Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:58

Ramiz Rövşən. Yavaş-yavaş sevdim səni


Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
XS
SM
MD
LG