Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:24

«Amnesty International» Eynullanın buraxılmasını özünə hədiyyə sayır


68 bürosu olan «Amnesty International»ın illik büdcəsi təxminən 200 milyon dollardır
68 bürosu olan «Amnesty International»ın illik büdcəsi təxminən 200 milyon dollardır
Mayın 28-də dünyanın ən böyük insan haqları təşkilatı – «Amnesty International» 50 illik yubileyini qeyd edir. Azərbaycan hökuməti gözlənilmədən təşkilatın qızıl yubileyindən öncə ona hədiyyə edib.

«Bu, möcüzədir». 4 ildir həbsdə olan qəzet redaktoru Eynulla Fətullayev həbsdən azad olunmasını məhz belə adlandırıb:

«Mən hələ də vəziyyəti anlamağa çalışıram. Bu, mənim üçün möcüzədir. Mən bunu təsəvvür edə bilməzdim. Bu, mənim üçün həqiqətən də sürpriz idi».

«Amnesty International» Eynulla Fətullayevi «vicdan məhbusu» hesab edir. Təşkilat hələ jurnalist buraxılmamışdan iki gün əvvəl britaniyalı jurnalistlərlə birlikdə «Twitter»də Fətullayevin azadlığa buraxılmasına çağırış etmişdi.

Fətullayev azadlığa çıxandan iki saat sonra təşkilata minnətdarlığını bildirib:

«Heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin fəaliyyəti mənə kömək etdi. Mən «Amnesty International»a minnətdaram. Çünki ötən 4 il ərzində azadlığa buraxılmam üçün ağır missiyasını davam edib».

Mərkəzi qərargahı Londonda yerləşən «Amnesty International»ın Avropa və Mərkəzi Asiya proqramının direktor müavini Con Dalhuysen (John Dalhuisen) AzadlıqRadiosuna bildirib:

«Eynullanın azadlığa buraxılması «Amnesty» üçün ad günü hədiyyəsi olub».

DOĞUM GÜNÜ - 1961-Cİ İL MAYIN 28-İ

«Amnesty International» Quantanamo həbsxanasını bağlamaq tələbi ilə Budapeştdə aksiya keçirir, 11 yanvar 2006
«Amnesty International»ın təsisçisi, britaniyalı Piter Benenson (Peter Benenson) 1961-ci il mayın 28-də «Unudulmuş məhbuslar» adlı məqalə nəşr edərək ilk dəfə siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. Bu məqalənin ardınca vicdan məhbuslarının azadlığa buraxılması uğrunda mübarizə aparan «Amnesty International» təşkilatı yaradılıb.

Beynəlxalq səviyyədə işgəncələrin qadağan olunmasında, yüksək səviyyəli məmurların toxunulmazlıq hüququndan məhrum edilməsində, Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunmasında və edamların ləğvində aparıcı rol oynayan təşkilat 1977-ci ildə Nobel Sülh Mükafatı alıb.

Bu təşkilat Londonda işə başlayıb. İlk vaxtlarda ətrafında onlarla könüllü olan bu qurum hazırda dünyanın ən böyük insan hüquqları müdafiəsi təşkilatına çevrilib. 150-dən çox ölkədə 3 milyona yaxın tərəfdarı var.

Uruqvaydan tutmuş Özbəkistana kimi 68 bürosu olan «Amnesty International»ın illik büdcəsi təxminən 200 milyon dollardır. Vəsait əsasən özəl donorlardandır.

«AMNESTY INTERNATIONAL» DÜNYADA MƏHBUSLARLA BAĞLI KAMPANİYA APARIR

2008-ci ildə AzadlıqRadiosunun özbək xidmətinin əməkdaşı Solijon Abduraxmanov «vicdan məhbusu» elan olunub. Təşkilat özbək fotoqraf Umida Axmedovanın məsələsində də fəallıq göstərib. Fotoqraf «Kişilər və qadınlar – Sübhdən - Toranlığa kimi» foto kolleksiyasındakı təsvirləri ilə Özbəkistana böhtan atmaqda ittiham olunmuşdu.

Londonda «Amnesty International»ın Eynulla Fətullayevə dəstək aksiyası, 29 iyun 2009
«Amnesty» 2004-cü ildə dinc etiraz aksiyası keçirilməsini tələb etdiyinə görə ruhi xəstəxanaya salınmış türkmən siyasi fəal Qurbandurdı Durdıkulievi də müdafiə edib. O, 2 il sonra azadlığa çıxıb.

Təşkilat 3 dəfə həbs olunan qırğızıstanlı fəal Topçubek Turqunaliyevi hər həbsdən sonra «vicdan məhbusu» elan edib. 1995, 1996 və 2005-ci illərdə. O, 2005-ci ildə azad edilib.

«AMNESTY INTERNATIONAL» ÖZÜ DƏ TƏNQİD OLUNUR

Bununla belə, təşkilat bəzən tənqid hədəfinə də çevrilib. Məsələn, fevral ayında Britaniya mətbuatı üzə çıxarıb ki, təşkilatın sabiq icra katibi İren Xan (Irene Khan) istefa verəndən sonra «Amnesty International»dan illik əmək haqqısından 4 dəfə çox -800 min dollar pul alıb. Britaniyalı millət vəkili Filip Deyvis (Philip Davies) bunun təşkilata zərbə olduğunu və bir çox havadarı məyus etdiyini deyib.

«Amnesty» həmçinin, müxtəlif ölkələrə və vətəndaşlara qarşı ideoloji qərəzlilikdə, hadisələri birtərəfli işıqlandırmaqda ittiham olunub.

Bununla belə, təşkilat yubileyindən istifadə edərək keçmiş səhvlərdən öyrənir və gələcək planlar qurur.

Təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktor müavini Con Dalhuysen bildirib ki, Eynulla Fətullayevin azadlığa buraxılması həm də görüləsi işləri xatırlamağa xidmət edir:

«Eynulla azad olunsa da, Azərbaycan həbsxanalarında hələ də «Amnesty International» tərəfindən «vicdan məhbusu» hesab olunan şəxslərin qaldığını unutmamalıyıq. Biz hazırda bu sayın 8 olduğunu hesablamışıq. Onlar son etiraz aksiyaları, nümayişlər zamanı həbs olunanlar və internet fəallarıdır. Biz onların azadlığa buraxılması üçün işlərimizi davam etdirəcəyik».
XS
SM
MD
LG