Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Qadın bərabərsizliyində Azərbaycan 91-ci yerdədir


Qadın-kişi bərabərsizliyində Azərbaycana 135 ölkə arasında 91-ci yer verilib.

Dünya İqtisadi Forumu 2006-cı ildən başlayaraq hər il Gender Bərabərsizliyi Hesabatını hazırlayır.

Bu ilki hesabata izah verən Dünya İqtisadi Forumunda baş direktor Saadia Zahidi deyir:

“Hesabat obyektiv göstəricilər əsasında başa düşməyə çalışır ki, qadın bərabərsizliyi hansı miqyasdadır. Hesabat 4 sahə üzrə göstəricilər əsasında hazırlanır: iqtisadiyyatda və siyasətdə iştirak və imkanlar, təhsilə çıxış, sağlamlıq”.

Bunlar yüksək bilik və bacarıq tələb edən iqtisadi və siyasi vəzifələrə qadınların çıxışına, maaşlara, sağlamlığa qədər geniş spektri əhatə edir.

Hesabatda əvvəlcə sahələr üzrə qiymət verilir. 1 bal qadınlarla kişilərin bərabərliyini, 0 bal isə tam bərabərsizliyini göstərir.

Azərbaycan 2011-ci ilin hesabatında 0,6577 bal alıb.
Bu o deməkdir ki, qadınlar kişilərlə müqayisədə imkanlarının 65 faizini reallaşdıra bilirlər.

Müqayisə üçün, birinci yerdə olan İslandiya 0,8530 bal yığıb.

AZƏRBAYCAN 5 İLDƏ GERİLƏYİB

Azərbaycanın bu hesabatlarda yerini izləsək, son 5 ildə Azərbaycan geriləyib.

Azərbaycan 2007-ci ildə 59-cu yerdə idisə, 2008-ci ildə 61-ci, 2009-cu ildə 89-cu, 2010-cu ildə 100-cü yerə düşdü.
İndi ilk dəfədir ki, yuxarı qalxır- 100-cü yerdən 91-ci yerə.

HANSI SAHƏDƏ AZƏRBAYCAN 132-Cİ YERDƏDİR?

Sahələr üzrə götürsək, kişilərlə qadınların maaş fərqində və ya yüksək bilik tələb edən iqtisadi vəzifələrə qadınların çıxışında Azərbaycan dünyada 70-ci yerdədir. Yəni bu sahədə qadın bərabərsizliyi Azərbaycanda ən azdır. Azərbaycan bu sahədə dünyada ortalardadır.

Qadınların təhsilə çıxışında Azərbaycan 73-cü yerdədir.

Qadınların siyasətdə yer tutması isə Azərbaycanda daha pis vəziyyətdədir. Azərbaycan dünyada 103-cüdür.

Ən pis vəziyyət isə sağlamlıq sahəsindədir. Burda Azərbaycan 135 ölkə arasında 132-ci yerdədir.
Bu, yəqin ki, xeyli sual doğurur.


Hesabatın bu sahə üzrə göstəricisi anadan olan qızlarla oğlanların sayının nisbətinə və qadınlarla kişilərin ömürlərinin neçə ilini sağlam yaşamasına əsaslanır.
Yəni, Azərbaycanda qadın öz ömrünün neçə ilini sağlam yaşayır? Və kişi neçə ilini sağlam yaşayır?

Dünya Səhiyyə Təşkilatının göstəriciləri əsasında hesabat bu nəticəyə gəlir ki, Azərbaycanda qadınların sağlam həyat illəri kişilərlə müqayisədə xeyli azdır.

Qaldı ki, doğulan oğlanların qızlardan çox olmasına, Azərbaycan Ermənistan, Hindistan, Vyetnam kimi ölkələrlə yanaşı dünyada ikinci yeri tutur.
Azərbaycanda, Ermənistanda hər doğulan 100 qıza 112 oğlan düşür.

Dünyada yalnız Çin və cüzi irəlidədir. Çində doğulan 100 qıza 113 oğlan düşür.

QADININ GƏLİRİ KİŞİNİN GƏLİRİNDƏN 2 DƏFƏ AZDIR

Sahələr üzrə hesabatla tanışlığı davam etdirsək, qadınlarla kişilərin maaş fərqinə görə Azərbaycan 54-cü yerdədir.

Ümumi gəlirlərdə Azərbaycanda qadının gəliri kişinin gəlirindən təxminən 2 dəfə azdır. Azərbaycan burda 85-ci yerdədir.

Qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar Azərbaycanda azdır. Azərbaycan 117-ci yerdədir.

Maraqlıdır ki, burda dünya lideri Yamaykadır. Yamaykada hər 100 deputatdan, rəsmi vəzifəlidən cəmi 41-i kişidir. 59-u isə qadındır.

Peşəkar və texniki işçilər arasında qadınların payı isə Azərbaycanda yüksəkdir. Azərbaycan dünyada 33-cü yerdədir.

Burda dünya liderləri Estoniya, Latviya, Litvadır. Estoniyada hər 100 peşəkar və texniki işçidən 68-i qadındır.

İbtidai təhsilə çıxışda isə Azərbaycan 101-ci yerdədir.

Burda qızların və oğlanların ibtidai təhsilə çıxışları təxminən eynidir- qızlarda 84 faiz, oğlanlarda 86 faizdir. Bu da inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır.

Dubayda bir xarici və iki yerli qadın çimərlikdə
Dubayda bir xarici və iki yerli qadın çimərlikdə

İSLANDİYA BİRİNCİDİR

Sonda Gender Bərabərsizliyi hesabatının özünə qayıtsaq, dünyada qadın-kişi bərabərsizliyinin ən az olduğu ölkə İslandiyadır. Bərabərsizliyin ən çox olduğu ölkə Yəməndir.

1. İslandiya
2. Norveç
3. Finlyandiya
4. İsveç
5. İrlandiya
6. Yeni Zelandiya
....
43. Rusiya
44. Qazaxıstan
84. Ermənistan
86. Gürcüstan
91. Azərbaycan
125. İran
133. Pakistan
134. Çad
135. Yəmən
XS
SM
MD
LG