Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Orta Asiyanın ən nüfuzlu 10 qadını



Azad Avropa və Azadlıq Radiolarının İnternet saytı özünün “Orta Asiyanın ən nüfuzlu 10 qadını” siyahısını dərc edib.

Siyahıdakıların yarısı prezident qızlarıdır. Onlar cəmiyyətdə nüfuza prezident atalarının yaratdığı şərait hesabına nail olublar.

Amma siyahıda özünə savadı, bacarığı ilə yol açanlar da var.

Qırğızıstan prezidenti Roza Otunbayeva:
Roza Otunbayeva




Roza Otunbayeva 2010-cu il inqilabından sonra Otunbayeva keçid hökumətində prezident vəzifəsinə sahib oldu. Sonrakı aylar Qırğızıstan üçün əsl sınaq dövrü oldu. Devrilmiş prezident Bakiyevin tərəfdarlarının güclü olduğu cənub bölgəsində etnik toqquşmalar baş verdi. Amma vəziyyəti stabilləşdirmək mümkün oldu, daha sonra Konstitusiya dəyişiklikləri ilə bağlı mühüm referendum keçirildi və Otunbayeva ölkə prezidenti oldu.

O, Orta Asiyada ilk və yeganə qadın prezidentdir. Otunbayeva Moskvada təhsil alıb. O 2005-ci ildə prezident Akayevin devrilməsi ilə nəticələnən inqilabda da mühüm fiqur olub, bundan sonra xarici işlər naziri vəzifəsi alıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ikinci qızı
Dinara Kulibayeva:
Dinara Kulibayeva
Dinara Kulibayeva Orta Asiyada yeganə qadındır ki, adı “Forbs” jurnalının milyarderlər siyahısında yer alıb. Onun var-dövləti 1,3 milyard dollardır. Amma Kulibayevanın biznesi haqqında çox az məlumat var.

Əvəzində onun əri Timur Kulibayev haqda çox şey məlumdur. Ölkənin nəhəng “Samruk-Kazina” holdinqinə rəhbərlik edən Kulibayevin həm də prezident Nazarbayevin varisi olacağı güman edilir.

Özbəkistsan Senatının Hüquq və Məhkəmə məsələləri üzrə komitəsinin rəhbəri Svetlana Ortikova:
Svetlana Ortikova çox az dövlət rəsmilərindən biridir ki, qapalı ölkə olan Özbəkistandan xarici mediaya müsahibə verir. O əvvəllər prokuror, Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi çalışıb. Ortikova ölkədə böyük nüfuza malik olan və “siloviki” adlanan, yəni güc strukturlarını əhatə edən qrupa daxildir.

Türkmənistan parlamentinin sədri Akja Nurberdiyeva:
Akja Nurberdiyeva
Akja Nurberdiyeva 2007-ci ildən Türkmənistan parlamentinin sədridir. Vəzifəyə gələndən sonra o, bu qapalı ölkənin beynəlxalq aləmlə daha sıx ünsiyyətinə çalışıb. Türkmən deputatların Avropaya səfərlərini təşkil edib.

Nurberdiyeva sovet vaxtı komsomolda işləyib, daha sonra müxtəlif dövlət vəzifələrində çalışıb. Tanıyanlar deyir ki, Nurberdıyeva Türkmənistanda islhatalar aparılmasının vacibliyini anlayan, amma rejimə olan loyallığına görə bu istiqamətdə çox təşəbbüs gəstərməyən azsaylı məmurlardandır.

Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tilyayeva:
Lola Kərimova
Lola Kərimova-Tilyayeva böyük biznes strukturuna nəzarət edir. Bu sırada Abu Sahiy Nur bazarını da misal çəkmək olar. Bazarın gündəlik dövriyyəsi 250 min dollardır. Hazırda o Özbəkistanın UNESCO-dakı səfiridir. Onun böyük bacısı Gülnarəyə nisbətən atası İslam Kərimovla daha isti münasibətləri olduğu deyilir.

Gövhər, yaxud “Qoqa” Aşkenazi:
Qoga Aşkenazi
Gövhər Aşkenazi Oxford təhsillidir. Qazaxıstanın “Munay” özəl neft və qaz şirkətinin rəhbəridir. Özü deyir ki, bu məqama gərgin işi sayəsində çatıb. Amma onun Qazaxıstan prezidenti Nazarbayevin kürəkəni, nüfuzlu biznesmen Timur Kulibayevlə əlaqələrinin olduğu da deyilir. Aşkenazinin Britaniya şahzadəsi Endryu ilə də dostluğu var.

Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova:
Gülnarə Kərimova
Gülnarə Kərimova da bizneslə məşğuldur. Əsas fəaliyyət sahələri zərgərlik, moda və musiqidir. Gülnarə indi Özbəkistanın İspaniyadakı səfiri olmaqla yanaşı həm də ölkənin BMT-dəki nümayəndəsidir.

Əvvəllər onun adı atasının mümkün varisi kimi çəkilirdi. Bundan başqa onun İsveçrədə yerləşən “Zeromax” şirkəti ilə əlaqələri haqda da danışılırdı. Həmin şirkət Özbəkistanda enerji, kənd təsərrüfatı və tikinti sahələrinə sərmayələr yatırırdı. Amma bir müddət sonra şirkətin Özbəkistandakı bank hesablarına həbs qoyuldu. Amma Gülnarə Kərimova həmin şirkətlə əlaqəsi olduğunu təsdiq etməyib.

Tacikistan prezidentinin qızı Təhminə Rahmonova:
Təhminə Rahmonova (solda)
Təhminə Rahmonovanın biznesinə, məlimatlara görə, ticarət mərkəzləri, restoranlar, tikinti şirkətləri daxildir. Amma o, Özbəkistan prezidentinin qızlarından fərqli olaraq çox gözə girməyə çalışmır, heç zaman müsahibə vermir, internet saytı yoxdur, hansısa xeyriyyə tədbirlərinə qatılmır.

Deyilənə görə ölkədəki biznesmenlər onun əlindən bezardır. Çünki deyilənə görə, xoşuna gələn torpaq sahəsi, yaxud uğurlu biznes strukturlarına gözü düşür.

Hüquq müdafiəçisi Mutabar Tojiboeva:
Mutabar Tajibaeva
Mutabar Tojiboeva Özbəkistanda hüquq müdafiəçisidir. Hakimiyyəti tənqid edir. Həbs edilsə də, onu susdurmaq mümkün olmayıb. Bir sıra beynəlxalq mükafatlara, o cümlədən Hüquq Müdafiəçiləri üçün Martin Ennals mükafatına layiq görülüb.

Bir müddət qabaq açıqlanan “WikiLeaks” sənədlərinə görə, hətta Özbəkistan prezidenti Kərimov da onun fəaliyyətindən narazılığını dilə gətirib. Onun gələcəkdə siyasi fiqura çevrilə bilıəcəyindən ehtiyat edir.

Tacikistan prezidentinin qızı Azadə Rahmonova:
Azadə Rahmonova
Azadə Rahmonova xarici işlər nazirinin müavinidir. Georgetown Universitetində təhsil alıb. Amma onun nazir müavinindən daha çox nüfuza malik olduğu deyilir - əlbəttə atasına görə. Azadə - prezident Rəhmonovun dövlət vəzifəsi tutan yeganə övladırır.
XS
SM
MD
LG