Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:54

Tehran Əlişanoğlu. Bizim hekayəçilərin realizm təcrübəsindən


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
ƏVVƏLİ

Tehran Əlişanoğlu

BİZİM HEKAYƏÇİLƏR REALİZM TƏCRÜBƏSİNDƏN

Doğrudan da mı günün Azərbaycan nəsri sırf stixiya ilə, kortəbii gəlişir, necə ki deyirlər: “impulsiv ədəbiyyatdır”?

Yoxsa ki: hər halda nədən-niyə-nə yazdığını bilən, müəyyən ideya-məqsəd-qayə naminə qələm işlədən yazarlarımız da var?

Bu müşküllə bir çox hekayə yazarlarının son illər hekayələrinə baş vurub, qərar verdim...

Hekayəçilərimiz hazırda əsasən iki bədii-estetik təcrübə məcrasında qələm işlədirlər: realizm və modernizm.

Əslində, realizm sənətdə keçilmiş mərhələ sayılsa da, yeni bir gücdə, şiddətlə təzahür tapırsa, demək, buna hacət var, şərt-şərait var.


Tənqidçi Tehran Əlişanoğlu "Ədəbi Azadlıq" hekayə müsabiqəsindən yola çıxaraq Azərbaycan ədəbiyyatında hekayəçiliyi təhlil edir. (3-cü yazı)

Realizmin qayəsi günün gerçəkçi təsvirini, bədii tədqiq və təhlilini verməklə ictimai həqiqətlərə, cəmiyyət mənzərələrinə ayna tutmaq, aydınlıq gətirməkdir. Bu hesabla realist ədəbiyyatın çağdaş milli cəmiyyətlərin, modern həyatın gəlişməsində tarixi iştirakı və payı var; Azərbaycan realizminin gəlişməsi və tarixən xidmətləri də həmin kontekstdən heç kənar deyil. Bununla belə, milli ədəbiyyat yenə də realizmdə israr edirsə və hakəza uğurlar göstərirsə, nə demək olar; görünür, gerçəkdən (gerçəklərdə-gerçək olaraq) axıracan cəmiyyətləşə, modernləşə bilməmişik hələ...

Milli realizm: gerçəklərə, cəmiyyət həyatına 1) maarifçi ideya (rasional düşüncə) işığında ayna tutan maarifçi realizm (Mirzə Fətəli Axundzadə və ardıcılları); 2) Millət (milli xarakter, milli cəmiyyət) müstəvisində baxan tənqidi (sosial) realizm (C.Məmmədquluzadənin “Danabaş kəndi”ndən, “Poçt qutusu”ndan 1920-30-cu illər hekayəçiliyinəcən); 3) inqilabi dəyişmələr, kosmopolit sevdalar zəminində nəzər salan sosializm realizmi (1930-1950-60-cı və qismən də daha sonrakı illər); ən nəhayət 4) XX əsr modern həyatı və ideyaları bucağından fokuslanan neorealizm, psixoloji və sosial-psixoloji realizm (1960-1980-ci və daha sonrakı illər) kimi mərhələlərdən keçmiş, o cümlədən zəngin hekayəçilik təcrübəsi ilə ortaya çıxmışdır.

Milli nəsrə dair yazılarımda dəfələrlə təkrarladığım məqama gəlirəm: bugün əksər yazarlarımız başlıca olaraq 1960-80-ci illərin psixoloji və sosial-psixoloji nəsr təcrübəsi zəminində yazıb-yaradır; bununla bahəm Günün mövzularını, real mənzərələrini, düşüncə baqajını da qeydə alır, təcəssüm etdirirlər...

Olur ki, sadəcə təqlidlə, təsviri realizm səviyyəsində: müharibə, qaçqınlar ölkəsi, ictimai təbəqələşmə, sosial ədalətsizlik, yurddaşlıq problemləri, milli insanın mənəvi ağrıları, əxlaqi aşınma, maddiyyat və məişət həqiqətləri, kortəbii etiraz və barışmazlıq duyğuları...

Amma o da olur ki: daha analitik; fərdi-özünəxas istedada, orijinal dəst-xəttə malik yazarlarımız yaşadığımız həmincə həyatı-gerçəkləri-həqiqətləri yazıb da bir daha, yenidən yaşada bilirlər bizə... Söhbətimizin tutarğası da, təbii ki, bu sonuncular olasıdır...

Bir yazımda da qeyd eləmişəm: Azad Qaradərəlinin hekayəçiliyə qayıtmasını günümüz üçün böyük qənimət bilirəm. Yəni o mənada ki: istər “Burda yer fırlanmırdı” kitabındakı (“Qanun”, 2011) 2010-2011-ci illərə aid, istərsə də Kultaz və Oxu zalı portallarında müntəzəm görünən hekayələrində Azad Qaradərəlini yetkin mövqeyə və realist qələmə sahib yazıçı kimi görürük; hər hekayəsindən yeni söz-fikir-mətləb gözləyir və adətən aldanmırıq da. Yoxsa ki, 1987-ci ildə Azad Vəliyev imzası ilə göründüyü ilk “Dumduru su” kitabından
sonra, çətin zamanlarda belə, onun hekayəçiliyi heç vaxt dayanıb-durmamış (“Ulartı” – 1999, uşaqlar üçün “Dəhrə” – 2004, “Qar ağlığı” – 2008 kitablarında), daim artmışdır da. Və bugün əgər aradan-bərədən ötüb-keçən həmən o müstəqilliyin 20 ilinin gerçəkçi hekayələrini (nələr oldu, ax, nələr oldu...) bilmək istərsə, Oxucuya, ilk tövsiyyəm məhz Azad Qaradərəlinin hekayələri ola bilər. Yazıçı kənddən-kəsəkdən – şəhər keşməkeşlərinəcən, sovetin qürubundan müstəqillik sevdalarınacan bu illərdə yaşanmışları içində o qədər tövr-cövr, bişir-düşür etmiş ki, eləcə səriştəli qələmin ucuna düzməyi bəs eləyir...

Məlum hadisələr zamanı böyük şücaət göstərmiş igidlərimiz ölür, əncam çəkəni yox (“Adamı igid kimi ölməyə də qoymurlar”), bütöv torpaqlar əldən gedib də qayıtmağı yox (“Sonuncu kibrit çöpü”, “Gilənar albalı olurmu?”), “Toy olmayan günlər”imiz yox, vay olmayan günlərimiz yox... – sadəcə mən yazıçının “Burda yer fırlanmırdı” kitabında kompozision olaraq vurğuladığı məqamlara diqqət çəkirəm... “Hər gün səhər tezdən” qarşımıza çıxan mərdiməzar kimdir?, məgər ki içimizdən-içimizdəki-içimizin acısı deyilmi (“Dəli Sərvərin dəli olmağı”, “Cəbinin üçüncü dəfə kəsilməsi”, “Hörgü”, “Qarğanmışlar”, “Gədə”, “Hər gün səhər tezdən”...) – yazıçı görüb, qələmə götürüb, həzm etməyə çalışır: heç “Köhnə arabanın təzə təkərləri” olurmu, ha dəyiş, olursa, cırıltısı da uzun-uzadı, baş aparasıdır (“Köhnə arabanın təzə təkərləri”, “Əstal”, “Sınıqlıq”, “Auksion” və s.)...

Realizmin daim mübahisələrə rəvac verən amansız bir tələbi var: gerçəkləri olduğu kimi təcəssüm etdirmək... – həmin bu “olduğu kimi” amili yazıçının boynuna çox böyük minnət qoyur: nədir axı “olduğu kimi”? Təbii ki, hər yazıçı bu məqama öz fəhmi-istedadı, bilikləri-bilgiləri, dünyaduyumu və dünyagörüşü ilə girir-girişir; və adətən elə bu da onun fərdi üslubunu təyin edir. Azad Qaradərəlinin təhkiyə (hekayə) ustalığı epik üsluba çəkir; yəni mətləb barəsində fraqmental, hansısa bir baxış nöqtəsində(n) durub danışmağı-yazmağı sevmir, əksinə: məhz tam qənaətin hasil olduğu məxrəci tapıb, elə onu da təhkiyə edir...

Bir qayda, Azad Qaradərəli hər hekayəsini çox uzaqdan başlayır; hətta oxuduqca, bir ara bilmirsən yazıçı səni hara aparır, nə deyəcək, bütün bu əhvalatın yəni mətləbə nə dəxaləti varmış... Amma elə ki, qayə görünməyə başlayır, həmən o “olduğu kimi”nin sirri də açılır; demə, yazıçı təhkiyəni elə mətləbə ən yaxın nöqtədən qurubmuş, sadəcə oxucunun gözü qabağındaca gerçəkləri sökmək-çözmək gərəkmiş ki, mətləbin gizləndiyi həqiqətlər aşkara çıxsın...

“Toy olmayan günlər” hekayəsi adında eyhamlanan mətləbdən sanki kənar – “kimiya” haqqında söhbətdən ayaq alır. Kəndin kimyaya vurğun kimya müəllimi Tahir müəllim araqarışan dövrdə nə qədər dözüm göstərsə də, son halda həmkarları kimi sənətini atıb, dəri alverinə qurşanmalı olur; övladlarına gün ağlaya bilirsə də, bir də ayılıb görür ki, ömrün kimiyası ortada yox...

Mətləb də elə bu məqamdan açılmağa başlayır; biznes fəaliyyətində daha uğurlu kiçik oğlu ata – modelyer, anası gözəllik salonu işlədən ailədən qız bəyənmiş; və toy günü ərəfəsi Tahir müəllim ayılır ki: məclis Daşaltı faciəsi gününə təyin olunmuş, nə qədər çalışsa da, qarşısını ala bilmir, oğlu “hirsindən gülə-gülə qayıtmışdı ki, dədə, məni “Azərbaycan faciələrinin təqvimi” adlı bir kitabın təqdimatına çağırmışdılar, kitabı oxudum, gördüm ki, 365 günün hamısında faciə var”...

“Sonuncu kibrit çöpü” hekayəsi çox qəribə bir ithafla – faciəli surətdə həlak olmuş Polşa prezidenti Lev Kaçinskinin xatirəsinə epiqrafla başlayır. Hadisə isə tamam başqadır, işğala məruz Azərbaycan kəndini tərk edirkən, son dəfə evini ziyarətə getmiş qəhrəmanın nəzərlərindən təhkiyə olunur; əslində o, ehtiyat yığdığı
Şərif Ağayar "Aftafalı antrakt" kitabını oxucuları üçün imzalayır.
Şərif Ağayar "Aftafalı antrakt" kitabını oxucuları üçün imzalayır.
pul dolu çantasının ardınca gəlmişdir; kibrit çöpünün işığında zəhmətilə aldığı əşyalarla – soyuducu, şfoner, televizor..., ən nəhayət kitabları ilə təmasa-mükaliməyə girir; xatirələr baş qaldırır, sevimli qadını – “vərəmlətdiyi” sevgili Yadviqası, erməni Anuşla ona etdiyi xəyanətlər-bəraətlər xatırına gəlir...

Yadviqa adını qaynatası Qanvoy kişi faşist əsirliyindən onu xilas etmiş polyak qızının xatirəsinə hörmətlə qoyubmuş, elə Sibirə sürgün olunmağına da bu ad bais olur; demə, bu – Polşa kralının arvadının adıymış... Hekayənin sonu simvolik: qəhrəmanın öz əli ilə qurduğu evini yandırması ilə bitir.

Məhz epik tamlıq imkan verir ki: Azad Qaradərəli hekayələrini istənilən nöqtədən – birbaşa qəhrəmanın dilindən də (“Gilənar Albalı olurmu”, “Dəli Sərvərin dəli olmağı”), iç nəzərlərindən də (“Sonuncu kibrit çöpü”, “Hər gün səhər tezdən”), müəllif təhkiyəsi və şahidliyi ilə də (“Toy olmayan günlər”, “Cəbinin üçüncü dəfə kəsilməsi”, “Hörgü”), hadisənin içindən (reportajvari) də (“Tamarzılar”, “Auksion”), çox vaxt hətta qarışıq – təhkiyə nöqtəsini dəyişərəkdən də (“Adamı igid kimi ölməyə də qoymurlar”, “Əstal”) qura bilir; təki və ta ki, tam qənaətin gizləndiyi mətləbə apara...

Günün ardıcıl qələm işlədən gerçəkçi (realist) yazarlarından biri də Aliq Nağıoğludur. Bugünlərdə haqqında ayrıca yazı yazsam da, ümumi icmal daxilində bəzi məqamları təkrarlamaya bilmərəm. Aliq Nağıoğlu birbaşa həyatdan gələn və hekayələrində məhz həyatın nəfəsini görükdürmək-bəlirtmək istəyən yazardır. Təzə “Hekayələri”ndə (“Mütərcim”, 2011) başlıca olaraq ətrafda şəriksiz bərqərar olan pul mühitini tədqiq predmeti seçmiş. “Məni asma körpüdən ötürərsən ha” (2005), “Lalın ölümü” (2006), “Heç” (2007) hekayələrində günün-güzəranın ağırlığı altında əzilən insanlardan söhbət gedir; özləri buradadırlarsa da, gözləri-keçmişləri-yaxınları-dolanışıqları... – ömürlərini alıb-aparmış Rusiyadadır... Pulun sirayətedici rolu insanların ömrünü-həyatını-mənəvi dünyasını əlindən almış (“Rəngli noğullar”); “Mən pəltəyəm” hekayəsində fiziki deyil, mənəvi pəltəkliyin böyük dərd olması hədəf götürülmüşdür...

“Gecikən” hekayəsində günümüz üçün tipik bir situasion qeydə alınıb. Hekayənin qəhrəmanı bacarıqlı sənaye kadrı olub, özəl şirkətdə çalışır: “xaricdə təhsil almış”, “sovet dövrü uzun müddət sənaye müəssisələrində ən müxtəlif vəzifələrdə özünü yaxşı göstərə bilmiş”, “cinayət tərkibli işi olmamışdı. Odur ki, özəl müəssisədə hamı onunla hesablaşmaq zorunda qalır...” Amma bütün bunlar fabulaya aid mündəricədir; süjet anı qəhrəmanı nəhs bir gündə - işdən üzülüşməyi qərar verdiyi anda haqlayır. Həmin gün rastına çıxan hər kəs – icraçı direktor, şöbə müdirləri, işçilər, qəbuluna gələnlər müəmmalı rəftarı ilə onu qıcıqlandırır; o cümlədən ani olaraq bu və ya digər məqamlar: şirkətdə üzləşdiyi ziddiyyətlər, ikili əmək haqqı, ikili kadr siyasəti, mənəvi narazılıqlar və s. də xatırından keçir. Qəhrəmanın halında metamorfoz baş verir: “...zaman yaşının ahıl çağında ona bəzi şeyləri anlatmağa başlamışdı ki, düşündüklərini gerçəkləşdirmək üçün dəmir intizam, yaxşı bacarıqdan savayı da nəsə lazımdır. Amma o “nəsə”nin nə olduğunun gecikmiş də olsa, deyəsən, son vaxtlar fərqinə varmağa başlamışdı...” Hekayə boyu yeni cəmiyyət atmosferinə xas həmən “nəsə”nin axtarışı ilə qəhrəmanın içi arasında savaş gedir; o, sadəcə, bu cür dəyişmələrə özünü hazır bilmir, “gecikmiş” sayır...

Aliq Nağıoğlunun özünəxas hekayəçi üslubu, təhkiyə poetikası var. Hadisələr bir qayda olaraq qəhrəmanın altşüuruna, iç nəzərlərinə köklənərək nəql olunur; qəhrəmandan ayrıldığı məqamlarda belə, müəllif təhkiyəsi qəhrəmanın nöqteyi-nəzərini unutmur, hadisəni o məxrəcdə davam etdirir. Bu təhkiyə tərzi, əvvəldə xatırlatdığımız 1960-80-ci illərin sosial-psixoloji nəsrindən gəlir; bir yandan cəmiyyət və ətrafın qəhrəman üzərində basqısını, digər tərəfdən qəhrəmanın dünyaya münasibətini özündə cəmləyir...

Bununla belə, təzə hekayələrində yazıçı üslubunu daha da gəlişdirməyə çalışır, hekayələrdə birbaşa dialoqun və dialoji yanaşmanın çəkisi artır. “Mən pəltəyəm” hekayəsində iki pəltək – qəhrəman və bələdiyyənin sədri; “Məni asma körpüdən ötürərsən”də iki qoca – “orta boylu, eynəkli” və “uzun boylu, ağ saçlı”; “Rəngli noğullar”da ər və qadını; “Gecikən”də qəhrəman və ətraf nöqteyi-nəzərlər arasında bilavasitə və dolayısı münaqişə-mükalimə-çəkişmələrin yer alması göstərir ki: təhkiyəçi-qəhrəman müşahidəçi mövqeyinə çəkildikcə Aliq Nağıoğlunun hekayələrində “yeni dünya”nın ərazisi də böyüyür...

Bugün realizmin milli ədəbiyyatda uğurlarından danışırkən, daha gənc olan Şərif Ağayarın hekayələrini anmamaq olmaz. Doğrudur, Şərif daha çox bizdə modern epoxanın yazarıdır, elə ruh etibarilə də modern və hətta postmodern ehtiraslarla uğraşaraq yazmağa cəhdlər edir... Amma neyləməli ki, yazarın payına amansız gerçəklərin üzə durduğu və üzə vurduğu bir zaman kəsimi düşübdür; və o elə “olduğu kimi” də bu həqiqətlərə dirəşmədən heç cür ötüşə bilmir. Bu ki, mübaliğəsiz demək olar: bugün bizdə “Qarabağ mövzusu”nu böyük Ədəbiyyat qanunları ilə qələmə gətirməyə cəhd edən iki-üç yazar varsa, birisi – Şərif Ağayardır...

Hərçənd: Qarabağ, ya Aladağ... – qonşu davasından Ədəbiyyat olmaz ki; Ədəbiyyat olar İnsan savaşından, həyat-ölüm savaşından, Ruhun mücadiləsindən. Şərif Ağayar bunu yaxşı bilir; və əgər “Aftafalı antrakt” toplusuna (“E.L”, 2010) diqqət edərsək, hər biri İnsanın bu – Qarabağ (ya Aladağ) savaşı ilə Savaşından
Aliq Məmmədov
Aliq Məmmədov
adda-budda epizodlar, süjet qırıqları, əhvalatlar üzərində qərar tutmuş hekayələrində(n) necəsə, nətəhərsə bir Ədəbiyyat oyunu qurmağa, Ədəbiyyat yapmağa çalışır...

Bu ki, Şərif Ağayarın hekayəçiliyində 1960-1980-ci illər nəsrinin daha bir çaları – fərdi İnsan (İnsan fərdinin) həqiqətinə köklənən neorealizm təcrübəsi boy verir, özünü göstərir. O, “müharibə hekayələri”ndə heç də müharibəni axtarmır, əksinə, “həyat savaşı” aparır. Yazıçının Müharibə dövrü həyatından canlı təəssüratı xatırladan reportajvari təhkiyəsində həmin bu fokusu tapanacandır; “Laçınsız ilk gün”də ilk yol aldıqları “dargöz olmayan kasıb evi”ndə evin qızı Yasəmənin elə hey araya girən gənclik gülüşlərini bir anlığa ansaq; hekayənin heç də ətrafdakı ağır müharibə ovqatı, başılovlu arxa plana çəkilmiş Laçınsızlıq əzabı-ağrısı üzərində deyil, məhz heç nəyə baxmayaraq yerində olan həmən bu həyat nəfəsi üzərində gəlişdiyini görərik. Ya sanki naqqal dilindən: itkin əminin “gülməli əhvalat”ı olsun; düz on ildir özü yoxsa da, həyata meydan oxumaqda olan itkin əminin ani gülüşü üzərində qurulmuş bir mətn (“Mənə elə gəldi ki, gülməli əhvalat danışır”). Yaxud: öz həyat əzmi ilə çox mənasız zəmanəyə qalib gəlmiş Kərpickəsən kişinin fokusunu xatırlayaq; necə lap sonda “qaşlarını uzun-uzadı oynadandan sonra” tavanı əyilmiş daxala dirək qoymaq qərarını verir...
Şərif Ağayarın hekayələrində İnsanı insan kimi, öz istəkləri-həyatı-sevdası ilə yaşamağa qoymayan şərt-şəraitə, bitməmiş Müharibə oyununa qarşı gizli bir qəzəb var. “Daxal daxmanın bir növü olub, qaçqın düşərgələrində geniş yayılmış “tikili” növüdür. Daxalı ərsəyə gətirmək üçün ağacdan, qarğıdan, qamışdan, saman-palçıqdan, bir də kələsər məftilindən istifadə olunur...” Bu sətirlər Şərif Ağayarın başqa bir – “Daxal” hekayəsindən olub, həm də nəsrə gəlişini müjdələyən ilk cümlələrdir. Təxminən on il öncə Şərif mətbuatda təzəcə çıxmış “Daxal”ı mənə gətirəndə, oxuyub əməllicə şaşırmışdım; yaxşı mənada. Şeirlərini izləyib, axtarışlarına maraq kəsildiyim imzanın altından nasir çıxmışdı. Yalnız yazıçı nəzərlərinin sezib qələmə ala biləcəyi təfərrüatlardan tutmuşdu məni mətn və bir də: bu təfərrüatlara girib-gizlənə bilmiş soyuq-sakit sevgidən. Çox keçmədi “Kosmos əsrinin gerçəklikləri” adlandırdığı bu sıradan Şərif daha iki oçerkvari hekayə dərc elətdirdi: “Dimanın qeydləri”, “Evimiz”. Birincisi rus dili müəllimi Usubun kənd-yataq yerindən “reportaj”ı tərzində qurulub, qaçqınlıq həyatını nağılçı zamanına sığdırır: yerbəyer, nöqtəbənöqtə (təfərrüat!); ikincisində yenə də, yaxın zaman məsafəsindən təhkiyəçi-qəhrəman qaçqın düşdükləri Evi (və Ev sevgisini!) fokusa gətirir.

Şərif Ağayarın oçerkvari, reportaj-sayağı üslubu barəsində. Əslində necədir: deyək, əsr- əsr yarım əvvəl, məsələn, “Əkinçi”də, “Kəşkül”də, ya “Şərqi-Rus”da getsəydi, bu “oçerklər” bəlkə də o zamanların “məişətimizdən bir şəkil”, “təfriqə”, “lövhə”ləri kimi birbaşa təsvir qatı ilə maraqlı ola bilərdi; halbuki bu deyil, indi bu eləcə: “Kosmos əsrinin gerçəkləri”dir. Yazıçı həmin kompozision vurğunu hər yerdə məhz təzə Ədəbiyyat rakursu kimi daxil və təmin eləməyə çalışır. Təsvir qatında: patriarxal idilliya və bunu aradan qaldırmağa yönəlik maarifçi missiyaya müəyyən yer varsa da; təhkiyə-münasibət qatında başlıcası: göyündə – Kosmos əsri, yerində – həyat sevgisini qəti əsirgəmədən baxtına Savaş düşmüş Azərbaycanı yaşayan insanlardır... Şərif Ağayarın qələmi bu Sivilizasion təzadı şərtləndirən xronotop üzərində gəlişir; zatən bilinməz, soyuq-gizli Qəzəbi də elə burdandır...

Bizdə realist psixoloji və sosial-psixoloji nəsrin son güclü dalğası ədəbiyyata 1980-ci illərdə gəlmiş nəslin: Səfər Alışarlının, Saday Budaqlının, Əlabbasın, Eyvaz Əlləzoğlunun, Nəriman Əbdülrəhmanlının... yaradıcılığında müşahidə olunmuş. Son illərdə əksərinin roman janrında uğurları olsa da, mənim qeydə aldığım qədər: hekayəçilikdə elə də fəal görünmürlər. Əlabbasın “Qaraqovaq çölləri” kitabında (“Adiloğlu”, 2010) getmiş “Qul” hekayəsində köhnə dünyadan çıxmış qəhrəmanı sosial çətinliklər, pul dünyasının basqıları altda görürük; maddiyyatmı – mənəviyyatmı? – dilemması qarşısında olmaq bu insanın real durumunu əks etdirir. “Ədəbi azadlıq” müsabiqəsinə təqdim etdiyi: “Yanaşı masalar” (2010), “Qonşu” (2011) hekayələrində isə Əlabbas iç gərginliyindən yeni-yeni psixoloji situasiyalara düşən qəhrəmanına yumorla yanaşmağa qərar verir; hekayələrdən hasil olan qənaət bu ki: iç səbatını qorumaq milli insanın başlıca şakəridir.

Yaşlı yazarlardan Azər Abdullanın MKM müsabiqəsinə təqdim elədiyi “Mismar” hekayəsi də ustalıqla qələmə alınmış sosial-psixoloji nəsr nümunəsidir.
"Ədəbi Azadlıq-2010" müsabiqəsinin hədiyyələri
"Ədəbi Azadlıq-2010" müsabiqəsinin hədiyyələri
Motivlənmə etibarilə bir qədər Mopassanın “İp” hekayəsinə çəkən əsərdə pul-alver- insanlar arasında laqeydlik-şübhə-inamsızlıq mühitinin hökm sürdüyü zəmində saf mənəviyyat sahiblərinin məhşər ayağına çəkilməsi, uğradığı ağrı-acılar təsvir və düşüncə predmetidir. Son illərdə hekayə janrına daha çox önəm verən və toplu çap etdirmiş (“Ölümlə zarafat”, 2007) Əjdər Olun hekayələrində isə insanlar arasında ən gərgin(ləşən) situasiyalar-münasibətlər-əhvalatlar belə, son halda pozitiv nəticələrlə bitir, müsbət bir enerji hasil olur. “525-ci qəzet”də getmiş “Tütün limanı” hekayəsində (2010) uzaq bir məsafədən (həm zamanca: on beş il altı ay sonra, həm məkanca: Samsundan) yaşanan hadisələr milli insanı (kişi və qadın!) yaxından görməyə vəsilə olur. Heç nəyə baxmayaraq, İnsan məhz daşıdığı işıqla, isti ilə yadda qalır...

Müntəzəm olmasa da, maraq doğuran, bişkin hekayələr müəllifi Rəhim Əliyevin mətnlərində isə, əksinə, insanın altşüurunda gizlənmiş şeytani başlanğıcın bədii tədqiqi hədəfdədir. Bu zaman bir qayda olaraq nə görürük: həmin məqam (şeytanilik) ona qarşı aqressiv olanda daha şiddətlə üzə çıxır, – Ziqmund Freyd belə deyir, - və “Zabitəli kişinin arvadı” hekayəsindən də hasil olan bu ki: heç bir milli müştəbehlik, mənəvi imperativ bunun qarşısını almaq iqtidarında deyil... Hekayəçiliyi son illərdə bəlli olmuş Mirzə Talıbov artıq iki hekayə kitabı çap etdirmişdir: “Portret” (2006), “Kölgə ilə tanqo” (2011). Başlıca olaraq: məhv olmaqda olan XX əsr Bakısının mənəvi siması və ekolojisini hədəfə götürən hekayəçi bunu məhz həmin mühit üçün səciyyəvi portretlərdə (“Dəli Salvador”, “Qulam”, “Ziyarət”, “Zəvvar”) izləyə-aça bilir...

Bugün modern əhatədə qələm işlədən gənclərin klassik realizmə qayıdışı, realist sənətin təcrübəsindən bəhrələnmələri maraq doğurur. Görünür ki: klassik hədəflər yeni cəmiyyətdə də hələ yerində və möhkəmdirlər. Bu baxımdan Natiq Məmmədlinin həssas müşahidələri xüsusən diqqəti çəkir. Nəsimi müsabiqəsində yer almış “Dolma”dan sonra hər hekayəsində: “Balaca məmurun təbriki”, “Ləyaqət düsturu”... – cəmiyyət həyatından düşündürücü bir məqama üz tutub, bədii tədqiqinə girişməsi Natiq Məmmədliyə artıq hekayəçi imici qazandırmaqdadır. Günümüz üçün tipik qəhrəman – “xırda məmur”un faciəsi hekayəçinin ustalıqla ona qurduğu tələyə düşməklə görükməyə başlayır; bu zaman müəllif realist şərtilikdən – hiperboladan istifadə edir, “ipi dartdıqca” hədəf məhz aktuallaşdığı tərəfdən (yaltaqlıq, ləyaqətsizlik) oxucunun nəzərlərinə yaxınlaşır, böyəldikcə “böyüyür”, bütün məğzi ilə, necə var – “olduğu kimi” görünür, ictimai mündəricəsini faş edir. Azca karikaturlaşdırma meyli duyulmasa, yazar, həqiqətən də, cəmiyyət həyatında faciəvi həddə çatan mətləblərə çıxmışdır...

Nəsimi müsabiqəsində üç hekayəsi ilə çıxış etmiş (“General qızı”, “Kişi və qadın”, “Qırmızı”) və qalib olmuş daha bir gənc yazar Cavid Zeynallı da birdən-birə klassik hekayəyə olan iddiası ilə nəzərləri cəlb edə bildi; amma bu hekayələrdən yalnız biri – “Qırmızı” ilə... Doğrusu, ilk dəfə “Kaspi” qəzetində oxuyub-heyrətləndiyim bu hekayənin yazarını sonra başqa mətnlərində axtardımsa da, əfsus, tapa bilmədim; elə bir dəfədən yazılan hekayədə İnsanı tanımaq, ətraf mühitdən arıtlayıb həqiqətinə çıxmaq və sonra da oturub ölümünə ağlamaq var... Uşaqlıq nisgili ilə süslənmiş yığcam bir süjetdə bunu yalnız yazıçı qələmi edə bilərdi... Digər mətnlərində də bu və ya digər qədər görünən gənc yazar, mənimcə, üstqat həyat bilgiləri ilə oynamasa, həyatın bədii tədqiqində israrlı olsa – yey. Uydurma-təxəyyül bacarığı hər yerdə qələmin lehinə işləmir ki; xüsusən də yazıçı istedadı etibarilə həyata sıx bağlı olanda...

Mövzuya bələd olduğum qədər, icmalı buradaca bitirmək istərdim. Bizdə realizm məcrasında yazan, yaxud da buna cəhd edən qələm əhli çoxdur; hətta fəal olanları da var: Eyvaz Zeynalov, Rövşən Yerfi, Arif Qasımov, Alpay Azər (və ola bilsin ki, diqqətimdən yayınmış bir çox başqaları)... – mənimcə, gerçəklərin, cəmiyyət həyatının bu və ya digər mövzu və mənzərələrini vaxtında, ağrı və təlaşla, əzm və narahatlıqla qələmə götürən, diqqətə çəkən hər bir yazarın zəhməti təqdirəlayiqdir; təsviri realizm səviyyəsində olsa belə...

O ki qaldı, realizmin aşağı həddinə, yəni: Ədəbiyyatın sərhədi harda bitib də təqlidə-imitasiyaya-qrafomanlığa-özfəaliyyətə-yaradıcılıq stixiyasına keçir, bu mövzuya ötən yazımda toxunmuşam artıq. Düşünürəm: Tənqidin predmeti – Ədəbiyyatdır; ondan o yanasına Oxucu özü qərar versin...

8-10 noyabr 2011

(ardı var)
XS
SM
MD
LG