Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Nabucco Azərbaycandan daha çox qaz almağa ümid edir


Nabucco kəmərinin xəritəsi
Nabucco kəmərinin xəritəsi
Xəzər regionundan təbii qazın Avropa bazarlarına çatdırılması üçün nəzərdə tutulan
Nabucco qaz kəməri layihəsinin kommunikasiya və ictimai əlaqələr bölməsinin rəhbəri Christian Dolezal Azadlıq Radiosunun əməkdaşı Bruce Pannierə müsahibə verib. Hazırda Türkiyədə olan Dolezalla müsahibəni təqdim edirik.

- Hazırda Türkiyədəsiniz, səfərinizin məqsədi nədir?

- Biz burada keçirilən beynəlxalq konfransa gəlmişik. Konfransda başqa kəmər layihələri də özlərini təqdim edirlər. Əlbəttə, başqa görüşlər haqqında məlumat verməyə səlahiyyətli deyiləm.

Əlbəttə, Türkiyə bizim üçün çox vacib şəbəkə ölkəsidir. Bu ölkə bizim layihədə payçıdır. Türkiyədə, İstanbulda olmaq bizim üçün çox vacibdir, həm də xoşdur.

- Belə məlumatlar var ki, kəməri Bakıya qədər uzatmaq təklif edilib. Bu düzdür?

- Yox, mən bu barədə danışa bilmərəm. Üzr istəyirəm, bu mövzuda bir söz deyə bilməyəcəm, çünki biz Türkiyə və Gürcüstanın sərhədlərində bitən, Türkiyə-Gürcüstan, Türkiyə-İraq sərhədləri boyunca gedən Nabucco layihəsindən danışırıq.
Kəmərin uzadılması da müzakirə mövzusudur. Amma bu ideyalar müzakirə mərhələsində olduğundan məsələ haqqında ətraflı məlumat verə bilmərəm.

Aydındır ki, Nabucco Azərbaycanın Şah Dəniz və başqa yataqlarından da qaz almağa çalışır. yatağından çıxan qazı da Avropaya ixrac etmək istəyir. Biz bu məsələ üzərində işləyirik.

- Siz Şah Dənizin adını çəkdiniz. Amma məlumatlar var ki, Siz bu yataqdan yalnız 10 milyard kubmetr qaz ala bilirsiniz. Bu həcm Nabucco-nun ilk mərhələsi üçün kifayət etsə də kəmərin tam doldurulması üçün lazım olan qazın heç üçdə-biri də deyil. Bu məsələyə münasibətiniz necədir?

- Doğrudur ki, Nabucco 31 milyard kub metr qaza hesablanıb. Çünki böyük kəmər tikirsənsə, demək daha çox qaz ötürə və daha yaxşı qiymətlər təklif edə biləcəksən. Əlbəttə, Şah Dənizin qaz ehtiyatı bir həddə qədərdir. Amma bilirik ki, o regionda başqa qaz mənbələri də var, ilk növbədə elə Azərbaycanın özündə başqa mənbələr var. Bunları nəzər alanda demək olar ki, Nabucco-nun ilkin mərhələdə işə salınması üçün kifayət qədər qaz var.

Biz həmçinin Türkmənistandan qaz ala biləcəyimizi düşünürük. Orada Xəzərin altından keçən bir kəmər haqqında söhbət gedir.

Başqa tərəfdən, İraqda kifayət qədər qaz ehtiyatları var.

Yəni, ümumilikdə götürdükdə, demək olar ki, böyük qaz kəmərləri üçün kifayət qədər qaz ehtiyatı var. Biz hesab edirik ki, Nabucco-nu ilkin mərhələdə doldurmaq üçün də Azərbaycanda kifayət qədər qaz var.

- Bu yaxınlarda Fransa şirkəti Total bildirib ki, Azərbaycanın Abşeron qaz yatağında Nabucco-nu 11 il qazla təmin edəcək qədər qaz var. Nabucco Abşerondan da qaz almağı planlaşdırırmı?

- Azərbaycandakı mənbələr, yataqların potensialı bizim hazırda danışıqlar apardığımız Şah Dəniz yatağının imkanlarından daha çoxdur. Nabucco bütün bu mənbələrdə maraqlıdır. Məncə, qaz alıcıları və bizim payçılarımız bütün əlavə mənbələrlə danışıqlar aparacaqlar.

- Kəmərin tikintisi işlərinə nə zaman başlanır? Kəməri nə zaman işə salmağı planlaşdırırsınız?

- Bütün bunlar sözsüz ki, kəmərə kifayət qədər həcmdə qazın tapılmasından asılıdır. Qaz çıxarılan anda biz əmin olmalıyıq ki, kəmərimiz də hazırdır. İlkin olaraq, kəmərin tikintisinə başlamağı 2013-cü ildə nəzərdə tuturuq. Əlbəttə, bundan əvvəl də qaz sazişləri imzalanmalıdır.

Əgər Azərbaycan qaıznı 2018-ci ildə çıxarmağa başlayacaqsa, biz işlərə 2017-ci ildə də başlaya bilərik. Bu, o qədər də önəmli deyil. Vacib olan odur ki, Şah Dəniz konsorsiumu mümkün qədər tez qərar qəbul etsin. Bundan sonra biz də layihə üçün lazım olan növbəti addımları ata bilək.

- Belə xəbərlər var ki, Azərbaycan Cənub Dəhlizi ilə bağlı tender keçirəcək. Üç kəmər layihəsi, o cümlədən də Nabucco bu tenderə qatılacaq. Buna ümidləriniz necədir?

- Bəli, biz də mediadan bu barədə məlumat almışıq. Əlbəttə, mümkün qədər tez rəsmi məlumat gözləyirik. Amma bu, bizdən asılı deyil, bu barədə Şah Dəniz konsorsiumu müzakirə aparıb qərar qəbul etməlidir.

- Xərclər barədə nə məlumat var?

- Biz həmişə qeyd edirik ki, Nabucco-nun 7.9 milyard avroya başa gələcəyini düşünürük. Hazırda biz bu rəqəmləri bir daha nəzərdən keçiririk. Hazırda olduqca çox sayda versiyalar, müxtəlif rəqəmlər dolaşır. Onların bir çoxu absurd dərəcədə yüksək rəqəmlərdir. Bunlar qətiyyən Nabucco-nun tikintisinə çəkiləcək xərc deyil. Nabucco üçün bütün məlumatlar əldə edilən kimi onun çəkilməsinə lazım olacaq məbləğ də daha asan hesablana biləcək.

- Nabucco-dan danışanda Türkmənistan həmişə bir addım “qapıya yaxınlaşır”, amma konkret öhdəliklərə gələndə, heç vaxt “ayağını içəri qoymur”. Bu yaxınlarda Avstriya prezidentinin Türkmənistana səfəri zamanı da bu ölkənin prezidenti Nabucco-ya maraqlarını izah etdi. Türkmənistanın Xarici İşlər naziri keçən həftə Rusiyanın trans-Xəzər qaz kəməri ilə bağlı danışıqlara müdaxilə etməkdə günahlandırdı. Türkmənistanın Nabucco-da iştirak edəcəyinə nə qədər ümidlisiniz?

- Biz tamamilə əminik ki, Türkmənistan Nabucco kimi kəmər layihələrində iştirak edib öz qazını ixrac etmək istəyir. Türkmənistan əmindir ki, bu kəmərlərlə daha çox müştəriyə çıxa bilər. Uzunmüddətli dövr üçün Avropada daha çox alıcı əldə etmək, Nabucco ilə də qaz ixrac etmək istəyir.

- Nabucco-nun payçılarından hər hansı biri trans-Xəzər kəmərinin tikintisinə investisiya qoya bilərmi?

- Bu, payçıların öz işləridir. Bu mövzuda danışmaq hələ tezdir, amma prinsipcə, bu istiqamətdə müəyyən tələblər var. Amma belə qərarlar yeni kəmərin tikintisi, yoxsa, mövcud olanın imkanlarının artırılcağı barədə qərarın qəbulundan sonra verilə bilər. Amma yenə də deyirəm, bu barədə danışmaq hələ tezdir.

- Məlumatlara görə Nabucco-nun yeni payçısı da var - Bayerngas. Bu şirkət haqqında bir az daha çox məlumat verə bilərsinizmi?

Bayerngas bizim konsorsiuma qoşulmaq istədiyini bildirib və tezliklə onunla danışıqlar başlayacaq. Bayerngas Avropanın mərkəzində çox böyük sayda müştərilərə malik olan bir şirkətdir. Ona görə düşünürəm ki, onun konsorsiuma qoşulması çox cəlbedici olardı. Bu bizə yerlərdə satıcılara daha yaxşı qiymətlər təklif etməyə imkan verir.
XS
SM
MD
LG