Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:47

İsa Qəmbər: «2 aprel mitinqinin məsuliyyətini öz üzərimə götürməyə hazıram»


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
«MÜSAVATÇILAR 100 İLDİR HƏQİQƏTİ DEMƏKLƏ MƏŞĞULDURLAR»

Sentyabrın 23-də 2 aprel aksiyasında saxlanan müxalifətçilərin məhkəməsində ifadə vermək üçün dəvət olunanlardan biri də Müsavat başqanı İsa Qəmbər idi. O, əvvəlcə təqsirləndirilən şəxslər - Müsavat başqanının müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidli ilə görüşdü.

Hakim:

- İsa bəy, məhkəməyə iltizam verin ki, şahid kimi düzgün ifadə verəcəksiniz, bilə-bilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə məhkəmə qarşısında cinayət məsuliyyəti daşıyırsınız. Orda şahidin andı var, zəhmət olmasa, onu bərkdən səsləndirin.

İsa Qəmbər:

- Müsavatçılar 100 ildir ki, həqiqəti deməklə məşğuldurlar, hörmətli hakim.

«MƏN BUNU İLHAM ƏLİYEVƏ BAĞIŞLAMAYACAĞAM»

İsa Qəmbər şahid andını oxuduqdan sonra İctimai Palatanın parlament seçkilərindən sonra yaranmış bir vətəndaş hərəkatı olduğunu bildirdi. O, əlavə etdi ki, İctimai Palata dinc mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də, qurum onlara mitinq üçün münasib olmayan yer təklif edib. Ona görə də qərara alınıb ki, mitinq «Fəvvarələr meydanı»nda keçirilsin.

İsa Qəmbər dedi ki, izlədiyi videogörüntülərdən 2 aprel mitinqində zorakılığın hazırda həbsdə olanlar tərəfindən yox, polis tərəfindən baş verdiyinin şahidi olub. Ancaq istintaq orqanı zorakı hərəkətləri və əmlaklara əsl zərər vuranları gizlədərək İctimai Palatanın üzvlərini həbs edib.
Əli Kərimli ifadə verir
O, məhkəmə prosesini «tarixi ləkə» adlandırıb, 2 aprel mitinqinin məsuliyyətini öz üzərinə götürüb:

«2 aprel mitinqinin mütləq bir təşkilatçısı, mitinqin məsuliyyətini öz üzərinə götürəcək bir şəxs varsa, hesab edin ki, o, mənəm. Mən - İsa Qəmbər 2 aprel mitinqinin keçirilməsinin məsuliyyətini öz üzərimə götürməyə hazıram».

Sonra İsa Qəmbər prokurorun suallarını cavablandırdı. Prokurorun İsa Qəmbərə verdiyi bəzi suallar Arif Hacılının etirazlarına səbəb oldu. Arif Hacılı hakimə bildirdi ki, prokuror İsa Qəmbərə şahidə aid yox, təqsirləndirilən şəxsə aid olan suallar verir. Hakim belə sualların qarşısını aldı.

İsa Qəmbər ifadəsini belə yekunlaşdırdı:

«Bu il Müsavat Partiyasının yaradılmasının 100 illiyi, Azərbaycanın müstəqilliyinin isə 20 illiyi qeyd olunacaq. Həmin əlamətdar günlərdə mənim tərəfdaşlarım yanımda olmasa, mən bunu nə bu hakimiyyətə, nə də İlham Əliyevə bağışlamayacağam».

«HAKİMİYYƏT BU MİTİNQDƏN MÜXALİFƏTƏ QARŞI REPRESSİYA KİMİ İSTİFADƏ ETDİ»

Sonra AXCP sədri Əli Kərimli ifadə verdi. O dedi ki, hakimiyyət 2 aprel mitinqindən müxalifətə qarşı repressiya kimi istifadə edib, hakim Yeni Azərbaycan Partiyası onun evinin, Müsavat Partiyasının qarşısında aksiyalar təşkil edib.

2 aprel aksiyası ilə bağlı qanun pozuntularına gəlinsə, Əli Kərimli bunları dedi:

«Mən bir neçə qanun pozuntusu görmüşəm. Bunlar barədə məhkəməyə məlumat vermək istəyirəm. Bunlardan biri odur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səlahiyyətlərini aşaraq heç bir zərurət olmadığı, onlara qarşı heç bir müqavimət olmadığı halda mitinq iştirakçılarını döyüblər. Bu da birbaşa polis haqqında qanunun pozulmasıdır, hesab edirəm ki, cinayət əməlidir».

Arif Hacılı
Sonra Əli Kərimli məhkəmənin suallarını cavablandırdı.

Hər iki partiya sədrinin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatəti təqsirləndirilən şəxslər qaldırmışdı.

MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞDI

Sonra Arif Hacılı vəsatət qaldırıb ki, məhkəməyə əlavə şahidlər dəvət olunsun. O, Elçin Cərullayev adlı şəxsin 2 aprel aksiyasında çəkdiyi videogörüntülərdə əmlaklara zərər vurmaqla təxribat edənlərin açıq-aydın göründüyünü dedi. Ona görə də Elçin Cərullayevin şahid kimi dindirilməsini xahiş etdi. Arif Hacılı həmçinin, aksiyaya görə hazırda həbsdə olanların da dindirilməsini istədi:

«Bu iş üzrə təqsirləndirilən şəxslər Sahil Kərimov, Babək Həsənov, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Zülfüqar Eyvazovun da məhkəmə prosesində dindirilməsini xahiş edirik».

Hakim vəsatətin yalnız Elçin Cərullayevlə bağlı hissəsini təmin etdi.

Günün ikinci yarısı hakim məhkəmə istintaqının yekunlaşdığını elan etdi. Məhkəmə prosesi sentyabrın 26-da davam edəcək. Həmin gün prokurorun təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilir.

2 aprel aksiyasında saxlanan 14 müxalifət fəalı hakimiyyət nümayəndəsinə müqavimət və ictimai asayişi pozmaqda təqsirləndirilir. Onlardan 6-sı il yarımdan üç ilədək cəza alıb.
XS
SM
MD
LG