Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:43

Naxçıvanda taxıl zəmiləri niyə biçilmir?


«Yanacağın qiyməti üç dəfə qaldırıldığından məcbur olub indi hektarı 100 manata biçirik»
«Yanacağın qiyməti üç dəfə qaldırıldığından məcbur olub indi hektarı 100 manata biçirik»
Naxçıvanda taxıl zəmilərinin biçilməsində problem yaranıb. AzadlıqRadiosuna müraciət edən fermerlərin deməsinə görə, buna səbəb son günlər Muxtar Respublikada yaranan yanacaq qıtlığıdır. Bu mövsüm yanacağın qiyməti bahalaşdığından texnika sahibləri zəmiləri biçməyə həvəs göstərmirlər.

HƏR HEKTARA 100 MANAT

Babək rayonundan olan fermer Zahir Əliyev deyir ki, taxıl zəmisini biçdirmək üçün bir neçə kombayn sürücüsünə müraciət etsə də, heç birindən müsbət cavab ala bilməyib:

«Min bir əzabla taxıl əkmişik, indi də biçdirə bilmirik. Hər il iyunun ortalarına kimi camaat öz zəmisini biçdirib qurtarırdı. Bu il fərqli vəziyyət yaranıb. Yanacaq qıtlığına görə kombayn tapa bilmirik ki, əkinimizi biçdirək. Kombayn tapanda da çox baha qiymət deyirlər. Hər hektara görə 100 manat pul istəyirlər. Halbuki, keçən il 30 manata idi. Biz onları da qınamırıq. Yanacaq tapılmır. Tapanda da bir litrin qiyməti 1 manata, manat yarıma olur. Kombayn sahibləri də məcbur olub baha qiymətə biçirlər. Naxçıvanda indi 38-40 dərəcə istilik var, taxıl quruyub yerə tökülür. Bir həftə də belə davam etsə, qoyduğumuz xərcin hamısı batacaq».

NAZİRLİKDƏ MƏLUMAT YOXDUR

Babək rayonundan olan kombayn sürücüsü Məhəmməd Həsənov da taxıl biçininin qiymətini qaldırmalarını Naxçıvanda yanacağın bahalaşması ilə izah etdi:

«Keçən il hektarı 30 manata biçirdik. Bu il yanacağın qiyməti üç dəfə qaldırıldığından məcbur olub indi hektarı 100 manata biçirik. Biz nə edə bilərik?»

Məhəmməd Talıblı
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri Elnur Bağırov isə AzadlıqRadiosuna bildirdi ki, qiymətin qalxması haqda onlarda məlumat yoxdur.

«ƏLAVƏ SUBSİDİYA LAZIMDIR»

İqtisadçı ekspert Məhəmməd Talıblı isə hesab edir ki, naxçıvanlı fermerlərin problemini həll etmək üçün əlavə subsidiyaya ehtiyac var:

«Naxçıvanda yanacağın bahalaşmasına səbəb yanacağın konkret olaraq Türkiyəyə qaçaq yolla keçirilməsi və burada satılması ilə bağlıdır. Bu da nəticə olaraq Naxçıvan camaatını çətin vəziyyətə salıb. Bunun fermerlərə də mənfi təsiri olur. Çıxış yolu kimi yerli hökumət fermerlərə büdcədən hektar başına əlavə subsidiya verməlidir. Bu yolla yerli fermerlərin problemini həll etmək olar».

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi AzadlıqRadiosuna Naxçıvanda yanacaq qıtlığının olmasını təkzib edib. Naxçıvana yanacaq daşıyan sürücülərsə Biləsuvar sərhəd məntəqəsindən buraxılmadıqlarını deyirdilər. İyulun 4-də həmin sürücülər bir daha Nazirlər Kabinetində qəbulda olublar, onlardan Bakıdan Naxçıvana yanacaq daşıyan sürücülərin və «Kamaz» maşınlarının siyahısı alınıb. Sürücülərin dediyinə görə, onlara problemin 1-2 günə həll olunacağı vəd edilib.
XS
SM
MD
LG