Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:27

Ezop həyatı yaşayan aktyor - İlqar Cahangirov (Fotosessiya)


Azerbaijan – Aesop at a Baku theatre, May2011
Azerbaijan – Aesop at a Baku theatre, May2011

("Ezop" tamaşasından fotosessiyaya baxa bilərsiniz).

Apollon məbədindən müqəddəs bir əşya ömrünün sonlarında azadlığa çıxmış Ezopun çörək torbasından tapılır. O Ezop ki, ömrü boyu azad olmaq üçün filosof Ksantla mübarizə apardı, azadlıq naminə Ksantın həbəş qamçı vuranının zərbələrinə dözdü. Nəhayət Samos əhalisinin də tələbi ilə Ezop azad oldu.

Ancaq budur, Ezopun çörək torbasından məbədin müqəddəs əşyası çıxır. Oğurluğa görə yalnız qulları ölüm cəzasına məhkum etmirlər. Belədə o, ya azad olduğunu gizlədib yenidən Ksantın evinə qul kimi qayıtmalı, ya da azad insanlar kimi Samosun ən dərin çökəkliyinə atılmalıdır.

Q. Fiqeyredonun məşhur “Ezop” tamaşasının sonunda Ezop bu dillema qarşısında qalır. Hamı ondan yenidən köləliyə qayıdıb yaşamağı xahiş edir. Hətta köhnə ağası Ksant da. O isə uçurumun qarşısından dayanaraq Ksanta deyir: “Ksant, bunu bil ki, bütün insanlar azadlıq üçün yetişiblər. Azadlıq üçün canlarından keçmək üçün yetişiblər. Belə görünür ki, həyat, məhəbbət, yaşamaq üçün mən hələ yetişməmişəm. Amma mən azadam, azad! Göstərin mənə, budurmu azad adamlara məxsus uçurum, deyin hardadır, harda?” Bu sözləri deyib, Ezop özünü uçuruma atır və pərdə enir.


“Ezop”-a baxanlar onun ifaçısını yaxşı tanıyar. Əməkdar artist, köhnə Kamera, indi isə Gənc Tamaşaçılar teatrının aktyoru İlqar Cahangirov. Dostları arasında isə xarakter olaraq Ezopa bənzər, onun qədər açıq fikirli və cəsarətli vətəndaş kimi tanınır.

- “İlqar Cahangirov” deyəndə çoxlarının ağlına Ezop gəlir. İlqar, sizin üçün Azərbaycanda İlqar olmaq asandır, yoxsa Ezop?

- Mənə belə gəlir ki, İlqar kimi yaşamaqdansa, Ezop kimi ölmək daha şərəflidir. Bilirsiniz, 44 yaşım var. Belə şərəfsiz yaşamaqdansa Ezop kimi şərəfli ölmək daha yaxşıdır.

- İlqar, bir neçə tamaşanıza baxmışam. Nədənsə bu tamaşalarda oynadığın obrazları Ezop kimi oynaya bilmirsiniz. Bəlkə Ezop elə bir az da sizin xarakterinlə uyğunlaşır?
Biz görmürük, amma insanlar var ki, ac yaşamağı boynu xaltalı yaşamaqdan üstün tuturlar.

- Mənim çalışdığım, vuruşduğum həyat tərzi ki var, yəni azad yaşamaq, azad danışmaq, hər şeyi olduğu kimi görmək, demək istəyirəm, buna görə bəli, Ezopa bənzəyirəm. Ezop mənim yaşayış stimulumdur.

Hər kəsin içində azadlıq eşqi var, azad danışmaq, yaşamaq istəyi var. Niyə yalandan danışmalıyıq, niyə özümüzü görməməzliyə vurmalıyıq, niyə qorxmalıyıq? Qorxaqlıq şərəfsizliyə gətirib çıxarır. Bəzən özümü qorxaq hesab edirəm, bu mənə çox pis təsir edir.
- Amma tamaşada Ezop heç qorxaq təsiri bağışlamır.

- Yox, O, qorxaq deyil, sadəcə fiziki qorxaqlığı var. Tamaşada xatırlayırsınızsa belə deyir: “Cismani cəza insanın ləyaqətini təhqir edir, onu alçaldır”. Hüseyn Cavid Sibirdə məhbus olarkən qapı açılanda qorxudan çarpayının altında gizlənirdi. Təsəvvür edin, kiminsə əli qalxanda, qırmanc səsi gələndə, o, qorxudan gizlənirdi. Görün onun ləyaqəti necə tapdalanırdı. Məgər bu gün H. Cavid, M. Muşviq yoxdur? Var...

"Ezop" tamaşasından
fotosessiyaya baxa bilərsiniz.

Gənc Tamaşaçılar teatrında "Ezop" tamaşasından bir səhnə

- Amma elə bil bu gün Ezop yoxdur, nədənsə gözə dəymir.

-Mən belə deməzdim. Rəhmətlik Elmar elə Ezop idi də. Qorxmadı ki. Dedi də. Yəni Ezop necə sahibinin üzünə - Ksanta sözünü dedi, o da öz sözünü dedi. Dedi və öldü.

- Yəni öldürmədilər, özü öldü.

- Hə də, bilirdi ki, öldürəcəklər. Ezop niyə qul olmaq istəmədi, tamaşanın sonunda var axı, o qul olduğunu desəydi, sahibi ona sahib çıxacaqdı, ona müəyyən işgəncə versə də, o ölümdən xilas olacaqdı. Amma o daha qul olmaq istəmədi, dedi “mən qul deyiləm!” Azad adamın isə cəzası ölüm imiş. Və o ölümə özü getdi.
-Ezop yaxşı bir təmsil deyir: “Ac canavar gəzərkən...”
-Ac canavar gəzərkən boynu xaltalı kök bir itlə rastlaşıb ondan soruşur: “Kimdir səni belə yedirdib kökəldən?” İt şövq ilə deyir: “Kim olacaq, sahibim ovçu.” Canavar baxıb-baxıb deyir: “Allah belə bir həyatı mənə qismət eləməsin. Boynu xaltalı olmaqdansa, ac yaşamaq daha yaxşıdır.”

Biz görmürük, amma belə insanlar var. Onlar ac yaşamağı boynu xaltalı yaşamaqdan üstün tuturlar. Üzə çıxmırlar, insanlardan qaçırlar, amma özləri üçün kişi kimi yaşayırlar.

Amma elələri də var, gizlənmir, əksinə mübarizə aparırlar. Belələrinin də cibinə ya nəyisə atdırırlar, tutdururlar, ya da ki, güllə ilə ağzından vurdururlar...
- Amma tamaşada belə hiss olunurdu ki, Ezop öz sahibi filosof Ksantdan daha güclüdür. Hətta o qədər güclü idi ki, filosofun həyat yoldaşı ərini deyil, qozbel, çirkin Ezopu sevdi.

Rəhmətlik Elmar elə Ezop idi də. Qorxmadı ki. Dedi də. Yəni, Ezop necə sahibinin üzünə - Ksanta sözünü dedi, o da öz sözünü dedi də və öldü.
- Təbii. Ksantın yoldaşı Kleya əslində insan sevmək istəyirdi, ürəyi olan, vicdanı olan, şəxsiyyəti olan insan. O, sevgisinə qarşı sevgi görmək istəyirdi. Bunlar yalnız Ezopda, ümumiyyətlə bu tipli insanlarda olar. Axı yaltaq, riyakar, qorxaq insanda qadın hansı romantik şeylər tapa bilər? Ona görə Kleya Ezopu sevdiyini etiraf etdi, ona “məni ağuşuna al” dedi.

- İlqar, Rafiq Tağı deyirdi ki, biz azadlığımızı uşaqlarımıza qurban verdik. Amma bu tamaşada Ezop azadlığı qadından üstün tutdu. Azadlığı naminə qadından – sahibi Ksantın həyat yoldaşı gözəl Kleyadan imtina etdi.
- Qadından deyil, sevgidən imtina etdi. Axı biz sevəndə də qul oluruq. Ezop sevməklə azadlığını itirəcəyindən qorxurdu.

- Bəlkə sevməkdən deyil, sevilməkdən qorxurdu. Kafkanın məşhur sözü var, bizi kölə edən bizim bağlandıqlarımız deyil, bizə bağlananlardır.

- Bəli, seviləndə insan daha çox qul olur. Ezop, görünür, sevilməkdən qorxurdu.
- Bəs siz necə, Ezop kimi azadlığını itirməməkdən ötrü sevgidən imtina edə bilərsiniz?

- Mən Ezop kimi cürətli ola bilmərəm, ola bilməmişəm. Mentalitet, ənənəvi təfəkkür, “böyük-kiçik” söhbətlərindən qurtula bilmişəm, azadlığımı qazana bilmişəm, amma sevgi qarşısında bunu bacarmamışam. Sevgi çox pis şeydir (susur). 10 il onun qulu olmuşam, elə indi də. Mən bu məsələdə Ezop ola bilmədim.
-Mən tamaşada şəkil çəkən vaxt arxamda əyləşən bir qadın ağlayırdı. Bəlkə də o sizi doğrudan da Ezop bilirmiş. Hətta elə bil siz də özünüzü Ezop kimi hiss edirdiniz. Misal üçün Ksant sizə “azadlıq kağızı”-nı verib azad edəndə sevindiyinizdən ağzınızdan su gəlirdi.


“Mədəniyyət evi” adıyla tikdikləri şey iclas zalıdır, özü də YAP-ın.


- Təbii ki, həmin anı insan özü də yaşayır hissi. İctimai statuslarımız, real vəziyyətlərimiz çox bənzəyir.

Təsəvvür edin, bir qadın öz bətnində bəslədiyi uşağı sonra onun əlinə verəndə o necə sevinər, söz tapa bilməz sevincini bölüşsün, Ezop da “Azadlıq kağızı”-nı əlinə alanda bu hissləri keçirirdi. Təbii ki, mən də Ezop kimi sevinirəm. Çünki hər kəs azad olmaq istəyir. Mən də onu içimdə gəzdirirəm.

- Azad olub, Ezop kimi dünyanı gəzmək istəyirsiz?

- Dünyanı gəzmək lazım deyil, azad olum, elə öz kəndimdə, öz məhəlləmdə yaşayım. Mənim yaşadığım qəsəbədə - Ceyranbatanda “Mədəniyyət mərkəzi” tikilib, deyəsən bu gün-sabah açılışı olacaq. Dünən girdim ora, ansambl məşq edirdi. Baxdım zala, çox gözəl idi, çox gözəl binadır, amma mədəniyyət, teatr binası deyil. O YAP-ın iclas zalıdır, vəssalam. Dayana bilmədim, çıxdım ordan. Mənə çox pis təsir etdi. Səhnə, pərdə, qapı deyilən şey yox idi. “Mədəniyyət evi” adıyla tikdikləri şey iclas zalıdır, özü də YAP-ın.
-Heç olub ki, Ezopdan zəhləniz getsin, ona nifrət edəsiz?

- Əlbəttə bir-iki dəfə olub. Demişəm axı niyə hamı kimi yaşaya bilmədim. Palazdı da, sən də bürünüb sürün. Ezop niyə bu cür yaşaya bilmədi? Ksant öz arvadını Ezopa vermişdi, amma niyə o imtina etdi, belə yaşamadı? Tamaşada Ezop deyirdi ki, içimdə elə bir şey var ki, hətta qamçı belə onu çıxara bilməyib, nədir o? Vicdan.
XS
SM
MD
LG