Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Prokuroru Youtube-a nə çıxardı?


Tofiq Ağacanov
Tofiq Ağacanov
Ötən həftəsonu Tofiq Ağacanov «Youtube» sosial şəbəkəsi vasitəsilə ölkə prezidentinə müraciət edib, pozulmuş hüquqlarının bərpasında kömək istəyib.

«FƏRDA QƏDİROVA GÖRƏ PROKURORLUQ ORQANLARINDAN XARİC OLUNMUŞAM»

«Fərda Qədirov mənə qohum hesab edilə bilməz. 15 il bundan əvvəl mənim ögey qardaşım onun bacısını boşayıb. Bundan sonra bizim heç bir münasibətimiz olmayıb».

Sonuncu iş yeri Abşeron rayon prokurorluğu olan Tofiq Ağacanov deyir ki, baş prokuror Zakir Qaralov onun Fərda Qədirovla qohumluq əlaqələri olmasını səbəb gətirərək 2 il 4 ay əvvəl prokurorluq orqanlarından xaric edib.

Ötən həftənin sonu Tofiq Ağacanov Youtube video şəbəkəsi vasitəsilə ölkə prezidentinə müraciət edib, pozulmuş hüquqlarının bərpasında kömək istəyib.

Gürcüstan vətəndaşı olmuş Fərda Qədirov 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfərin ölməsi, 13 nəfərin yaralanması ilə nəticələnən qətl törətmişdi. İbtidai istintaq Fərda Qədirovun hadisə yerində özünü öldürdüyünü əsas gətirərək cinayət işinin onunla bağlı hissəsinə xitam verib. Məhkəmə isə cinayətlə bağlı 3 nəfəri ömürlük, 1 nəfəri uzunmüddətli həbsə məhkum edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, «Abşeron rayon prokurorunun böyük köməkçisi işləmiş Tofiq Ağacanov Fərda Qədirovla qohumluq əlaqəsində olmasına baxmayaraq onunla bağlı məlumatları istintaqa verməyib. Prokuror vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə, o, Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib».

«BU, ABSURDDUR VƏ QANUNAZİDDİR»

Fərda Qədirov
Fərda Qədirov
Tofiq Ağacanov isə Fərda Qədirova görə prokurorluq orqanlarından xaric olunmasını absurd və qanunazidd hesab edir. Deyir ki, 15 il əvvəl ailələr arasında münasibətlər pozulandan sonra Qədirovlarla əlaqə də itib: «Mənim heç bir əlaqəm olmayıb, bunlar hara gediblər, nə ilə məşğul olublar, bilmirəm. Yəni mən gəlib Qaralova məlumat verəndə o məndən soruşacaqdı ki, atası, anası, qardaşı hardadır? Mən gərək ona lazımlı olan məlumatı verəydim axı, məndə isə bu məlumatlar yox idi».

Tofiq Ağacanovun sözlərinə görə, özünün əlaqəsi olmasa da, Qədirovlar barədə məlumatı olan qohumlarına bu barədə istintaqa məlumat vermələrini tapşırıb:
«Onlar Baş Prokurorluğa getdilər, Fərdanın valideynlərinin harada yaşaması barədə məlumat verdilər. Əməliyyat qrupu Rusiyaya ezam olundu, Fərdanın atasını, anasını, qardaşını tapıb ifadələrini aldılar».

FƏALİYYƏTİ QISA VAXTDA 6 DƏFƏ YOXLANILAN PROKUROR MÜAVİNİ

Tofiq Ağacanovun sözlərinə görə, 1992-2000-ci illərdə Sabunçu rayon prokurorluğunda prokuror vəzifəsində işləyərkən Zakir Qaralov həmin prokurorluğa prokuror vəzifəsinə təyin olunub. Bir müddət birlikdə çalışıblar. Münasibətləri normal olub. Ancaq Qaralov baş prokuror təyin olunandan sonra, sanki «aralarından qara pişik keçib». Ancaq deməsinə görə, bunun səbəbini özü də bilmir. Deyir Qaralov baş prokuror təyin olunan kimi onun fəaliyyəti nə az, nə çox, düz 6 dəfə yoxlanıb:
Zakir Qaralov
Zakir Qaralov

«Axırda yoxlamanı aparanların, Sabunçu rayon prokurorunun hesabatına zidd olaraq Qaralov mənə aid olmayan, uydurma nöqsanlar əsas gətirərək ədalətsiz əmr verdi».
Bu əmrlə Tofiq Ağacanov 2000-dən 2001-ci ilə qədər bir il baş prokurorun sərəncamında qalıb. 1 ildən sonra onu çağıraraq ucqar rayonlarda müstəntiq işi təklif ediblər. Ancaq razılaşmayıb. Nəhayət, o, 2001-ci ildə Abşeron rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub. Tofiq Ağacanov deyir ki, müxtəlif ağır cinayətlərin açılmasında iştirakı ilə müşaiyət olunan prokurorluq orqanlarındakı 30 illik fəaliyyətinə baxmayaraq onun rütbəsi kiçik ədliyyə müşavirindən o tərəfə keçməyib.

İŞDƏN ÇIXARILIB, ƏMRİN SURƏTİNİ ƏLDƏ EDƏ BİLMİR

Onun sözlərinə görə, 2 ildən artıqdır ki, prokurorluq orqanlarından xaric edilib, ancaq hələ də ona baş prokurorun əmri verilməyib. Buna görə də o, pozulmuş hüquqlarını məhkəmə müstəvisinə çıxara bilmir. Deyir «elə əmrin surətini də mənə ona görə vermirlər».

Baş prokurorluğun mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildiriblər ki, əmrin qanuni və əsaslı olması barədə Tofiq Ağacanova müvafıq qaydada yazılı cavab verilib, eyni zamanda pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi məqsədilə məhkəmə orqanlarına müraciət etmək hüququ da ona izah edilib.

Bu, hüquq-mühafizə orqanları ilə bağlı sosial şəbəkələrdə yayılan ilk şikayətdir. Bundan əvvəl youtube video şəbəkəsində zabit və əsgərlər orduda nizamnamədən kənar hərəkətlər, eləcə də korrupsiya iddialarına dair video-çarxlar yayıblar.
XS
SM
MD
LG