Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

2 aprel işi üzrə vəkil axtarılır


2 aprel aksiyası
2 aprel aksiyası
AXCP Gənclər Komitəsinin sədr müavini Elnur Məcidli barəsində cinayət işi açılanda valideynləri ona dərhal vəkil tuta bilməyiblər. Səbəb- müxalifətin 2 aprel aksiyasına görə həbs edilənləri müdafiə edən vəkillərə həmin iş üzrə bir nəfərdən artıq şəxsi müdafiə etməyə icazə verilməməsidir.

Elnur Məcidli barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açılıb. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunur.

Elnur Məcidli 2 aprel mitinqində iştirakına görə mayın 11-də Nəsimi rayon Polis İdarəsinə çağırılıb. Gənc fəalın atası Arzuman Məcidli deyir ki, oğlundan izahat aldıqdan sonra onu şübhəli şəxs kimi saxlayıblar.

«Elnur 2 aprel mitinqində iştirakına görə saxlanılıb. Onu həm də şəhərdəki apteklərdən birinin şüşəsini sındırmaqda günahlandırırlar. Elnur mayın 11-də axşam saat 11-də mənə zəng edib dedi ki, barəmdə cinayət işi açırlar, mənə vəkil tutun. Biz vəkili bir qədər gec- mayın 12-də tuta bildik».

Elnur Məcidli
VƏKİL NİYƏ TAPILMADI?


Elnur Məcidlinin hüquqlarını müdafiə etmək üçün mayın 12-si səhərdən «Facebook» sosial şəbəkəsində bir çox istifadəçilər vəkillərə müraciət edirdilər. Müraciət edənlər arasında vəkil Əsabəli Mustafayev də var idi. O, üzünü həmkarlarına tutaraq siyasi fəalların həbsi zamanı onları müdafiə etməyə çağırırdı.

Əsabəli Musatafayev deyir ki, özü Elnur Məcidlinin hüquqlarını qorumağa hazır olub. Amma işi aparan müstəntiq ona bildirib ki, bu işlə bağlı bir vəkil yalnız bir adamı müdafiə edə bilər:

«Bundan əvvəl də mən belə halla rastlaşmışdım. Mən Arif Hacılının (Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri-müəl.) hüquqlarını müdafiə edirdim. Sonra Əhəd Məmmədlinin müdafiəsi üçün order təqdim edəndə müstəntiqlər mənə bildirdilər ki, guya ki, Əhəd Məmmədlinin ifadəsində Arif Hacılıya qarşı hallar var. Ona görə də məni müdafiəyə buraxmadılar. Amma sonradan məlum oldu ki, heç bir ziddiyyətli hallar yoxdur. Mən inanmıram ki, bu işə görə həbsdə olanlar bir-birlərinə qarşı ifadə versinlər və bir vəkil bir neçə nəfəri müdafiə edə bilməsin. Lakin bunlar bu metoddan istifadə edərək, bizim müdafiə resurslarını zəiflətmək istəyirlər».

«SÜNİ ƏNGƏL YOXDUR»

Əsabəli Mustafayev hesab edir ki, hakimiyyət bu yolla hüquq- mühafizə orqanlarının əli ilə müxalifətçilərin müdafiəsində bilərəkdən süni əngəllər yaradır. Vəkil yaranmış problemlə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini deyir.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, nə şübhəli, nə də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması halından söhbət belə gedə bilməz:

«Hər bir şübhəli, eyni zamanda təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunub. Müdafiə hüququnun təmin olunmasında hansısa süni əngəl və ya qadağaların olmasından söhbət belə gedə bilməz. Bu, həmin vəkillərin uydurmasıdır».

«İCTİMAİYYƏTİ ALDATMAQ OLMAZ»

Hüquqşünas Müzəffər Baxış isə hesab edir ki, hər bir halda yalnız işin halları ilə yaxından tanış olduqdan sonra konkret fikir söyləmək olar.

Müzəffər Baxış
«Əgər təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyyət varsa, Cinayət Prosessual Məcəlləsinin 114-cü maddəsinin tələblərinə görə, vəkil hər iki şəxsi müdafiə edə bilməz. Vəkil ya birindən imtina etməli, ya da işi aparan müstəntiq tərəfindən işdən uzaqlaşdırılmalıdır. Amma işin hallarında heç bir ziddiyyətli məqam yoxdursa, şəxsi maraqlardan istifadə edib, ictimaiyyəti aldatmaq və ya vəkillərin qanuni fəaliyyətinə maneələr törətmək olmaz».

Müzəffər Baxış bilərəkdən vəkillərin qanuni fəaliyyətinə əngəl yaradan müstəntiq və prokurorların cinayət məsuliyyəti daşıdıqlarını deyir.

2 aprel aksiyasına görə indiyə qədər 13 nəfər barəsində 2 aylıq həbs qərarı verilib, bir nəfər isə polis nəzarətində olmaqla sərbəst buraxılıb. Bundan başqa onlarla müxalifətçi polisdə dindirilib.
XS
SM
MD
LG