Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:09

İynə ilə «çəkən» rəssam



MİNİATÜR TİKMƏLƏR

20 ildir ki, tikmə ustası Mehriban Əliyeva-Xəlilzadənin əlindən iynə yerə düşmür. İynə onun fırçası, saplar isə boyasıdır. Tikmə ustasının əsərlərinə uzaqdan baxanda elə bilirsən ki, fırça ilə çəkilmiş miniatürlərdir, amma elə ki, yaxınlaşıb diqqətlə baxırsan, çərçivə içərisindəki əsərlərin əlvan saplardan düzəldildiyini görürsən:

«Tikməni o zamanlar yalnız balış üzü, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Anam isə ilk dəfə bunu çərçivələrə alıb və miniatür işləmələrə başlayıb».

Mehriban Əliyeva-Xəlilzadənin ali təhsili yoxdur, o, tikmə sənətini anasından öyrənib. Ustanın təkcə əsərlərində deyil, əllərində də iynənin izlərini görmək olur:

«Sapla işləməyi sevirəm. Amma muncuqla da işlərim var. Sap daha effektlidir. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlb edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da olur, pambıq qarışıq ipək saplar da. Atlas parça üzərində «xovlu» tikməni işləyirəm, yun parça üzərində isə «təkəlduz» tikmə».

«TİKMƏLƏRİN İZİ İLƏ»

Mehriban Əliyeva-Xəlilzadənin əl işləri hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində «Tikmələrin izi ilə» adlı sərgidə nümayiş olunur. Sərgidə onun qədim muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı əsərləri nümayiş olunur:

Mehriban Əliyeva -Xəlilzadə
«Xovlu tikmə tərs üzdən işlənilir. Tərs üzdən çəkilir və tərs üzdən də tikilir. Təkəlduz isə düz üzdən işlənilir, saxnaq dediyimiz alətdə - bir-birinə keçirilən taxta dairələrdə işlənilir, qarmağa bənzər iynə ilə tikilir. Xovlu tikmənin iynəsi də fərqlidir, sapı da».

8-ci sinifdən bəri tikə-tikə qədim sənətə öz «ilkləri»ni də gətirdiyini deyir. Məsələn, əlinizi parçanın üzərində gəzdirsəniz, «mərtəbə»ləri hiss edəcəksiniz, Mehriban Əliyeva-Xəlilzadə bu növü «relyefli tikmə» adlandırır:

«Bu əsərlər isə ilk dəfə qrafikanın tikməyə tətbiqidir. Heç bir ölkənin tikməsində yoxdur. Biz başqa ölkələrin də tikmələrini araşdırmışıq».

«GECƏ İŞLƏYİRƏM»

Sərgilənən tikmələr müəllifin 20 il ərzində yaratdıqlarındandır. Emalatxanası olmayan usta öz əsərlərini «sellafon»lara bükməklə xarab olmaqdan qoruyur:

Mehriban Əliyeva-Xəlilzadənin əsəri
«2 otaqlı evin içində həm işi saxla, materialı saxla, sap saxla, parça saxla... Oturmağa bir az yerimiz qalır. Bir evin içində çətindir. İşə gedəndə bilirsən ki, artıq işdəsən. Amma məndə zaman da qarışıq olur. Ən çox gecələr işləyirəm. Gecə daha çox özümə aiddir, ona görə gecə işləyirəm».

ÖZ SUVENİRLƏRİMİZ OLSUN

Mehriban Əliyeva-Xəlilzadə deyir ki, bu əsərlərinin satışının təşkil edilməsi problem olaraq qalır:

«Xaricdən gələn turistlərə elə xaricdən gətirilmiş malı göstərməkdənsə, satmaqdansa, öz suvenirlərimizi, tikmələrimizi və ya başqa xalq tətbiqi sənət sahələrini təqdim etmək lazımdır. Bu, problemli sahədir».

Tikmə ustasının sərgisində hazırda həndəsi və nəbati naxışlardan ibarət «Tanrı gözəldir», «Müqəddəs Kəbə», «Nizami Gəncəvi», «Heydər Əliyev», «Hekayə», «Əfsanə», «Muğam üçlüyü», «Xosrov və Şirin», «Sülh quşu», «Gecə-gündüz» və digər əsərləri nümayiş olunur.


XS
SM
MD
LG