Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Cənub rayonunda yetim uşağın bazar həyatı...


Bazarlıq edən adam yükü Rəşidə verir ki, maşına aparsın
- Rəşid, bu sumkanı maşına apar!

Balacaboy Rəşid əmri dərhal yerinə yetirir. Bu xidmətə görə 20 qəpik qazanır.

- Rəşid, dalımca gəl, bu salafanı da hazır saxla.

Rəşid dərhal bu əmrə də tabe olur. Bazarlıq edən adam yükü Rəşidə verir ki, maşına aparsın. Hər belə xidmətdən sonra Rəşid haqqını alır. Elə gün olur ki, deməsinə görə, qazancı 5-6 manata çatır .Əlinə bir qəpik keçmədiyi gün də olur.

Rəşid cənub rayonların bazarların birinin daimi sakinidir, 9 yaşı var. Ata, anasını itirib. Özünün dediyinə görə, yaxınların yanında qalır. O deyir ki, bazarda özü kimi uşaqlar çox idi. Polis bir neçə dəfə bazara gəlib, uşaqları buradan uzaqlaşdırıb.

Rəşid şəkilini çəkməyə icazə verir. Diktofonu ona doğru uzadanda isə, qorxub qaçdı. Bazardan uzaqlaşmaq istəyəndə, qabağımıza çıxdı. Bizdən xahiş etdi ki, onu polisə verməyək. Rəşid onun elə şərti adıdır.

«EVƏ ÇÖRƏK APARIRAM»

«Evə çörək aparıram. Mənim bacı və qardaşlarım da var».

Onu başa salmaq istədim ki, polis deyilik, jurnalistik. Lakin əlini tovlayıb getdi.

«Hamısı birdir», - dedi.

Sonradan öyrədim ki, vaxt tapıb dərsə də gedir. İki bacısı və bir qardaşı yaxınların himayəsində yaşayırlar. Himayədə yaşadığı ailə də kasıbdır.

Cənub bölgəsinin rayonlarında Rəşid kimi həyat sürən uşaqlar çoxdur. Onlara bazarlarda, sərhəd keçid məntəqələrində rast gəlmək olar. Aralarında dilənçilik edən də var. Cənub bölgəsinin istənilən rayonunda küçələrdə dilənən azyaşlı uşaqları görmək mümkündür.
Dilənçilər arasında 3-4 yaşdan tutmuş 12-14 yaşa qədər yeniyetmələrə rast gəlmək olur
Onlar yoldan keçənlərin qarşısını kəsir, müxtəlif bəhanələr gətirərək pul istəyirlər. Çayxanalarda, yol kənarlarında, vağzallarda dolaşırlar. Dilənçilər arasında 3-4 yaşdan tutmuş 12-14 yaşa qədər yeniyetmələrə rast gəlmək olur.

«BOŞANMA ARTIB»

Lənkəranda fəaliyyət göstərən «Ailə Tədqiqatı» Qeyri-Hökumət Təşkilatının rəhbəri Rəsmiyyə Axundova deyir ki, kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar çoxdur:

«Ailəsini burda qoyub Rusiyaya işləməyə gedənlərin təxminən 15-20 faizi bir qədər keçdikdən sonra ailəni yaddan çıxardır. Boşanma halları da az deyil. Lənkəranda boşanma 2000-ci ilə nisbətən 0.3 faiz artıb. Atasız qalan ailələrdə vəziyyət daha ağır olur. Belə ailələrdə böyüyən uşaq erkən yaşlarında işləməli ya da küçələrdə dilənməli olur».

Rəsmiyyə Axundova deyir ki, bazarlardan zorla uşaqları uzaqlaşdırmaqla problem həll olunmur. Uşaqların problemini həll etmək üçün birinci növbədə ailənin problemini həll etmək lazımdır:

«Həyatını küçədə keçirdən uşaqların valideynləri adətən ya işsiz olur, ya da narkoman. Digər səbəblər də var. İşsizlikdir, kasıbçılıqdır. Uşağını geyindirə və yeməyini çatdıra bilmirlər. Azərbaycan ailəsinin sosial problemləri aradan qaldırılmasa, həmişə belə olacaq. Düzdür, Lənkəranda uşaq evi var. Belə uşaqları küçədən yığıb bura gətirirlər. Uşaq evində yaxşı şərait də yaradılıb. Bu, məsələnin bir tərəfidir».

«YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏK YOLLARINI BİLMİRLƏR»

Uşaqlar Heydər Əliyevin abidəsini ziyarət edirlər
Masallıda fəaliyyət göstərən «Əyalət qadını və demokratiya» İctimai Təşkilatın rəhbəri Fidan Abbaslı da belə hesab edir ki, kasıb ailələrə diqqət artırılmalıdır. Onun fikrincə, vaxtından əvvəl küçələrə düşən, işləməyə məcbur olanlar kasıb ailələrin uşaqlarıdır:

«Əslində, sosial yardımlar başsız, qazancı az olan ailələr üçündür. Kənd yerlərində yaşayan belə ailələrin çoxu yardım üçün müraciət etmək yollarını bilmirlər. Elə ailələr var ki, 5-6 uşaqdan ibarətdir. Bu ailələr dövlət tərəfindən nəzarətə götürülməlidir. İmkanlı adamlara prezident təqaüdü verirlər. Kasıb ailələrə də prezident təqaüdü vermək olar».

Fidan Abbaslı bildirir ki, yerlərdə uşaqlarla bağlı qeyri-hökumət təşkilatlarını barmaqla saymaq olar:

«Bölgədə cəmi iki uşaq təşkilatı var. Onlar da ciddi bir iş görə bilmirlər».

«QANUNLAR KAĞIZ ÜZƏRİNDƏ QALIB»

Hüquqşünas Elman Hüseynov deyir ki, Azərbaycanda qəbul edilən 29 qanun sırf ailə və uşaqla bağlıdır. Onun fikrincə, bu qanunlar içərisində ən önəmlisi «Uşaq hüquqları haqqında» qanundur:

«Bu qanunun 8-ci maddəsində deyilir: Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Beynəlxalq uşaq qanunları da bizə aiddir. Lakin bu qanunlar kağız üzərində qalıb. Faktiki olaraq uşaqların hüquqları qorunmur. 15-20 il bundan əvvəl ölkəmizdə dilənçi uşağa rast gəlmək çətin idi. İndi onların əlində çayxanada, parkda əyləşmək olmur. Deyirlər ki, bu uşaqlar zəmanəmizin qəhrəmanlarıdır».
XS
SM
MD
LG