Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:40

Balaş Azəroğlu. Qayıt ömrüm-günüm


Çöldə yağış-yağır,
Pəncərədə baharın göz yaşları
Axır gilə-gilə . . .
İşdən dönürəm,
Ikimizin həmişə
Nəfəsilə qızınan mənzilə.
Otaqlar soyuqdur ancaq,
Nə işıq yanır, nə ocaq.
Yetim uşağa dönüb otaqlar.
Nə süfrədə çörək var,
Nə çaydanda çay var.
Hər yanda bir lal sükut,
Bir də bu sükutun içində
Acı bir haray var . . .
Məni bu qəribə tənhalığa tapşırıb
Hara getdin, ömrüm-günüm?
Yox, dözə bilmirəm ağrısına,
Bu ayrılığın, bu nisgilin!
Bir zaman qoşa keçdiyimiz
Bu həyat yollarında
Ağlı-qaralı günlərimiz olub
Ikimiz bilmişik.
Sevincimiz, qəmimiz olub
Ikimiz bölmüşük.
Sən ən yaxın sirdaşım,
Məsləkdaşım olmusan.
Sonra həyat yoldaşım,
Ömür yoldaşım olmusan . . .
Sən mənim varlığıma hopmusan
Zaman-zaman.
Səni məndən ayıra bilməz əcəl
Heç zaman, heç zaman!!!
İndi məni tənhalığa tapşırma!
Ömrün bu yorğun çağında
Dözə bilmərəm bu sınağa.
Qayıt, səsinə, nəfəsinə
Gülüşünə adət etmiş otağa!
Güldanda qoyub getdiyin güllər
Səni gözləyir.
Saralan yarpaqlar nəvaziş istəyir. . .
Qayıt, səni gözləyir təzə şeirinin
Hələ yazılmamış misraları.
Gəl, sevindir yolunu gözləyənləri barı.
Məni də tənhalığa tapşırma gülüm.
Yolunu gözləyirəm hər qapı döyuləndə.
Bilirəm, bir vaxt olacaq
Xatirəyə dönəcəyik sən də, mən də . . .
Sözümüz, söhbətimiz
Nağıla dönəcək yəqin.
Hər şeir məclisində
Yerimiz görünəcək yəqin,
Sənə yazdığım şeirlər düşəcək yada . . .
Görəsən inanan olacaqmı onda
Bu şeirləri mən yazmışam sənə.
O zaman məni düşünənlər
Yəqin deyəcəklər,
“Necə də sakit görünürdü üzdə,
Ilahi, nə qədər sevgi,
Nə qədər təlatüm varmış
Bu lal dənizdə . . .”
Ancaq səni düşünənlər deyəcək:
“O, qəribə xislət idi . . . ”
Inanıram belə qalacağıq
Sən də, mən də
Bir zaman xatirəyə dönəndə . . .
Daha gəl, tənha qoyma məni,
Bir ildir yolunu gözləyirəm
Indi, xəbərin olsun əzizim
Artıq açıldı yolu
Dumanlı Təbrizin.
Gəl, yapışım əlindən,
Xəyalən min dəfə keçdiyimiz
Xudafərindən keçək ikimiz.
Bilirsən gəlişindən necə sevinəcək
Yolunu gözləyən
Anamız Təbriz . . .

2000
XS
SM
MD
LG