Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:14

Masallıda tərəvəz sahələrdə çürüyür


Səyavuş Nurullayev
Səyavuş Nurullayev
Masallı rayonunun Həsənli kəndinə gedən yolun hər iki tərəfində tərəvəz sahələri uzanır. Həmin sahədə qızmar günəş altında işləyən adamlar gözə dəyir. Sahəyə dönürük. Özünü təqdim edən Həsənli kənd sakini, Qarabağ əlili Səyavuş Nurullayev deyir ki, ailəsi ilə birlikdə 70 sot torpaqda yemiş, badımcan, pomidor əkib:

«Əkinə 1000 dollar xərc çəkmişəm. İlin əvvəlindən bu torpaqda eşələnirik. Məhsul yetişdirmişik, lakin alanı yoxdur. Bazarlarda da məhsullarımızı sata bilmirik. Möhtəkirlər imkan vermir. Badımcanın 25 kiloqramlıq kisəsi 1 manata, yemişin 1 kiloqramı isə 10 qəpiyə enib. Halbuki, yemişin bir kiloqramının maya dəyəri 25-30 qəpiyədir. Artıq ziyana düşmüşəm. Gələn il məhsul əkməyəcəyəm».

«RUSİYAYA TƏRƏVƏZ APARANLARI DA SƏRHƏDLƏRDƏ İNCİDİRLƏR»

S.Nurullayevin həmkəndlisi Xudaşükür Ağayev də qiymətlərin çox aşağı olduğunu bildirdi. Onun deməsinə görə, bir gündə yemişin bir kiloqramı 14 qəpikdən 10 qəpiyə enib:

«Ailə üzvlərimlə 1 hektarda tərəvəz və bostan məhsulu əkmişik. Bu il məhsul boldur. Lakin satılmır. İki gündə 300 kiloqram yemiş satmışam, onu da 12 manata. Ötən il bu vaxtı tərəvəzdən 10 min manat pul götürmüşdüm. Məhsulu bazara aparmaq sərf etmir. Maşına, bazarda yerə görə pul verməli olursan. Çox adam satılmayan badımcanı zibilxanalara tullayıb evə qayıdır. Sahədə yemiş çürüyür. Dərdimizə bir çarə qılan yoxdur. Rusiyaya tərəvəz aparanları da sərhədlərdə incidirlər. Onlar da bu işdən imtina ediblər».

NƏ SU VAR NƏ TƏBİİ QAZ

Xudaşükür Ağayev
Həsənli kəndində nə içməli su, nə də təbii qaz var. İçməli suyu kəndə maşınla gətirib satırlar. Sobaları mal təzəyi ilə qızdırırlar. Həsənli kənd bələdiyyəsinin üzvü Ələsgər Həsənli qonşu Köçərli, Təkdam, Məmmədxanlı kəndlərində də bu problemlərin olduğunu deyir:

«Suya və yanacağa böyük xərc çəkilir. Bu xərclər bostan və tərəvəz məhsullarından əldə edilən gəlirlə ödənilir. Məhsullar da sahələrdə məhv olur. Kənd sakinləri üçün bu qış çətin olacaq».

Həsənli kənd ərazi nümayəndəsi Yusif Hüseynov isə narahatçılığa əsas olmadığını deyir:

«Taxılın satış qiymətindən razılıq edirlər. Taxılın 1 kiloqramı 25 qəpikdir. Ötən il isə taxılın 1 kiloqramını 11 qəpikdən də aşağı idi. Çünki rayonlarda taxıl anbarları tikilib. Kartofun bir kiloqramı 42 qəpikdir. Bu qiymətlər pis deyil. Sovet dönəmində bir neçə rayonda tərəvəz əkilirdisə, indi əksər rayonlarda tərəvəz yetişdirilir. Nəticədə bazarda qiymət maya dəyərindən də aşağı düşür. Növbəti illər üçün tərəvəz və bostan məhsullarını saxlamaq üçün anbarlar inşa ediləcək. Onda qiymət bazarda sabit qalar».

Y.Hüsenov bazarlarda möhtəkirlərin olduğunu inkar etmir. Onun fikrincə, sahələrdə yemişin qalıb çürüməsi məhsulun bol olması ilə bağlıdır:

«Sahibkar da gözləməməlidir, məhsulu satmaq üçün yollar axtarmalıdır. Bu, müvəqqəti haldır».

Məhsulları bu nəqliyyatda daşıyırlar
«SU MƏHSULDAN BAHADIR»

Masallı şəhərində olan «Yaşıl» bazara da baş çəkdik. Bazarda ən yaxşı yerləri alverçilər ələ keçirdiblər. Bazara malını satmağa gətirmiş Xudaşükür Ağayev deyir ki, hər bir kəndli malını satmaqda sərbəstdir. Lakin bunun üçün münasib yer tapmaq çətindir. Buna görə də məhsulları torpaq üstə tökərək satırlar:

«Bizi ən çox narahat edən qiymətlərdir. Badımcan, pomidor, yemiş əkmişəm, yetişib. Ancaq alan yoxdur, su bu məhsullardan bahadır».

ALAN DA NARAZIDIR, SATAN DA

Bazarın sahibi ilə görüşmək cəhdimiz baş tutmadı. Bazarda satıcılar kimi alıcılar da narazıdır. Onlar da dolanışıqdan gileylənirlər. Masallı İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev isə bazarla bağlı heç bir problemin olmadığını söylədi. Onun dediyinə görə, Masallı bazarı kənd təsərrüfatında çalışanların üzünə həmişə açıqdır. Lakin bostan məhsulları ilə bağlı çətinliklərin olduğunu qeyd etdi:

«Yaşıl» bazara da baş çəkdik. Bazarda ən yaxşı yerləri alverçilər ələ keçirdiblər
«Masallı rayonunda 17 min hektarda əkin aparılıb. Bunun 7 min hektarı tərəvəz məhsullarının, 700 hektarı isə bostan bitkilərinin payına düşür. Tərəvəz və bostan məhsulları ölkənin bazarlarında satılır. Emal müəssisələrinə də məhsul verilir. Kartof Rusiyaya aparılır. Badımcan, bibər, pomidor məhsullarının da alıcıları var. Bostan bitkiləri haqqında bunu demək olmur. Növbəti illərdə emal müəssisələrinin sayı artırılacaq. Rayonda 2 min tonluq tərəvəz üçün soyuducu anbar inşa edilir. İlboyu məhsul verən istixana qurulur. Növbəti ildə bu problemlər həllini tapacaq».

Kənd təsərrüfatı mütəxəssisi Yusif Əliyev isə Azərbaycanın kənd təsərrüfatında planlı şəkildə iş aparılmadığını söyləyir:

«Ölkəmizin cənubunda əsasən tərəvəz məhsulları yetişdirilərdi. İndi eyni vaxtda rayonlarda bostan və tərəvəz məhsulları əkilir. Nəticədə daxili tələbatdan da çox məhsul yığılır və bazara çıxarılır. Qiymətlər həddindən artıq aşağı düşür. Bazarların monopoliyaya alınması da işin gedişinə mənfi təsir edir. Kəndliyə məhsulu bazara çıxartmağa sərf etmir. Yetişdirilən məhsul sahələrdə qalıb çürüyür. Kəndli müflis olur. Bunun qarşısını almaq üçün xarici bazar axtarılmalıdır, emal müəssisələri, soyuducu anbarlar tikilməlidir. Ya da kəndliyə dəymiş ziyan ödənilməlidir ki, növbəti ildə əkin keçirdə bilsin».

Mütəxəssislər düşünür ki, bu prosesdən nə kəndli, nə də müştərilər faydalana bilir. Kəndli alın tərini çıxara bilmir, qazanan müftəxorlar olur.
XS
SM
MD
LG