Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Bakı «Freedom House»un mövqeyini əsassız sayır


Əli Həsənov
Əli Həsənov
««Freedom House» təşkilatının rəhbəri Devid Kramer bununla neçənci dəfədir ki, açıqlamalar verir. Buna da münasibət bildirmişik ki, «Freedom House» və onun rəhbəri bəlli metodologiya ilə işləyir. Onların metodologiyası obyektiv reallıqla üst-üstə düşmür. Onun budəfəki çağırışında görünür ki, biz bu fikirdə tamamilə haqlıyıq».

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Trend»ə açıqlamasında belə deyib.

İyulun 26-da ABŞ Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsində «Şərqi Avropa: Demokratiya və azadlıqların vəziyyəti» adlı dinləmələr keçirilib. Orada Devid Kramer (David Kramer), ABŞ Dövlət katibinin müavini Tomas Melia (Thomas Melia) Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını deyiblər.

Əli Həsənova görə, Devid Kramer subyektiv mülahizələrə söykənir:

«Xüsusən Azərbaycan, Rusiya, Belarusu az qala Qərb üçün böyük bir təhlükə kimi dəyərləndirir və bunlara qarşı tədbir görülməsinin vacibliyini öz xarakterinə uyğun açıqlayır. Əlbəttə, buna biz öz münasibətimizi bildirmişik. Bu təşkilat və onun rəhbəri mütəmadi olaraq informasiyalarında subyektiv mülahizələrə yol verir».

Əli Həsənov deyir ki, əsas məsələ Azərbaycan dövləti və dövlətçiliyinin taleyi, Azərbaycan xalqının maraqları və istəyidir:

«Siyasətimiz də Qərb ölkələrinin maraqları, Qərbə hansısa «çağırışlar» üzərində deyil, dövlətimizin, dövlətçiliyimizin taleyi, maraqları, xalqın istəyi və mənafeləri üzərində qurulub. Ona görə də bu tipli dəyərləndirmələrin obyektiv reallıqlarla heç bir əsası yoxdur. Ən acınacaqlısı odur ki, Ermənistan kimi biabırçı idarəçilik sistemi olan dövlətin az qala demokratiyasını özü üçün, digər dövlətlər üçün nümunə kimi göstərir. Hamıya bəllidir ki, bir neçə il əvvəl Ermənistanda hakimiyyətə opponentlik edən siyasətçilərin böyük qrupunu parlamentə doldurub güllələdilər, prezident və onun komandasını məcburi istefaya yolladılar. Sarkisyan hakimiyyətinə etiraz səsini qaldırmaq istəyən 10-dan artıq adamı güllələdilər. Bu göstərir ki, Devid Kramer və onun təşkilatı tam subyektiv mülahizələrə və məqsədyönlü maraqlara xidmət edir».

Əli Həsənov ABŞ Dövlət katibinin müavini Tomas Melianın da mövqeyinə toxunub:

«Onunla Bakıda müzakirə apardıq. Fikir ayrılığı oldu. Amma bütövlükdə onun qaldırdığı arqumentlərin obyektiv reallığa cavab vermədiyini Melianın diqqətinə çatdırdım».
XS
SM
MD
LG