Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı "Ədalət" qəzetinin baş redaktoru, yazar İradə Tuncaydır.


"Birdən-birə stressdən iyirmi beş kilo kökəldim... İndi anlayıram ki. onlar məni ölümdən qurtardılar".

"Böyük sevgi yoxdur cəmiyyətdə..."

"Indi insanlar o qədər allahsız olublar ki, elə bilirlər beş manat pulları varsa, hamının arvadına, qızına girişə bilərlər".

"Mən yazılarımı Aqil müəllimə redaktə üçün verməmişəm, amma onun yazılarını redaktə etmişəm".

"Deyirəm, ay qızım, elə bilirsən hər ərə gedənin əri olur?"



- Bu qədər kişi yazarlarla müqayisədə qadın yazarları barmaqla saymaq olar. Doğrudur, "qadın yazar", "kişi yazar" ifadələri bir az qeyri-demokratik səslənir, amma reallıq budur ki, kişilər ön cərgədədirlər. Sizcə, bunun səbəbi nədir?

- Bir dəfə mənə sual vermişdilər ki, mətbuatın siması necədir: kişi simasıdır, yoxsa qadın? Mən cavab vermişdim ki, ümumiyyətlə, bəşəriyyətin siması kişi simasıdır.

Əgər qadına uşaq dünyaya gətirmək və nəsil artırmaq vasitəsi kimi baxılırsa, demək ki, burda bir həqiqət də var.

Çünki kişi uşağını qoyub harasa gedə bilər, amma qadın uşağını atıb getsə, uşaq acından ölə bilər. Yaxud, məsələn, qadın ağır işlər görüb evə çörək gətirə bilməz. Yəni kişilərin qadınlardan fərqliliyi mövzusu hər zaman olub və olacaq.

Amma biz yaradıcılıqda qadın və kişi fərqini qoyuruqsa, bu, düzgün deyil. Məsələn, mən insanları istedadlı və istedadsız deyə ayırıram.

Bizim folklora baxsaq görərik ki, bu qədər bayatıların, oxşamaların, laylaların və digər şifahi xalq ədəbiyyatı nümunələrinin yaradıcıları elə qadınlardır.

Hələ mən yazıçı ailəsində böyümüşəm, yoldaşım da yazıçıdır. Bir də görürsən ki, sən nəsə xəyaldasan, öz aləmindəsən, qəfil gəlib deyir ki, "dur, mənə çay gətir".

Yaxud qəfil soruşur ki, fikrin hardadı? Axı yaradıcı insan digər insanlardan fərqlənir: onun ruh halı var.

Mənim oğlum bir dəfə bacıma demişdi ki, bizim evdə iki normal adam var - biri sənsən, biri də mən. Qalanları havada uçur (gülür - F.) Onlar real adamlardır,

dövlət işində işləyilər. Həqiqətən də yaradıcı adamlarda uçmaq var.

Bundan başqa kişinin çox rahatlıqla yazdığı hissləri qadın yazanda ona birtəhər baxırlar. Biz də insanıq və eyni hissləri keçiririk. Niyə sizə olar, bizə yox?

Mənə elə gəlir ki, bizim ədəbiyyatımızda o tabuları Afaq Məsud qırdı. Cəsarətlə yazdı. Hətta ən yaxın adamları barədə düşündüklərini ədəbiyyata gətirə bildi.

Düzdü, onu topla-tüfənglə qarşıladılar. Hər halda o, bu cığırı açdı. Və yeni nəslə baxdıqca görürəm ki, gec-tez bu balans yaranacaq.

-Siz çox adi görüşləri, sıradan səfərləri belə qələmə alıb gözəl bir yazıya çevirə bilirsiniz. Bəs nəyə görə biz cəmiyyətimizə İradə Tuncayın gözü ilə baxmaq üçün bir əsər oxuya bilmirik?

Təbii ki, siz burada məsuliyyət məsələsini səbəb gətirə bilərsiniz amma, mən bunu əsaslı səbəb kimi qəbul edə bilmirəm.

Ola bilərmi ki, millət vəkilinin həyat yoldaşı, qəzet baş redaktoru olduğunuz üçün dəvət aldığınız tədbirlər, ziyafətlər, səyahətlər sizin bir əsərə köklənməyinizə mane olsun? Yoxsa diqqətdən yayınan başqa bir səbəb var?


- Yox, canım. Təbii ki, o gündəlik axara qoşulmaq da var, o görüşlərə getmək də, bir qadın kimi özünə diqqət yetirmək, saçını qaydaya salmaq-filan da. İndi keçdiyim yola baxanda düşünürəm ki, mən həmişə hər şeyə gecikdim.

Çünki o da mənim xarakterimdən gələn bir şeydir: incimək, küsmək, öz içinə mühacirət etmək, öz içində yaşamaq...

Və bir gün görürsən ki, yox, sən ya öləcəkəsən, ya da bu, bir gün vulkan kimi sənin içindən püskürəcək. Planlaşdırmaq olmur, ola bilsin ki, qəfildən gələcək və oturub yazacam. Belə olur...

- Nəyi yazmaq istərdiniz?

- İstərdim bioqrafik bir şey yazım, orada atam da olsun, mən də olum. Sonra, məsələn, qadın mövzusu işlənməyən mövzudur.

Elə yalandan deyirik ki, analarımız müqəddəsdir, bacılarımız əzizdir, amma reallıqda bunu görmürsən. Mənə elə gəlir ki, rənglərin bütün çalarlarında bir qadın mövzusu işləmək lazımdır.

Mən bu barədə düşünürəm. Həm də fikirləşirəm ki, bu gün mənim yazdıqlarım da cəmiyyət üçün çox vacibdir, onları da ata bilmərəm.

Bəzən eşitdiyim ən adi söz, yaxud hiss etdiyim hansısa bir qoxu məni böyük bir yazı yazmağa vadar edir.

Mən deyə bilmərəm ki yazdıqlarım əsər deyil və lazım olmayacaq. Mənə elə gəlir ki onlar həmişə oxunacaq.

- Atanızdan söz düşmüşkən, sizə elə gəlmir ki, sanki Məmməd Araz unudulur?

- Qətiyyən, qızım. Sən əgər dövlət səviyyəsində deyirsənsə, o ola bilər. Prezident qərar verirb, icra edən yoxdu.

Deyək ki, Məmməd Arazın adına küçə verilməlidir, abidəsi qoyulmalıdır, amma eləmirlər, canları sağ olsun. Şairin abidəsi küçədə qoyulmur, şairin abidəsi insanların ürəyində qoyulur.

Əgər hər hansı bir televiziya verilişində, hər hansı bir yazıda mütləq Məmməd Araz yada düşürsə, xeyirdə- şərdə Məmməd Arazdan söz açılırsa, insanlar bir-birlərinə sevgi etirafını Məmməd Arazın şeirləri ilə edirlərsə, vətən haqqında düşünəndə Məmməd Araz yada düşürsə, necə demək olar ki, o unudulur?

Hansısa işlərin hansısa məmurun nazından asılı olması isə şərti məsələdir.

- Məmməd Arazla bağlı ən çox xatırladığınız məqam hansıdır?

- Mənim hər şey yadımdadır, qızım. Gəl bu mövzuya toxunmayaq, çünki o məni incidən mövzudur, dəngələrimi itirəcəm, ona görə də lazım deyil. (kövrəlir - F)

- Bir çox qadınların ali təhsil diplomu alıb, məsələn, müəllim kimi işləməkdən o tərəfə keçə bilməmələrinin səbəbi, sizcə, nə ola bilər?



- Tənbəllikləri. Heç kimi istedadsızlıqda, savadsızlıqda qınamaq olmaz. Amma sən önəmli nöqtədə oturub müəyyən bir iddiaya maliksənsə, onda zəhmət çək, bununla məşğul ol.

Amma cəmiyyətdə də ağıllı, intellektual adamlar hardasa önəmli nöqtələri tutmaq tendensiyasından qorxurlar.

Çünki hər hansı müdir, rəis istəməz ki, əlinin altında işləyənlər ondan bacarıqlı, savadlı olsun.

Onda müdirin savadsızlığı daha tez görünür. Ona görə də özündən savadsızları yanında oturdur ki, özünün eyibləri görünməsin. Bəzən deyirlər ki, bizdə deputat qadınların sayı azdı. Bunun sayını zorla artırmaq da olmaz.

Bu sovet dövründəki kimi kvota daxilində olan bir şey deyil ki, sağıcı deputatımız da olsun, tarlaçı deputatımız da. Gərək o, xalqın içində yetişsin.

Bir dəfə bir söhbətdə dedim ki, bizdə böyük mənada ruhi sıçrayışlar ona görə yoxdur ki, böyük qadınların sayı azdır.

Böyük sevgi yoxdur cəmiyyətdə. Insanlar elə bilirlər ki, pulları çoxdursa, düyməni basan kimi qabağında rəqqasələr düzüldüsə, deməli, hər şey yaxşıdır.

Rəqqasələr gələ bilər, onları yatağına da sala bilərsən. Amma sən qadının ruhuna sahib olmamısansa, o, sənin deyil, nə qədər pul xərcləyirsənsə, xərclə. Elə şeylər var ki, onu pulla almaq mümkün deyil. Məsələn, sevgi, istedad.

O qədər milyonçular var ki, bir kasıb şairə paxıllıq edir. Onun ruhuna, onun şöhrətinə. Son dövrlər belə bir tendensiya yaranıb: varlı adamlar özlərinə kitab yazdırır və elə bilirlər ki, bu yolla tarixdə qalacaqlar.

Əzrayıla "məni öldürmə" deyə rüşvət vermək mümkün olmadığı kimi bəzi şeylər də pulla alınmır.

Axı sevgini necə pulla almaq olar? Sən hansısa bir qadını bəzəndirə bilərsən, amma hər qadın da barmağına taxılan bir üzükdən xoşbəxt olmur. Indi də böyük, savadlı qadınlar çox azdır, axı bunun sayını məcburən necə artırmaq olar?

Təhsil sistemindəki qadınlar isə, ümumiyyətlə, millətin evini yıxırlar. Hesab edirəm ki, qadınları məktəblərdən yığışdırmaq və kişiləri məktəbə qaytarmaq lazımdır.

Millətin tərbiyəsi ilə bir az da kişilər məşğul olmalıdır. Xüsusən oğlan uşaqları gözünü açır və ana, nənə, bibi, bacı görür. Gedir bağçıya - qadınları görür.

Gedir məktəbə - qadınları görür. Bəs bu kişi əxlaqı, kişi şəxsiyyəti necə formalaşacaq? Qadınlardan danışanda kişilərin də haqqını yeməmək lazımdır.

Təhsildə müəllimlərin nüfuzunu qaytarmaq lazımdır. Və bu zorla mümkün deyil. Millət bu barədə özü düşünməlidir.

Elə qadın da özü haqqında düşünmək istəmirsə, bir çanta ətrafında uzun-uzadı söhbətlər edə bilirsə onda hansı böyük ideallar gözləməyə dəyərmi?

- Bir çox kişilərin məktəbdə işləmək istəməmələrinin səbəbi yalnız aylıq məvacibin az olmasıdırmı?

- Yox, bu, təkcə maddiyyatla bağlı məsələlər deyil. Deyək ki, jurnalistlərimiz müəllimlərdən daha az maaş alırlar, amma görürsünüzmü nə qədər kişi jurnalistlər var?

Səbəblərdən biri də təhsil sisteminin hörmətdən düşməsidir. Təhsildəki vəziyyəti təhsil işçiləri də bilirlər.



Hər şey bir saxtakarlığa söykənib. Sistem bir zəncirdir, məktəbdə bir cür saxtalıq, qəbulda bir cür saxtalıq, oxuyanda bir cür saxtalıq...

Oxuyub bitirəndən sonra görürsən ki, savadlı, istedadlı uşaqlar işsiz qaldı. Hansısa kütbeyin gəlib bir vəzifəni tutdu.

Bunlar sovet dövründən bəri zəncirvari şəkildə gəlir. Mən gəncliyimdə belə halları çox görmüşəm. Bütün bunlar görünür insanlarda bir ruh düşkünlüyü, sınıqlıq yaradır.

Bu problemləri yenmək lazımdır. Və bu elə bir məsələdir ki, nə qərarla, nə də fərmanla düzələn deyil. Bununla sosioloqlar, psixoloqlar da məşğul olmalıdır.

- Həyat yoldaşınız Aqil Abbasla bir-birinizin yazısını redaktə edirsinizmi?

- Mən yazılarımı Aqil müəllimə redaktə eləməyə verməmişəm, amma onun yazılarını redaktə etmişəm.

- Aqil müəllimin redaktəsini bəyənməməzlikdən irəli gəlmir ki bu?

- Yox. O, çox çılğın adamdır. Onun buna heç səbri də yoxdur.

- Müsahibələrinizdə Aqil müəllimə qarşı bir üsyan var, sonra bu, evdə narazılığa səbəb olmur ki?

- Onlar özəl məsələlərdi (gülür - F). Bilirsiniz, mən çox fədakarlıq elədim, amma səvh elədim...

- Bizim qadınlar bəlkə də həddən ziyadə fədakarlıq edirlər. Sizcə, qadın ailədə fədakar olmalıdırmı?

- Fədakarlıq qadınların analıq instinktindən irəli gəlir. Məsələn, mən universiteti bitirəndən işləmişəm.

Amma indiyə qədər də mənə çox qəribə gəlir ki, niyə sədr kreslosuna oturan hər yeni adam birinci mənim yaxamdan yapışırdı?

Mən həyatımda onun məşum nəticələrini yaşadım. Işdən getməyim, evdə oturmağım, özümə qapanmağım mənə böyük depressiyalar yaşatdı.

Stressdən birdən-birə iyirmi beş kilo kökəldim. Sinirlərim korlandı. Sonra fikirləşdim ki, nəyisə dəyişməsəm, öləcəm.

Çünki fiziki cəhətdən tükəndiyimi hiss edirdim. Onda mənim otuz doqquz yaşım var idi. Ümumiyyətlə, həyatında olan hər şeyi kişiyə etibar etmək çox pis xasiyyətdir.

Onu gələcəkdə özünüz üçün nəzərə alın. Özünüzü sevin. Deyirəm ki, mən işə qayıtmaq istəyirəm. Cavabında isə “neynirsən işi, hər şeyin var”- sözlərini eşidirəm.

Ola bilsin ki, insanın çayı da olsun, çörəyi də. Amma insanın içində həm də ehtiyacları var axı. Istedad elə bir şeydir ki, o, realizə edilməyəndə insanı öldürür.

Və günlərin bir günü gördüm ki yatmış vulkan püskürür, artıq dayana bilmirəm. Gedib özüm öz işlərimi həll etdim və televiziyaya qayıtdım.

Allah razı olsun Etibar Babayevdən. Səhər mənə zəng olunanda ki, veriliş başlayır, səhərə kimi yatmadım. Gedim-getməyim - deyə fikirləşirdim. Indi o günlər yadıma düşəndə kövrəlirəm.

Nərgiz Cəlilovanı, Suqra Rəhimovanı, Etibar Babayevi xatirlayanda anlayıram ki, onlar məni ölümdən qurtardılar.



Yadımdadır ki, mən birinci süjeti hazırlayıb efirə verəndən sonra gəlib otaqda ağladım. Başa düşürsünüzmü, görün aradan neçə illər keçmişdi? Aktrisa Barat Şəkinskayadan radio üçün müsahibə almışdım.

O deyirdi ki, yuxusunda həmişə teatra gecikdiyini, qrim eləyə bilmədiyini, onu danladıqlarını görür. Buna aktyor yuxusu deyirlər, aktyor öz roluna gecikir.

Həqiqətən də mən işləmədiyim illərdə həmişə yuxumda kamera, mikrofon görürdüm. Görürdüm ki, harasa çəkilişə gedirəm... Mən özümü qaytara və təsdiq edə bildim.

Çox çətin idi, başa düşürsünüzmü? Aradan on il keçmişdi və texnologiyadan tutmuş düşüncələrə qədər hər şey dəyişmişdi.

Və üstəlik də qırx yaşında qadın iyirmi iki yaşında qızcığazların yanında elə olmalıdır ki, ona gülməsinlər. Amma mən gələn gündən gördüm ki, bu uşaqlar mənə allah kimi baxırlar.

Görünür mütaliəm, dünyagörüşüm köməyimə gəldi. 2001-2006-cı illərdə altı film çəkdim.

O filmllərin çəkilməsindən neçə vaxt keçməsinə baxmayaraq, yenə də yazırlar ki, sizin filan filmdə dediyiniz filan söz heç yadımdan çıxmır. Görürəm ki, insanlar xatırlayır. Axı efir bir az etibarsızdır.

- Siz nə qədər işsiz qaldınız?

- On il. Bu, çox uzun müddətdir. Ağır oldu, amma mən onu heç kimə göstərmədim.

- Aqil müəllim sizə kömək etmək istəmirdimi, yoxsa başqa səbəb vardı?

- Yəqin istəmirdi...

- Demək ki, bütün hallarda ailəli qadın yalnız özünə güvənməlidir...

- Təkcə qadın yox, həm də kişi. Ən etibarlısı iki əlindir. Hər kəs insana xəyanət edə bilər.

- Hansısa televiziya verilişində qadın-kişi münasibətləri müzakirə olunurdu. Orada ekspertlərdən biri dedi ki, qadınlar ərlərinin yad olduğunu heç zaman unutmamalıdırlar.

Illər öncə eşitdiyim bu söz romantik dövrünü yaşayan yeniyetmə qız üçün böyük zərbə idi...


- Bilirsən necədir, canım? Söhbət kişinin qadını atmasından da getmir. Tutaq ki, bir yerdə yaşayırsan, amma birlikdəsənmi? O səni sevirmi? Mürəkkəb məsələdir. Fikri başqa yerdədirsə, evə ancaq yatmağa gəlirsə necə?.

O gün qızlardan biri zarafatca yazıb ki, hamı ərə getdi, mən qaldım. Deyirəm ay qızım, elə bilirsən hər ərə gedənin əri olur?

- Təəssüflər olsun ki, bir çox qızlar tənhalıqdan qurtulmağın yolunu ərə getməkdə görürlər və məhz tənhalığın qorxusundan bir çoxları ailələrdə əziyyət çəkmələrinə rəğmən, dözürlər.

- Hər qadın özünü saxlaya bilmir. Statistikaya baxsanız, görərsiniz ki, boşanma hallarının sayı necə artıb.

Bunun da səbəbi pozğunluqdur. Bunu da kişilər yaradır. Qadınlar düşünür ki, indi bir kişinin təpiyini yeyirəmsə, boşansam, on kişinin təpiyini yeyəcəm.

Kişilər fikirləşəcək ki, bu, boşanmış qadındır və hərə bir əl yetirmək istəyəcək.

Və xoşun gəldi-gəlmədi, iyrəndin-iyrənmədin hamı sənə bir təklifdə bulunacaq. Indi insanlar o qədər allahsız olublar ki, elə bilirlər beş manat pulları varsa, hamının arvadına, qızına girişə bilər. Fikir vermisinizsə bu gün bu zəmində nə qədər qətllər olur.

Gəlib deyirər ki, sənin ərin kişidir, filan şeyi sənə ala bilmir, mən alacam. Bu, səni nə qədər saxlayacaq? Bir ay, iki ay, sonra atacaq. Qız da gəlir evə, başlayır evdə əriylə burunlaşmağa.

Yəni, kişilər cəmiyyəti korlayır və qadınlar da onun məngənəsində əzilirlər.

Sən varlısansa, qabağındakı düyməni basanda katibən gəlirsə, bu o demək deyil ki, hamın namusuna təcavüz eləməlisən.

- Ötən həftə müsahibimiz olan Rafiq Tağı soruşur: İradə xanım, qəzet redaktorluğu yaradıcı insan üçün əlavə yük deyil ki?

- Mənə mane olmur. Mənim yaradıcılıq saatlarım gecə başlayır. Bu, gənclik illərindən belə olub. Uşaqlarımı yatırdıb yazmağa başlayırdım.

O qədər olub ki redaksiyada yanıma gələn adamlarla söhbətdən nə isə mövzu tapıb yazmışam. Redaksiya mənə mane olmur, amma mən redaksiyaya çox kömək edirəm (gülür - F).

- Növbəti qonağımız Vaqif Bayatılı Odərdir. Rubrikamızın ənənəsinə uyğun olaraq ona bir sual ünvanlamağınızı istərdim...

- Soruşmaq istərdim ki, o, niyə tez-tez təxəllüsünü dəyişir?

Bir də bir şeyi deməyi unutdum, qızım. Ğadə Əlsman var - Suriyada yaşayır. Bu yaxınlarda onun "Mən insanam" adlı şeirini oxumuşam. Bir qadının əsarətə bu cür üsyanı məni heyrətləndirdi. Bizdə belə qadınların yetişməyinə böyük ehtiyac var. Şeirdə deyilir:

Mənim evimə gəlsən,

Bir qələm gətir.

Üzümə qara xətlər çəkmək istəyirəm,

Qara xətlər çəkmək istəyirəm ki, gözəlliyimi gizlətmiş olum.

Çünkü bizim ölkəmizdə gözəllik suç sayılır.

Gözəlliyim üzündən həbsə girmək istəmirəm.

Qəlbimin də üzərinə bir çarpı işarəsi çəkəcəyəm ki,

Köksümdəki bütün həvəslərə yasaq gətirmiş olum

Bir daha əsla həvəslənməyim.

Bir silgi də gətir, unutma!

Təbiətin dodaqlarıma çəkdiyi qırımızı rəngi silib qaraldacağam.

Dodağımdakı qırmızılıq üçün qaragün olmaq istəmirəm.

Bir bel gətir gəldiyində.

Bütün qadınlıq duyğularımı içimdən qazmaq istəyirəm.

Bütün varlığımı şumlamaq istəyirəm

Böylə olduğunda cənnətə rahatca gedə biləcəkmişəm güya!..


FEYZİYYƏ

Həmçinin oxu
Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG