Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:26

Yazıçılar haqqında 3 yeni lətifə


Azadlıq Radiosunun "250Plyus" satirik proqramından "Oxu zalı"na hədiyyə



Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevdən müsahibə alan jurnalist soruşur:

- Elçin müəllim, mümkünsə, öz gündəlik iş qrafikiniz barədə məlumat verərdiniz..

- Səhər saat 8-də oyanıram, 9-da səhər yeməyi yeyirəm. Sonra xidməti maşınım məni iş yerimə çatdırır. Saat 11-də qəzetləri nəzərdən keçirirəm. Sonra iclas, iclasdan sonra nahar, nahardan sonra prezidentin yanında müşavirə. Axşam saat 9-də evə qayıdıram Şam edirəm, yatmamışdan əvvəl bir az televizora baxıram.

- Bəs yaradıcılıqla nə vaxt məşğul olursunuz?

- Necə yəni nə vaxt? Ertəsi gün!


***


Romanı "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş gənc yazıçı qəfil dünyasını dəyişir. Və ona seçim eləmək imkanı verirlər: ya cənnət. ya da cəhənnəm.

Yazıçı qərara gəlir ki, bu yerlərin hər ikisinə baş çəkib hansının daha yaxşı olduğunu yoxlasın.

O əvvəlcə cəhənnəmə enir. Görür ki cərgə-cərgə yazı masalarına zəncirlə bağlanmış yazıçılar cəhənnəm istisində nəfəs dərmədən yazır, dayanan kimi şeytanlar öz tikanlı qırmancları ilə onların kürəklərinə təkrar-təkrar zərbələr endirirlər.

"Aman Allah" - deyə yazıçı dəhşətə gəlir - "İndi də mənə cənnəti göstərin!"

Bu dəfə onu cənnətə aparırlar. Görür ki, burda da cərgə-cərgə yazı masalarına zəncirlə bağlanmış yazıçılar nəfəs dərmədən yazır, dayanan kimi şeytanlar öz tikanlı qırmancları ilə onların kürəklərinə təkrar-təkrar zərbələr endirirlər.

"Bir dəqiqə" - deyə yazıçı təəccübünü gizlətmir - "Daha burayla cəhənnəmin fərqi nə oldu ki?"

"Səhvin var" - qeybdən səs gəlir - "Fərqi odur ki, burda yazılanları nəşriyyat öz hesabına çap edir".


***


Sevgi şeirləri ilə Facebook əhlinin qəlbini ovsunlamış gənc şair Elmar Şahmar dağlarda gəzişərkən böyük bir qoyun sürüsünə rast gəlir.

O, çobana yaxınlaşıb soruşur:

- Əgər saymadan sənin neçə qoyunun olduğunu desəm, birini mənə verərsən?

Çoban düşünür ki, bu, onsuz da mümkün olan iş deyil. Razılaşır.

- 6295

Çoban şoka düşür. Çünki sürüsündə məhz bu qədər qoyunun olduğunu bilir.

Çar-naçar şairin sürüdən bir qoyun seçməsinə razılıq verir.

Elmar Şahmar birini seçib belinə atır. Uzaqlaşmaq istəyəndə arxadan çobanın səsi gəlir:

- İstəyirsən sənin nə peşənin sahibi olduğunu deyim? Təsadüfən şair deyilsən?

- Hardan bildin?

- Əvvəlcə, iti yerə qoy. sonra danışaq.

Həmçinin oxu
Anar, Əkrəm Əylisli, Seymur Baycan və bir uşaq
XS
SM
MD
LG