Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Ermənistanda turizimin vəziyyəti


Ermənistan
Ermənistan
İSTİRAHƏT ÜÇÜN XARİCİ ÖLKƏLƏRƏ ÜZ TUTANLAR

Turizm Ermənistanda prioritet sahələrdən biri elan olunsa da erməni tur-operatorlar dövlətin siyasətindən narazıdır. Ermənistan vətəndaşları yay tətillərini daha çox xaricdə keçirməyə üstünlük verir. Belə ki, ölkədən kənarda qiymət-xidmət nisbəti daha cəlbedicidir. Ölkəyə gələn turist axınını isə əsasən müxtəlif ölkələrdə yaşayan ermənilər təşkil edir. Onlar da Ermənistana cəlbedici turist ölkəsi olduğu üçün yox, sadəcə vətənlərinə gəlirlər. «Avarayr tur» turist şirkətinin təsisçisi Arkadi Saakyan:

«Dövlət xadimlərini dinləsək, onlar «turizm» və «diaspora» sözlərini fərqləndirə bilmirlər. Turizm haqda danışırlar, hərçənd əsas dayaq diaspordan gəlir. Bütün göstəricilər diasporun hesabatından götürülür».

Ermənistanın adı 4 dəfə Dünya İqtisadi Forumunun nəşr etdiyi turizm sahəsində rəqabət qabiliyyətlilik hesabatına salınıb. Ölkədə təhlükəsizlik və sanitar-gigiyenik şərait və səhiyyə ilə bağlı vəziyyət kifayət qədər yaxşı olsa da, ətraf mühitin mühafizəsi ilə bağlı ciddi problemlər qalmaqdadır.

TURİZMƏ DÖVLƏTİN DƏSTƏYİ

Ermənistanın baş naziri Tiqran Sarqsan çıxışlarından birində deyib ki, «dövlətin turizmin inkişafına verdiyi dəstək öz bəhrəsini verir. Bunu göstəricilər də sübut edir. 2009-cu il böhranı zamanı görünməmiş iqtisadi tənəzzül yaşananda turizm göstəricilərində təxminən 4 faizlik artım olub. Baxmayaraq ki, həmin il bütün dünyada turizm göstəriciləri aşağı düşmüşdü. 2010-cu ildə isə artım daha çox hiss olunub – təxminən 17 faiz».

Baş nazir Tiqran Sarqsan

Turizm mütəxəssislərinin fikrincə isə turizmin iqtisadiyyatın prioritet sahəsi elan olunduğu bir ölkə üçün bu rəqəm gülüncdür. Turizmin inkişafını hədəfə almış ölkələrdə bu göstərici qat-qat yüksəkdir.

İqtisadiyyat nazirliyində turizm və ərazi iqtisadi inkişaf idarəsinin rəsmisi Mexak Apresyan:

«Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk kvartalında daxili turizmin göstəricisi 13.9 artıb».

Dünya turizm təşkilatının məlumatına görə, planetin təxminən 7 milyard əhalisinin 935 milyonu müxtəlif ölkələrə səyahətlər edir. Ancaq Ermənistanda turizm adı altında əsasən ölkəyə gələn turistlər başa düşülür. Tur-operatorların dediyinə görə, bu sahə Ermənistanda lazımınca inkişaf etməyib.

KABAB EKSKURSİYASI

Arxiv foto
Çox vaxt ermənilərin özləri ölkənin görməli yerləri ilə tanış deyillər. Hərçənd yerli turizm agentliklərinin bukletlərində xarici turistlər üçün 760 belə yerin adı qeyd olunur:

«O qədər inkişaf etməyib ki, məktəbdə uşaqlara «sizi ekskursiyaya aparırıq» deyəndə, bütün bunlar Aştar dərəsi və ya Qarni yolunda kabab yeməklə başa çatır. Uşaqlar artıq alışıblar ki, ekskursiya varsa, deməli, kabab yeməyə gedirlər.

İqtisadiyyat nazirliyində turizm və ərazi iqtisadi inkişaf idarəsinin rəsmisi Mexak Apresyan deyir ki, çoxları daxili turizmin bahalı olduğundan gileylənsə də daxildə xidmətlərin qiyməti daha münasibdir. Apresyan hesab edir ki, problem dənizin olmamasındadır, ermənilər yayda dənizdə istirahət etməyə üstünlük verir:

«Əgər insan dənizdə istirahət etməyə üstünlük verirsə təklif olunan dəniz kurortlarından seçməyə başlayır – keyfiyyətə, qiymətə və s. baxır. Ermənistan vətəndaşları Gürcüstan və Bolqarıstana getməyə üstünlük verirlər».

Son zamanlar «Facebook» sosial şəbəkəsində daxili turizmin təbliği fəallaşıb. Ermənistanın müxtəlif tarixi və görməli yerlərinə səfərlər təşkil olunur. Bunun qiyməti isə Ermənistan mehmanxanaları və passiv istirahətlə müqayisədə daha əlverişlidir. Əgər Ermənistanda orta səviyyəli mehmanxanada bir günün qiyməti təxminən 40-50 dollardırsa, bir günlük görməli yerlərə ekskursiyalar bir neçə dəfə ucuzdur.
XS
SM
MD
LG