Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:30

“Beynəlxalq Buker”də qalmaqal


Mükafatın sahibi Filip Rot
Mükafatın sahibi Filip Rot
Dəyəri 60 min funt-sterlinq olan “Beynəlxalq Buker” ədəbi mükafatının Amerika yazıçısı Filip Rota verilməsi qalmaqal yaradıb.

Münsiflər heyətinin üç üzvündən biri olan yazar-tənqidçi-naşir Carmen Callil F.Rotun baş mükafata layiq olmadığını bəyan edərək istefa verib. (“Guradian”)

“O az qala hər kitabında eyni mövzudan danışır. Sanki o sənin üzün üstə oturub və sən nəfəs ala bilmirsən” – deyə Carmen Callil narazılığını gizlətməyib.

“Mən onu ümumiyyətlə yazıçı kimi yüksək qiymətləndirmirəm. Əvvəldən də bildirmişdim ki, onun adını hətta uzun siyahıya da salmazdım. Sonradan onun adını uzun siyahıda görəndə çox təəccübləndim. Orda mənim yüksək fikirdə olmadığım yeganə yazar o idi. Yerdə qalanların hamısı yaxşı idi”.

Carmen Callil bunları “Guardian” qəzetinə yazdığı məqalədə qeyd edir.

Münsiflər heyətinin digər iki üzvü – yazar, nadir kitabların satışı ilə məşğul olan Rick Gekoski (sədr) və yazıçı Justin Cartwright-dır.

Üsyankar münsif yazır:

“Ola bilər ki, Rotun yazdıqları digər iki münsifin “varlığının mahiyyətinə vara bilib, amma mənə belə bir təsir etməyib...

Bu “Kralın yeni libası”na oxşayır: bundan 20 il sonra Rotu kimsə oxuyacaqmı?”

Carmen Callil yazar olmaqla yanaşı həm də feminist nəşrlər evi olan “Virago”nun rəhbəridir.

Münsiflər heyətinin sədri Gekoski isə “Guardian”a müsahibəsində deyib ki, “mükafatın F.Rota verilməsi qərarı asan verilməyib, geniş müzakirələr və mübahisələrdən sonra qəbul edilib”.

Onun fikrincə “üç – çox təhlükəli rəqəmdir və ortaq məxrəcə gəlməyi çətinləşdirir… İki nəfər bir yazıçını israrla dəstəklədiyi halda biri bunun əleyhinə idi”

Gekoski deyib ki, ədəbi mükafatı verərkən əsas prinsip münsiflər heyətinin bütün üzvlərini razı salmaq yox, sadəcə layiqli müəllifi seçmək olmalıdır.

“Rot 1959-cu ildə “Əlvida, Kolumb”u yazıb. Şedevrdir, gözəldir. 51 il sonra – 78 yaşında isə “Nemezida”nı yazıb. Çox gözəl, əla bir romandır… Siz deyin, elə bir yazıçı tanıyırsınızmı ki, 50 il müddətində şedevrlər yarada bilsin”.

Üsyankar münsif Carmen Callil isə deyir ki, onun məyusluğunun bir səbəbi də başqa dillərdə yazan və əsəri ingilis dilinə tərcümə edilən yazarların yaradıcılığının lazımınca qiymətləndirilməməsidir.

“Qısa siyahıda Çin yazıçıları Wang Anyi və Su Tong, ispan yazıçısı Juan Goytisolo, italyan yazıçısı Dacia Maraini və livanlı yazıçı Amin Maalouf da vardı, amma mükafat daha bir Şimali Amerika yazıçısına verildi”.

“Beynəlxalq Buker” Mükafatı ingilisdilli ölkələrin nüfuzlu “Buker” mükafatı ilə bağlıdır.

Amma “Beynəlxalq Buker” mükafatı “Buker”dən fərqli olaraq ayrı-ayrı əsərlərə yox, müəllifin bütün yaradıcılığı qiymətləndirilərək verilir. "Beynəlxalq Buker" ingilisdilli ölkələrdən olmayan yazıçılara da verilə bilər. Amma onların əsərləri ingiliscə çap edilmiş olmalıdır.

Həmçinin oxu
Philip Roth kimdir və nədən yazır?
XS
SM
MD
LG