Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:46

İslam Partiyasının sədri məhkəmə qarşısına çıxarıldı


Mövsüm Səmədov
Mövsüm Səmədov
Hakim:
- Səmədov, qalxın.

- Bismillahirrəhmanirrəhim.

- Səmədov, cinayət işinin materialları ilə tanış olmusunuz?

- Bəli. Vəkilimdən xahiş edirəm ki, məhkəmə prosesi əsassız olduğuna görə, əsaslı dəlillər gətirilmədiyinə görə, bizim azadlığa buraxılmağımız, işə xitam verilməsi ilə əlaqədar vəsatət qaldırsın.

MƏHKƏMƏ SALONUNDA TƏKBİR SƏDALARI

İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİB) sədri Mövsüm Səmədovun və onunla birlikdə həbs olunan 6 nəfərin məhkəməsinə hazırlıq iclası məhkəmə salonunda əyləşmiş dindarların ucadan səsləndirilən təkbirləri ilə başladı.

Məhkəmə qarşısına çıxarılan Firdovsi Məmmədrzayev partiya sədrinin qaynı, Dəyanət Səmədov qardaşı oğlu, Vaqif Abdullayev sədr müavini, Rufulla Axundzadə partiyanın Astara rayon təşkilatının sədri, Fəramiz Abbasovla Zülfiqar Mikayılov partiya üzvləridirlər. Müttəhimlərdən 6 nəfər həbsdə, 1 nəfər - Zülfiqar Mikayılov ev dustağı olaraq zamindədir.

Məhkəməni izləməyə gələnlər bir neçə jurnalist, AİB üzvləri və təqsirləndirilənlərin qohumlarından ibarət idi.

Müttəhimlər kürsüsündə əyləşənlər terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah və onun hissələrini əldə edib saxlamaqda və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə təqsirləndirilirlər. Ancaq onlar özlərini təqsirli bilmirlər. Hakim Mövsüm Səmədovun anket məlumatlarını elan etdikdən sonra digər müttəhimlərə keçdi.

Hakim:

- Abdullayev Vaqif, qalxın.

Vaqif Abdullayev:

- Hal hazırda Azərbaycan İslam Partiyasının sədr müaviniyəm.

Hakim:

- Aydındır. Qeydiyyatdan keçməyən partiyanın.

Vaqif Abdullayev:

- Qeydiyyatdan keçməyən deyəndə ki, bu dəqiqə bizim sənədlər Ədliyyə Nazirliyindədir, tutulmağıma bir həftə qalmış da getmişəm...

Hicabla bağlı Təhsil Nazirliyi qarşısında etiraz aksiyası

«İSLAM PARTİYASI XALQIN QƏLBİNDƏ QEYDİYYATDADI»

Mövsüm Səmədov müdaxilə edir:

- Qeydə alınmasına ehtiyac yoxdur, Azərbaycan İslam Partiyası kökündən qeydiyyatdadır bu xalqın qəlbində.

Hakim:

- Səmədov, yerinizdən danışmayın, sakit olun.

Vaqif Abdullayev:

- Biz bir yerdəydik, yolda gedəndə maşını saxladılar ki, guya QAİ reyd keçirir, reyd adıyla apardılar bizi...

Hakim:

- Ayın neçəsi?

Vaqif Abdullayev:

- Yanvarın 7-də. Tutub apardılar ki, bizə qarşı müqavimət göstərmisiniz. Mən də demişəm ki, bizim heç bir təqsirimiz yoxdur, mənə inzibati qaydada 10 sutka verdilər. Cəzanı bitirməyə 1 saat qalmış gəldilər apardılar Nəsimi Məhkəməsinə. Mən də Hacı Mövsüm kimi tələb edirəm ki, bizim heç bir təqsirimiz olmadığına görə işimizə xitam versinlər.

Hakim:

- Abbasov Fəramiz, qalxın ayağa.

Fəramiz Abbasov:

- Mən yanvarın 24-də saat 12-də Masallının Qoradili qəsəbəsində yas məclisi aparırdım, polislər gəlib məni məclisdən çıxardıb qandallayıb gətirdilər. Mən heç bir cinayət etməmişəm, Mən o cinayətləri mənə oxuyanları cani bilirəm. Möhtərəm hakim, sizi demirəm.

PARTİYA SƏDRİ DƏMİR BARMAQLIQDAN ÇIXMAQ İSTƏMƏDİ

Rufulla Axundzadənin, Dəyanət Səmədovun, Firdovsi Məmmədrzayevin, Zülfüqar Mikayılovun da anket məlumatları elan olunduqdan sonra Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət qaldırdı ki, təqsirləndirilənlər dəmir barmaqlıqlardan kənarda oturdulsunlar. Ancaq Mövsüm Səmədov və daha bir neçə dustaq vəsatətə etiraz etdiyinə görə vəsatət təmin olunmadı.

Sonra vəkil ikinci vəsatətini elan etməyə başladı. O, dedi ki, Mövsüm Səmədov bu il yanvarın 2-də partiyanın mənzil-qərargahında keçirilən toplantıda hicab qadağası ilə bağlı çıxışına görə həbs olunub. Müdafiə etdiyi Səmədov barəsində açılan cinayət işində heç bir sübut yoxdur. Ancaq məhkəmə vəsatətə münasibət bildirə bilmədi. Çünki zamində olan Zülfüqar Mikayılovun dövlət təyinatlı vəkili Gülşən Salmanova iş materialları ilə tanış olmadığını bildirdi. Hakim vəkilin iş materialları ilə tanış olması üçün hazırlıq iclasını iyulun 14-dək təxirə saldı.

Bundan sonra məhkəmə salonunda olan dindarlar yenə də ucadan «Allahu-əkbər» və müxtəlif təkbirlər səsləndirməyə başladılar.

MÜTTƏHİMLƏR ÖZLƏRİNİ TƏQSİRSİZ BİLİR

Bu iş üzrə İbtidai İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İttihama görə, Mövsüm Səmədov İslam Partiyası adı altında rəsmi dövlət qeydiyyatı olmadan fəaliyyət göstərən quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi Mövsüm Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib, bu silahların terror məqsədilə istifadə üçün əldə olunduğu sübuta yetirilib.

Ancaq Mövsüm Səmədov və onunla birlikdə həbs olunanlar ibtidai istintaqa verdikləri ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar silahların yaşadıqları mənzilə kənardan atıldığını bildiriblər.
XS
SM
MD
LG