Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:28

Adil İsmayılovu nələr yatmağa qoymur?..


Adil İsmayılov
Adil İsmayılov
«Cəmiyyətə xeyir vermək istəyən, özündən başqasını düşünən və özündən başqasını düşünməyə borclu olan istənilən peşə sahibi ziyalı ola bilər».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Kimə ziyalı deyək?» mövzusunda açdığı müzakirəyə qoşulan vəkil Adil İsmayılov söylədi.

Onun fikrincə, bu məsələdə əsas şərt odur ki, həmin şəxs ictimai maraqları öz maraqlarından üstün tutsun.

İÇİMDƏ ÇOXLU SUALLAR YARANIR...

Adil İsmayılov son vaxtlar akademik Rafiq Əliyev olayının onda müəyyən suallar doğurduğunu bildirdi:

«Rafiq Əliyev akademikdir. Ona cavab verənlər də həmçinin. Bir qrup Rafiq Əliyevi ziyalı sayır. O biri qrup da öz adamlarına ziyalı deyir. Bunların arasında fərq nədədir? Açığı, mən o iki qrupu da yaxşı tanımıram. Onların arasında müqayisə aparmaq da çətindir. O baxımdan fikirləşirdim ki, ziyalılıq nədir, onu kim müəyyən edir, hansı meyarlarla müəyyən edilir?».

UMDUQLARI--ZİYALILARDIR

Adil İsmayılov dünyanın hər yerində belə problemin yaşandığını iddia etdi:

«İnternetə girsən, görərsən ki, dünyanın hər yerində belə problem var. Cəmiyyətdə qeyri-stabillik, bir canlanma olan vaxtlarda bu məsələlər ortaya çıxır. Adamlar kimdənsə, nə isə umurlar. Umduqları ziyalılardır. İnsanlar ağıllı, müəyyən mövqeyi olan şəxslərin mövcud duruma münasibətini öyrənmək istəyirlər. «Ziyalı nə cür olmalıdır» sualı bax, o dönəmdən başlayır».

TƏHSİLİ OLMAYAN ZİYALI OLMAZ

Qonağımızın fikrincə, yaşadığımız əsrdə təhsilsiz adamın ziyalı olması mümkün deyil:

«Bir dəfə bu fikrimə etiraz edən də oldu. Dedilər ki, məsələn Məhəmməd Peyğəmbər (s.ə.s.) o dövrün ziyalısı olub. O dövr üçün ola bilərdi. Amma indi bu, mümkün deyil. Adamın dünyagörüşü, təhsili olmalıdır. Başqa meyarlar da var. Bu adamın ətrafında kimi isə öz yanında aparacaq şəxsiyyət olmalıdır. Bəzən ətrafımdan soruşuram ki, Stalin ziyalıdırmı? Axı, o da öz aləmində ictimai maraqları şəxsi marağından üstün tutub? Yəni ki, bu meyarları çəkişdikcə-çəkişirsən. Amma müəyyən olunmuş meyarlar da var».

AZƏRBAYCAN İNSANI DANIŞA BİLMİR

Adil İsmayılov Azərbaycan insanının özünüifadə qabiliyyətinin zəif olduğunu dedi:

«Çıxın Bakıya, küçədə adi adamlardan müsahibə götürün. Adamlar fikirlərini ifadə edə bilmirlər. Çünki danışmaq üçün auditoriyaları yoxdur. Məktəbdə uşaqlara sərbəstlik vermirlər. Bir dəfə mənim oğlum 10-cu sinifdə oxuyanda, gözəl şeir deyən müəlliminə əl çaldığı üçün sinifdən qovulmuşdu. Məni məktəbə çağırmışdılar ki. uşaq dərsi pozub. Yəni, bu uşağın özünü göstərmək imkanı yoxdur. Bu gün adamların əksəriyyətinin də danışmaq üçün auditoriyası yoxdur. Futbolçularımız danışa bilmir, artistlərimiz danışa bilmir. Məhkəmələrdə danışa bilməyən prokurorlar, hakimlər var. Fikrini çatdıra bilməyən vəkillər var. Adamlara sərbəstlik vermək lazımdır».

ZİYALI İŞIQVERƏNDİR

Aparıcının: «Ziyalı – aydın və işıqlı adam anlamına gəlir. Sizcə, haradan işıq almalıdır belə adamlar» sualını cavablayan vəkil «ziyalı işıqalan yox, işıqverəndir» söylədi: «Bu günlərdə niyə ziyalıya ehtiyac yaranıb? Çünki cəmiyyət çox qaranlıqlaşıb. İşıqverənlərin sayı artmalıdır ki, cəmiyyət işıqlansın və biz hara gedirik, niyə gedirik—
Aparıcı Sevda İsmayıllı
Aparıcı Sevda İsmayıllı
suallarını cavablasın».

BU YOL BİZİ HARA APARIR?

AzadlıqRadiosunun hələ bir neçə il öncə cəmiyyətin öndə gedən şəxslərinə verdiyi bu sualı cavablayan vəkil yolu bizim seçmədiyimizi söylədi: «Mənim fikrimcə, yolu biz seçmirik. Şəxsən mən—Adil İsmayılov seçmir. Amma Adil İsmayılov gördüyünü deməlidir. Bugünkü durum, doğrudan da, uçuruma aparır».

AZƏRBAYCANI KİM YAXŞI YAŞATMALIDIR?

Adil İsmayılov belə baxanda Azərbaycanın bəxtinin gətirdiyini də deməyi unutmadı: «Bu qədər neft gəlirləri var. Yaxşı yaşamaq üçün hər cür imkanları var. Azərbaycanı kim yaxşı yaşatmalıdır? Onu idarə edənlər! İdarə edənlər bunu dərk etmirlərsə, əllərində olan imkanı başqa istiqamətə yönəldirlərsə, bu istiqamətin axırı doğrudan da uçurumdur... Və ilk növbədə özləri üçün uçurumdur. Bu fikri bir dəfə də demişəm: Hamımız bir qatarda gedirik. Varlısı da, kasıbı da. Kasıbın itirdiyi heç nə olacaq. Varlının itirdiyi qazandıqları...».

HEÇ OLMASA, DANIŞMA!

Bəzi ziyalıların susmağının danışmağından daha yaxşı olduğunu deyən vəkil bəzi danışıqları eşidəndə, pis hallar keçirdiyini söylədi:

«Heç olmasa danışma! Heç olmasa, susanlar pisə yaxşı demirlər, Allah atalarına rəhmət eləsin! Bunlar passiv ziyalılardır. Amma ziyalıdırlar. Heç olmasa danışmırlar...».

ADİL İSMAYILOVU YATMAĞA QOYMAYAN SUALLAR...

Qonağımız onu düşündürən və yatmağa qoymayan suallar olduğunu bildirdi:

«Bir neçə gün adamın beynini qurdalayır, yatmağa qoymur... Məsələn, bu ziyalı söhbəti. «Facebook»da bununla bağlı çoxlu suallar verdim. Elə bildim güclü reaksiya olacaq. ​Olmadı. Ən çox da gənclərdən cavab gözləyirsən...».

RAFİQ ƏLİYEVDƏN GENİŞ AÇIQLAMA GÖZLƏYİRDİM

Adil İsmayılov son olaylarla bağlı Rafiq Əliyevdən geniş açıqlama gözlədiyini etiraf etdi: «Olmadı». Aparıcının: «Sizcə, niyə olmadı» sualını Adil müəllim belə cavabladı: «Çağırıb özünüz soruşarsınız. Mən oxuduğumu deyirəm. Olmadı. Öz işidir, özü bilər. Rafiq Əliyev də fikir söylədi, akademiklər də. Üçüncü tərəf də fikir bildirdi. Bu gün cəmiyyətdə qıtlıq var. Qoyun insanlar fikir söyləsin. Hər kəs sözünü desin. Bizim də seçim etmək imkanımız olsun. Nə qədər ağ-qaraya baxmaq olar? Qaranı çox az göstərirlər. Ağı da qoyublar ki, hər gün baxginən! Başqa rənglər yoxdur?»

NƏDƏN QORXURLAR?

Aparıcının «Sizcə, ağ-qara həvəskarları niyə göy qurşağından qorxurlar» sualı belə cavablandı: «Bəlkə də o yandan baxanda nəyinsə dəyişəcəyindən çəkinirlər. Bəlkə bu, doğrudan belədir, bəlkə belə deyil? Mənim üçün demək çətindir. Amma istənilən halda buna gediləcək. Başqa yolu yoxdur. İnşallah, gedəndə görərik—bunun müsbəti-mənfisi nədir?...».

BUNU GÖRƏ BİLƏCƏYİKMİ VƏ YA RƏNGLƏRLƏ RƏQS

Aparıcının: «Adil müəllim, deyirsiniz rənglərlə rəqs tez ola bilər. Bizim nəsil bunu görə bilər» sualının cavabında vəkil belə dedi: «Mən mütləq görəcəyəm!».
XS
SM
MD
LG