Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:05

Müəllim ezamiyyət pulunu niyə ala bilmir?


Foto: Arxiv
Foto: Arxiv
Ağdam rayonunun Paşabəyli kənd orta məktəbinin idman müəllimi Nicat Əsədov 840 manat ezamiyyə pulunu ala bilməməsindən şikayətçidir.

Deməsinə görə, 2011-ci il fevralın 25-dən martın 19-a qədər ixtisasartırma ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunda ezamiyyətdə olub. Rayon təhsil şöbəsindən ezamiyyə vərəqini götürəndə, ona deyilib ki, günü 35 manat olmaqla ezamiyyət pulu təkmilləşmə kursu başa çatandan sonra veriləcək. Amma pulunu götürmək üçün təhsil şöbəsinə müraciət edəndə, ona vəziyyətin dəyişdiyini deyiblər:

«Mənə təhsil şöbəsində dedilər ki, Təhsil Nazirliyindən arayış var - müəllimlər yataqxana ilə təmin olunduqları üçün onlara ezamiyyət pulu 35 manatdan yox, 5 manatdan ödənilsin. Amma iş burasındadır ki, institutun yataqxanasında yer tapmadıq, biz - 100-dən çox müəllim öz vəsaitimiz hesabına başqa yerlərdə qaldıq. İndi deyirlər «gedin, institutdan orda qalmadığınız barədə arayış gətirin, biz də sizin pulunuzu verək».

MƏSƏLƏNİN DÜYÜNƏ DÜŞDÜYÜ MƏQAM

Nicat Əsədov deyir ki, elə məsələ də burda düyünə düşüb. İnstitut onlara heç cür belə bir arayışı vermir:

«Mən rayon maliyyə şöbəsinə müraciət etdim. Dedilər onda gərək institutdan arayış gətirəsən ki, həqiqətən də yer olmadığı üçün siz orda qalmamısınız. Mən də prorektora müraciət etdim. O, mənim yataqxanada qalmamağımı qeyd etdi və sənədə imza atdı, amma möhür vurmadı. Mən ona dedim ki, yazın ki, yer olmadığı üçün bu müəllim burda qalmayıb. Prorektor dedi ki, mən belə bir arayış verə bilmərəm».

MÜƏLLİMLƏR İNSTİTUTU BAŞQA RƏQƏM GÖSTƏRİR

Müəllimlər İnstitutu
Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov isə deyir ki, rayonlardan uzunmüddətli ezamiyyətə gələnlərə gündəlik 5 manat 50 qəpik, bir də yataqxanada qalmağa görə 3 manat pul ödənilir. Qaldı 35 manat məsələsinə, prorektor deyir ki, bu məbləğ 1 və ya 2 günlüyə xidməti ezamiyyətdə olanlara ödənilir.

Amma Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il 14 saylı qərarında heç də belə deyilmir.

NAZİRLƏR KABİNETİNİN 14 SAYLI QƏRARI

«Ezamiyyə xərclərinin normaları haqqında» Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il 14 saylı qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması belə müəyyən edilib: Bakı şəhərində 35 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 25 manat, respublika tabeli digər şəhərlərdə 20 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15 manat.

Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

PROREKTOR: «BİZ YER OLMAMASI İLƏ BAĞLI MÜƏLLİMƏ ARAYIŞ VERƏ BİLMƏRİK»

Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov deyir ki, Nicat Əsədov yer ola-ola özü yataqxanada qalmaq istəməyib. İnstitut ona yer olmaması haqda heç cür arayış verə bilməz:

Ələkbər Məmmədov
«O müəllim bir müddət haradasa qaldı, sonra imkanı olmayanda, bizə müraciət etdi. Amma onda da bizdə bütün yerlər tutulmuşdu».

HÜQUQ MÜDAFİƏÇİSİ İSƏ EZAMİYYƏT PULLARININ MƏNİMSƏNİLMƏSİNDƏN ŞÜBHƏLƏNİR

Müəllimlərin müraciətini araşdıran hüquq müdafiəçisi Ələkbər Məmmədov deyir ki, yataqxanada qalmayan müəllimə arayış verilməsində elə bir problem olmamalıdır. Hüquq müdafiəçisi bu məsələdə korrupsiya ola biləcəyini ehtimal edir. Deyir ola bilsin ki, müəllimlərə dövlət büdcəsindən ayrılan ezamiyyət pulları mənimsənilir:

«Məncə, burda yeyinti, korrupsiya əlaməti var. Yoxsa nə maraqları var ki, onlar müəllimlərin yataqxana ilə təmin olunmadıqları barədə arayış vermirlər. Nicat Əsədov 600 manat borc edib, indi ondan pulu geri istəyirlər. Bu müəllim də 90 manat maaşla onu necə qaytarsın? Məzuniyyət puluna ümid edib borc alıb, onu da vermirlər».

MALİYYƏ ŞÖBƏSİ İMTİNA ETMİR

Müəllimlər İnstitutunun prorektoru Rahim Əzizov isə onları korrupsiya məsələsində ittiham etməyi yersiz sayır. Deyir ezamiyyət pullarının verilməsi onların yox, rayon maliyyə şöbələrinin işidir. Müəllim Nicat Əsədov isə deyir ki, maliyyə şöbələri pul verməkdən imtina etmirlər. Sadəcə, yataqxanada qalmaması ilə əlaqədar institutdan sənəd istəyirlər.
XS
SM
MD
LG