Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:30

Bakı kinoteatr erasının sonunda?


Köhnə bakılı Emil Seyidrzayev
Köhnə bakılı Emil Seyidrzayev
«Mən əvvəllər Bakıdakı bütün kinoteatrlara getmişəm. İndi isə kinoteatrların qarşısından keçəndə bunu deyə bilirəm – vaxtilə burada «Araz» kinoteatrı var idi, vaxtilə burada «Vətən» kinoteatrı var idi... Bir azdan deyəcəyik ki, vaxtilə burada «Azərbaycan» kinoteatrı var idi. Təəssüf ki, bu gün bunların hamısına «vaxtilə» deyirik».

KİNOTEATR HƏM DƏ ÜNSİYYƏT YERİ İDİ

Köhnə bakılı Emil Seyidrzayev deyir ki, uşaqlıq, yeniyetməlik, gənclik dövrlərində Bakıdakı bütün kinoteatrlarda olub. Ancaq indi içi özü qarışıq adamların niyə kinoteatra getməməsinə təəccüblənir:

«İndi televiziya kanalları çoxdur, bundan başqa istədiyin filmi alıb evində baxırsan. Ancaq başqa şey var. Qabaqlar adamlar kinoya təkcə kinoya baxmaq üçün getmirdi, ünsiyyət yeri kimi gedirdi. Hamı bilirdi ki, bu gün hansı film olacaq. Əvvəlcə foyedə yığışırdılar. Filmdən bir 20 dəqiqə əvvəl foyedə bir ünsiyyət olurdu. Hal-əhval tuturdular, yeniliklərdən xəbərdar olurdular. İndi isə uzaqbaşı üç adam bir-biri ilə söhbət edir. Bu ünsiyyət deyil, bu dərdləşmədir».

Emil Seyidrzayev deyir ki, uşaqlığının, yeniyetməliyinin, gəncliyinin mədəniyyət dostları olan Bakı kinoteatrlarının bu günkü vəziyyəti onu çox ağrıdır. Ancaq əlindən bir şey gəlmir.

KİNOTEATRLARIN VƏZİYYƏTİ NECƏDİR?

Nizami kinoteatrı
Nizami kinoteatrı
Bakıdakı kinoteatrların bu gününə gələndə, Nizami kinoteatrı 2008-ci ildən təmirdədir. Binanın hazırkı vəziyyətindən görünür ki, təmir qurtarmaq üzrədir. Binada rəhbərlikdən bir kimsə olmasa da ərazidəki mühafizəçi dedi ki, yaxın günlərdə açılış olacaq. Mədəniyyət ə Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov AzadlıqRadiosuna bildirdi ki, açılış ilin sonuna planlaşdırılıb. Bina təkcə kinoteatr yox, həm də Beynəlxalq Kino Mərkəzi kimi istifadəyə veriləcək.

Bu günlərdə rəsmən elan olundu ki, «Azərbaycan» kinoteatrı da fəaliyyətini dayandıracaq. Kinoteatr bir neçə ildir özəlləşdirilib. Bağlanma səbəbləri haqqında rəhbərlikdən hər hansı məlumat verilmədi. Kinoteatrdan bir onu dedilər ki, hələ ki, kino göstərirlər. Burdakı qiymətlər 5-7 manat arasında olsa da, bura kinoya baxmağa gələnlər var. Tamaşaçılardan biri Nadir Əliyev deyir ki, həftədə bir dəfə burda kinoya baxır. Kinoteatrın bağlanma xəbərinə isə çox heyfslənir.
«Heç olmasa normal bir yer var idi. Dostlarla gəlib baxırdıq...»

KİNOYA BAXMAQ İSTƏYƏNLƏR VƏ İSTƏMƏYƏNLƏR

Şəhərin mərkəzindəki başqa bir kinoteatrda - Araz kinoteatrının qarşısında afişalar vurulub. Yerli və əcnəbi filmlər göstərilir. Özünü təqdim etməyən kassir deyir ki, müştəri olan kimi film göstərirlər. Təmirsiz binada göstərilən filmin qiyməti 4-5 manat arasındadır.

Bakı sakini Kəmalə Abdullayeva deyir ki, o, bu cür kinoteatrda heç filmə baxmaq istəmir:

«Niyə görə, 4 manat verib burada filmə baxmalıyam. Ondansa evdə baxaram».
Cavidan Əhmədov isə deyir ki, o kinoteatrda kinoya baxmaq istəyərdi:
«Bir gün düz neçə kinoteatra baş çəkdim. Çoxusu ya təmirdə idi, ya da çayxana kimi fəaliyyət göstərirdi».

Araz kinoteatrı
Araz kinoteatrı
Leyla isə deyir ki, o, oğlan dostu ilə kinoya getmək arzusundadır:

«Ancaq o, məni aparmır. Anam deyir ki, biz tələbəlik illərində o qədər kinoya gedirdik ki. Biz isə gedə bilmirik. Həm biletlər bahadır. Həm də camaatın başı sosial şəbəkələrə qarışıb».

KİNOTEATR BİNASI, YOXSA BİLYARD ZALI

Bakıdakı kinoteatrların çayxana, kafe, mebel salonu, bilyard zalı kimi fəaliyyət göstərməsi yeni xəbər deyil. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində yerləşən «Təbriz» kinoteatrında bilyard və kompüter oyunları zalları fəaliyyət göstərir. Kinoteatrın özünü təqdim etməyən rəsmisi deyir ki:
«Kino göstərmirəm. Ona görə ki, camaat gəlmir. Niyə görə işığımı-zadımı bir nəfər üçün sərf etməliyəm?».

Azərbaycan kinoteatrının qarşısı
Azərbaycan kinoteatrının qarşısı
Bakıdakı «Şuşa»«Qələbə» kinoteatrları keçən il sökülüb. Səbəbləri haqqında məlumat verilməyib. Bircə deyilib ki, bu binalar özəlləşdirilib.
Bakılıların çoxdan tanıdığı «Şəfəq»«Dostluq» kinoteatrlarında əsasən kino göstərilməsə də , teatr kollektivləri fəaliyyət göstərir. Əhmədlidəki məşhur «Bakı» kinoteatrı da özəlləşdirilən binalar arasındadır.

Elə Mədəniyyət Turizm Nazirliyin mətbuat katibi İntiqam Hümbətov da deyir ki, kinoteatrlar binalarının çoxu 2006-cı ildən özəlləşməyə çıxarılıb və bu sahəyə biznes kimi baxılmalıdır:

«Tamaşaçının kinoya baxması üçün normal kinoteatr olmalıdır. Kim gedib indi «Dostluq» kinoteatrında kinoya baxmaq istəyər? Müasir tələblərə cavab verən kinoteatrlar olacaqsa, orada tamaşaçı da olacaq. Bir neçə özəl kino yayım obyektləri var ki, onların tamaşaçısı var. Tamaşaçını kinoteatrlara qaytarmaq üçün özəl sektor bu sahəyə investisiya qoymalıdır. Bu, bir biznes sahəsidir».

«BAKIDA NORMAL TAMAŞAÇI VAR»

Rəhman Bədəlov
Rəhman Bədəlov
Kulturoloq Rəhman Bədəlovun fikrincə isə, kinoteatrlara hökumət yardımı olsa, normal fəaliyyət göstərsə, adamlar da gedər:

«Kinoteatrlar illərdir təmir olunur, çox nahaq yerə. İşləyə də bilərdilər. Normal kinoteatr, normal qiymətlər olsa, Bakıda normal tamaşaçı var. 7-8 il əvvəl tamaşaçı yox idi. İndi isə var. Hökumət min yerə pul xərcləyir. Ancaq kinoteatra pul ayırmır. Nəsə itib, nəsə formalaşmalıdır.

Formalaşan təzə mədəniyyət üçün şəraiti yaratmaq lazımdır ki, mədəniyyət yeni mərhələdə bərpa olunsun».

Vaxtilə Bakının bütün kinoteatrlarında olmuş Emil Seyidrzayev isə deyir ki, yenidən doğma şəhərində kinoteatra gedəcəyi günü gözləyir.
XS
SM
MD
LG