Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:19

Əvəz Zeynallı həbsxanadan «Azadlıq»a yazıb…


Əvəz Zeynallı
Əvəz Zeynallı
«Azadlıq» qəzeti 19 noyabr sayında ötən ay həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhbəsdən göndərdiyi məktubu dərc edib. Əvəz Zeynallı yazır:

«Bu ölkəni tək bir adam idarə edir. 18 ildir ki, belədir. «Tək adam» lıq varisliklə keçib. O, özünü Azərbaycanın Tanrısı kimi aparır. Özü bilər, mənim ona deyəcəyim heç nə yoxdur. «Əl-Cəzirə»yə verdiyi uğursuz və bərbad müsahibəyə görə iki yazı yazmışdım, 12 illik ittihamla içəridəyəm. Deməli, yazdıqlarım tam hədəfinə dəyib».

«MƏN HƏR ZAMAN BALIĞIN BAŞDAN İYLƏNDİYİNƏ İNANANLARDANAM»

Həbsdə olan redaktor sonra da yazır:

«Mən hər zaman balığın başdan iyləndiyinə inananlardanam. Bu ölkə başdan-başa tarana və yalana yurd yeri olub - günah İlham Əliyevdədir.

Bu ölkə başdan-başa korrupsiya və rüşvət bataqlığında can çəkişir - günah İlham Əliyevdədir».

ƏVƏZ ZEYNALLI 15 GÜNDƏ HƏBSXANADA NƏLƏRİ GÖRÜB?

Əvəz Zeynallı məktubunda yazır ki, həbsxanada xeyli günahsız insanlar var:
«40 manata görə 9 il, 10 manatlıq kontura görə 10 il iş alanlar var…».

Baş redaktor məktubunun sonunda Rafiq Əliyevin işdən çıxarılmasına da yer verir:

«Rafiq Əliyevin işdən çıxarılması biabırçılığın növbəti həddidir. Yaxşıdır, Vallah, azad söz deyəni susdur, mövqe ifadə edən ziyalını işdən çıxar, haqqı müdafiə edən vəkilə töhmət ver, vəkillikdən uzaqlaşdır. Ölkədə total repressiya havası yaradılır və bu havanın içində hədəflər bir-bir sıradan çıxarılır...».

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. O, rüşvət tələb etməkdə ittiham olunur. İttiham təsdiqlənərsə, onu 12 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG