Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Azərbaycanın Liviyadakı səfiri Tripolinin alınması haqda


Liviya müxalifəti Tripolinin alınmasını bayram edir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid
«QADDAFİ REJİMİ SÜQUTA UĞRAMAQDADIR”

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov AzadlıqRadiosunun «İşdən sonra» proqramına belə deyib. Səfir deyib ki, bu ölkədə baş verənlərə Liviya çərçivəsində baxmaq lazım deyil. Çünki tək Liviyada yox, bundan öncə Tunisdə, Misirdə, Yəməndə dəyişikliklər tələb olunmağa başlandı:

«Xaricdən müdaxilə olmasa, dörd ölkədə eyni vaxtda spontan azadlıq hərəkatının başlaması mümkün deyil».

Ağasəlim Şükürov fikrini əsaslandırmaq üçün bir məqama diqqət çəkib. O, uzun illərdir mühacirətdə yaşayan Liviya müxalifətçilərinin Benqazidə Milli Keçid Şurası formalaşandan sonra ölkəyə qayıtdıqlarını bildirib. Səfirin sözlərinə görə, bu da «xaricdən maliyyələşmə olmadan baş verə bilməzdi».

SƏFİRLƏ RAZILAŞMAYAN DA VAR

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR Centre) rəhbəri Hikmət Hacızadə Liviyada baş verənləri belə şərh edib:

Hikmət Hacızadə
«XX əsrin sonundan belə qəbul olunub ki, inqilabların iki səbəbi var. Birincisi, sosial problemlərdir, ikincisi, ləyaqət problemi. İnsan 40 il o klounun əli altında qalmaq istəmir. İnsan istəyir onun səsi sayılsın, sözü kəsilməsin. Bu istək artıq axırda böyük fiziki gücə çevrilir».

RASİM MUSABƏYOV: «NƏ DƏRƏCƏDƏ DÖVLƏTİN VAHİDLİYİNİ QORUMAQ MÜMKÜN OLACAQ, SUAL AÇIQDIR»

«Qaddafinin hakimiyyətdən gedəcəyi bəlli idi». Deputat Rasim Musabəyov belə deyir. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü:

«Sadəcə, Tunis prezidenti ordu tərəfindən ultimatum alan kimi məcbur olub kürsüsünü qoyub qaçdı. Amma ordunun böyük hissəsi Qaddafiyə sadiq idi, ona görə də müqaviməti uzun çəkdi. Ancaq aydınıydi ki, onun siyasi hakimiyyəti bitib».

Deputat Liviyada daha sonra nələr olacağını deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, əvvəla bu gün Liviyada məsuliyyəti boynuna çəkə biləcək yetərincə yetkin siyasi qüvvələr yoxdur. İkincisi, Tripoli ilə Benqazi arasında böyük uçurum var:
«Liviya Osmanlı imperiyasında ayrı-ayrı paşalıqlardan ibarət idi. Oranı Liviya kimi formalaşdıran İtaliya olub, işğal edib koloniyasına çevirəndən sonra. Sonra kral Benqazi hakimiyyətə gəlib. Benqazini devirən Tripoli qəbilələri idi, Qaddafinin başçılığı altında. İndi Benqazi ilə Tripoli arasında böyük uçurum var. Bu gün bayraqlar da fərqlidir. Nə dərəcədə dövlətin vahidliyini qorumaq mümkün olacaq, nə dərəcədə qəbilələr arasında konsensusa gəlmək olacaq, bax bu açıqdır».

Hikmət Hacızadəsə Liviyanın gələcəyilə bağlı nikbindir:

Liviya
«Liviyada hadisələr başlayanda qabağa dindarlar yox, liberal yönlü gənclər, orta təbəqə düşdü. Onlar vuruşurdular. Əlbəttə hansısa partizan hərəkatları ola bilər. Mən ümid edirəm, daha doğrusu, məndə əminlik var ki, orda işlər İraqdan daha asan gedəcək».

«QADDAFİ XALQI QIRĞINA VERDİ, GETSƏ YAXŞIDIR»

Azərbaycanda sıravi vətəndaşlarsa Liviyadakı prosesləri birmənalı qarşılamır.
60 yaşlı Azad Əli:

- Qaddafi dinc milləti qırğına verdi. Getməsi yaxşıdı. Millət dinc, firavan yaşasın.

- Amma belə fikirlər də var ki, Liviyanı daha çətin günlər gözləyə bilər. indiyədək sabit dövləti vardı...

- Onu bilmək olmaz. Bəlkə ondan sonrakı xəlqinə dəyər verən insan olacaq?.. Mən deyərdim bu demokratiyanın qələbəsidir.

32 yaşlı Rövşən Hüseynov:

- Bilmirəm. Maraqlanmıram.

55 yaşlı Pənah Kazımov:

- Sən allah bizi siyasətə qoşmayın. Amerikanın siyasətidir, qurtarıb gedib.

Azərbaycanda Qaddafinin hakimiyyətdən gedişinə sevinənlər də var. Hər halda, bu, sosial şəbəkələrdə daha qabarıq görünür. Politoloq Hikmət Hacızadə də onlardan biridir:

«Mən də sevinirəm... Cəmi diktatorların başına salavat çevirək. Azərbaycanla müqayisədə nə deyim vallah... Mən istəyərdim bizdə də demokratiya olsun, seçkilər olsun, insan haqları tapdanmasın. Bunlar nə vaxtsa olacaq. Amma nəsə indi uyuyuruq. Bu barədə vəziyyət yaxşı deyil. Bilirəm və inanıram ki, bizdə də müsbət və demokratik dəyişikliklər olacaq. O sülh yolu ilə, islahatlar yolu ilə olsa, daha yaxşı olardı. Yoxsa indidən gəncləri «türmə»lərə salmaq, jurnalistləri təqib etmək, xalqın evlərini sökməklə məşğuldur hökumət. Məgər onların evlərində televizor yoxdurmu?
Rasim Musabəyov

Baxmırlar dünyada nə baş verir? Mən buna təəccüb edirəm. Yoxdursa, bir az pul ataq televizor alaq, baxsınlar görsünlər dünyada nə baş verir?»

Deputat Rasim Musabəyovsa deyir:

«Kimsə bunu bayram edirsə, nahaq... Qollarını çırmalayıb Azərbaycandakı qüsurları aradan götürmək üçün fəaliyyət göstərsinlər. Bu cür şadlanmaqla özlərinə təsəlli verirlərsə, təəssüf edirəm».

Azərbaycanın Liviyadakı səfirisə AzadlıqRadiosuna deyib ki, səfirlikdə heç kimi qalmayıb. Bunu da qarşıdan gələn Ramazan bayramı münasibəti ilə izah edib. O, əlavə edib ki, səfirlik əməkdaşları məzuniyyətə çıxıblar.
XS
SM
MD
LG