Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:32

Vaqif Səmədoğlu. Mənə vətən yolu dar gəlir yenə...


Mənə vətən yolu
dar gəlir yenə,
Üzümə bahar yox,
qar gəlir yenə...
Yenə qar üstündə iz qoyub getmək,
qar üstə yıxılıb, üz qoyub getmək.
Getmək, dağlar aşıb.
aranlar keçib
və bilmək, və bilmək, bilmək ki gecdir,
karvan çoxdan keçib,
köç çoxdan köçüb,
Sən bel bağladığın,
ümid sandığın
bulağın suyunu özgələr içib...
Bulaqlar qupquru,
səma dupduru,
bu yurda çox gördü Tanrı uğuru...
İndi hansı səmtə, haraya doğru
üz tutub gedəsən qar yağa-yağa?
Tale görə-görə, baxt baxa-baxa
üzümə bahar yox,
qar gəlir yenə,
mənə vətən yolu
dar gəlir yenə...

1993
XS
SM
MD
LG