Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

"The Washington Post"un müxbiri Xankəndində nə gördü?


Şuşa
Şuşa
"The Washinton Post" qəzetinin müxbiri Will Englund Xankəndində olub.

Englund məqaləsində yazır ki, SSRİ dağılanda ilk müharibə Dağlıq Qarabağda oldu, SSRİ-nin dağılmasından 20 il keçəndən sonra bu ərazidə yeni müharibə məhz Dağlıq Qarabağda başlaya bilər.

MÜNAQİŞƏNİN ZİYANI

Englund yazır ki, nə qədər ki, Dağlıq Qarabağa görə mübahisə var, Azərbaycanda, Ermənistanda və Dağlıq Qarabağ regionunun özündə demokratiya, insan haqları, azad media ikinci dərəcəli məsələlərə çevrilib. Qarabağa görə böhranlı vəziyyət bu 20 ildə yaxşılaşamayıb.

Dağlıq Qarabağda vaxtilə xarici işlərə baxan, prezidentliyə namizəd olan Masis Mailyan deyir ki, “demokratiyanın inkişafı münaqişənin girovuna çevrilib”.

MÜHARİBƏNİN DAĞINTI OLACAĞINI HAMI BAŞA DÜŞÜR

Hamı narahatdır ki, müharibə olsa, böyük dağıntı olacaq. Hər iki tərəf 1991-ci illə müqayisədə daha yaxşı silahlanıb.

Müharibə olsa, İranın, Rusiyanın, Türkiyənin bu müharibədən qıraqda qalması çox çətin olacaq.

ABŞ-ın Əfqanıstana böyük təchizat yolu da sıradan çıxacaq.

Qarabağ danışıqlarında iştirak edən amerikalı diplomat, ATƏT-in Minsk qrupunun həmsədri Robert Bradtke deyir: “Bizim arzumuz odur ki, müharibə olmasın, ancaq münaqişə tərəflərinin buna siyasi iradəsi varmı?”

Müxbir yazır ki, hələlik belə iradə yoxdur.
Azərbaycan deyir ki, heç vaxt öz ərazisini verməyəcək. Dağlıq Qarabağ erməniləri isə öz müəqddəratlarını həll etmə haqqını verməyəcəklərini deyirlər.

1990-cı illərdə Dağlıq Qarabağın ABŞ-da qeyri-rəsmi də olsa təmsilçisi olan , indi isə Yerevanda tədqiqat mərkəzinə başçılıq edən Tevan Poqosyan hesab edir ki, müharibə qaçılmazdır – daha bir döyüşlər mərhələsi olmalıdır.

Şuşa
DİASPORA NƏYƏ PUL VERMİR?

Englund yazır ki, xaricdəki erməni diasporası Dağlıq Qarabağdakı məktəbləri maliyyələşdirir, burda banklar və hotellər saxlayır.

Dünya üzrə telemarafon keçirilir. Burda Dağlıq Qarabağa pul yığılır.

Monrealda yaşayan vəkil Haytoug Chamlian hər il Şuşaya gəlir. O burda yay düşərgəsini maliyyələşdirir.

Chamlian deyir ki, böyük dövlətlərin təklif etdiyi yolla sülh mümkün deyil.
“Bu heç vaxt olmaycaq. Bu ağlasığmazdır”.

Washington Postun müxbiri Englund yazır ki, Dağlıq Qarabağda yeniyetmələr heç vaxt azərbaycanlılarla birlikdə yaşamayıblar.

Onlardan bir neçəsi son illərdə xüsusi proqramla Gürcüstanda azərbaycanlı həmyaşıdları ilə görüşəndə, birlikdə olanda mat qalıblarlar ki, onların öz azərbaycanlı həmyaşıdları ilə nə qədər çox oxşar cəhətləri var.

Proqramın Dağlıq Qarabağdakı rəhbəri David Melkumyan deyir ki, bu, yeniyetmələr üçün əsil şok oldu.

Ancaq Melkumyan onu da deyir ki, bu proqrama “bir dənə də olsun donor tapmaq mümkün deyil. Heç kim bizimlə işləmək istəmir”.

YAŞLILAR SSRİ DÖVRÜNÜ XATIRLAYIRLAR

Englund yazır ki, müxtəlif dövrləri görmüş yaşlılar üçün vəziyyət daha mürəkkəbdir.

1990-cı illərdəki müharibədə partizanlıq edən Aşot Harutyunyan deyir ki, indi fermada işləyir, günəmuzd təxminən 8 dollar məbləğində pul alır, bu isə dolanmağa çatmır.

Harutyunyan deyir: “Biz sadə adamlarıq. Müharibə olsa, biz kasıblar vuruşacağıq. Varlılar qaçıb gedəcək”.

1987-ci ilə, münaqişədən qabaqki ilə nəzər salan Harutyunyan deyir ki, “ o vaxt hamının işi vardı. dolanmağa pul çatırdı. Əlbəttə ki, o vaxt indikindən yaxşı idi”.

Harutyunyan onu da deyir ki, o vaxt Sovet İttifaqı dövründə Moskva nəzarəti əlində saxlayırdı, münaqişələrin alovlanmasına yol vermirdi.

QARABAĞ VƏ YEREVANDAKI SİYASƏT
Erməni qüvvələri təlim keçirirlər

Englund yazır ki, Dağlıq Qarabağ büdcəsinin 15 faizindən 20 faizinə kimi hissəsini Ermənistan verir.

Vaxtilə ABŞ Senatında işləmiş, indi isə Yerevanda Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Richard Giragosyan deyir ki, Dağlıq Qarabağ Ermənistan siyasətinin “üçüncü relsidir”.

Qarabağdan kifayət qədər odlu-alovlu danışmayan siyasətçinin karyerası bağlanır.
Qarabağdan olanlar Ermənistan siyasətini zəbt ediblər. Sonuncu iki Ermənistan prezidenti Dağlıq Qarabağdandır. Onların prezidentliyi dövründə korrupsiya çiçəklənib. Ermənistanda sonuncu seçkilər ciddi saxtlaşdırılıb.

Xankəndində yerli rəsmilər amerikalı müxbirə deyiblər ki, Azərbaycanın mümkün hücumunun qabağını almağa kifayət qədər hərbi gücləri var. Onların sözlərinə görə, sülhü qorumaqda bu hərbi güc daha yaxşıdır, nəinki münaqişənin həllinə doğru güzəştlərə getmək.

Ancaq Englund yazır ki, onların dediyi bu sülhdə tərəflər arasında kommunikasiya yoxdur. Atəşkəs xəttinin bir tərəfindəki məntəqdən qarşı tərəfə cəmi 30 metr məsafə var, bu xətt boyu həmişə insan tələfatı olur.

NİYƏ MÜHARİBƏ MÜMKÜNDÜR?

Giragosyan deyir ki, bəzi ermənilər arasında belə şübhələr də artmaqdadır ki, hərbi həll bəlkə də mümkündür. O mənada ki, tərəflər üçün bu imkan tükənməlidir ki, yerdə təkcə sülh qalsın.

“Yeni müharibə ola bilər. Bu imkan da tükənməlidir. Bu, dəhşətdir”.

Ermənistanın xarici işlər naziri Nalbandyan isə əmindir ki, müharibə ideyası çox təhlükəlidir. “Bu həll gətirməyəcək, ancaq böyük dağıntı olacaq”.

Kəndlilər, onların uşaqları isə minalardan ölməkdədir. Neçə ildir ki, Halo Trust adlı qeyri-hökumət təşkilatı bu minaları təmizləməklə məşğuldur. Təşkilat bildirir ki, daha çox iş görmək lazımdır.

Təşkilatın proqram meneceri Nick Smartın sözlərinə görə, taxılın qiyməti artanda kəndlilər arasında ölüm də artır. Çünki onlar daha çox taxıl əkmək istəyirlər və əvvəl əkdikləri yerlərdən qırağa çıxırlar. 1995-ci ildən bəri 300 dən çox adam ölüb.

Mina təmizləmə işinə pulun böyük hissəsi ABŞ hökumətindən gəlir. 2012-ci ildə Amerika buna 1 milyon dollar verəcək.

Dağlıq Qarabağ rəhbərliyi bu işə pul ayırmır, çünki başqa prioritetləri var. Bunu Dağlıq Qarabağın xarici işlər naziri Georgi Petrosyan bildirir.

Nick Smart deyir ki, torpağa minaların çoxunu erməni qüvvələri düzüb. Ancaq minalanmış yerlərin xəritəsini düzəltməyə kömək istəyəndə erməni zabitləri ilə ünsiyyət çox çətin olur.

Smart deyir ki, heç kim minadan təmizləməyə pul xərcləmək istəmir. Sanki bütün region yenidən müharibəyə qayıtmaq üzrədir.
XS
SM
MD
LG