Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:27

2 aprel məhkəməsində Brejnev söhbəti (VİDEO)


2 aprel məhbuslarının məhkəməsi
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Dövlət ittihamçısı 3 ildən 4,5 ilədək həbs cəzası istədi

Sahib Kərimov və Arif Alışlı 4 il 6 ay, Zülfüqar EyvazlıElnur İsrəfilov 4 il, Elşən HəsənovBabək Həsənov isə 3 il azadlıqdan məhrum edilsin”.

Avqustun 19-da Səbayel Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs olunan müxalifət fəallarının məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilənlər haqqında belə bir cəza istədi.

Dövlət ittihamçısı öz çıxışında onu da dedi ki, şahidlərin ifadələri, aksiya gününün videoçəkilişləri müttəhimlərin günahını sübuta yetirir. Onun bu fikri vəkillərin etirazına səbəb oldu. Vəkillər bir daha bildirdilər ki, heç bir şahid və zərərçəkən öz məhkəmə ifadəsində ittiham olunanları cinayət əməlində günahlandırmayıb.

Daha sonra müttəhimlərə qarşı mülki iddia qaldırmış zərərçəkənlərin nümayəndələri məhkəmədə son sözlərini dedilər, bildirdilər ki, iddialarında heç bir dəyişiklik yoxdur, onlara dəyən maddi ziyanı müttəhimlərdən tələb edirlər. Söhbət isə ümumilikdə 6560 manat zərərdən gedir.

Vəkillərsə növbəti dəfə zərərçəkənlərin özlərinin məhkəmədə iştirak etməməsinə etiraz etdilər. Onlar bildirdilər ki, zərərçəkənlərin öz dedikləri ilə nümayəndələrinin dedikləri arasında ziddiyyətlər var.

Vəkil İlqar Məmmədov:

-Zərərçəkən Sarvan Məhərrəmov məhkəmədə deyib ki, avtobusun yan şüşələrinin pulu Sahib Kərimova qurban olsun. İndi isə nümayəndəsi deyir ki, iddiamızda heç bir dəyişiklik yoxdur.

BREJNEV VƏ 2 APRELÇİLƏR

2 aprel aksiyası
“Dövlət ittihamçısı bizi çox təəccübləndirdi, o, sanki prosesdə iştirak etməyib, çünki çıxışı qanunun tələb etdiyi kimi məhkəmə ifadələrinə yox, istintaq ifadələrinə əsaslanıb”.

Bunu isə məhkəmə çıxışında Babək Həsənovun vəkili Fəxrəddin Mehtiyev dedi. Vəkil məhkəmənin yaddaşlarda həm komik, həm də faciəvi şəkildə qaldığını bildirdi. Vəkilə görə, faciəvidir ona görə ki, günahsız insanlar ittiham olunurlar, komikdir ona görə ki, istintaq rüsvay olub, ortalıqda sübut yoxdur.

Fəxrəddin Mehtiyev məhkəmə prosesini sovetlər dönəmində məşhur olan bir lətifə ilə müqayisə etdi:

- Bir gün Brejnev küçə ilə gəzir, Puşkinin heykəlini görüb yanındakı şəxsdən soruşur ki, kimin heykəlidir. Yanındakı şəxs cavab verir:
- Puşkinin heykəlidir.
- Hansı Puşkin, “Mumu”nu yazan?
- Yox, “Mumu”nu Turgenev yazıb.
- Qəribədir. “Mumu”nu Turgenev yazır, amma heykəli Puşkinə qoyurlar.

“HÜQUQİ YOX, ƏXLAQİ MƏSƏLƏ”

Vəkil Fəxrəddin Mehtiyev ittihamı “absurd, əsassız” adlandırıb, hakimi zəmanənin yox, zamanın hökmünü çıxarmağa çağırdı.

“Dövlət ittihamçısının 3 ildən 4,6 ilə kimi cəza istəməsi artıq hüquqi yox, əxlaqı məsələdir”.

Bunu isə vəkil Yalçın İmanov çıxışında dedi. Hakimdən xahiş etdi ki, sərbəst toplaşma hüququnu təmin etməli olan Bakı Şəhər İcra Hakimiyyəti, müttəhimlərin istintaqını aparan qrup rəhbəri Həsən Əliyev və müdafiə etdiyi Elnur İsrəfilovla bağlı istintaqı aparan Vaqif Süleymanov haqqında xüsusi qərar çıxarsın, onları cəzalandırsın.

Yalçın İmanov onu da dedi ki, özünə, peşəsinə hörmət edən hakim yalnız bəraət hökmü çıxarmalıdır.

Natiq Mustafayev
“TARİXƏ YAXŞI DÜŞMƏK ŞANSINIZDAN YARARLANIN”

Vəkil Natiq Mustafayev isə çıxışında dedi ki, bu məhkəmə prosesi tarixə düşəcək, amma onun necə düşəcəyi hakimin əlindədir:

“Bu, bir şansdır ki, tarixə yaxşı adla düşəsiz. Xahiş edirəm ki, bu şansdan yararlanın”.

Natiq Mustafayev AzadlıqRadiosuna müsahibəsində dövlət ittihamçısının istədiyi cəzadan təəccübləndiyini deyib:

“SON DƏRƏCƏ ƏDALƏTSİZ CƏZA”

“Hökmün olacağını gözləyirdim, amma belə cəza istəniləcəyini açığı gözləmirdim. Bu gün narkomanlara qarşı da 1-2 il cəza tətbiq edirlər. Müqayisə aparanda bu qədər cəza ağlasığmaz görünür. Bunlar şəxsiyyəti o qədər mənfi xarakterizə olunan şəxslər deyil axı. Yəni müqayisə aparanda ittiham tərəfinin istədiyi cəzanı son dərəcə ədalətsiz hesab edirəm”.

Növbəti məhkəmə prosesi avqustun 24-ə təyin olunub. Gözlənilir ki, digər 3 vəkilin və təqsirləndirilən 6 nəfərin çıxışından sonra hakim hökmü elan edəcək.
İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. Həmin fəallara qarşı həm də ümumi məbləği 6560 manat olan mülki iddia da qaldırılıb.
XS
SM
MD
LG