Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:34

Xınalıqda «Nuhun evi» və təzək tonqalı


Xınalıq
Xınalıq
Xınalığa getməyə qərarı qəfil vermişdik. Martda, dağların qarı hələ əriməmiş Qubanın Xınalıq kəndinə gedəcəyimizi kimə deyirdimsə, «ağlınıza at təpib nədir, bu vaxt da oralara gedərlər? Yol-iz pisdir, az qala yayda oralara qalxmaq olmur, o da qala qışda» deyib bundan çəkindirməyə çalışırdılar.

Qafqazın ən yüksək nöqtələrindən birində yerləşən qədim Xınalıqla ilk tanışlığım televiziyadan başlamışdı. Düzdür, kitablardan da yunan alimi Strabonun əsərində Xınalıq barədə qeyd olunduğunu, burada yaşayanların Qafqaz Albaniyasındakı 26 alban tayfasından biri olduqlarını bilirdim. Ancaq televizorda fərqli dildə danışan, könül oxşayan mahnıları, adət-ənənələri olan bu insanları eşitdikcə, izlədikcə paytaxtdan, müasirlikdən uzaq, qədim kəndin sehrinə dalırdım. İndi isə Xınalıqla canlı tanış olacaqdım, kənddəki real həyatı, insanların yaşayışını öz gözlərimlə görəcəkdim.

40 MANATLIQ QUBA-XANALIQ YOLU

Bakıdan Qubaya gələndən sonra şəhər bazarının qarşısında sıra ilə dayanıb müştəri gözləyən sürücülərə yanaşırıq. Öyrənirik ki, ilin bu vaxtı Xınalığa yalnız «Niva» və «Villis»lər qalxır. Uzaqdan nabələd olduğumuzu görən sürücülər hərəsi bir yandan bizi maşınına dəvət edir. Biz isə Ayətşah əmi ilə razılaşırıq, onun «Niva»sına əyləşirik. Xınalığa Qubadan getmək bizə 40 manata başa gəlir. «Villis» isə sərnişinləri 50 manata aparır.

Xınalığa Qubadan getmək bizə 40 manata başa gəlir
Kənddə olanda öyrənirik ki, 57 km yolun qiyməti bizə azı 10 manat baha başa gəlib. Ancaq hər döngədə təhlükəli aşırımlardan keçdikcə, dar yollardan, ensiz cığırlardan, sıldırımlı qayalardan burulduqca, sürücünü düzgün seçdiyimizə sevinirik. Üstəlik, sürücü bizim yolboyu dayanıb şəkil çəkməyimizə şərait yaradır, yerli əhali barədə məlumat verirdi.

«SÜRÜCÜLƏR KƏFƏNİ BOYUNLARINA ATIR»

Ayətşah əmi yolboyu dağlardan yumbalanan maşınların yerini, qəza ərazilərini göstərib, sürücülərin «boyunlarına kəfən salıb» bu yola çıxdıqlarını deyir:

«Qəzasız olmur. Bütün şoferlər kəfəni boyunlarına atıb gedib-gəlirlər. Dağ yoludur, maşının, təkərin nasazlığı olsa, qəzaya düşür. Təhlükəli yollardır, çox təhlükəli. Sağ olsunlar, yolu indi asfaltlayıblar, qabaqlar, qış vaxtı, sutkalarla yarı yolda qalırdılar. Maşın xarab olanda, qar qurtarınca, orada qalırdı, yollar bağlanırdı».

Prezident İlham Əliyevin Xınalığa bir neçə dəfə səfər etdiyini xatırladan sürücümüz yolun da bu səfərlərdən birində - 2007-ci ildə açıldığını deyir.

Yolun bəzi yerlərində asfaltı daş-kəsək, çınqıl əvəzləyir. Ayətşah əmi ara-sıra sürüşmə olduğundan asfaltın dağıldığını, ancaq yolun Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən dərhal təmizləndiyini əlavə edir. Onu da qeyd etməliyəm ki, yol boyunca maşınların qarda sürüşməsinin qarşısını almaq üçün qum topaları gözə dəyirdi.

DAĞLARDA ADA –XINALIQ


Nəhayət 1 saat yarımlıq yolçuluğumuz başa çatır və çoxdandır görməyi arzuladığım dağlarda ada – Xınalığa yetişirik. Dəniz səviyyəsindən 2360 metr hündürlükdə yerləşən Xınalıq kəndi Şahdağ, Bazardüzü,
Kəndlilər öz evlərini qonaqların, turistlərin üzünə daha ucuz qiymətə - gecəsi 10-15 manata təklif edirlər
Tufan dağı yüksəklikləri ilə əhatələnib.

Xınalığa gəldiyimiz gün hava açıq olsa da, axşama doğru Bakıda üzünə həsrət qaldığımız qar yağdı. Səhərə artıq Xınalıq qara boyanmışdı. Şaxta isə bıçaq kimi kəsirdi, mənfi 25-30 dərəcə şaxtaya alışmadığımızdan çantada götürdüyümüz bütün paltarları əynimizə keçirmişdik.

XINALIQDA «NUHUN EVİ»


Xınalıqda kəndin ən qədim evlərindən birində qonaq olduq. Qonaqpərvər ev sahibi Yusif Şabanov dedi ki, onun evi «Nuhun evi»dir:

«Bizim ev Xınalıq kəndində ən qədim ev olduğu üçün, qabaqlar kənddə toy olanda, bu evdə edərmişlər, ən böyük ev olub. Dilimiz də Nuh dili olduğu üçün çox ehtimal ki, Xınalığın özü də təbii fəlakətlərdən qorunan şəkildədir. Yəni güclü qasırğadan dağlar qoruyur onu, dağların ən aşağı səviyyəsi Xınalıqdan 700-800 metrdən yuxarıdır. Elə dağ var Xınalıqdan 1 km hündür. Güclü qasırğadan dağlar qoruyur, güclü yağışdan Xınalıq torpağı yuyulmur. Qaya üzərində olduğundan parçalanma getmir, yeraltı təkandan da qismən qorunur».

Xınalıqda gecəsi 30 manata qonaq evi olsa da, kəndlilər öz evlərini qonaqların, turistlərin üzünə daha ucuz qiymətə - gecəsi 10-15 manata təklif edirlər.
Ketiş camaatı növbəti dəfə kərməni qalayıb, onun üzərindən atlanaraq, ilaxır çərşənbəni qeyd etdi. Foto: Əhməd Muxtar
Elə Yusif dayının da evində bizi yad kimi qarşılamadılar.

TƏZƏK TONQALI

Xınalığa səfərimiz «axır çərşənbə» gününə təsadüf edirdi. Axşama odun üzərindən atlanmaq vardı. Ancaq bu od Bakıda görməyə alışdığım tonqaldan xeyli fərqlənirdi. Bu barədə bir az sonra.

Hələliksə onu deyim ki, dağlar qoynunda yerləşən Xınalıqda məni təəccübləndirən həm də bu kənddə adda-budda gözə dəyən ağaclar idi. Onların da çoxu çinar ağacı. Elə bu səbəbdəndir ki, kənd camaatı mer-meyvə üzünə həsrətdir. Yusif dayı demişkən, elə ailələr var bananın, kivinin ancaq adını eşidib.

Qalan ərzaqların adını isə heç çəkmirəm. Xınalıq - özlərininsə «Ketiş» adlandırdığı əhalinin əsas məşğuliyyəti maldarlıq olsa da, elə adamlar var, ildə heç 2-3 dəfə ət yemir. Bunu da yerlilər deyirdi. (Xınalıq barədə xüsusi reportajımız olacaq).

Qayıdaq «axır çərşənbə» söhbətinə. Bu yerlərdə ağac bitmədiyindən bütün gün ərzində camaatın tonqalı necə qalayacaqlarını düşünürdüm. Cavab isə bütün günü göz önündəymiş. Kənd boyu ən çox gözə çarpan, həyətlərdən əskik olmayan evləri qızdıran «kərmə», təzək.

Bax, beləcə, Ketiş camaatı növbəti dəfə kərməni qalayıb, onun üzərindən atlanaraq, ilaxır çərşənbəni qeyd etdi. Heç həmin gün gözümüzə bayram şirniyyatı - şəkərbura, paxlava da dəymədi. Biz bunu daha çox əhalinin maddi durumu ilə bağlasaq da, yerli sakinlərin deməsinə görə, onlar ilaxır çərşənbəni deyil, Novruz günlərini daha təmtəraqlı qeyd edirlər.
XS
SM
MD
LG