Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:25

Belarusa maliyyə təzyiqi artır


Belarus prezidenti Alyaksandr Lukashenko
Belarus prezidenti Alyaksandr Lukashenko
LUKASHENKO HÖKÜMƏTİNƏ SANKSİYALAR DAVAM EDİR

Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bugünkü toplantısında əsas mövzu Belarus prezidenti Alyaksandr Lukashenko rejimi ilə bağlı olan şəxslərin Avropa Birliyi ölkələri ərazisinə girişinin qadağan olunması və onların aktivlərinin dondurulması məsələsi olub.

Avropa Birliyi indiyə qədər Lukaşenkonun yaxın ətrafı və bəzi hakimlərin də daxil olduğu 188 belarusa qarşı sanksiya tətbiq etmişdi. Bugünkü iclasda Belarus prezidentinə yaxın olan daha 3 belarus biznesmenin adı bu siyahıya əlavə edilib. Avropa Birliyi Minskin hökumət əleyhinə keçirilən mitinqlərin amansız yatırılmasına cavab olaraq 2011-ci ərzində bir neçə dəfə bu siyahını genişləndirmişdi.

Avropa Birliyinə daxil olan 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən bugünkü görüşündə ilk dəfə olaraq Belarus şirkətlərinə qarşı da sanksiya tədbirləri görülüb. Belarusun prezident Lukashenko ilə bağlı olan 3 şirkətinin aktivlərinin dondurulması qərara alınıb. Bu, rejimə maliyyə təzyiqinin daha da artırılması deməkdir.

AVROPA BİRLİYİ NARAHATDIR

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashtonun sözcüsü Maja Kocijancic bildirib ki, Lukashenkonun ötən ilin dekabrında mübahisəli şəkildə təkrar prezident seçilməsindən sonra müxalifət liderlərini mühakimə etməsi ilə bağlı Brüsselin narahatlığı davam edir.

Belarusa qarşı tədbir görmək barədə Avropa Birliyi ölkələri arasında razılıq olsa da, İtaliya və Latviya Minski daha da küncə sıxışdırmaqda həvəsli görünmür. Latviya nümayəndələri Belarusa qarşı sanksiyaların Latviya şirkətlərinə ziyan vura biləcəyi ilə bağlı narahatlıqlarını əvvəllər də bildirmişdilər.

Bugünkü görüş həm də Belarusun maliyyə böhranından xilası üçün Beynəlxalq Valyuta Fonduna müraciətindən bir neçə həftə sonraya təsadüf edir. Doğrudur, Avropa Birliyinin üzvü olan Yunanıstandakı böhran Brüsseldəkilər üçün prioritet təşkil edir. Lakin İsveçin xarici işlər naziri Carl Bildt deyir ki, Belarusdakı böhrana da diqqət yetirilməlidir:

«Sözsüz ki, əsas diqqət Yunanıstandakı vəziyyətə yönəldilib. Bundan hamı narahatdır. Ancaq maliyyə iflası baxımdan Belarusdakı vəziyyət daha pis ola bilər».

Avropa Birliyinə üzv olan bəzi dövlətlər bildiriblər ki, Beynəlxalq Valyuta Fondu Belarusa bütün siyasi məhbuslar azad olunduğu təqdirdə kredit ayırmalıdır. Ancaq müşahidəçilər bildirirlər ki, BVF, bir qayda olaraq, kredit ayırarkən siyasi şərtlər irəli sürmür.
XS
SM
MD
LG