Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:36

Postda qətlə yetirilən əsgərlərin valideynləri danışdı


Arxiv foto
Arxiv foto
«SƏNƏDLƏRDƏ ELƏ SÖZLƏR YAZIBLAR Kİ...»

«Ayın 7-də məzuniyyətə gedib, 17-də hərbi hissəyə qayıdıb, 18-dən 19-na keçən gecə öldürülüb. Sənədlərdə elə sözlər yazıblar ki, özümüz də çaşıb qalmışıq. Bilmirik nəyə inanaq».

Bunu bu ilin fevralında Göygöldəki N saylı hərbi hissənin postunda qətlə yetirilən 7 əsgərindən biri- Naib Quliyevin anası Raisə Quliyeva deyir. Qətlə yetirilmiş əsgərlərin valideynləri istintaqı hadisənin üstünü açmamaqda, hökuməti isə hadisəyə biganə yanaşmaqda qınayır.

7 ƏSGƏR NƏDƏN ÖLDÜ?

Respublika Hərbi Prokurorluğundan bildirilir ki, əsgərlərin qətlə yetirilməsi faktı ilə bağlı fevral ayında Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq vaxtı cinayəti törətmiş şəxsin həyatda olmadığı müəyyən edildiyinə görə başlanmış cinayət işinə xitam verilib. İstintaq orqanı qətl hadisəsindən sonra hərbi hissədə araşdırmalar aparıb və 9 zabitin Nizamnaməyə zidd hərəkətlərini üzə çıxarıb. Həmin zabitlər həbs olunub, hazırda Gəncə şəhər Məhkəməsində onların məhkəməsi keçirilir. Respublika Hərbi Prokurorluğu belə deyir.

İSTİNTAQ DEYİR SƏBƏB ZORAKILIQ OLUB

Hadisə vaxtı ölmüş digər əsgər Zakir Quliyevin atası Etibar Quliyevin sözlərinə görə, cinayət işinə xitam verilməmişdən əvvəl onları istintaq sənədləri ilə tanış ediblər. Sənədlərdə göstərilib ki, hadisə iki nəfərin arasında olan zorakılığa görə baş verib. Hadisəni Yasamal Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Quliyev Zakir Etibar oğlu törədib. İstintaq sənədində yazılıb ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Suanverdiyev Nurlan Radfel oğlu Zakir Quliyevi incidib, ona qarşı zorakılıq törədib. Zakir Quliyev əsgərlər yatarkən səhərə yaxın avtomat silahla əsgər yoldaşlarını qətlə yetirib. Yüz metr aralıda öz başına güllə vuraraq intihar edib.

9 ƏSGƏR NİYƏ HƏBS OLUNDU?

Ancaq valideynlər razılaşmırlar. Onlar hesab edirlər ki, hadisənin kökündə tamamilə başqa səbəblər dayanır. Onlar yenidən araşdırma aparılmasını tələb edirlər. Raisə Quliyeva:

«Bir insan yaxınlaşıb soruşur saçın niyə ağarıb, deyirəm oğlum şəhid olub, soruşur harda, deyirəm Sarıqayada. Deyir hə, o postda bir-birlərini qıranlar? Sanki oğlum hər gün ölür».

O ki qaldı qətl hadisəsindən sonra hərbi hissədəki həbslərə, valideynlər hesab edirlər ki, qətllə əlaqəsi olmayan və başqa özbaşınalıqlarda təqsirləndirilən zabitlərin həbsi diqqəti əsl hadisədən yayındırmağa hesablanıb.

ƏSGƏR VALİDEYNLƏRİ TƏLƏB EDİRLƏR Kİ...

7 mərhum əsgərin valideynləri hesab edirlər ki, istintaq orqanı əsgərlərin dalaşaraq bir-birlərini qətlə yetirdiklərini deməklə onların ruhlarını təhqir edir.

Valideynlərin fikrincə, səbəbindən asılı olmayaraq əgər əsgər ölübsə, dövlət onun ailəsinin sosial rifahının qeydinə qalmalıdır.

Qətlə yetirilmiş əsgər Cavid Cavadzadənin yaxın qohumu Sevda Allahyarova:

«Oğul sağ qayıtsaydı, gəlib anasına, qardaşına sahib çıxardı. Biz verdik onu vətənə, heç olmasa vətənin böyükləri onun ailəsinə hörmət qoysunlar, diqqət göstərsinlər. Yoxsa ki, ölənlərin üstünə biabırçı ləkə atmasınlar».

Bu il fevralın 20-də Müdafiə Nazirliyinin Şəmkir korpusunun Göygöl rayonundakı hərbi hissələrindən birində 7 əsgərin ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib. Hadisə ilə bağlı təhqiqat aparıldıqdan sonra prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunub, eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilib. Onun yerinə Bakı qarnizonunun rəisi, milli qəhrəman, general-leytenant Rövşən Əkbərov təyin edilib.
XS
SM
MD
LG