Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:59

Qəşəm Nəcəfzadə. Realist şeirlər (2)


əvvəli burda


KƏND ŞAIRI

Şeiri cap olunmaz kənd şairinin,
Fikrini kağıza hey bükər, bələr.
Bakıdan qəzetlər ucub gələrlər,
Onun şeirinin yeri ağ gələr.

Sədr də qarnmı verib irəli,
Mənə poema yaz deyir şairə.
Şair də hirslənir sədr də deyir:
"Bunun özü nədi, bunun şeri nə".

Nimdaş paltar geyər gündə əyninə,
Bu şeri at getsin, yüz yol deyiblər.
Baxmayn onun düz yeriməyinə,
Bəlkə də yüz yerdən onu əyiblər.

Arvadı hirslənər kənd şairinə,
Söylənər, ay Allah, taleyim nəsdi.
Ərinin bir sevgi şeri yerinə,
Bir kilo ət olsa, qənd olsa bəsdi.

Bu kənd şairləri arıq, cəlimsiz,
Bakıya gedəndə naşı olarlar.
Onları yad yerdə görməzsiniz siz,
Axırda bu kəndin daşı olarlar.

Neyləyim hec kəsdə insaf görünmür,
Tuta bu şairi cəkə irəli.
Il kecir, şairin boyu görünmür,
Sədr də qarnmı verib irəli.


KƏNDIMIZ

Kəndimizdə palçıqdan və qamışdan
tikilmiş dükanın qabağına iri hərflə
yazılmış “nisyə mal verilmir” sözü
ən ağır söyüşdü.
Heç kəs bu söyüşü dükanın
Qabağından poza bilmirdi.
Çünki onu satıcı deyil
Zaman öz əlləri ilə yazıb.
Mən uşaq olanda kənd dükanları
Buradakı evlərin ən etibarlı
qonşusu idi.
Indi o dükanlar köçüb
Yerinə yad dükanlar gəlib.
Qabaq bu kənddə söyüş söyüləndə
qan düşərdi,
Indi kənd bu boyda söyüşü
boynuna götürüb
Heç söz də düşmür.
Deyəsən bu söyüş adamları
qovub salıb evlərinə,
Qapını da çöldən bağlayıb.
Dükanın qabağında
Gözümə heç kəs dəymir.


8 MAY 1992

Bir sözlə,
indiyə kimi yazılan vətən şeirləri
vətənə xəyanət hesab edilsin.

Əvvəlcə şeirlər yan - yana düzülsünlər
Onları şəhid balaları güllələsinlər.
Sonra
dərsliklərdən həmin vərəqlər cırılsın
Şeirləri əzbərləyən müəllimlər
dəyişdirilsin
Oxucular nəzarətə alınsın
Kurslar təşkil edilsin
Uşaqlar vətən şeirindən
xilas edilsinlər.

Sonda təklifim var
Həmin şeirləri yazan şairlər
Vətəndən üzr istəsinlər.


AY VƏTƏN

Təndir çörəyini kökə elədik,
Torpağını seçdik bölgə elədik.
Böldük səni tikə - tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!

Səni vurduq sonra sözlə bələdik,
Körpəlikdən babamıza bələdik.
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay Vətən!

Şer yazdıq, bəlkə təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq.
Indən belə başımıza əl çalaq,
Əli - ələ çalan ölsün, ay Vətən!

Mən bilmirəm axşam nədi, gün nədi?
Qız- gəlinin əsir- yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki ...
Indən belə şer vaxtı deyil ki,
Bu şeri yazan ölsün, ay Vətən!


BU GECƏ ITLƏRI GÜLLƏLƏDILƏR

Başçı küçədəki itlərə baxıb,
Yanında durana nə isə dedi.
Hər şeyi birinci duyan alabaş,
Bu gizli qorxunu hiss eləmədi,
Bu gecə itləri güllələdilər.

Üç qorxaq balaydı, biri anaydı,
Üçü dümağ idi, biri qaraydı.
Götürdü küçəni hay- harayları,
Qaldı küçələrdə çörək payları,
Suları ağlaya - ağlaya qaldı.
Küçəni süpürən qoca qadın da
Balaca üzünü ovcuna aldı-
Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,
Asfalt döşəməyə səpələnirdi.
Uşaqlar yuxudan oyanırdılar,
Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,
Asfaltın üstündə can verən ürək,
Allahı çağırdı, Allah baxırdı...
Allah eşidirdi, Allah bilirdi...
Çöldə taxılımız göyərməyirdi...
Itlərin səsləri göyə çıxırdı,
Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,
Sevdiyi torpaqdan qopa bilimirdi.
O yana - bu yana qaçırdı itlər,
Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,
Torpaq indən belə qan bitirəcək.
Ayağımız altda qalan çörəyi,
Görəsən küçədən kim götürəcək?!


TƏƏCCÜB

Bakıda ən hündür binalara
cinayət işi açılsın
Kasıblar bircə otağını
Ala bilmədiyinə görə.
Işinə Ali Məhkəmədə baxılsın,
Bir uşaq yellənçəyini
sındırdığına görə.
Şəhər uca binaları ilə deyil,
Geniş küçələri ilə sevinir.
Küçələr hündür binaların
yanından yavaş keçir,
neyləsin, utanır
axsadığına görə.
Məni o yandırır ki,
ən hündür binalar
əlini belinə qoyub
qumsallıqda oynaşan
qonşu həyətin kasıb uşaqlarına
həqarətlə baxır.
Bir uşaq da gözlərini qıyıb:
-Bu binalar başqa yerdən gəlib – deyir.


ÇƏTIN IŞ

Tutaq ki, biz Qarabağı aldıq
Bəs onda ATƏT neyləsin.
Pulu nəynən qazansın,
Adamların hara yollasın?

BMT-nin, ATƏT-in
Qılığından necə keçək?
Üzlərinə necə baxaq?
Bir Qarabağdan ötrü
Onları işsizmi qoyaq?


TAPŞIRIQ

Vətəni sevmə oğlum
Silah tutmağı öyrən
Silah tutmağı öyrən!
Şer əzbərləmə, oğlum
Güllə atmağı öyrən
Güllə atmağı öyrən!

Bu döyüşdə Qırat yox,
Durat yox
Tankı sürməyi öyrən, oğlum
Tankı sürməyı öyrən!
AZTV- yə öyrəşmə
Hərbin sirrini öyrən, oğlum
Hərbin sirrini öyrən.

Qoy sinəndə qoşma,
təcnis soyusun
Sazı saxla sonraya
Sarı simllər uyusun.
Düşmən dilini öyrən, oğlum
Düşmən dilini öyrən!

Bu döyüşdü, silahına uyuş bir
Düşmən çoxdu silah birdi,
qayış bir
Avtomatın tətiyinə yığış bir,
Dərə dilini öyrən, oğlum
Dərə dilini öyrən!
Təpə dilini öyrən, oğlum
Təpə dilini öyrən!

Qəzetləri oxuma,
təpələri vərəqlə
Döyüş sevgini sevmir
Burda sevgini gizlət.
Əsmə, əsmə hər
duyğunun dalınca,
Döyüş düşünməkdi
Burda ağlını işlət.
Dağ almağı öyrən, oğlum
Dağ almağı öyrən!
Sağ qalmağı öyrən, oğlum
Sağ qalmağı öyrən!


ŞƏRQ

Göydən şərq yağır şərq şərq şərq,
Özü də bərk yağır bərk bərk bərk.
Qorxuram şərqdən
Qorxmuram qərbdən.
Bombalar yerə düşür
Od kimi şərq çıxır yerdən.
Avtomatlar şaq, şaq
Güllələrin altında
Namazının üstündə
Şərq oxuyur, Şərq.

Hələ ki şərqin səsi sukutun içindədi
O səsini sükuta büküb
saxlayır.
Saqqalını sığallamaq
qədər səbr edir.
Amma yarımsaqqal Qərb
Şərqin sukutunu çimdiklər.
Səsli-küylü Avropa
Bu sukuta hirslənər.
Tələbə Avropa Şərq müəlliminin
saqqalına sataşar.

Şərq gülümsəyər
Avropa çaşar.

Öz keçmişini yamacına
dirsəklənib Şərq
baxır gələcəyə.
Amma qərb
dinc saxlamayıb əlini
Şərqə daş atdı
Hələ də şərqdən
keçmiş yağır dünyaya.
indi Avropa
Şərqin keçmişinin
altında qalıb.

Şərq gülümsünür
Qərb təəccüblənir.


INFARKT

Sol döşünüzüm altındakı sancı
Həyat mənzərəsidir.
Ona görə də sol mədəciyin
hərəkət qüvvəsi ilə
Beyninizin surəti
arasındakı fərq,
Köksünüzə sancılmş
nida işarəsidir.

Beyninizin istehsal etdiyi zaman
ürəyinizin tac damarlarında
tıxac yaradan vaxtdır.
Belə də düşünmək olar,
Sadəcə ürəklə beyin arasında
zaman çatışmazlığı var.


ARITMIYA

Cənab, səhiyyə naziri
Bizim şəhərdə aritmiya var.
Diqqətdən qaçırmayın
Işləmir xəstəxanalar.

Adamların üzünə baxıram payız-
Ritm pozğunluğunun havasıdır.
Siz həkimsiniz, bilməlisiniz
Unutmaq işemiyanın növüdür
Bunu əvvəlcədən
düşünməlisiniz.

Sıx binalar tıxac
Bir sözlə, stenokardiya.
Məmməd Əmini unutduq
Başladı taxikardiya.

Laqeydlik səyrici aritmiyadır,
Birdən şəhər ritmləri
musiqi notları kimi itir.
Yelmarın ölümü
ən kəskin ritm pozğunluğu-
Şəhər hələ də nəbz kəsirini
düzəldə bilmir.

Müasirliyin tez-tez Içərişəhəri
çimdikləməsi
Bakının ozan sinirinə toxuna bilər.
Ən hündür binaların
qan təzyiqi qəflətən düşər,
Bina yıxılar.

Bakının ən böyük bəlası unutmaqdı
Unutduqca içindən ritm düşər.
Adamların yerişindən
addım kəsilər.
Baş küçələr faytonları yuyar.
Müğənnilərin səsində bir avaz çatmaz
Zənguləsindən bir tel itər.
Qız qalası ürəyindən
nəbz kimi sürüşər,
Daşından bir toz qopar.
Yağışından bir damcı əksilər,
Qadını uşaq doğmaz.

Bakının biləyi
şəhər merinin əlində,
Baxır...
Ritm kəsirlərini sayır
Bina yerləri kimi,
Sağalmağa güman yoxdur.


SUAL

Qərib Vətən Vətən deyirsə
Bəs onda qürbətdə ev tikməyi nədi?
Koroğlu Koroğludursa
Bəs qaçıb dəyirmana
girməyi nədi?
Şair cəlladı qamçılayırsa
Bəs sonra cəlladla
Yanaşı durmağı nədi?


QARA GÜNÜN ÇƏKILIŞI

26 fevralda qalın geyinin
yaxşıca yeyin.
Video kameraları sazlayın
senarilər yazın,
Adamları Xocalıdan xatirə
danışmağa çağırın
Palto geyinsinlər
Yan-yana düzülsünlər.
Hümay arvadı tapın
O danışsın, camaat ağlasın,
Axırda bir dənə bayatı desin
Sabaha ümidli olduğunu
söyləsin.
Işıqlı evdə yaşadığını desin
Icra başcısından
razılıq eləsin.
Qoca kişiləri gətirin
saqqallarındakı ağ işığı
çəkin,
Bir az başıaşağı çəkin
Qəmli-qüssəli çəkin.
Imişlidə dəmiryolu
vaqonunda yaşayan
Gülgəz arvadı axtarın,
tapmasanız keçən ilki lenti
təkrar göstərin.
-Necəsən, xala?
-Yaxşıyam, bala
-Bəs kişi hanı?
-Xocavənddə öldürdülər
başına dönüm.
-Bəs oğlun hanı?
-Şuşada öldürdülər
başına dönüm.
-Bəs qızın hanı?
-Xocalıda əsir düşdü
başına dönüm.
-Indi özünü necə
hiss eləyirsən?
-Çox yaxşıyam
başına dönüm.
Bu səhnəni televiziyanın
qızıl fonduna salın.
Adamlara danışmaq öyrədin,
Xocalıdan xatirə danışdırın
Günahgarı söydürün.
Kadrlara meyid şəkilləri salın,
Şəhid analarına söz verin.
Işğal olunmuş rayonların
icra başcıları ilə məsləhətləşin,
Yaxşı danışa bilənlərin
siyahısını onlardan alın.
Deputaları qabağa verin,
Yanlarına qaçqınları düzün.
lap axırda soyuqdan
donmuş bir uşaq ayağı çəkin!


SIQARET QUTUSUNA YAZILMIŞ AYBAŞI ŞEIRI


60 manat maaş
ondan çıxaq
-13 manat qaz pulu
-10 manat işıq pulu
-4 manat su pulu
-10 manat nalox pulu
-5 manat zibil pulu
-2 manat pox pulu
-6 manat telefon pulu
------------
aybaşı 100

toy-
yas-
sanotoriya-
kabab-
restoran-
------------
aybaşı 00

qənd nisyə-
çay nisyə-
ət nisyə-
-------------------
aybaşı 100 manat

100 manat iş yoldaşım Əlidən borc
80 manat qonşudan borc
20 manat butkadan borc
25 manat dostumun dayısı oğlu
Yaqubdan borc
10 manat puxaltırdan borc
------------
aybaşı 235 manat


VƏTƏN HAQQINDA ƏN YENI ŞEIR

Vətən onda vətən olur ki,
gərək vətəndə evin olsun,
Evində mebelin olsun,
Arvad- uşağın olsun,
Heç olmasa özünə aid
bir qarış torpağın olsun.
Vətən onda vətən olur ki
gərək nazirin oğlu ilə
əsgər yoldaşı olasan.
Vətən onda vətən olur ki
pulsuz televizora çıxıb
bir-iki ağız oxuyasan.
Vətən onda vətən olur ki
ayda bir milyon manat
maaş alasan.
Pul yığasan maşın alasan
Sonra bağ evi alasan
Sonra oğluna ev alasan
Axırda oğluna maşın alasan
lap tükan tikdirəsən
tükanın yerini
pulsuz ala biləsən.
Vətən onda vətən olur ki
Göy gölə getməyə pulun ola.
Vətən onda vətən olur ki,
vətən də sənin qeydinə qala.
Vətən onda vətən olur ki,
adam olduğunu
hiss eləyəsən.
Axırda bu vətənin
lap uğrunda öləsən,
“uf “deməyəsən.


ƏDƏBIYYAT DƏRSI

-Sakit olun, sakit olun uşaqlar,
əyləşin.
Nədən başlayaq?
- lətifə nüəllimə, fond pulundan
- Aysel, gətirdin fond pulunu?
Müəllim, yarısını gətirmişəm.
- Otur yarısını sabah gətirərsən
(valideyinin canı cıxır pul verməyə)
- Murad, sən?
- Müəllimə, atam evdə yox idi.
- Ədə, atan ölsün,
Müəllimlər günündə
pul vermədin bir,
Ad günümdə
pul vermədin iki,
Direktorun ad günündə
pul vermədin üç,
8 Mart Bayramında
pul vermədin dörd,
Süpürgə pulunu
verməmisən beş,
Sonra deyəcəksəm mənə beş...
beş ver.
Atan oxumağına
fikir vermir sənin,
Ananın ətri küçədə
adam yıxır,
Indi fond pulu verməyə
canı çıxır?
- Bəs Nazilə ,sən?
- Sabah gətirəcəyəm.
- Niyə, Nazilə, niyə?
Məktəbə hörmətiniz budurmu?
Ikinci rüb beş verdim qudurdun?
Mini yubka geyib göyə çıxdın?
Utanıb ölmürsən, döşün baş yarır
Məktubunu tutmağım
yadından çıxıb?
Görüm oğlanın olsün,
ərə getməyəsən.
Universitet üzü görməyəsən.
Bura məktəbdi eey Nazilə,
ev deyil.
- Sadiq, sən gətir tez ol.
- Müəllimə, yoxumuzdu.
- Mənim qan təzyiqim var,
Sadiq, tez ol.
-Müəllimə, yoxumuzdu.
- Sadiq, başım ağrıyır tez ol.
- Urra! Urra!
- Zəng! Zəng!
- Müllimə, Ədəbiyyatdan
dərsimiz nə oldu?
-Keçmiş dərsimiz nə idi?
- Almaz Ildırımın həyatı, müəllimə!
- Indi bir vərəq çevirin.
- Çevirdik, müəllimə.
- Nə görürsünüz?
- Əsir Azərbaycan
- Əzbərləyin.


VƏTƏNPƏRVƏRLIK

Vətəni tərifləməklə çörək yedik
Vətənə yalvarmaqla maşın aldıq.
Başına dönüm deyib
Təzə kostyum geydik.
Qırmızı kalustuk bağladıq
Göyçək-göyçək arvad aldıq,
Varlığa nə darlıq
Ikisini aldıq.
Vətən, vətən deyə
Özümüzə ev tikdik,
Varlığa nə darlıq
Ikisini tikdik.
Vətəni tərifləyə - tərifləyə
Arvada üzük aldıq.
Qızımızı yaxşı kişinin
Oğluna verdik,
Oğlumuza yaxşı kişinin
Qızını aldıq.
Vətən, vətən deyə
Vurub vətənini
O biri oğlunu öldürdük.
Vətən, vətən deyə
Vətəninin o biri
Oğlunu tutdurduq.
Vətən xaini deyib
Kalan pulunu qopartdıq.
Vətən özümüzünküdü deyə
Oğlumuzu əskərlikdən
saxlatdıq.
Vətən, vətən dedik
Bizi deputat elədi.
Oxumaq, işləmək havayı işdi,
Allah bərəkət versin
Vətən ən yaxşı dolanışıq
yeridir.


REALIST

Qəflətən
Azdramanın səhnəsinə çıxıb
Bütün qəhrəman obrazları
Güllələmək keçir könlümdən.
Baş rolda Ələbbas Qədirov
oynasa belə,
rejissoru Bəhrəm Osmanov
olsa belə.
Bu ildə yenə
Xocalının ad günündə
Azdramaya getdik.
Xocalı faciəsinə
tamaşa elədik.
Oğlum səhnəyə baxıb dedi:
-Ata, bura televizorun içidi?
Xocalı uşaqlarının soyuqdan
donduğunu görəndə
uşağımızın poltosunu
yaxşıca düymələdik.
Əlinə peçeniye verdik,
Üzündən öpdük
Başını sığalladıq.
Arxamızda qalın geyinmiş
Xocalının Icra Başcısı
oturub.
Maşallah çox yaxşıdı.
Əgər tapançam olsaydı
səhnəni tamaşaçı salonuna
salonu səhnəyə çevirərdim bu saat,
Ən birinci özümü güllələyərdim.
Mənim içim Xocalıdı,
Səhnədəki xocalılar
oyunlarını yarımçıq
qoyub zala baxardılar.
Mənim gözlərim uşaq gözləri
kimi ölür,
Ayaqlarım uşaq ayaqları kimi
donur,
Bax sinəm uşaq sinəsi kimi balacadı.
Yanımdakı tamaşaçıların
daz başları
Ağdamın balaca təpələri kimi
qoymur məni
o üzə aşım.
Başlarındakı tək-tək tüklər
tikan kimi əlimə batır.
Icra başcısı çiynimdən
tutub bərk - bərk basır aşağı:
Mən sənin icra başcınam
Sən burda ölməlisən.
Çölə çıxsan
Prezident deyər
Xocalını kim buraxıb şəhərə,
Məni işdən çıxardar.
Xocalı gərək öz yerində
Şəhid olsun...
Ay camaat
Mən öz yerimdə ölürəm eeyy...

1993- cü il
XS
SM
MD
LG