Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:43

Çadra örtənlərə 1 milyon avroluq fond


Nekkaz Belçikada bu qızlar üçün cərimə ödəyib
Nekkaz Belçikada bu qızlar üçün cərimə ödəyib

Fransalı biznesmen başını bağlayan qadınlar üçün cərimələri ödəyir

Ərəb mənşəli fransalı iş adamı Raşid Nekkaz Avropa ölkələrində çadra örtən qadınlara qoyulan cərimələri ödəməyə başlayıb.

"France 24" telekanalının yaydığı məlumata görə, fransalı sahibkar təxminən bir il əvvəl “Kübar həyat və azadlığın müdafiəsi” fondunu yaradıb və ora 1 milyon avro köçürüb. Fondun yaradılmasında məqsəd başını bağlayan qadınların üzərinə qoyulan cərimə məbləğini ödəməkdir.

Artıq keçən həftə bu fonddan ilk ödənişlər edilib. Belçikada iki müsəlman qadının ödədiyi 50 avroluq cərimə fond tərəfindən verilib. Nekkaz daha bir qadın üçün 75 avro cərimə ödəməyə hazırlaşır.

Raşid Nekkaz deyib ki, o, müsəlman qadınlarına azad seçim verilməsinin tərəfdarıdır:

“Mən demirəm ki, qadınlarının başını örtməyə məcbur edən kişilərə qarşı qanun ləğv edilsin. Amma belə olan halda, qadınların öz istəyi ilə keçədə çadrada gəzə bilmələrinə də imkan yaradılmalıdır. Axı seçim imkanı – demokratiyanın ayrılmaz hissəsidir”.

Nekkaz qadınlara deyib ki, başlarını və üzlərini örtüb küçəyə çıxmaqdan qorxmasınlar. Çünki, o, öz fondu ilə bu qanunu neytrallaşdıracaq və qadağanın effekti olmadığını sübut edəcək.

Raşid Nekkaz Fransada, Əlcəzair miqrantlarının ailəsində anadan olub. Daşınmaz əmlak sahəsində uğurlu biznes quran Nekkaz sonradan siyasətə baş vurub. O, hətta 2007-ci ildə prezident seçkilərində iştirak etmək istəyib.

Bir il sonra bələdiyyə seçkilərində namizədliyini irəli sürən Nekkaz qələbə çalacağı halda seçicilərinin hər birinə 300 avro verəcəyini bildirmişdi.

Xatırladaq ki, Fransada bu ilin aprelində niqab taxan qadınların üçün cərimələnməsini nəzərdə tutan qanun qüvvəyə minib. Sonradan analoji sənəd Belçikada da qəbul edilib.
XS
SM
MD
LG