. Aşağılardan başlayaraq bir – birinin arxasından boylanan saysız – hesabsız sıralanmış dağları aşağılarda yamyaşıl meşələr örtmüşdü. Yuxarılara qalxdıqca meşə seyrəlir, sonra çılpaqlaşır, lap sonra uzaqlarda maviliyin içində başı qarlı dağlar görünürdü. Heç bir yerdə bu qədər dərinlik, uzaqlıq bu qədər genişlik və bu genişliyin arasıyla nəhr kimi səssizcə axıb gedən apaydın mavilik görməmişdim. Elə bil bütün meşələr, dağlar daşlar və mənim özüm bu işığın bu maviliyin, təmizliyin içində səssizcə axıb gedirik.

İçimdə şaşqınlıq dolu bir sevinc vardı. Bu dəm elə bil arxadan məni səslədilər. Geri çevriləndə azca aralıda təpənin başındakı otsuz - ələfsiz qayalıqda təpədən - dırnağacan bəmbəyaz çiçəyə bürünmüş bir armud ağacı gördüm. Ağappaq toy paltarı geyinmiş yaraşıqlı gəlinə bənzəyirdi. Mənmi ona sarı getdim, omu mənə sarı gəldi xəbərim olmadı. Budaqların, çiçəklərin üstündə arılar, kəpənəklər qaynaşırdı.

Ağappaq armud ağacı elə bil canlıydı, nəfəs alırdı, ətrafa işıq, nur, ətir, sevinc, xoş duyğu saçırdı. Mən onu sevdiyim bir doğmam, əzizim kimi qucaqlamışdım. Elə bil ucu - bucağı görünməyən sonsuz apaydın, mavi dənizdə yelkənli qayıqda üzürdüm...

Mən bunları sonradan anama danışanda bilirsən nə dedi? Dedi ki, bəmbəyaz armud ağacı Seyidəhməd babamızın arvadı ulu nənəmiz Fatmasının ruhudur. Aranda yay yenicə girəndə çiçəklənir. Anamın dediyinə görə ulu nənəmiz Fatmasa qaranlıqdan, ölümdən dəhşətli dərəcədə qorxurmuş. Mən də ona çəkmişəm. Hər il el – oba hələ yaylağa köçməmiş nənəm babamla gəlib o çeşmənin yanında oturarmış. Çeşmənin başında babama bilirsən nə deyib?.. “Cənnət sizin olsun. Mən burdan heç yana getmək istəmirəm. Bu dünyanın bütün ağrısına, acısına, əzabına dözərəm.

Gözümün birində qapı dabanının işləməsinə razıyam, təki o biri gözümə bu dünyanın çıltım – çıltım işığı axsın”...

Anamın dediyinə görə Fatmasa nənəmizin imanı kamil olduğundan Tanrı hər il bir dəfə onu bəmbəyaz çiçəkləmiş o armud ağacı şəklində bu dünyaya gətirir...
Ora bax! Ora bax!

Qız oğlanın əlini silkələyib uzaqlarda ağaran dağ başını göstərdi

Işıq! Işıq! Daha mənə ölüm yoxdu. Daha heç nədən qorxmuram.

Uzaqlarda dağ başı yenicə dəymiş tut kimi ağarırdı...
XS
SM
MD
LG