Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Aşıq Alı. Qoşmalar (2)


əvvəli

QIZLARIN

Axşamdan yağan qar yağdı, bağladı;
Kəsildi bulaqdan yolu qızların.
Səhər tezdən çeşmə üstə varanda
Üşüyər ayağı, eli qızların.

Səhəngin doldurub qoyar görkəndə,
Nə ki gözəllər var yığılıb kəndə.
Kəmərin bağlayıb gərdən çəkəndə
Əyrəmçədən keçər beli qızların.

Aşıq Alı vəsfin söyləyər saza,
Həmişə müştaqdır şahin şahbaza,
Başlayanda kəklik kimi avaza
Şəkərdən şirindir dili qızların.


KÖNÜL

Bahar fəsli, yaz ayları gələndə,
Uca sərt dağlardan qar istər könül.
Gözəllər sallanıb sıra vuranda
Xəstəyəm, onlardan nar istər könül.

Bu dünyada mərdimazar çox olub,
Mərd iyidin gözü, könlü tox olub.
Qonşu yox istəyən özü yox olub,
Onunçün elləri var istər könül.

Mən gələli xeyli qəddin ucalıb,
Sənin dərdin məni çöllərə salıb,
Fikr etmə ki, Aşıq Alı qocalıb –
Gen tuman, çəpgəni dar istər könül.


SƏNİN

Bahar-yazda qızılgüllər açılır,
Behiştə bənzəyir bu bağın sənin.
Uzaqdan eşidib səsin anladım,
Çıxıbdır hər yana sorağın sənin.

Oğrun-oğrun daldalardan baxarsan,
Gərdəninə həmayıllar taxarsan,
Durna kimi seyrangaha çıxarsan,
Hərdən ətir verir buxağın sənin.

İnnabı ləblərin şərbəti-loğman,
Gəzdir, dərdlilərə sən eylə dərman.
Bir zaman gəlmişdim mən sizə mehman,
Bəzənmiş al-yaşıl otağın sənin.

Siyah zülfün dal gərdənə dolaşır,
Xırda qızlar sağ-solunda boylaşır,
Gülgəz bədən ağ libasa yaraşır,
Aləmi yandırır fərağın sənin.

Alı deyər: gördüm dünya ləzzətin,
Bu sazın, söhbətin, xoş hekayətin,
İzzətin, şövkətin, bu mərifətin
Hər yerdə söyləyər dodağın sənin.


AĞRI DAĞI

Havalanıb ərş üzünə qalxıbsan,
Dağların sultanı nər Ağrı dağı.
Payızın, baharın olub zimistan,
Səndən əskik olmaz qar, Ağrı dağı.

Ətəyində xan atlanar, xan düşər,
Ləşkər vurar mahallara qan düşər.
Hər dağdan irəli sənə gün düşər,
Səhər ağaranda dan, Ağrı dağı.

Səkkiz irzivandır cənnətin bağı,
Neçə qapısı var, neçə otağı.
Nuh gəmisi, peyğəmbərin bulağı,
Səndə hər nişanə var, Ağrı dağı.

Aşıq Alı insanatın sirridi,
Tozun qalxıb İrəvanı bürüdü.
Axşam üstü bir tərəfin yeridi,
Basdın Axuranı pir Ağrı dağı.


İNCİMƏSİN

Dedim, könül, nə düşübsən həvəsdən,
Şamama dərərəm, tağ inciməsin.
Bu fani dünyadan bir köç eylərəm,
Aran qəmgin olub, dağ inciməsin.

Bağban oldum öz könlümün bağına,
Təbib dərman edə sinəm dağına.
Uçurdum bülbülü dostun bağına,
Oxusun bülbüllər, bağ inciməsin.

Alıyam, gileyim nadan əlindən,
Yarımçıq qalandan, nadan əlindən,
Bir güldür, almışam nadan əlindən,
Yarpaq titrəməsin, şax inciməsin.


GEDƏK

Qohum-qardaş yenə düşdü yadıma,
Dedim könül bir səfərim var, gedək.
Heç görmədim əhdə peyman olanı,
Nadan qurdu tərlan üçün tor, gedək.

Onu gördüm atdım dərdi, vərəmi,
Mübarək dəstindən aldım salamı,
Götürdüm əlimə dəftər-qələmi,
Könlüm istər o dağlardan qar, gedək.

Alı təkdi, qürbət eldə dolanır,
Oğrun-oğrun yar oduna qalanır,
Ağ əllərə toy xınası bulanır,
Xoryad üzdü güllü bağdan nar, gedək.


OLMADI

Bayram oldu küllü aləm bəzəndi,
Heç mənim halımı bilən olmadı.
Dost dostu çağırdı, qohum qohumu,
Mən qəribi yada salan olmadı.

Al geydi sallandı xublar dəstəsi,
Kəklik tək dağlara düşdü sədası,
Hicran xəstəsiyəm, qəm şikəstəsi,
Heç yanıma gedib gələn olmadı.

Kimi dostnan gəzdi, kimi yoldaşnan,
Aşıq Alı qaldı gözü qan-yaşnan,
Analar oğulnan, bacı qardaşnan...
Heç mənim halıma qalan olmadı.


GƏRƏK

Yaxşı yerdə düşdün mənim cəngimə,
Cəngimdən çıxmağa bir hünər gərək.
Maya dura bilmoz nər qabağında,
Meydana girməyə nərə nər gərək.

Saxla dilin, özün üçün qadağa,
Əlimdən gedərsən arana, dağa.
Şahin kimi göydə qanad açmağa,
Havada süzməyə balü-pər gərək.

Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.


DEYİNƏN

Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.

Durub o yollara varandan sonra,
Sən bizim elləri görəndən sonra,
Bu dilsiz naməni verəndən sonra,
Dilcavabı yana-yana deyinən.

Bülbüləm qonmaram qeyri güllərə,
Yarım el verməsin özgə əllərə,
Aşıq Alı düşdü tozlu yollara,
Yolum düşdü Alosmana deyinən.


YADIMA DÜŞDÜ

Nə qədər dolandım Turan elini
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü.

Gəlib xəyalımdan keçdi o çağlar,
Yay fəsli atlanıb gələn qonaqlar.
O güllü, çiçəkli alışan dağlar,
O Qiblə bulağım yadıma düşdü.

Qızıl dağı, Məciddinin oylağı,
Doğma yurdun doğma odu, ocağı.
Alının köksündə hicranın dağı,
O qaymaq dodağım yadıma düşdü.


KOR AŞIQ ALI

Çəkmə xəcaləti, unutma arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim başda əyləşən,
İndi də ayaqda kor Aşıq Alı.

Bədəsil şəyirdlər çəkibdir dağı,
Yetirdim peyvəsti, bəslədim bağı.
Ömrümün, günümün soldu növrağı,
Nə saz oldu, nə də tar, Aşıq Alı.

Bəlkə də beləymiş yazım əzəldən,
Qəm yedim aşnadan, yardan, gözəldən.
Tülək tərlan kimi uçmuşam əldən,
Qismətim ah-aman, zar, Aşıq Alı.


YAVAŞ-YAVAŞ

Möhnəti-zəmanə, fani dünyada,
Yol tutub dağlara gəl yavaş-yavaş.
Kərəm də Əslinin dərdini çəkdi,
Əsli də deyirdi gül yavaş-yavaş.

Bəzirganam matahım var, alan yox.
Ürəyimdə atəşim var, yanan yox.
Dərd əhlidir, əhli-dildən qanan yox,
Ürək coşar, deyər dil yavaş-yavaş.

Rüstəm qəhrəmanı, Zalı deyirəm,
Səxavətdə Hatəm kanı deyirəm,
Deyər Aşıq Alı, anı deyirəm,
Düşəcək qorxuya, bil, yavaş-yavaş.


DEYİRƏM

Mənim dostum, keçən günü yada sal,
Sən gəlginən bizim elə deyirəm.
Bir gün olar tərəqqidən düşərsən,
Uğrayarsan tənəzzülə deyirəm.

Gedər cavanlığın, düşkün olarsan,
Tayından-tuşundan seçkin olarsan,
Lalə kimi səhralarda qalarsan,
Eşit nəsihətim, üzə deyirəm.

Alının yanında heç olmaz sözün,
Cırılar ipəyin, tərk olar bezin,
Daldadan baxmaqdan soğular gözün,
Yandırma kababı, közə deyirəm.


VƏTƏNİMDƏ

Könül tələb edir, ürək atlanır,
Gəşt eylə, dünyanı gəz vətənimdə.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz, vətənimdə.

Qürbət vətəndəyəm, bilinməz yurdum,
Həkimlər, loğmanlar bilmirlər dərdim.
Alagöl yaylağı, vəfalı yurdum,
Alırdım əlimə saz vətənimdə.

Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz vətənimdə.


TƏK-TƏK

Bir şəyird ki, ustadına kəm baxar,
Mövlam etsin ona nasağı tək-tək.
Qohumdan xəcalət, eldən şərməndə,
Dili cüda etsin uzağı tək-tək.

Qətrəsi xəyatı, bədəni dürdən,
Xudam xəlq eyləyib bir qətrə nurdan.
Fincanlar bəzənib ləli-gövhərdən
Qaynayır zülaldan bulağı tək-tək.

Aşıq Alı eylər canı sadağa,
Neçə min məleykə dönmədi bağa,
Behiştin meyvəsi başdan-ayağa
Yetişdi Səncərin budağı tək-tək.


GÖRMƏDİM

Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.

Vəfasız fələkdə etibar olmaz,
Ağlayan kimsədə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.

Alıyam, mətləbim veribdi xudam,
Bütün ölkələrə yayılıb sədam.
Hərcayı gözəli məhv olsun tamam,
Namusun, qeyrətin, arın görmədim.

DAVAMI
XS
SM
MD
LG