Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:46

«Taksi»lərin ümidinə qalan sərnişinlər


-Mingəçevirə adamın biri 20 manatdır.
-Əvvəl neçəyə idi?
-10 manat idi.

Təqaüdçü Əhməd Axundov ötən gecə Mingəçevirdən Bakıya gəlib. Moskvaya uçmalı imiş. Amma sənədlərindəki problemlərə görə, geri qayıdıb. Onunla Bakı Beynəlxalq Avtovağzalında görüşdük. Mingəçevirə gedən mikroavtobusun dolub yola düşəcəkləri vaxtı gözləyirdi. Dediyinə görə, ötən axşam saat 18-də yola düşən sonuncu avtobusa çata bilməyib. «Taksi» sürücüsünün istədiyi qədər də pulu olmayıb. Bu səbəbdən də o, elə küçədə gecələməli olub.

«Çöldə qalırıq, səhəri gözləyirik. «Taksi»lər də qiyməti qaldırıblar. İndi də hamının vəziyyəti ağırdır, bəzi adamlar yaxşı yaşayır, bəziləri işsizdir. Mən pensiyaçıyam, bu aydan o aya çatdıra bilmirəm»

RAYONA GETMƏK İSTƏYƏNLƏRİN SON MANATI


Mingəçevirə gedən digər sərnişin Müşfiq Qafarov isə deyir ki, beynəlxalq standartlara cavab verən avtovağzal tikildiyini söyləsələr də bölgələrə gedənlər min bir əziyyətlə üzləşirlər. Onun sözlərinə görə, sonuncu avtobus reysləri axşam saat 6-da yola düşür. Bundan bir-iki saat sonra işdən çıxıb rayona getmək istəyənlər isə son manata qədər pullarını «taksi»lərə vermək məcburiyyətində qalırlar. Müşfiq Qafarovun deməsinə görə, bayram günləri vəziyyət daha kritik olur.

«Misal üçün saat 6-da işdən çıxıb gəlirsən avtovağzala, avtobus yoxdur. Heç olmasa axşam saat 8-9 kimi avtobus olsa Mingəçevirə dörd saatlıq yoldur, heç olmasa 12-də, 1-də adam çatar evə. Saat altıdan sonra camaat əlacsız qalıb «taksi»yə niyə 20 manat verməlidir»

«QİYMƏT QALXMAYIB, SADƏCƏ 3 SƏRNİŞİNDƏN 4 NƏFƏRİN PULUNU ALIRIQ»


Avtovağzalın çıxışında Gəncəyə getmək istədiyimi deyəndə, sürücülər bir ağızdan 25 manata apararıq dedilər. Halbuki, bir qədər əvvəl sərnişinlər mənə adi günlərdə Gəncəyə 12-15 manata getdiklərini demişdilər.
Sürücü Səməd Əhmədovun dediyinə görə, əslində qiymətləri qaldırmayıblar. Bayram günləri sərnişin az olduğundan onlar əvvəlki günlərdən fərqli olaraq dörd sərnişin əvəzinə 3 sərnişin götürüb onlardan dörd nəfərin pulunu alırlar.

«ETİRAZ EDİRİK, DEYİRLƏR MƏCBUR VERMƏLİSİNİZ»


Taksi sürücüləri qiymət artımın əsas səbəblərindən birini də avtovağzal ətrafında onlara nəzarət edən Nəqliyyat Nazirliyi müfəttişlərində görürlər. Sürücülərin iddiasına görə, müfəttişlər hər həftə onlardan sənədsiz-sübutsuz 30-35 manat pul alırlar.

-Nə qədər pul alırlar?
-Həftəyə 35 manat
-Qəbz verirlərmi, alınan pula görə?
-Yox, bir sarı kağız verilir. Etiraz edirik, deyirlər məcbur verməlisiniz.

«GÖSTƏRSİNLƏR GÖRƏK BİZ ONLARIN HANSINDAN PUL ALMIŞIQ»


Söhbətləşdiyim sürücülərdən bir neçə metr kənarda avtomobildə oturan Nəqliyyat Nazirliyinin müfəttişləri isə deyilənləri təkzib elədilər.

«Onların dedikləri bizə aid olmayan məsələdir.
-Axı elə sürücülər sizi göstərib deyirlər ki, siz onlardan həftəyə 30-35 manat pul alırsınız.
-Göstərsinlər görək biz onların hansından pul almışıq? Heç elə bir şey yoxdur. Biz tədbirdəyik, avtobusları burda dayanmağa qoymuruq, təmizlik işlərinə baxırıq»

Gördüklərimizə və eşitdiklərimizə Avtovağzal rəhbərliyinin münasibətini də öyrənmək istədik. Amma onlar danışmaq istəmədilər. Üstəlik, icazəsiz adamlarla söhbət etdiyimizi deyib bizə avtovağzalın ərazisindən çıxmağı məsləhət gördülər.
XS
SM
MD
LG