Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

Əcnəbi jurnalistləri döyənlər kimlərdir?


Arxiv foto
Arxiv foto
ABŞ və Böyük Britaniya vətəndaşlarını döymüş dörd nəfərdən 3-nü polis saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi iyunun 25-də məlumat yayıb.

Nazirliyin məlumatında adı çəkilən Bakı sakinləri 18 yaşlı Adil Tağızadə, 25 yaşlı Roman Həsənov və 28 yaşlı Xırdalan şəhər sakini Vüsal Qurbanov ABŞ vətəndaşı Amanda Eriksonla Böyük Britaniya vətəndaşı Selia Devisi xuliqanlıq zəmnində döyməkdə ittiham olunurlar. Döyülən əcnəbi xanımlardan bir jurnalist, o biri isə hüquq müdafiəçisidir.

DİN-in məlumatına görə, dördüncü şəxsin axtarışı davam edir.

Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hələ ki saxlanan şəxslərlə zərərçəkənlər arasında üzləşmə aparılmayıb.

Zərərçəkənklərin əməkdaşlıq etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (RATİ) aldığımız məlumata görə, hər iki xanım hazırda Azərbaycanda yoxdur. İnstitutdan verilən məlumata görə, hücum zamanı qolundan zədə alan Böyük Britaniya vətəndaşı Selia Devis hazırda öz ölkəsində müalicə almaqdadır.

Emin Hüseynov
NAZİRLİK HƏR ŞEYİN TAM ARAŞDIRILACAĞINI DEYİR

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov baş verən hadisənin qanunvericiliyin tələblərinə uyğun araşdırılacağını deyir.

«Cinayət işi qaldırılıb, istintaq gedir. Əlbəttə dindirmə də olacaq, üzləşdirmə də olacaq. Qanun nəyi tələb edirsə bütün lazımı istintaq hərəkətləri aparılacaq».

«SAXLANAN ŞƏXSLƏR HƏMİN HADİSƏNİ TÖRƏDƏN ŞƏXSLƏRDİRMİ?»

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə nazirliyin adını açıqladığı şəxslərlə bağlı hələ ki konkret fikir söyləməyə çətinlik çəkir. Onun sözlərinə görə, hələ onlara tam bəlli deyil ki, polisin tutduğu şəxslər həqiqətən də həmin hadisəni törədən şəxslərdir:

«Bu dəqiq bilinməlidir. Bunun üçün gərək zərərçəkənlər tanıma prosesində özləri iştirak etsinlər. Amma indi hər iki şəxs Azərbaycanda deyil. Hər halda həmin şəxslər üzərində açıq məhkəmə keçirilməlidir, bilinməlidir ki, dörd nəfər hansı motivlərə görə, pul, zinət əşyaları götürmədən iki xanıma qarşı belə addım atıblar».

Emin Hüseynovun deməsinə görə, Azərbaycan reallığında günahı günahsızın boynuna qoymaq, günahkarın əvəzinə günahsızı həbsə atmaq kimi hadisələr çox olduğundan hələ cavabını tapmadıqları xeyli suallar var.

O, hadisənin hansı motivdən baş verməsi barədə də bir söz deyə bilmir.

Döyülən qızlardan biri, Amerika vətəndaşı Amanda Erikson da hadisə baş verən gün AzadlıqrRadiosuna müsahibəsində hücuma məruz qalmaları üçün hər hansı motivin olmadığını deyib.

«XARİCİ JURNALİSTLƏRİN GÖZÜNÜ QORXUTMAQ EHTİMALI DAHA REAL GÖRÜNÜR»

İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin deməsinə görə, indiyə qədər jurnalistlərin döyülməsi, qətlə yetirilməsi ilə bağlı hadisələrin heç birinin üstü açılmadığından cəmiyyətdə bu hadisəni də hakimiyyətin razılığı ilə törədilən akt kimi qəbul edirlər. Cəmiyyət prezidenti baş verən hadisə ilə bağlı səslənən fərziyyələrin hamsının doğru olmaq ehtimalının olduğunu düşünür. Amma deyir həmin ehtimallar içərisində biri daha real görünür.

««Eurovision» ərəfəsində Azərbaycan barədə tənqidi yazılar yazan jurnalistlərin Azərbaycana gəlmə ehtimalı daha da artır və bu səbəbdən baş verən hadisənin həmin jurnalistlərin gözünü qorxutmağa yönələn hadisə olması barədə deyilənlər daha inandırıcı görünür».

İntiqam Əliyevə görə, hakimiyyət belə ehtimalların həqiqət olub-olmadığını yalnız baş verən hadisə ilə bağlı ciddi araşdırma aparmaqla və əsl günahkarları aşkar etməklə üzə çıxara bilər.

«BÜTÜN SUALLARA İSTİNTAQ CAVAB VERƏCƏK »

Gün boyu bu məsələ ilə bağlı araşdırma apardığımız zamanı Daxili İşlər Nazirliyinin 2009-cu ildə baş verən bir hadisə ilə bağlı məlumatına da rast gəldik. Həmin məlumatda Bakı şəhər sakini Roman Həsənov adlı şəxsin ölümlə nəticələnən yol qəzası törətdiyinə görə, Nəsimi polisi tərəfindən saxlandığı bildirilir. Biz həmin şəxsin indi əcnəbi xanımları döyməkdə ittiham olan Roman Həsənovla eyni adam oldub-olmadığını dəqiqləşdirmək istədik. Amma Nəsimi polisindən bildirdilər ki, həmin hadisə 2 il əvvəl baş verdiyindən onlar bizə bu suala cavab tapmaqda yardım edə bilməyəcəklər.

Daxili İşlər nazirliyində isə hesab edirlər ki, bütün suallara istintaq cavab verəcək.

İyunun 15-də axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Celia Davies Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar.
XS
SM
MD
LG