Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:54

Aqil Xəlil: «Azərbaycanda özümü görmədiyim üçün qayıtmaq istəmirəm»


Fransa. Aqil Xəlil etiraz aksiyasında iştirak edərkən
Fransa. Aqil Xəlil etiraz aksiyasında iştirak edərkən
İyulun 24-də Azərbaycanlı mühacir Aqil Xəlilin Fransaya getməsindən üç il ötür. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil Bakıda döyülüb, bıçaqlanandan sonra Fransaya mühacirət edib. O, 7 ay «Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatının dəvəti ilə jurnalistlər evində qalıb. Amma dediyinə görə, sonra müəyyən problemləri olub.

MÜVƏQQƏTİ ÇƏTİNLİK

«7 aydan sonra mənim bəzi problemlərim oldu. Statusum dəyişdi. Yəni, həm tələbə statusum, həm mühacir statusum var idi. Bir az qarışıq məsələ idi deyə müvəqqəti problemlərim oldu. Amma hazırda Fransa dövləti tərəfindən mənzillə təmin olundum».

- Bəzən deyirlər ki, hər şey Aqil Xəlil üçün əla oldu. O, indi Fransada yaşayır, Azərbaycanın çətinliklərindən uzaqdır. Siz özünüz nə düşünürsünüz?

- Əla oldu deyəndə ki, mən bu cür yanaşmanı düzgün qiymətləndirmirəm. O hadisələrdən sonra, o faciəni yaşayan insan üçün demək ki, əla oldu, məncə anormallıqdır. Təbii ki, burda öz rahatlığımı, azadlığımı tapa bilmişəm. Amma ailəmdən, dostlarımdan uzaq olmaq ağırdır.

AVROPADAN BAXDIQDA....

- Azərbaycandakı son vəziyyəti izləyirsiniz?

- Hər gün demək olar ki, yuxudan duranda və yatmamışdan əvvəl Azərbaycan xəbər saytlarına daxil oluram, sosial şəbəkələrdə izləyirəm. Demək olar ki, Azərbaycanda vəziyyət dəyişməyib. Dəyişibsə yalnız mənfiliyə doğru olub dəyişiklik.

- Üç ilə yaxındır Azərbaycandan uzaqdasınız. Avropadan Azərbaycan necə görünür?

- Hər şey çox dəqiq görünür. Yəni, rejimin qəddarlığı... Azərbaycanda insan haqlarının necə kobud şəkildə pozulduğu çox aşkar şəkildə görünür. İnsanlar öz evlərindən qovulur, gecə vaxtı evləri gizlincə sökülür, prezidentin keçəcəyi yerlərdə insanların hüquqları pozulur. İnsanların Azərbaycanın içində qaçqın vəziyyətinə salınmasına Avropadan baxdıqda Azərbaycan hökuməti diktator, vəhşi bir rejim kimi görünür.

- Mühacirətdə olmağına oradakı insanların münasibəti necədir?

- İstəyir universitetdə, istər çalışdığım yerdə, istər cəmiyyətdə normal yanaşırlar. Düzü bunu bilməyənlər də olur. Əvvəllər özümü tanıdırdım. Amma indi xoşum gəlmir, özümü tanıtdırmaq, yaşadığım hadisələr haqda danışmaq istəmirəm. Bu olayları yenidən xatırlamaq istəmirəm. Yeni həyata başlamaq istəyirəm.

Aqil Xəlil. 2007-ci il. AzadlıqRadiosuna müsahibəsi
«AZƏRBAYCANA QAYITMAQ İSTƏMİRƏM»

- Yeni həyata Fransada başlamaq istəyirsiniz?

- Artıq başlamışam.

- Bəs, Azərbaycana qayıtmaq kimi planlarınız var?

- Səmimi desəm xeyr. Aqil Xəlil indiki vəziyyətdə Azərbaycana qayıtmaqla nə dəyişəcək ki?! Yəni, mübarizəni burda da aparmaq olar. Əqidəsini satan insan isə hər yerdə sata bilər. Nə vaxtsa Azərbaycan demokratik dövlət kimi formalaşsa, demokratiyanın dadını yox, iyini belə hiss etsəm təbii ki, qayıdaram. Bəzən elə olur ki, Azərbaycan üçün burnumun ucu göynəyir. Amma indi ki, vəziyyətdə qayıtmaq istəmirəm. Mən harada yaşayıramsa, harada rahatamsa ora mənim üçün vətəndir. Bələ deyim də Azərbaycan mənim içimdədir, ürəyimdədir. Vətənə olan «borcumu» yerinə yetirmişəm, hərbi xidmətdə də olmuşam.

«ƏVVƏLLƏR VERDİYİM MÜSAHİBƏLƏRİ OXUYANDA...»

- Azərbaycana qayıtmaq istəməməyinizə hansı amil daha çox təsir edir? Siyasi sistem, yoxsa səninlə bağlı aparılan əks təbliğat?

Norveç. Oslo. Mirzə Sakit və Aqil Xəlil
- Əks təbliğat artıq aparılıb. Düzdür təzə-təzə mənə təsir edirdi. Hərdən o vaxtlar verdiyim müsahibələri oxuyanda mənə gülməli gəlir. Yəni, o vaxtlar həyəcanlı olmuşam, qorxmuşam. Amma indi buna əvvəlki kimi əhəmiyyət vermirəm. Çünki insanlara bu təbliğatların əsas məqsədi məlumdur. Azərbaycandakı siyasi rejimi, insan hüquqlarının kobud şəkildə pozulmasını, media aləminə olan basqıları, təcavüzləri, ən azından insanların sərbəst toplaşmaq azadlığının olmamasını, diktatura rejimini görüb, qayıtmaq istəmirəm. Azərbaycanda özümü görmədiyim üçün qayıtmaq istəmirəm. Rejimin mənə qarşı apardığı çirkin işlərə görə qayıtmaq istəmirəm. İnsanların dəyişməsindən, onların «düşəncələrinə» görə qayıtmaq istəmirəm».

Aqil Xəlil Paris Dövlət Universitetinin Media əlaqələri ixtisası üzrə magistr təhsilini artıq başa vurur. O, əsasən QHT-lərlə əməkdaşlıq edir. Amma deyir ki, iki aya yaxındır fikrini yalnız dərslərinə verir, ikinci magistr təhsili almaq üçün yenidən imtahanlara hazırlaşır.
XS
SM
MD
LG