Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:05

Firəngiz Mütəllimova: «Heydər Əliyevi çox istədiyim üçün YAP üzvüyəm»


Aktrisa Firəngiz Mütəllimova
Aktrisa Firəngiz Mütəllimova
Aktrisa Firəngiz Mütəllimovanın AzadlıqRadiosuna müsahibəsi

- Firəngiz xanım, bayaq zəngləşəndə dediniz ki, dərsdəsiniz. Tələbələriniz arasında gələcəyin Yusif Vəliyev, Adil İsgəndərov, Nəsibə Zeynalovasını... - siyahını uzatmaq olar – görürsünüzmü?

- Görürəm, çox istedadlı uşaqlar var. 10-12 tələbənin içində ikisi-üçü var. Hiss eləyirsən ki, kim bu sənəti kim sevir, necə aktyor olmaq istəyir.

- Amma nədənsə Azərbaycan tamaşaçısı son illər gənclər arasında səhnəyə gurultulu imza ilə gələn aktyoru görmür...

- Bizim dövrümüzdə elə idi ki, rejissor Tofiq Kazımov bizi diplom tamaşamıza baxıb seçmişdi. Biz uğurlu rollarla səhnəyə gəldik. Bəlkə də bu, bizim alın yazımız idi. O vaxt bəlkə İnternet saytlar, «krosnı antena»lar, bu qədər telekanallar yox idi, bəlkə ona görə... Amma tamaşaçı teatra gəlsə, o aktyorları görəcək.

- Azərbaycanda son illər seriallar verilir. Yerli tamaşaçının həm də türk seriallarını, digər xarici serialları izləmək imkanı olur, siz necə, müqayisə eləyirsinizmi?

- Bizdə indi təzə başlayır. Hiss eləyirsiniz vəziyyət necədir... Yəni kimsə güc-bəla ilə istəyir ki, nəsə eləsin. Bizdəki serialların sponsoru iki təşkilat olur, amma onlarda nə qədərdir.

AZƏRBAYCANDA RƏQABƏTƏ DAVAMLI SERİALLAR

- Mətbuatda belə rəylər oxuyuruq ki, Azərbaycan seriallarında aktyor oyunu sünidir, inandırıcı deyil, ssenari zəifdir.

- Əvvəl-əvvəl dünyada da belə zəif başlayıb ssenarilər, tədricən yerini alıb. İndi bizdə də istər tarixi, istər müasir ssenarilər yazılır, inşallah, yaxşı olar. İndi cənab İlham Əliyev sərəncam verib serialların çəkilməsi üçün. Rəqabət başlayır, televiziyalarda indi dekorasiyalar qurulur, aktyor heyəti yığılır, ssenarilər yazılır.

- Bu seriallar Azərbaycanda yayımlanan Braziliya filmlərinə, türk, İran serialları ilə rəqiblik edə biləcəkmi?

- Mən də bu seriallara baxıram. Türk seriallarının birini də buraxmıram. Bizdə belə serial çəkmək hələ çox tezdir, hələ yeni başlayır, ancaq uğurlar arzulayaq.

Firəngiz Mütəllimova teatr məşqlərində
Firəngiz Mütəllimova teatr məşqlərində
- Yəni nəyə ehtiyac var: rejissora, ssenariyə?

- Çox şeyə. Rejissora, ssenariyə, aktyora... Serial çəkmək çətin işdir, kollektivi yığmaq çox çətindir. Ona illərlə hazırlaşmaq lazımdır.

TÜRK AKTRİSALARI İLƏ MÜQAYİSƏDƏ...

- Firəngiz xanım, istedad səviyyəsi sizinlə bir çəkiyə gələn türk aktrisaları ilə özünüzün taleyinizi müqayisə edirsizmi? Onların populyarlığını, maddi imkanlarını...

- Sözsüz. Onların 70 milyon əhalisi var, bizdə isə fərqlidir. Qazancları da daha artıqdır. Amma mən də öz vətənimdə yetərincə populyaram, bundan narahatçılığım yoxdur.

- Bu populyarlıq maddi imkanlarınızı genişləndirirmi?

- Yox, biz maaşla yaşayırıq, azca da qonorarla. Amma indi durğunluq dövrüdür, keçid dövrüdür. Mən şadam ki, müstəqil Azərbaycanın bu səviyyədə aktrisasıyam.

«TELEVİZİYA TAMAŞALARINA EHTİYAC VAR»

- Firəngiz xanım, sizə illər öncə Yaşar Nuri ilə birgə oynadığınız rolla («Səni axtarıram» trilogiyası) bağlı daha çox sual verilməsi bəzilərində qıcıq yaradır ki, nə qədər Gülnardan soruşmaq olar. Bəlkə Azərbaycan tamaşaçısının yaddaşında sizin daha çox Gülnar kimi qalmanızın səbəbi bundan daha güclü rolunuzun olmamağıdır?

- Televiziya tamaşaçılarına elə gələ bilər. Mən Gülnarı elə də güclü rol saymıram, sadəcə, o vaxt müasirimi oynamışdım. Mənim teatrda, səhnədə daha güclü, sanballı, xarakterik rollarım olub.

- Bu gün o televiziya tamaşaları yoxdur...

- Yoxdur... O vaxt dekorasiya qurulurdu, bədii şura vardı. İndi bunlar olmadığı üçün hər şey yönəlib kommersiyaya. O vaxt tamaşalar qızıl fonda gedirdi. İndi belə şeylər yoxdur. Olsaydı, böyük məmnuniyyətlə çəkilərdik.

«HEYDƏR ƏLİYEVİ ÇOX İSTƏDİYİM ÜÇÜN YAP-A GƏLDİM»

Heydər Əliyev
Heydər Əliyev
- Firəngiz xanım, bəzi sənət adamları siyasətə də meyl göstərirlər. Sizin belə bir meyliniz yoxdur?

- Yox, yox. Sadəcə olaraq, Heydər Əliyevi çox istədiyim, ondan da sənətimə diqqət gördüyüm üçün onun yaratdığı Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ancaq dövlət tədbirlərində iştirak edirəm. Dövlətin teatrında çalışıram. Mənim siyasətim teatrda rolumu düzgün oynamağımdır.

- YAP-ın hansı şöbəsinin üzvüsünüz?

- Bakının Yasamal rayonun.

- Bir vətəndaş kimi ürəyinizdən keçirmi ki, hansısa sosial problemi YAP-ın Yasamal rayon şöbəsinin iclasında qaldırasınız?

- Açığı düşünmürəm. Son bir ildə sağlamlığımla məşğulam. Səhhətimdə problemlərim var, hələ ki, özümləyəm.

SADƏCƏ SƏNƏTKARA DİQQƏT

- Firəngiz xanım, bu günlərdə Müsavat partiyasının 100 illiyi qeyd olundu, geniş səviyyədə keçirilməsinə şərait yaradılmadı, siz izləmədiz bu prosesi?

- Yox, mən siyasətə qarışmıram. Hər halda ağır əməliyyat keçirəndə gözümü açıb başımın üstündə iqtidarı görmüşəm. Müxalifət mənə heç nə etməyib.

- Siz müxalifətdən nəsə umursuzmu?

- Yox, o da azərbaycanlıdır, mən də. Məsəl üçün dedim, mən heç nəyə qarışmıram, başımı aşağı salıb işimi görürəm. Aktyorun işi səhnədə roluyla sözünü deməkdir.

- Sizcə, müxalifət nə etməlidir ki, onu etmir?

- Heç nə. Sadəcə sənətkara qarşı diqqətli olmalıdır, elə hamıda bizə qarşı diqqət olmalıdır.
XS
SM
MD
LG