Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:14

Leyla Yunus: “Bu, bir qisas əməliyyatı idi”


Leyla Yunus
Leyla Yunus
Avqustun 11-də Bakıda ofisi sökülən vaxt Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Norveçdə idi. Səfəri başa çatsa da, o, Norveçdə qalaraq Bakıda ofisinin sökülməsi haqda Norveçin hökumət strukturlarını, QHT-lərini məlumatlandırmaqdadır.

Ofisi söküləndən bəri Azərbaycana yayımlanan KİV-ə ilk müsahibəsini verən Leyla Yunus Oslodan telefonla AzadliqRadiosuna deyib ki, özünə qarşı belə bir hərəkəti gözləmirdi.


- Onlar axşam saat 8-də gəliblər, elə biliblər ki, ofisdə heç kim yoxdu. Amma bizim əməkdaşımız Azad İsazadə orda olub...

- Bəs əvvəllər sizə ofisi tərk etmək haqda xəbərdarlıq edilibmi? Deyilibmi ki, ofisdən çıxmasanız, gəlib dağıdacağıq?

- Bizə nəinki deməyiblər ki, çıxın, ofis sökülə bilər, heç təklif də etməyiblər ki, ofisi sataq. Biz ümumiyyətlə, heç bir təklif almamışıq.

- Necə hesab edirsiniz, qəfildən belə bir hadisənin baş verməsi nəylə bağlı ola bilər?

- Mən bir şeyi dəqiq bilirəm. Orada ofisin sökülməsi əməliyyatına 2 nəfər rəhbərlik edib. Onlardan biri Dövlət Əmlak Komitəsinin işçisi Yusif Qəmbərov, digəri isə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov olub. Və onlar deyiblər ki, bu, prezidentin sərəncamıdır.

Amma bunun yalan, yoxsa, doğru olduğunu deyə bilmərəm. Mənim anladığım budur ki, əgər bunlar gecə vaxtı xəlvətcə gəlib sanki Bakı sakininin evini yox, Ermənistanin hansısa postunu alırlarmış kimi hərəkət edirlərsə, yarım saat içində ofisi dağıdıb içindəki avadanlığı, kitabxananı, arxivi məhv edirlərsə, bu bir qisas əməliyyatıdır. Sanki demək istəyirlər ki, Leyla, səsini kəs.
Hamıya da görk olsun. Qoy, insanlar düşünsün ki, bir halda ki, Leylanın evini ATƏT-in nümayəndəliyinin, Avropa səfirlərinin gözü qarşısında uçururlar, o da öz əmlakını müdafiə edə bilmirsə, onda biz ümumiyyətlə heç nə edə bilmərik.

Ona görə qisas deyirəm ki, bu ilin fevralından bəri mən prezidentin adına 8 məktub göndərmişəm. Həmin məktubların surətini daxili işlər nazirinə, baş prokurora, Bakı Şəhər İcra Hakimiyyətinə də yollamışam. Həmin məktubun surətini kütləvi informasiya vasitələrinə göndərmişik.

Orada deyilir ki, Azərbaycan prezidenti korrupsiyaya qarşı mübarizə elan edib. Biz bu kampaniyanı dəstəkləyirik. Vətəndaşları da çağırırıq ki, üzləşdikləri korrupsiya halları haqqında prezident aparatına məlumat versinlər. Məktubda prezidentə də müraciətlə yazılır ki, Sülh və Demokratiya İnstitutu olaraq əlimizdə olan korrupsiya faktlarını sizə göndəririk.
Azərbaycanda iqtisadi sahədə mövcud olan böyük korrupsiya mexanizmi barədə məlumatları da sənədlərlə birlikdə o məktuba əlavə etmişdik. Qeyd etmişdik ki, burada böyük korrupsiya məsələləri var.

Sülh və Demokratiya İnstitutu sökülür. 11 avqust 2011
Məktubda Bakı Şəhər İcra Hakimiyyətindən Hacıbala Abutalıbov, Dövlət Əmlak Komitəsindən Kərəm Həsəsov, eləcə də onların işçiləri Zülfəli İsmayılov, Yusif Qəmbərovun adı çəkilirdi.
Biz məktuba sənədlər əlavə etmişdik ki, Dövlət Neft Şirkəti, Neft Fondu, Vergilər Nazlirliyi məmurların şəxsi hesablara yüz milyonlarla manat pul köçürürlər. Şəxsi hesabına pul köçürülən adamlar həmin pullarla başqa vətəndaşlardan evlər alırlar.
Halbuki Konstitusiyaya, qanunlara görə, hökumət Bakının harasınısa sökmək istəyirsə, gərək Nazirlər Kabineti bu haqda qərar çıxarsın, qərar dövlət reyestrinə düşsün, sonra gərək parlament həmin qərarı müzakirə etsin, sonra prezident ona qol çəksin ki, həmin işlərə büdcədən pul ayrılsın. Və hamı bilməlidir ki, hansı küçələr söküləcək.

Vətəndaşlar bilməlidirlər ki, onları evləri söküləcək, ya yox. Və bundan 3 il sonra vətəndaşların evləri sökülməyə başlanmalıdır. Amma burda böyük bir kriminal var.

Yəni heç kim bilmir ki, kimin evini sökəcəklər. Bir gün Netfçilər prospektində sökürlər, sabah Şəmsi Bədəlbəyli küçəsində, o biri gün Vidadi küçəsində.

Heç kim bilmir ki, pulu kim verir. Pul hardan gəlir. Mən bu faktları yerli mətbuatda çap etməklə yanaşı xarici mətbuata da yaymışam. Avqustun 10-da “The New York Times” qəzeti də bu barədə yazıb. Ofisimin sökülməsi isə məndən qisas alınmasıdır.

- Yəni kim tərəfindən qisasdır? Kimi nəzərdə tutursunuz?

- Azərbaycanda kim ki bu korrupsiyaya rəhbərlik edir, onların tərəfindən qisas. Çünki qanun yoxdur. Məhkəmə yoxdur. Azərbaycan mafiozi ölkədir.

- Ofisinizin sökülməsi ilə bağlı beynəlxalq reaksiyalar sərt oldu...

- Bəli. ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi bəyanat verdilər və s.
Və mənim fikrimcə, bu, yalnız başlanğıcdır. Mən özüm də Norveçin Xarici İşlər Nazirliyində oldum. Nazirlik də bəyanat verdi. Norveçin ən populyar qəzeti sayılan “VG” də məqalə dərc edib. Başlığı belədir: “Avroviziya
müsabiqəsinə bir il qalmış Bakıda insan haqları müdafiəçisinin evi söküldü”.
Norveçin ən populyar radiostansiyası da məndən müsahibə aldı. “The New York Times” da bu günlərdə hadisə ilə bağlı böyük məqalə çap etdi. “Human Rights Watch” da, “Amnesty İnternational” da bəyanat veriblər. Müxtəlif ölkələrin qeyri-hökumət təşkilatları da Prezident Aparatının, Bakı şəhər İcra Hakimiyyətinin ünvanına çoxsaylı məktublar yollayırlar.

- Bu söküntüdən sizə nə qədər ziyan dəyib?

- Evin dəyəri bazar qiymətləri ilə desək, 600 min dollardan çoxdur. O cümlədən əmlak – kompüter, televizor və s.

Amma elə şey də var ki, onları heç vaxt bərpa edə bilmərik. Bu, arxiv və kitabxanadır. Bu, çox qiymətli arxiv idi. Orada Azərbaycanın ilk “samizdat” qəzetləri vardı. Onları Azərbaycan Xalq Cəbhəsi Tallində, Vilnüsdə çap edirdi. Sonra mən özüm onları çamadanlarda Bakıya gətirirdim.

Mənim və başqa azərbaycanlı müəlliflərin o dövrdə Rusiyada və başqa yerlərdə Azərbaycan həqiqətləri haqda çap edilən məqalələrimiz, 19-cu əsrə aid kitablar – bütün bunlar itib-batdı. Mənim şəxsi albomumdan babamın, nənəmin şəkilləri də həmçinin.

- Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək fikriniz varmı?

- Biz artıq Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçmişik və Avropa Məhkəməsinə müraciət etmək niyyətindəyik.

Mənim avropalı həmkarlarım da deyillər ki, siz müraciət edin, biz də bu məsələni diqqətdə saxlayacağıq. Ümumiyyətlə, mənə böyük dəstək var onlardan. Mən burda Norveçdə bir konfransda iştirak etdim.

Orda çıxışlarda deyildi ki, biz Azərbaycan hökumətinin Avroviziya yarışması ərəfəsində Bakını gözəlləşdirməyə çalışdığını görürük, amma heç zaman bunun belə bir qiymətə başa gəlməsini istəmərik, çalışacağıq ki, bu qanunsuzluqlar haqda məlumatları Avropa mətbuatına yayaq.
XS
SM
MD
LG