Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:32

2 aprel məhkəməsində təzadlı şahid ifadələri


Arxiv foto
Arxiv foto

25 DƏQİQƏYƏ 850 MANAT ZİYAN...

234 saylı marşrut üzrə işləyən avtobusların mənsub olduğu şirkətin rəhbərini təmsil edən sürücü Həbib Nəbiyev ifadəsində bildirib ki, aprelin 2-də Hökumət evinin yanında 25 dəqiqəlik tıxacda qaldıqları üçün plan verə bilməyiblər və ümumilikdə 850 manat ziyana düşüblər. Onun deməsinə görə, həmin gün xəttə çıxan 18 avtobus sürücüsündən hər biri gündəlik 75-80 manatlıq planın yalnız 50 manatını ödəyə bilib.

BİZ TIXACDA HEÇ BİR MÜXALİFƏTÇİ GÖRMƏDİK

Həbib Nəbiyev qeyd elədi ki, tıxacda qalanda yolda heç bir mitinqçi görməyib. Dediyinə görə, gördüyü yalnız avtomobil tıxacı olub və sonra da eşidib ki, tıxac mitinqlə bağlıdır. Həbib Nəbiyev tıxacda qalıb ziyana düşdüyü üçün Səbael polisinə müraciət etdiyini bildirdi.

Vəkillərin və təqsirləndirilən şəxslərin çoxsaylı suallarına şahid dolaşıq cavablar verdi. O hətta şikayət ərizəsini nə vaxt yazdığını belə xatırlaya bilmədi. Təqsirləndirilənlərdən AXCP sədrinin müşaviri Sahib Kərimov şahiddən mitinqə görə ziyana düşdüyünü haradan öyrəndiyini soruşdu. Şahid Həbib Nəbiyev bildirdi ki, ona deyilib ki, həmin gün mitinq olub. Sahib Kərimov onun ifadəsi əsasında 6 nəfərin hazırda həbsdə olduğunu bildirəndə şahid Həbib Nəbiyev cavab verdi ki, o heç kimdən pul istəmir, pulu şirkətin rəhbəri Şahnisə xanım istəyir.

«SİZİN ÖZÜNÜZÜ MƏHKƏMƏYƏ VERMƏK LAZIMDIR»

Vəkil Yavər Hüseynli isə gündəlik 75-80 manat plan verən sürücülərin 25 dəqiqəyə bu qədər itki hesablamasının məntiqli olmadığını bildirdi.

Vəkil bildirdi ki, əgər 25 dəqiqəyə görə, 18 avtobus üzrə 850 manat ziyan hesablanıbsa bu o deməkdir ki, gündə 12-13 saat işləyən sürücülər günə 40 min manat plan verirlər. Bu səbəbdən də vəkil qeyd elədi ki, sürücüləri məhkəmədə şahidlik edən nəqliyyat şirkəti özü məhkəməyə verilməlidir ki, onlar bu qədər vəsaitdən nə qədər vergi verirlər.

Prosesdə ifadə verən şahid Esmira Məmmədova isə mitinq günü uşaqları ilə birgə Fəvvarələr Meydanında rəfiqəsi ilə görüşüb «McDonalds»a getməli imiş. Amma bu zaman qaçan aksiyaçıların ona dəydiyini və yıxılıb qolunun zədələndiyini bildirdi. Mitinqdən bir gün sonra isə Səbael polisinə müraciət etdiyini dedi.

Vəkil Yavər Hüseynli ərazidə çoxsaylı polis ola-ola onun bir gün sonra polisə müraciət etməsinin səbəbini soruşanda isə Esmira Məmmədova bu suala konkret cavab verə bilmədi. O yıxılıb xəsarət aldığını desə də ekspertizadan keçmədiyini bildirdi.

Vəkil Yavər Hüseynli həmin şahidin ifadəsindən sonra bildirdi ki, bu adamlar hamısı polisin ştatdankənar şahidləridir.
2 aprel aksiyası

MƏHKƏMƏYƏ BİR ZƏNBİL LOTOREYA İLƏ GƏLƏN ŞAHİD

Məhkəməyə bir zənbil lotoreya bileti ilə gələn şahid, Şəki rayon sakini Kamran Əliyev vəkillərin, təqsirləndirilənlərin bir neçə sualına cavab olaraq dedi ki, o «Sahil» metrosunun yaxınlığında lotoreya bileti satanda 20 nəfərin «İstefa», «Azadlıq» qışqıraraq keçdiyini görüb.

Amma onların hansısa mağazanın şüşəsini sındırdığını, avtobusa hücum etdiyini görmədiyini dedi və «mən bir də bura gəlməyəcəm» deyib zalı tərk etmək istəsə də vəkillər hələ suallarının olduğunu deyib, onu geri qaytardılar. Şahidin dediyindən o da bəlli oldu ki, ifadəni ona müstəntiq yazıb, o da sənədin altından imza atıb.

PREZİDENT GEDƏNDƏ VƏ BAŞQA VAXTLAR DA SAATLARLA TIXACLARDA QALIRIQ

234 saylı marşrutda konduktor işləyən şahid Bəhruz Əliyev də tıxaca görə ziyana düşsələr də o həmin gün yolu müxalifətçilərin kəsdiyini görmədiyini dedi. Onun dediyinə görə, prezident harasa gedəndə və elə çox hallarda saatlarla tıxacda qalırlar.

Təqsirləndirilən Sahib Kərimov soruşdu ki, «onda dəyən ziyanı kimdən tələb edirsiz?»

Amma şahid bu suala cavab verə bilmədi və zalı tərk etdi.

HAKİMƏ BAXIB GÜLƏN ŞAHİD

Şahid Hilal Qurbanovun məhkəmə zalına girməsi gülüşlə qarşılandı. Hakim ondan ifadə verilməsini istəyən zaman o hakimə baxaraq gülməyə başladı. Hakimin «mənə baxıb niyə gülürsən?» sualına isə cavab verdi ki, onun elə duruşu belədir. Şahid bildirdi ki, o zalda əyləşən 6 təqsirləndirilən şəxslərdən birini- Babək Həsənovu mitinq günü görüb. Amma onun hansısa qanunsuz hərəkət etdiyini şahidi olmayıb.

Babək Həsənov həmin şahidin polis tərəfindən öyrədildiyini dedi. Bildirdi ki, həmin şəxslə üzləşmədən iki saat qabaq onun şəkli çəkilib həmin şəxsə göstərilib və o da deyib ki, mən Babək Həsənovu tanıyıram.

Vəkillərdən biri şahidə müraciət edərək bildirdi ki, «necə olur ibtidai istintaqa verdiyin ifadədə «muncuq» kimi səliqə ilə yazılıb, amma indi məhkəmədə bir cümlə qurub danışa bilmirsiniz?»

«DEDİKLƏRİMİ MÜSTƏNTİQ YAZIB»

Vəkilin sualına cavab olaraq şahid bildirdi ki, o oxuyub yaza bilmədiyi üçün dediklərini müstəntiq yazıb.

Təqsirləndirilən Sahib Kərimov isə belə adamları tapıb üzə çıxardığına görə istintaq aparanlara təşəkkür etdi:

«Bir daha görünür ki, bizim həbsimiz siyasi sifarişdir və hakimiyyət bizə mesaj verir ki, şahidlər nə dedi demədi sizi həbsdə saxlayacaq»-deyə bildirdi.

«MƏN BELƏ İFADƏ VERMƏMİŞƏM, O YAZILANDAN XƏBƏRİM YOXDUR»

Məhkəmədə ən çox sorğu- suala tutulan, ən çox dolaşıq fikirlər səsləndirən şahid Azad Ağayev oldu. Onun dediyindən məlum oldu ki, mitinq günü metronun «Əzizbəyov» stansiyası yaxınlığında polislər onu saxlayıb. Ondan mitinqdə niyə iştirak etdiyini soruşublar. Daha sonra o bu işdə şahid qismində dindirilib.

Şahid Azad Ağayev təqsirləndirilənlərin heç birini tanımadığını bildirsə də, vəkillərin dediyindən aydın oldu ki, o ilkin ifadəsində bir qrup müxalifətçinin avtobusu aşırmaq istədiklərini və bu adamlara Sahib Kərimovun göstəriş verdiyini yazıb. Amma şahid heç vaxt belə ifadə vermədiyini, yazılanların ona aid olmadığını bildirdi.

2 aprel aksiyası
«HƏRDƏN QƏMKEŞLİK EDİRƏM»

Təqsirləndirilənlərdən birinin şahidlə sorğu- sualından aydın oldu ki, şahid Azad Ağayev 1993-cü ildə Cinayət Məcəlləsinin 226-cı maddəsi- narkotika ittihamı ilə həbsdə olub. Amma o bunun qəbahətli iş olmadığını və artıq islah olunduğunu bildirdi.

İstifadə etdiyi narkotik maddənin marixuana olduğunu və bundan istifadənin də qəbahətli olmadığını dedi: «Marixuana təbii bir otdur, burda nə var ki, hərdən qəmkeşlik edirəm»-deyə cavab verdi.

O, ifadəsində limon satanın limonlarının müxalifətçilər tərəfindən dağıdılması ilə bağlı ilkin ifadəsinin ona məxsus olmadığını bildirdi. Şahidin ilkin ifadəsində müxalifətçilər tərəfindən aşırılmağa cəhd edildiyi bildirilən avtobusun markası, dövlət nömrə nişanı qeyd olunsa da şahid Azad Ağayev bundan xəbərsiz olduğunu bildirdi.

14 saylı marşrutda sürücü olan bir nəfər isə həmin gün 10 manat ziyana düşdüyü üçün polisə müraciət etdiyini bildirdi.

Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar EyvazovElşən Həsənov ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə təqsirləndirilirlər.

2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hakim ittihamları haqlı saysa, onlar bir neçə illiyə azadlıqdan mhərum edilə bilərlər.
XS
SM
MD
LG