Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:33

Nüsrət Kəsəmənli. İş otağım


Evimin bir küncü,
Uşaqlardan qaça-qaça
tapmışam bu yeri.
Bura şeirlərimin
döyüş səngəri.
Əyilib masama,
ağlımı, hissimi
verirəm yazıma.
Mənimlə öpüşə-öpüşə
ölür siqaretlər,
Yayın bürküsü,
Payızın bölgüsü,
Qışın ayazı,
Yazın dadı
Hamısı yazımdadı.
Anlarım, saatlarım
Kədərim, şübhəm, inadlarım,
Qeybətlərdə sındırılan
qanadlarım
hamısı yazımdadı...
Xəstə yazılarım olur,
Elə vərəqdəcə ölür.
Ölən şeirimin tabutuna dönür
yazı masam.
Təzəsini yazıram,
Ö-lə-rəm,
Ölərəm, yazmasam!!!
XS
SM
MD
LG