Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:52

Zəm-zəm suyu Britaniyada satışda


BBC aşkar edib ki, Britaniyanın mağazalarında müsəlmanlara qanunsuz olaraq Zəm-zəm suyu satılır. Müqəddəs hesab olunan bu suyun tərkibində kimyəvi maddə sayılan arsen tapılıb.

Zəm-zəm suyu Məkkədəki bir quyudan çıxarılır. Müsəlmanlar bu suyu müqəddəs sayır. Lakin quyudan götürülmüş nümunələr göstərib ki, suyun tərkibində təhlükəli kimyəvi maddələr var.

Turistlər kiçik qablarda Böyük Britaniyaya bu sudan gətirə bilər. Lakin o, kommersiya məqsədi ilə ixrac oluna bilməz. Adı açıqlanmayan araşdırmaçı Londonda xeyli sayda butulkalara doldurulmuş Zəm-zəm suyu aşkar edib.

İctimai Analitiklər Assosiasiyasının prezidenti doktor Dunkan Kempbell (Duncan Campbell) deyir ki, şəxsən o, bu sudan içməyi tövsiyə etmir.

«ZƏHƏRLİ İÇKİ»

Məlum olub ki, Zəm-zəm suyu Londonun Vandsvort və Apton Park rayonlarında müsəlmanlara aid kitab mağazalarında satılır.

D. Kempbell deyir ki, «bu su zəhərlidir. Xüsusilə ona görə ki, tərkibində kanserogen sayılan arsenin yüksək konsentrasiyası müəyyən edilib. İçməli suda bu maddə üçün müəyyən limit var. Yəni, suda həmin maddə bu limitdən artıq olduqda, belə su insanın səhhəti üçün təhlükəli sayılır».

Satıcılar müştərilərinin hər gün bu sudan alıb içdiklərini bildirirlər. Məsələn, Apton Parkdakı islam kitab mağazasının sahibi deyib ki, «müştərilərimiz Zəm-zəm suyundan asılıdırlar, onlar bu sudan başqa heç nə içmirlər».

Ötən il Ərzaq Standartları Agentliyi bəyan etmişdi ki, insanlar mənbəyi şübhəli olan suları içməkdən çəkinməlidirlər.



«HƏSSAS MƏSƏLƏ»


Qanunsuz olaraq satılan bu su ilə əsl quyudan çıxan Zəm-zəm suyunu müqayisə etmək üçün BBC zəvvarlardan birinə üz tutub. Ondan xahiş edib ki, Məkkədə Zəm-zəm suyunun çıxdığı quyudan bir nümunə götürsün, həmçinin, Məkkədə satışda olan Zəm-zəm suyundan bir butulka alıb gətirsin.

Nəticədə bəlli olub ki, hər iki suda yüksək miqdarda nitrat, potensial təhlükəli bakteriyalar var. Arsenin sudakı konsentrasiyası icazə verilən maksimum səviyyədən 3 dəfə çoxdur.

Doktor Yunis Ramadan Teynaz (Yunes Ramadan Teinaz) deyir ki, «bu, çox həssas məsələdir. İnsanlar bu suyu müqəddəs su hesab edirlər. Onlar Zəm-zəm suyunun zəhərli olduğunu qəbul etmək istəmirlər. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın hakimiyyət orqanları müəyyən tədbir görməlidirlər».

Səudiyyə Ərəbistanının Londondakı səfirliyi məsələyə münasibət bildirməkdən imtina edib.
XS
SM
MD
LG