Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:39

Rafiq Tağı "Müharibələr və ana" (Hekayə)


Yazıçı Qədir Mustafa müharibə görməyib: gah yaşı çatmayb, getsin, gah da yaşı ötüb. Dünyanın ən yaxın müharibəsi qapısı ağzından 200 km uzaqda baş verib.

Neylədiyindi, qızıl-qırmızı hamıya “müharibə iştirakçısıyam”, deyir. İnsan müharibənin bir tək ortasında yox ki - həndəvərində də ölə bilər: məsələn, qorxudan ürəyi partlar.
Şəhidlikdən it kimi qorxurdu.

Hə, iki ordu Bakının 200 km-liyində iki gün kəllələşib aralandılar. Bu vaxt aralıdakı qaya başında bir cüt keçi, döyüşçüləri yamsılayaraq, kəllə-kəlləyə dayanmışdı.

Yeri gəlmişkən, görən, dava vaxtı keçilərdə beyin silkələnməsi olur? Ya keçilərdə, insanlardakı kimi, kütləvi savaşlar baş verirmi?

Yox, bəlkə də keçilərin insanlardan fərqi absurda yuvarlanmamalarıdır.

Döyüşdə kimlərin əcəli çatmışdısa, hamısı öldü. Plan doldu. Bu sanki heç döyüş də yox, əcəlin icraatı mərasimi idi. Əcəli çatanlar qurtarmasaydı, inan, orda müharibə hələ yenə sürəcəkdi.

Azərbaycan tərəfdən adına qurban deyilənlər sağ qaldı.

Qədirin ürəyinə damıb ki, Bakıda müharibə məhz onun əcəli çatanda başlayacaq.

O, od-alovunda qrildəki kimi bişəcəyi müharibənin əcəliylə bağlılığına bərk inanırdı. Həmişə çalışar canı polad təki möhkəm qalsın: bəlkə bu yolla da Əzrayıldan yayına.
Düzgün yuxu və qidalanma rejimini, bir də şaqqaşaq səhər idmanını müharibəni geri qaytarmağın vacib ünsürləri sayır.

“Mən paytaxtı müharibələrdən öz sağlamlığımla qoruyuram”.

Tez-tez də sərhədlərdə düşmən tanklarının, ya elə özümüzünkülərin, üzü Bakıya, yoxsa Yerevana durmağıyla maraqlanar; əcəli bu “müharibə nəqliyyat vasitələri”nə yüklənmiş kimidir.

Amma kilim üstə, ya stulda oturub, qabağında da çay, televizorda uzaq-qərib müharibələri izləməyin hüsnü özgədir.

Müharibələri həm informasiya, həm də bədii filmlər variantında seyr edir.
Müharibə haqqında bədii filmləri mifoloji təfəkkürə malik insanlar düzüb-qoşur - olmuşlara bir az da olmamışlar qatılanda, adamın başında tüklər biz-biz durur.

O, içində olacağı müharibənin tez bitməsini arzulayarsa da, dışında olacağının davamiyyətini istər.

Qədir həyatda insanlardan əzab gördükcə, müharibədə də Allahdan onların əzablarını diləyər. İnsanların əziyyəti - təmiz ləzzətdi... Qoy qanlar şəlalələr kimi axsın - bu, ekranda qızıl bayraqlar təki dalğalanar.

Qoy hamı travmatik şoka düşsün, həkimlər naşı olub da bununla bacarmasın.

Bəşəriyyət bu gen dünyada ona “kommunalka”da baş soxmağa bir otağısa çox gördü. O, ömrü boyu “ucuz padvallar kirayənişini” kimi yaşadı. Haqq olur, bəşəriyyət qoy elə qırılsın.

Dünyada insanlar azalsa, mənzillər çoxalar. İnsanlar tamam olmasa, evlər bütün boş qalar.

O, müharibələri özünün bəşəriyyətdən göydəndüşmə intiqamı sayır. Humanizm - mifologiyadır. Bəşəriyyət sevgiyə layiq deyil, deyir. Hətta gənclikdə qaraşirin bir qıza vurğunluğunu belə indi özünə bağışlamır.

Gecdən-gec bu sevgini “səhv addım” adlandırır. Halbuki Qədir barı bircə nəfəri, sevdiyi qızısa bəşəriyyət sırasına qatmaya bilərdi. Sən demə, qız buna eşq əzabları veribmiş. Nədi-nədi, bir-iki dəfə naz edib. Naz nədi, ə, hətta dinimiz də belə şeyi rədd edir.

Biləsiniz, dinimiz naza qarşıdır.

“Ölübsə, heç, durursa, keşkə onun da həyatdakı zülümlərini görəydim...”

Müharibələrdə Qədiri hansı münaqişə tərəfininsə qələbəsi yox, qırılanların sayı maraqlandırır.

Burada qələbə ancaq lüzumsuz xəbər rolu oynaya bilər. Səriştəsiz müharibələr ürəyindən tikan çıxardır: insanlar dağda-düzdə baş bir yana, leş bir yana qalır.

Onda siyasətçilər camaatın başını piyləməyə səfərbər olur, içalatı çölə tökülüb torpağa bulaşmış, çör-çöp yığmış bağırsaqları boğazına dolaşmış, odlu havada get-gedə iylənən ölüləri tələm-tələsik “şəhid” adlandırırlar.

Şəhid adıyla cinayətlər ört-basdır edilir.

...Əlini qaşının üstünə qoy, odey, şəhidlər qan gölündə qırmızı-qırmızı qayıqlar şəklində birbaşa cənnətə yollandılar.

İnsanlar bilsə ki, qırılıb-çatılanlar “şəhid” sayılmayıb, ölkəni qiyam bürüyər.

Cənnət morq timsalındadır; müqəddəs ölüləri orda axtarmaq gərək.

Əslində şəhidlik təsadüfi hadisə, ictimai bir aldanışdır.

Şəhidlər də, ölmüş heyvanat da Günəş altda eyni cür qoxu saçır.

Günəş şəhidlərə heç də müqəddəs kimi yanaşmır.

Bəşəriyyət müqəddəslik seçimində həmişə yanılıb.

Müqəddəslik insanların subyektiv mülahizələrindən savayı bir şey deyil.

Amma ölənlər hirs-hikkəsini də özüylə aparır. İnsanlar qırıldıqca, şər azalır. Dünyada bəşər olmasa, Şeytan özünə tərəfdaş tapmaz.

...Tələfatsız döyüşlər darıxdırıcıdır...

Tamaşaçı qismində Qədir Mustafanın müharibələrdən yazmağa vaxtı da olur. Hərbçilər müharibələri təkmilləşdirdikcə, bu, romanlarını təkmilləşdirir. Yazıçılıq boynuna düşüb. Sonuncu romanında I Dünya müharibəsini II-nin, II Dünya müharibəsini gələcək III-nün içərisində yerləşdirib. Onda III Dünya müharibəsi fantastik janrda alındı: I-nin süvariləri, II-ninsə “qırıcı”ları görünər-görünməz III-n hərbçiləri onları yerdən-göydən oyuncaqlar kimi yığışdırıb, muzeylərə təpdi.

Bəşəriyyət III Dünya müharibəsində muzey qayğısına da qalacaq.

O, roman yaza-yaza bir dənə də pritça ortaya qoydu. Burada onu bütöv verməyin adı yox. Eləcə qısa məzmunla kifayətlənək.

***

(pritça başladı)

Millətinin dərisində Günəş sönən uzaq Afrasiya məmləkətlərinin birində həm də Ali Baş Komandan olan padşah, sən demə, heç yefreytor da deyilmiş.

Padşah olacağını güman etməyib, ona görə bir vaxt nə fırıldaqlasa əsgərlikdən yayınıb. Tərslikdən, ya bədbəxtlikdən, indi məmləkətin birinci adamıdı, di gəl, əlində tüfəngi tərsinə tutur. Padşahlığı onun qarşısına bir dilemma çıxarıb: ya olan-qalan torpaqları əldən verməli, ya da yad torpaqlara özün soxulmalı.

Bu ikisindən biridir. Hərdən onu vahimə basır, qara sifəti bir az da qaralırdı. Hərçənd bu, uzaqdan sezilmirdi.

Özü taxtda, taxtısa - torpaqda. Torpaq getdisə, taxt-tacı düşmən ölkənin muzeylərində bənd alasıdır. Sanki iynə üstə oturub. Ağzına xörək aparanda da onu qeyrət basır. Barı əsir götürüləcəyi anlardasa sağa-sola atəş aça bilə.

Silahları - par-par, onları işlətməyə baş gərək. Həm də o, atəş aça bilməlidi ki, sahibi olduğu torpaq ölkə təəssüratı oyatsın. Padşah sülhdən çox müharibə işlərini bacarmalıdır.

Günlərin bir günü o, kefinin saz vaxtında “zorakılıq nazirləri” deyə çağırdığı generallarını məsləhət-məşvərət üçün yanına yığdı və onlar əyləşməyə macal tapmamış qarnının sancısını ortaya qoydu:

- Əsgərlikdə olmamışam,

Ağla-kamala dolmamışam.

Üç nazir variantında təəccüb: “Bu nədi, ə!”

- Əlahəzrət, bu nə sözdü?

- Atəş aça bilmirəmsə,

Nəyə gərək taxt-tacım.

Döyüş-savaş yerlərinə

Əsgər getmək...dir əlacım.

O, ağlamsınan kimi oldu.

- Cənab Padşah, sizin gözəlliyiniz elə atəş aça bilməməyinizdədir. Padşahın silah tuta bilməməsi humanizmin zirvəsidir. Millət gözünü sizə dikib, belədə o sizə daha çox bağlanır. Zorakılıqlar sizə yox ki - adımıza uyğun, bizə dair işlərdir, - bülbül kimi bu dil-dil ötən Milli Təhlükəsizlik naziri idi.

- Beli. Bəli, - bu da Müdafiə naziri. Nitqi yoxdu deyə, bir kəlməni, hansı düz ola-ola, iki cür səsləndirib dayandı.

- Məncə də, əsgərlik deyilən şeyi dilə gətirmək... Bunu bizə nöqsan tutarlar, - onsuz burda Daxili İşlər naziri də bir söz deməli idi və dedi də. - Biz əlahəzrətə silahla rəftarı daxildə də öyrədə bilərdik.
Nazirlər kök olduqlarından, padşahın qarşısında elə bil üç çəllək oturmuşdu.

- Axı, sizin huma...

- ...nizm. Bəli. Beli.

- Məncə də...

Burda padşah qəfil qalxıb, taxtı önündə uzun və şivərək bir ağac kimi bitdi. Bir anda nazirlərin üçü də oturduqları yerdəcə ayaqlarını hərbi qaydada döşəməyə çırpıb, dik durdular.

- Peşəmizdi ölüm bizim,

Qoy rədd olsun humanizm!

Yox, get-gedə padşahın ya ağlı qaçır, ya da o, doğrudan-doğruya ağıllanır. Aliməqam bir insanın atəş açmaq xatirinə birdən-birə əsgər getmək istəməsi bunların hər ikisinə dəlalət edirdi. Ancaq bir iş var, iki əməl, mağıl indiyəcən onu istənilən vaxt uzun bir çöp kimi götürüb kənara tullamağa güman vardı. İndən belə ona yaxın dur, görüm necə durursan, silahlı müqavimət göstərər.

Əlbəttə, padşah işin birini bilir, birini bilmir. Bir tapançayla hərbi çevrilişin qabağı alınmaz, üstəlik də, dişinəcən silahlanmış yadellinin qabağında duruş gətirmək heç mümkün deyil. Görün, padşah da ölkəni başlı-başına buraxıb, səngər qazmağa, blindaj quraşdırmağa gedər? Yox, humanizmdən kənarda onu qaçılmaz ölüm gözləyir: alnına bir güllə çaxacaqlar, qurtarıb gedəcək.

Humanizm hamıdan da çox onun özünə münasibətdə işlək olardı.

Qarı düşmən nə qədər qəddar ola, görsə bu, humanistdir, yəni şikəst bir məxluq, boşlayar getsin.

Bax, bu saat onun həyatı Allahın yox, “zorakılıq nazirləri”nin əlindədir.
Özü də bu gör əsas nədən qorxur: gələcək məhkəməsindən.

Orda ondan soruşa bilərdilər: sən çaxmağın-tətiyin yerini öyrənmədən padşahlığa necə razı oldun? Deyir, hakimlərə heç cür sübut edəmmərəm ki, padşahlıq adamöldürmə sənəti deyil.

Nazirlər nitqlərində ardıcıllığı səlis gözləyirdilər. Buna avropasayağı “subordinasiya” demək olmazdı da.

Bu ardıcıllıqda kimin kimdənsə vəzifəcə böyüklüyü yox, milli cəhətcə həm yaş, həm də buna əlavə kimi, kəsdikləri tonlarla çörək rol oynayırdı. Onlar mədəni rəftarı öz borcları bilirdi. Onsuz tutduğu “zorakı” vəzifələr də mədəniyyət tələb edir.

Sən vəzifədə uzunqulaq olmuş olsan da, əsasən klassik musiqiyə-zada, ya tutalım, cazla muğamın sintezinə qulaq asmaqla bunu kompensasiya etməli, canın çıxıb mədəni rəftarı bacarmalısan.

Sən bir dövlət təmsilçisi kimi etdiyin zorakılıqlarda belə mədəni rəftara məhkumsan.
Düzdü, onlar bu mərhələni çoxdan aşıb: ünsiyyət mədəniyyətinin mexanizmi artıq onlara tanışdı. Burda üçü də bir-birinə dost kimi. Hətta bəzən qardaşa oxşayırdılar.

Öz aramızdı, onsuz “zorakılıq” nazirlərinin dostluq-qardaşlıqdan başqa da əlacı yoxdu. Ölkədəki gözlənilən çaxnaşmalarda onların bir-birinə qahmar durmağa özlərindən savayı kimi var.

Məmləkətdə təbəələrdən çox, “zorakılıq” nazirlərinin öz həyatı təhlükədə idi.
Padşah əvvəllər belə deyildi, dərd-sərin çoxluğundandı ya, onlara nəzmlə müraciət edir. Məclis yubatmadan dövlət əhəmiyyətli qərar çıxarmağa məcbur oldu: onsuz bu, padşahın öz istəyidir, neynək, qoy gedib hərbi çəkmələrin də dadını görsün. Lakin bir şərtlə: amanın günüdü, özünü soyuqdəymələrdən gözləsin. İnsana nə gəlir, soyuqdan gəlir. Səngər prostatın qənimidir.

Dəftərxanadan onun anket məlumatları tələb edildi: hə, ali məktəb qurtarıb, xidməti birillik olsun.

- Əlahəzrət, sən arxayın get, biz məmləkəti birtəhər yola verərik, - artıq ona tək halda, “siz” yox, “sən”lə vəd verdilər. - Haçan da gördün bezibsən, bizə bildir, dərhal xəstəlik kağızı düzəldib ordudan tərxis edək.

Padşah üzünü Müdafiə nazirinə tutub son kupletini söylədi:

- Bir şeyi dərk etdim mən həqiqətən,

Silahla yarayar padşah Vətənə.

Bu gündən, bu saat, bu dəqiqədən,

Mən sənə tabeyəm, sən də ki mənə.

Qalan iki nazir Müdafiə nazirinə paxıllıqca baxdı: yox, bu yenə qalxacaq, padşah əsgərlikdən qayıdan kimi... onu... Bir yandan da təsəlli tapdılar ki, onsuz daha bunun qalxmağa bir yeri yox. Elə özləri də o gündə: daha perspektiv qalmayıb. Zirvəyə dirəniblər.

Padşah-zad olan deyillər ki. Bu da bir işdi, gəlib buracan çıxıblar. İşğal torpaqlarını geri qaytarmaq isə şəxsi uğur sayıla bilməz. Torpaqların geri alınması administrativ bir işdir; yüksəlmək deyil. Üstəlik, müharibə də, elə qələbə özü - başağrısı şeylərdir.

Ailə-məişət işləri başdan aşır - qələbəyə vaxt hardandı?

İndən belə Müdafiə naziri padşahın, padşah da Müdafiə nazirinin əmr və sərəncamları üzrə hərəkət edəcək.

(Son)

***

Qoy müharibədəki streslər insanların bədənində adrenalin ehtiyatını tükətsin, onlar yorulub yorğun düşsünlər.

Qoy bir qoduğun belə yamanlığa-pisliyə taqəti qalmasın. Bəlkə onda Allaha yaxın görsənələr. Hələlik insan Allahdan çox Şeytana simsar kimidir. Allah insan üçün darıxdırıcı, Şeytan cazibədardır. Şeytan həyat vəd edir, həyatda da - uğurlar. Şeytan ətaləti rədd edir, dinamizm yaradır.

Əyri oturaq, düz danışaq, axı, Şeytanın dedikləri Allahın insana bəxş etdiyi xislətlərə heç də zidd deyil. Şeytan Allahın insana əta etdiyi instinktləri təsdiqləyir, onlardan vaz keçməməyə çağırır.

Qədir Mustafa insanı heç cür sülh içrə görmək istəmir: axı, onda çəkdiyi əzablar az olar, bir maraq kəsb etməz. Hayıf deyil müharibələr - əzab-əziyyəti başdan aşır. Yazıçı kimi də bir az üstünə qoyanda , gör nə baş verir. “Mənim poetikam incə məqamlara yox, sərt reallıqlara köklənib,” - sən onda sözə bax. Əsl yazıçı yalnız müharibədən yazmalıdır, deyir. Yer üzündə ancaq müharibələr mövcuddur. Sülhün təsviri həyatın təhrifi demək olardı. Sülh müvəqqəti və saxta, illüzor zaman kəsiyinin obrazlı adıdır. Sülh - təşbeh növüdür. İnsanlar arasında mövcud olmayan yeganə şey bəlkə də sülhdür.

İncəlik və zərifliklər artıq muzey materialıdır.

Müharibələr arasında Qədir Mustafanı vahimə basır: vay, ədəbi-bədii materialları tükəndi...

Zarafatsız, qəddarlıq əntiqəfüruş mövzudur. Həm oxucu ondan zövq alır, həm də sən yazıçı şöhrəti tapırsan. Şöhrət qəddarlıqla düz mütənasibdir.
Qəddarlıqlardan doğulan şöhrət dayanıqlı olur.

***

Qədir haçandı da anasına dəymir. Ondakı məntiqə bax: ölür kənddə, ona görə. Xəstə, ya ölən-can verən anaya baş çəkərlər, gedib başına dönər, qadasını alarlar, bunda əksinəydi.

Ana ölürsə, belə çıxır, lənət ona!

Gəlsənə, Qədir Mustafanın yazmayacağı bu hekayəti özüm yazım. Onun başı qlobal mövzulara qarışıb. Qoy böyük mövzular onun olsun, ona dair kiçik mövzularsa mənim.

***
(hekayət başladı)

Artıq dedik: xəstədi anası. Üzümüzə gələn ayların birində başını yerə qoyacaq. Qonum-qonşu gündə bir neçə dəfə üzünü qibləyə çevirir. Qədir - “Yataqda görər-görməz, adam onu boğub öldürmək istəyir”, deyir.

Tutulmağı olmaya, Şeytanın bu diktəsindən vaz keçməz.

Azərbaycan Cinayət Məcəlləsi Şeytanla onun arasına sədd çəkir.

“Xəstə” və “düşmən” təxminən eyni mənalı sözlərdir.

O, anasının ölümünü əsas da qışda gözləyir. Qış ölüm üçün ən məqbul vaxtdır. Oğul-uşaq valideyn ölümündə günahları qışın üstünə yıxır, qurtarıb gedir. O, qışlara sevinir - anası öləcək deyə. Düzü, yaza da sevinir - bir tək novruzgülülərinə görə.

Novruzgülüləri olmaya, yazı rədd edərdi. Yazlar anasının yaşama ehtimalını artırır, onun həyatda geriləmələrini şərtləndirir.

Novruzgülülərə sevgisini Qədir Mustafa heç cür özünə bağışlamır. Bu xasiyyətində hətta qız kimidir. Qəlbindəki novruzgülü sevgisini atavizm sayır. Bəzən hətta özündən bədgüman olur: bəlkə mən həqiqətən qızam? Çaşıb hermofrodit olaram.

Bu saat həyat yolunda anasından böyük əngəl tanımır. Unutmaq onu! Unutmaq nədi, anaya sevgilərin başına daş salmalı! Sevgilərə ilişib qaldınsa, batdın. Hər yaz da deyinəcək - “bu arvad yenə qışdan çıxdı”. Bəzi tanışları ona “yaz deyingəni” adı verib.
Hə, yazlarda “novruzgülülər” sevincinə “ana dərdləri” qarışar. Odur ki, novruzgülü sevincləri get-gedə onu qorxuzur.

O, Bakıda novruzgülüləri, bir qəbiristanlıq var, orda axtarıb tapır.

Basa-basa dur burdan get rayona, orda dərdlərin artsın, qayıt geri. Ana içindəki harmoniyanı dağıdır, qabağına min cür problem diyirlədir. Analara “övladçürüdən” adı verilsə, daha düzgün olar.

Onunku çoxdan vərdişkar olduğu hipotetik dərdlərdi. Nəzəri dərdlərdən çəkdikcə çəkər, yoruldum deməz.

Nəyi və necə etməli ki, ananın öldüsüylə qaldısı bir təsirdə olsun. Sağdısa da, əla, ölübsə də.

Onu inişil gördüyüdü. Arvad hələ onda təpədən-dırnağa azar-bezardı. Kök cəmdəyi şiş gətirmişdi. Əmcəklərinin altı - qızartılı və qoxulu.

Başı bədəninin üstündə durmur. Yeriyəndə ləngər vurur, dizləri şaqqıldaşır. Harasına da toxunsan, zoqquldayacaq. Əlbəttə, özü də bir az üstünə qoyar.

Aqqravasiyaya meyllidir. Noolub, ay arvad? Canından qorxursan? “Allah, mənə ölüm göndər”, - bə bunu deyən sən deyildin? Buyur da, göndərib. Yoxsa bizi barmağına dolayırdın! Əzrayıl uzaqda duranda, deyirsən gəl, gəlib çıxanda, deyirsən get. Adamda üz olar. İnsanın bir üzü olar.

Görür yaşamağına lüzum yox, yenə yaşayır.

Açığı, artıq ona əl vurmağa da çimçəşirsən.

Bir dəfə yağlı-qaramtıl paltarlarını əyninə keçirəndə, siçanquyruğu hörüklərini jaketdən dartıb çıxarası olmuşdu: ürəyi böyüdü, az qaldı ödü ağzına gəlsin. Gedib əlini üç dəfə sabunladı, qayıdıb spirtlədi. Hələm sonra bir-iki gün də əlini burnuna tuta-tuta, qoxlaya-qoxlaya gəzdi.

“Bu saat onu unutmağa şanslıyam”, Qədir deyir. Görmədiyi illər çoxaldıqca, deyən, yadına da gec-gec düşür.

Təcrübə göstərir ki, xatirələr ziyanlıdır. Xatirələr onu həmişə istəmədiyi humanist əməllərə sürükləyir. Humanist oldun da, evin yıxıldı. Hamı balaquş kimi ağzını sənə açacaq.

Anaya qulluq böyük bir zavodu idarə etməkdən çətindir. Düzəliş edək: fabriki. (“Fabrik” ana məfhumuna “zavod”dan daha yaxındır).

Anaya məsrəf olunan enerji havaya üfürülmüş kimidir.

Hamı irəli gedir, bir növ, sən geri. Statik durumun özü əslində geriyə hərəkətdir. Ana həqiqi anadırsa, özü öz balasına dərd-səri rəva görməz. “Mənnən işin yoxdu, sən get qabağa”, ona deyər. Amma barmağını qatla, hansı ana indiyəcən bu sözü dilə gətirib?

Gətirməzlər də. Ümumiyyətcə, analar inkişaf düşüncəsinə malik deyil. Kaş analarda iynə ucu boyda ağıl ola: şan-şöhrəti anlayalar.

Qoyalar oğul-uşaq ucala; özləri də dallarınca baxıb fərəh duyalar. Fərəh həkimdən-loğmandan, dava-dərmandan min qat müalicəvidir.

Qədirə görə, anası öz funksiyasını çoxdan yerinə yetirib. Övlad böyüdüsə, ananın yaşamağı artıq deyilmi?

Anaların vaxtında ölümü övladlara münasibətdə xeyirxah addım olardı.

Həyatdan ləzzət almaq üçün yaşayan ana ən azı tərbiyəsizlik edir.

Bu üzübərk arvad elektriki Günəş olan dağ kəndində tək yaşayır. Dünyadan xəbəri yox; üstündə yaşadığı dağın adınısa bilmir. Müharibələri “böyük qonşudavaları” adlandırır.

Orda göylər qarlı günlərdə lüminessent lampaları kimi işıqlaşır.

Qədir Mustafa anaya nifrətinin səbəblərini aramaqda.

...Hətta dünya müharibələri də bu arvadın nəzərində bir milçək vızıltısı kimi səslənər. İnsanların salamat qalması vecinə deyil, barı onların qırılmasıyla maraqlana!

Həyətdəki inək-qoyunu, toyuq-cücəsi, göy-göyərtisi onu arxayın salıb.

Eləsi gəlini də qiyabi istər.

Arvad həm də ona arxayındı ki, dağ kəlləsi müharibələrdə elə bir əhəmiyyət kəsb etməz. Yüz il köndələn yat, səni dindirən olmaz. Axı, oraya bomba yağdırmaq özü bir axmaqlıqdır. İzafi xərc olardı bu. Yeganə təhlükə qaçaq-quldurun, terroristlərin ora burun soxması ehtimalındaydı.

Oğlunun qlobal maraqları anaya mücərrəd görsənir.

Kəndistan yeri hər cəhətdən yaxşıdır: burda bəşəriyyətin fikrini çəkmirsən.

Ümumən, bəşəriyyətin fikrini çəkmək böyük anlaşılmazlıqdır.

Oğlu burda qalıb inək-camış saxlasaydı, çoxdan hampa olub hampalara qoşulmuşdu. Döşəməsi dağ başı, tavanı göylər olan bir məkanı da gedib 20-ci Sahədəki quşdamına dəyişməzdi. Oranın aylıq kirayəsi kötməcə bir dananın puludur. Bakının 20-ci Sahəsinə bütövlükdə mən heç beş hinduşka vermərəm, arvad deyir.

19 kvadratlıq bir yerdə də bəşəriyyət dərdi çəkərlər?

Ölmədikcə, ana balasını yalnız onun qanını sormaq üçün axtara bilər.

Analar qanını soracağı balalarını instinktiv yada salır.

Onsuz Qədiri də anasına sevgi-zad yox ki - göbək ciyəsinə bənzər görünməz bağlar birləşdirir. Bu saat anasını infarkt arxası üstə, ya iflic böyrü üstə yıxa, inan, ruhu inciməz. Anaları şişirtməyin, Qədir deyir, onlar həyasızka şeydilər. Analar gec-tez oğullara qarşı məhkəmə iddiasında bulunası varlıqlardı, qoy rədd olsunlar.

“Mən ona niyə palto almalıyam?”

“Niyə də almayasan!”

Arqumenti bu olacaq ki, onsuz dağ yerində ictimai rəy yox dərəcəsindədir, orda nə geysən, keçərlidir. Həm də orda köhnə paltarda gəzmək bir namus göstəricisidir. Ana indiyəcən köhnə libaslarda öz təmiz adını necə qoruyubsa, qoy axıracan da elə qorusun. Təzə palto hökmən təzə də söz-söhbət doğurar.

Yetmişinci illərədək payızı-qışı atasının müharibədən gətirdiyi kitellə yola verib. Sonra əmisi öldü, onun sovxalarını, atmayacaqdılar ki - verdilər buna. Palto əyninə bir qədər uzun gəlirmişsə də, yaraşırmış ona.

Yox, insafən, kişi paltarları anasına yaxşı oturur. Hətta həmin palto dağ kəndində yeni qadın modasına çevrilibmiş. Hə, yetmişincilərəcən o kəndin zənənləri arasında kitelə oxşar gödəkcələr dəbdə olubsa, Brejnev dövründə uzun paltolar dəbə mindi. Bəxtəvər başıma, anam kənddə dəbi diktə edib. Arvad bugünün özündə də həmin uzun nimdaş paltodadır.

Dağ yerində belə şey man deyil. Əksinə, durub orda təzə paltoda-plaşda gəzsən, sənə şəbədə qoşarlar.

Orda belə şeylər lağ mövzusudur. Ən azı “lotuşka” sözünə ürcah olarsan. Evinin qabağında qaralan torpaq yola “bulvar” deyə bilərlər. Torpaq yola da “bulvar” demək ismətli qıza durduğu yerdəcə “pozğun” ayaması yapışdırmağın eynidir. Ya da - “bu, üst-başını təzələməkdə, özünə kişi gəzir”, deyərlər. Bir sözlə, onların kəndində əyin-başı təzələmək qadına utanc gətirən ayıb bir şeydi. Bir dəfə Bakıdakı kimi təzə don geyib dükanda görünmüş qıza pıçı-pıçı “gəzəyən” adı verdilər, bununla da aktı bağlandı. Adını tutan olmadı.

Guya anası canını elə istəyir, paltosunu çıxaranda belə, yay-qış belində ədyal görərsən. Dağ təmiz yeldi və bel üçün ziyanlıdır.

Ziyanlı da yox, dağ belin başına daşdı, Qədir deyir. Arvad ədyalla əsas da ginekoloji soyuqdəymələrdən qorunar. Bax, anasının bu xasiyyəti Qədiri ondan soyudur.

Ay ölməli, bəyəm sən qızsan? Bu yaşda nəyinə lazımdı ginekoloji orqanlar? Kimçün saxlayırsan onları? Adamdan sual edərlər: “qadın üzvləri”ni göz bəbəyi kimi qorumaqda məqsədin nədir?

Qədir Mustafa anasının ətli-canlı qalmasından da xoflanırdı. Ətli-canlı arvadları kaftarlaşanacan da seksual zənn edir.

İrəliyə sıçrayışlar baxımından, o özünü daim haqlı sayır. “Beşdə-üçdə gedib anana dəysənə”, deyənlərin dərhal ağzından vurar: sizə inkişaf maraqlıdı, yoxsa adət-ənənələr? Qoysanız inkişaf da milli adət-ənənəmizə çevrilsin!

“Nə deyirik, çevrilsin...”

Qapısında bir inəyi var. Qədir bir fakt kimi bunu gözə soxur: anasına inəyi özü alıb. Sən demə, inək arvad üçün hətta supermarket yerindədir. Onun hər il bir cöngə, ya düyə satmağı var. Qədir ağartıları bir-bir sadalayacaq: süd, qatıq, şor-pendir. Hələ bahalı qida sayılan yağı demir. Yağdan satıb qənd-çay alacaq. Kibrit, neft, odun. Pendiri şəkər tozuna dəyişir. Bir dəfə inəyin dabağını bir kilo yağa sağaltdırmışdı.

“Arvadın əlini çörəyə çatdırmışam, nə istəyir. Tutub özümü də yeməyəcək ki. Axı, həftə səkkiz, mən doqquz onun yanına niyə getməliyəm!”

Ömrünün çoxu gedib, azı qalmış insanlar elə bir məna kəsb etmir.

...Odunu saraydan qucağında içəri daşıyanacan qolları buz parçasına dönər...

Qədir Mustafa anasının nədən öləcəyini hərdən özlüyündə çək-çevir edər.

Kimin nədən öləcəyini araşdırmaq dünyanın ən maraqlı işləri sırasındadır.

O, məzmunca eyni, formaca müxtəlif olan insan əzablarını kolleksiya edir. Özü üçün “Əzablar dəftəri” də açıb; gördüklərini düzür ora. Onkoloji xəstələrin ağrıları ona xüsusi zövq verir. Bunlar bəşəriyyətin əzabları sırasında ən mühümüdür: olmağına həmişə olur, həmişə də get-gedə şiddətlənir.

Bəşəriyyət ömrü boyu ona hətta bir qarın çörəyi də əsirgəyib. Zirəklik edib öz başını saxlaya bilməsəydi, çoxdan sümükləri çürümüşdü.

Şiş xəstələri bağıran olur, astmalılar - boğulan. (Astma heyvanlardakı xəfənək xəstəliyinin analoqudur).

Məntiq üzrə, soyuq əvvəl anasının böyrəklərini çürütməlidir. Böyrək də çürüdüsə, gözlərinin altı torbalanar, üzü - axşam düşürmüş kimi, get-gedə qaralar. Təkcə fatihəsi əskik olacaq.

Rayona niyə getmir: onun gələcək ölümünü yüngül keçirsin. Göz görməz, könül bulanmaz. Qoy ana əzablarıyla yüklənməsin. Tezliklə ana yoxluğuna vərdiş eləməlidi o.
İndi istəmir, hələ ölməsin. Ana gərəksiz bir əşyaya çevrilənəcən yaşamalıdır.

Hayıf deyil beynəlxalq dərdlər... Beynəlxalq dərdlər heç vaxt qəlb ağrısına çevrilmir.
“Mən anamı uzaq başı basdırmağa gedərəm, onu da vaxtında bilsəm,” - bu o.
“Onda birgə gedərik,” - mən.

“Gedən baş da, qayıdanda da, meşəqırağı restoranlarda əyləşərik,” - bu o.
“Gedəndə də yox, gələndə də”.

“Gedəndə də, hə, gələndə də,” - o mənimlə məzələnməyinə, söz oynatmağına gülür.
Deyir, darıxma, onacan anasını unudar, inşallah, yası şən keçər.

...Qədir bu təcrübəni mənə də tövsiyə etdi.

(Son)

***

Qədir Mustafa təzə romanında tərsinə hərəkətləri planlaşdırır: III Dünya müharibəsini II-nin, II-ni də I-nin içərisində yerləşdirmək. I Dünya müharibəsində insanlar III-nün vurularaq göydən yerə dəmir-dümür şəklində tökülən hava hücumu silahlarını əşyayi-dəlil kimi muzeylərə dolduracaq.

Muzey ehtirasları bütün dövrlər üçün səciyyəvidir.

Dönə-dönə dedi-tapşırdı, axır ona bir yaxşılıq etdim: yanında ana sohbətlərini təmiz kəsdim. Onun üçün ana üstü qaysaq bağlamaqda olan yara kimi idi. Artıq xeylaq vaxt keçib. Onunla gündə-günaşırı görüşürüksə də, heç cür bilə bilmirəm: o, anasını unudub, yoxsa yox? Anası ölübmü ya? Hə-yox bəlli deyil.

Özü ölənəcən anasının ölüm xəbərini eşitməsə, bu ona böyük qazanc olacaq, Qədir bir vaxt deyərdi. Bu qazanc bəlkə artıq ona nəsib olub da. Onda maşallah, bərəkallah...

2009, 13 fevral - 3 aprel
XS
SM
MD
LG