Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

Namiq Məna: “Səviyyəsiz meyxanalar telekanallardan yığışdırılmalıdır”


Meyxana ədəbiyyatdırmı?
Gözlə

No media source currently available

0:00 0:47:51 0:00
Direct-ə keçid

Debatda meyxanaçı Namiq Məna, meyxana araşdırmaçısı Şeyx Əbdül Mahmudbəyov və yazar Sayman Aruz iştirak edirlər.

- Mən meyxanaya qarşı ona görə çıxıram ki, indiki meyxana nə bədahətən deyilən sənət sayılır, nə də onun içindəki məna fəlsəfəyə, irfana uyğun gəlir. Bu hətta həcv də deyil. Bu yalnız küçə mədəniyyətini ortaya gətirməkdir.

Bunu “Pen klub” proqramındakı debatda yazar Sayman Aruz deyib. “Meyxana ədəbiyyatdırmı?” mövzusunda debata meyxanaçı Namiz Məna və meyxana araşdırmaçısı (şeyx) Əbdül Mahmudbəyov da qatılıblar.

Əbdül M:

- Bizim ədəbiyyatımızda, folklorumuzda dünyada analoqu olmayan dəst-xətlər, üslublar var. Hazırda Azərbaycan cəmiyyətində meyxanaya müxtəlif yanaşmalar var. Bu təbiidi. Amma Azərbaycan xalqının gözəlliyi ondadır ki, bizim bölgə-bölgə, ərazi-ərazi, hətta məhəllə- məhəllə müxtəlifliyimiz var. Amma bunların hamısı buket kimi bir yerdə olanda gözəldir. Meyxana da o buketin bir elementidir və bu xalqın yaratdığı folklor, bədahətən deyilən söz sənətidir.

İlqar R:

- Namiq bəy, bu sənətin daşıyıcılarının, təqdimatçılarının necə görünməsinin də meyxanaya münasibətə təsiri var, sizcə? Əksəriyyət geyimində, davranışında sizin kimi səliqəli deyil, ona görə soruşuram…

Namiq M:

- Əlbəttə ki, “Bədihə”ni meyxanələrə sürükləyəndə meyxana janrına yuxarıdan aşağı baxılacaq. İş o yerə gəlib ki, bu sənətin daşıyıcısı səliqəli geyinəndə, kostyumda, qalstukda olanda insanlarda onun bu sənətin daşıyıcısı olduğuna şübhə yaranır. Çünki bəzi hallarda bu sənətə küçə folkloru kimi baxıblar. Amma heç kim bunun belə olduğunu təsdiqləyə bilməz. Mən araşdırmışam, bədihə 4-6-cı əsrlərdə yaranmış bir sənətdir. Və Azərbaycanda da ciddi inkişaf yolu keçib. Ancaq sovet dönəmində bunu meyxanələrə sürükləyiblər. Ona görə də hətta o vaxt biz toyxanalarda çıxış edəndə sahə müvəkkili yaxınlaşıb deyirdi ki, beş dəqiqədən artıq söyləməyin, dava düşər. Bu sənətin daşıyıcılarına psixotrop dərmanların, spirtli içkilərin, daha nələrin alüdəçisi kimi baxırdılar. Guya ki, bu nəsə qəbul etməsə, bədihəni deyə bilməz. Şükürlər olsun ki, indi dövlətimiz tərəfindən bizim sənətimizə də böyük dəstək var. Bu da imkan verir ki, biz bu sənətlə dünyaya inteqrasiya edək. Sadəcə olaraq, bizim sənətin daşıyıcılarından da çox şey asılıdır. Gözdən sala da bilərlər, qaldıra da
Namiq Məna
Namiq Məna
bilərlər.

Onlardan çox şey asılıdır. Efirə buraxılan insanlara da nəzarət olunmalıdır.

Sənətə aidiyyatı olmayan adamlar çıxıb danışırlar efirdə.

Bu sənəti, bu janrı meyxanə adı ilə bağlamaq düz deyil. Vahid deyir ki:

Vahid içəcəksən demə ki, tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə, tələsmə!


Yaxud Sabir:

Biz xoşlamırıq dərsi ki, min məktəb açılsın
Gər min də maarif sözü dünyaya saçılsın,
Məktəbdə nə hörmət ki, о samana qaçılsın?
Meyxanada vodka vurarız kam alırız biz,
Qafqazlılarız məst oluruz, nam alırız biz ...


Əbdül M:

- Televiziya efiri məsələsində, mən də hesab edirəm ki, diqqətli olmaq lazımdır. Sözün var get de, sənə kim mane olur? Amma özünü eybəcər hala salıb, çirkli, qeyri-estetik, qeyri-etik görkəmə salmaqla sən nəyəsə nail olmaq istəyirsənsə, çox səhv edirsən.

İlqar R:

- Bəlkə onun elə görkəmi budur?

Əbdül M:

- Yox. Bunu düşünülmüş şəkildə edirlər. Çünki biz bir layihədə seçim edəndə belə şeylərə ciddi yanaşırdıq. Mən onlara şans verdim ki, gedin, üst-başınızı düzəldin. Dedilər meyxanaçı belə olar də. Biz belə görmüşük, belə də olarıq.
Bizim itirilən, unudulan çox şeylərimizdən biri də bu janr idi. Çox sağ olsun Bakı, Abşeron camaatı ki, bunu bu şəraitdə qoruyub saxladılar, adını da meyxana qoydular.

Namiq M:

- Mən Coratda doğulub böyümüşəm. Bakı kəndələrinin yaşlı insanlarından eşitmişəm - deyiblər ki, qardaş oğlu, bu meyxana adlandırdığınız əslində bədihədir. Mən sonra araşdırıb gördüm ki, doğrudan da onlar haqlıdılar.

Sayman A:

- Mən bir ədəbiyyat adamı olaraq axtardığımı indiki meyxanada tapa bilmirəm. Əslində bu bədahətən deyişmə 4-5-ci əsrlərdən də qədimə gedib çıxır. Bir zaman döyüşdən əvvəl döyüşçülər bir-birini hədələyərkən həcvlə nələrsə deyərmişlər. Bu, bütün dünyada var. Məsələn, fars ədəbiyyatındakı “Şahnamə”ni nəqqallar illərdir kafelərdə deyirlər. O da meyxanadır. Amma onların üslubunda. Amma heç vaxt bir fars nəqqallığı ədəbiyyat kimi təbliğ etmir. Çünki o, şifahi ədəbiyyat olduğu üçün
Sayman Aruz (solda) və İlqar Rəsul
Sayman Aruz (solda) və İlqar Rəsul
ciddi ədəbiyyatdan uzaqlaşır. Biz onu şifahi xalq ədəbiyyatı adlandıra bilərik. Amma ciddi ədəbiyyat adlandıra bilmərik.

İlqar R:

- Şifahi xalq ədəbiyyatının özü də kifayət qədər ciddi ədəbiyyatdır.

Sayman A:

- Mən meyxanadan danışıram. Məsələn, aşıq deyişmələri ciddidir. Onlar da deyişirlər..

Namiq M:

- Sayman bəy, müasir dövrdə hansı aşıq bədihə, yaxud meyxana deyənlər kimi deyişirlər.

Sayman A:

- Təbrizdə Aşıq Əli var, çox ciddi deyişmələri olur. Mən onu burada çap etdirmək fikrindəyəm. Qoy görünsün ki, doğrudan da bədahətən belə söyləmələr var. İndi qayıdaq Azərbaycanın qüzeyində meyxanaya. 1920-ci ildə imperiya öz ideologiyasını yaymaq üçün meyxanaya yol verdi və meyxana o dövrdən başladı güclənməyə. İkinci dünya müharibəsindən sonra yeni dalğa gəldi. Onu da Əliağa Vahid kimi insanlar gücləndirdilər. Nəhayət indiki, müstəqil Azərbaycan yaranandan sonrakı dövr meyxanası var. Bu üç dövr meyxanasını yanaşı qoysaq, görərik bir-biri ilə uyğunlaşmırlar. Mən meyxanaya qarşı ona görə çıxıram ki, indiki meyxana nə bədahətən deyilən sənət sayılır, nə də onun içindəki məna fəlsəfəyə, irfana uyğun gəlir. Bu hətta həcv də deyil. Bu yalnız küçə mədəniyyətini ortaya gətirməkdir.

Namiq M:

- Yox. Yox, elə deyil.

Sayman A:

- Televiziyalara mən də baxıram və görürəm oradakıları. Burada söhbət mədəni dəyərlərdən gedir. Əgər televiziya o qədər maliyyəni, efir vaxtını milləti yıxmaq üçün sərf edirsə, mən nə deyim? Hazırda meyxana deyişməsini yayımlayan telekanal ki, var, o birbaşa millətə qarşı təxribatla məşğuldur.

İlqar R:

- Niyə?

Sayman A:

- Hazırda İran din adı altında Azərbaycanı yıxmağa çalışır. Fikir verin, meyxanaçıların doxsan faizi ya «məşədi», ya da “hacı”dır. Əlində təsbeh olan dindarlardır. Mənim özümün inancım da, namazım da var. Amma bilirəm ki, bizim xalqın onsuz da çoxluq təşkil edən savadsız hissəsini ələ almaq və mənfi istiqamətə yönəltməkdən ötrü xalqın içindən çıxmış bu meyxanadan istifadə edirlər.

İlqar R:

- Kim istifadə edir?

Sayman A:

- Mən inanmıram ki, dövlət edir. Amma hər halda dövlət dəstək vermək istəyirsə,
Şeyx Əbdül Mahmudbəyov
Şeyx Əbdül Mahmudbəyov
bunu milli mədəni dəyərlərə versin. Bizim ərazi problemimiz - Qarabağ, Borçalı, Dərbənd və sair problemlər, eləcə də ədəbiyyat problemimiz var.

İlqar R:

- Bunu meyxana ilə etmək olmazmı?

Sayman A:

- Eləmək olar, amma Namiq Məna kimi şəxsiyyətli insanların, meyxananı bilən, onun fəlsəfəsinə varanların, onu milli mentalitetə uyğun şəkildə deyə bilənlərin hesabına. Amma bu heç də o demək olmamalıdır ki, bütün televiziya kanalları reytinqə görə milləti qurban verməlidir.

İlqar R:

- Nə təklif edirsiniz?

Sayman A:

Meyxana ilə bağlı indiki səviyyədə olan bütün verilişlər dayandırılmalı, onların yerinə bax bu studiyadakı kimi verilişlər təşkil olunmalıdır. Mən senzuranın tərəfində deyiləm. Amma bu məsələdə hesab edirəm ki, senzura tətbiq olunmalıdır. Bunun qarşısını almaq lazımdır. Çünki hiss edirəm ki, hazırda bu istiqamətə güclü axın var və dövlət də buna nəzarət edə bilmir. Bütün dünyada televiziyanın ən reytinqli efir vaxtı və verilişləri mədəniyyət yaratmağa hesablanır. Bizim kanallarda təqdim olunan meyxana isə mədəniyyəti küçəyə salmaq, kafe mədəniyyətini evə daşımağa xidmət edir. Bu verilişlərin təsirindən, artıq Təbrizdə belə fikir yaranıb ki, meyxana ilə adamı ələ salmaq, dolamaq olar. Oradan bir neçə günlüyə qonaq gələnlər də mənimlə çırtıq vura-vura danışır, zarafat edirlər. Hamısı efirdə meyxanaya bu qədər yer ayrılmasının nəticəsidir. Özü də bir belə problemlərimiz olduğu halda.

Namiq M:

- Sənət haqda ümumən belə danışmaq düz deyil. Bizim sənətin də təhsilli, nüfuzlu daşıyıcıları var. Mən özüm də ali təhsilliyəm. Və hesab edirəm ki, ali təhsil önəmlidir. Əgər sən Incəsənət Universitetini bitirirsənsə, ən azından səhnənin, səhnə mədəniyyətinin nə olduğunu bilirsən. Bizim sənətə ümumi şamil etmək olmaz ki, bu sənətin daşıyıcıları pisdir.

Əbdül M:

- Həm də eləmək olar.

Namiq M:

- Amma bu sənətin daşıyıcılarından çox şey asılıdır. Mən də efirdə elə ifa tərzinə, elə ifalara rast gəlirəm ki, hiddətlənirəm. Efirə yaramayan sözlər işlədirlər, münsiflər də irad bildirmirlər. Buna mən nə edə bilərəm.

İlqar R:

- Meyxana televiziyada olmalıdır ya yox? Sayman bəy deyir ki, qarşısını almaq lazımdır.

Namiq M:

- Olması yaxşıdır. Amma səviyyəli şəkildə, bütün parametrləri öz qaydasında
olmaqla. Əks halda mən hesab edirəm ki, meyxananı səviyyəsiz şəkildə təqdim edənə də, onu yayımlayan telekanala da cinayət işi açılmalıdır.

Əbdül M:

- Indi elə dövrdür ki, övladlarımız bizdən çox, televiziyalara inanırlar. Sözsüz ki, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Mən bilavasitə televiziyada iştirak edirəm, bu hadisələrin içindəyəm. Çox kütləvi şəkildə qarşısıalınmaz bir proses gedir. Amma, tarixi həqiqət budur ki, Azərbaycan xalqı həmişə zaman-zaman belə çirkli şeyləri özü təmizləyib, özü-özünü sahmana salıb. Bu da düzələcək. Deyir, “sürü yaylaqdan qayıdanda qoturlar qabağa düşərlər”. Azərbaycan folklor sənəti min illərlə böyük məclislərdə formalaşıb. Amma biz söz, fikir, poeziya sərrafı olmuşuq. Onun fövqündə durmuşuq. Aşıq Alıdan, Aşıq Ələsgərdən, Qurbanidən üzü bəri gələn mədəniyyəti onda neyləyək, kəsək ataq? Bəli, bunlara dövlət səviyyəsində çox ciddi senzura olmalıdır. Mən Sayman bəydən fərqli olaraq senzuranın tərəfindəyəm. Pis şeyə icazə verməyib yaxşını təbliğ etmək nə vaxtdan qəbahət olub? Senzura deyən kimi bolşevizm ideologiyasını düşünürlər. Xeyir, elə deyil. Həmin o bolşevizmin senzurasında Cahangir Cahangirovlar, Tofiq Quliyevlər, Qara Qarayevlər oturub mahnıların, Mirzə İbrahimovlar, Süleyman Rüstəmlər poeziyanın taleyini həll edirdi.

Ilqar R:

- Amma meyxana da həmin senzuraya görə televiziyaya çixa bilmirdi.

Namiq M:

- Niyə ki, çıxırdı.

İlqar R:

- Çox az.

Əbdül M:

- Azərbaycanın folklor sənətində, musiqi-ifa mədəniyyətində bu janr min illərdir var. Bunu heç kəs inkar edə bilməz. Çünki burada həm ritm, həm musiqi, həm fərdi şəkildə ifa mədəniyyəti var, yeddi ritmin birinə istinadən qoşulub deyilir. Bunlar hamısı böyük sənətdir. Və bunları bilmək lazımdır. Ona görə də meyxananın-bədihənin estetikası küçədən keçənlərin öhdəsinə buraxıla bilməz.

Sayman A:

- İçi dolu söz, poetik təfəkkürlü meyxananın hamı tərəfdarıdır. Amma indiki durumda bu meyxananın yayılmasının qarşısını almaq millətə qulluq etməkdir. Qoy getsin evində meyxana desin, söysün, özü bilər. Amma ictimaiyyətin özünün axı bir səviyyəsi olmalıdır.

İlqar R:

- Namiq bəy, bax dediniz ki, siz də səviyyəsiz meyxanalar eşidəndə hiddətlənirsiniz. Onda gəlin sonda, sizinkilərdən birini dinləyək. Görək bayaqdan söhbət gedən dəyərlər neçə əksini tapıb.

Namiq M:

(kitabını açır) Mən bunu bədahətən demişəm, sadəcə sonradan yazıya köçürtmüşəm deyə oxuyuram:

Qanlı döyüş altında ötüşdü neçə illər
Bu vaxt boyadı çölləri qan rənginə güllər
Yüzlərlə şəhid yasına qərq oldu nəsillər
Bir xatirə qaldı qara bağlar Qarabağdan
Əsdikcə küləklər sinə dağlar Qarabağdan



Söhbətin audioyazısını BURDA dinlə. Proqrama tam şəkildə yuxarıda bax!
XS
SM
MD
LG