Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:55

İctimai Palata razılaşdırılmış mitinq istəyir


«Bir daha hakimiyyətə bildirəcəyik ki, əgər inqilabla qarşı-qarşıya qalmaq istəmirsənsə köklü islahatlara başlamalısan».

Müsavat başqanı İsa Qəmbər bu fikirləri martın 24-də İctimai Palatanın Demokrat partiyasının qərargahında keçirilən sessiyasındakı çıxışında səsləndirib.

Ötən ilin parlament seçkilərindən narazı olan siyasi partiya və ictimai qurumların təsis etdiyi İctimai Palatanın sayca 3-cü sessiyasında əsasən aprelin 2-nə təyin edilən mitinq müzakirə edilib.

İctimai Palatanın Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətdə aksiya üçün metronun «Nərimanov» stansiyası yaxınlığında yer ayrılmasını istənilib.

RAZILAŞDIRILMIŞ MİTİNQ İSTƏYİ


Müsavat başqanı deyib ki, onlar istəyirlər İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinq razılaşdırılmış mitinq olsun:

«Ona görə də hakimiyyətə təklif etmişik ki, imkan yaratsın dinc, razılaşdırılmış bir mitinq keçirək. Əgər hakimiyyət bunu anlayacaqsa, dünyada gedən proseslərdən nəticə çıxaracaqsa, Azərbaycan xalqının istəklərini nəzərə alacaqsa, onda mitinqə imkan yaratmalıdır. Hakimiyyət yenə də özündən müştəbehlik göstərəcəksə, yenə də Mübarəkin, Qəddafinin yolunu gedəcəksə o zaman bizim 2 aprel mitinqimiz paytaxtın «Fəvvarələr» meydanında keçiriləcək».

İCTİMAİ PALATADA İTTİHAMLAR

Palatanın sessiyasında 2 aprel mitinqindən başqa qurumun Koordinasiya Şurasının fəaliyyətinə də toxunulub. AXCP üzvü Xaliq Bahadır çıxışında İctimai Palatanın Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda ittiham edib:

«Koordinasiya Şurası adı altında formalaşdırılan agentura şurası buraxılmalı və burda demokratik prinsiplərə uyğun, gizli səsvermə yolu ilə legitim Koordinasiya Şurası formalaşdırılmalıdır».

O, 1989-cu ildə ilk etiraz aksiyaları təşkilatçılarından bəzilərinin Mərkəzi Komitə ilə gizli işbirliyinə getməsini iddia edərək hazırda İctimai Palatada baş verənləri həmin dövrlə müqayisə edib. «İndi palatada həmin dövrün ab-havası hökm sürür» Xaliq Bahadırın bu sözləri bəzi üzvlər tərəfindən alqışla qarşılanıb.

Xalq Partiyasının qurucusu, sabiq deputat, Koordinasiya Şurasının 14 üzvündən biri olan Pənah Hüseyn isə Xaliq Bahadırın İctimai Palata üzvlərinə qarşı haqsız ittihamlar səsləndirdiyini söyləyib və buna son qoyulmasını tələb edib.

Bu zaman AXCP üzvü Ramiz Kamal Xaliq Bahadırı müdafiə edib. Koordinasiya Şurası üzvlərinin məsələyə müdaxiləsindən sonra gərginlik aradan qalxıb.

NARAZILIQLARA NƏ SƏBƏB OLUR?


ADP sədri Sərdar Cəlaloğlu İctimai Palatada baş verən narazılıqları bir neçə amillə əsaslandırır:

«Bu gün İP-nin konkret olaraq məqsədi müəyyənləşməyib, ikincisi fəaliyyət formaları müəyyənləşməyib, üçüncüsü isə İP-nin fəaliyyətini tənzimləyən heç bir nizamnamə yoxdur».

Sərdar Cəlaloğluna görə, bu səbəbdən də İctimai Palata genişləndikcə qrup və fərdi maraqlar qabarır ki, bu da müəyyən narazılıqlara səbəb olur.

Pənah Hüseyn isə müzakirələrdə narazılıqların olmasını təbii sayır.

İctimai Palata ötən il dekabrın 28-də aparıcı müxalifət partiyaları, eləcə də bir sıra QHT və vətəndaş cəmiyyətinin təmsilçiləri, deputatlığa keçmiş namizədlərin iştirakı ilə təsis edilib. Palatanın yaranması haqda bəyannaməni dəstəkləyən qüvvələr müxalifət partiyaları, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirakı haqda konstitusion hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına nail olmağı bəyan edir.
XS
SM
MD
LG