Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:41

Azərbaycan yazarı kitabının Avropada çapı üçün neyləməlidir?


Azeri poet Narmin Kamal (R)
Azeri poet Narmin Kamal (R)

Nərmin Kamal Vyana Kitab Sərgisində "Oxu zalı" üçün müsahibələr alıb. Onun ilk müsahibi avstriyalı naşir Annette Knocha-dır.

“Droschl” ədəbiyyat nəşriyyatının rəhbəri Annette Knocha zəng edəndə o, noyabrda keçirilən Vyana Beynəlxalq Kitab Sərgisinə, nəşriyyatın stendi önünə görüş təyin etdi.

Bu sərgi 11-ci ildir ki, keçirilirdi. Rusiya, Səudiyyə Ərəbistanı, Almaniya, Avstriya, Şərqi Avropa ölkələrindən olan nəşriyyatların stendləri arasından keçib “Droschl”-a yaxınlaşıram.

Avstriyanın 200-ə yaxın nəşriyyatı arasında məhz bu nəşriyyatı həm yalnız bədii ədəbiyyat nəşr edən böyük nəşriyyat olduğuna görə, həm də təkcə almandilli deyil, xarici müəllifləri də nəşr etdiyinə görə seçmişəm.

Bu tipik Avstriya nəşriyyatı haqda qalan məlumatları "Oxu zalı"na Anette Knoch özü deyəcək:



- “Droschl” yalnız bədii ədəbiyyat nəşr edir, lakin bizim belə bir süzgəcimiz var: alman dilinin əsərdə necə işlədilməsi! Biz nəşrə kitab qəbul edərkən dilə və üsluba diqqət edirik. Hekayət necə nəql olunur, müəllif hekayəti nəql etmək üçün dildən necə istifadə edir.

Bizim hədəfimiz hansı hekayənin nəql olunması deyil, hər hansı hekayənin nə cür nəql olunmasıdır. Yazar hekayəsini danışmaqdan ötrü hamımızın bildiyi alman dilinin orbitində ÖZ dilini necə tapır.

Nəşriyyatımızın təxminən 30 yaşı var. Əvvəlcə biz yalnız alman ədəbiyyatını nəşr edirdik, beş il belə keçəndən sonra qərar qəbul etdik ki, əcnəbi dillərdə yazılmış əsərləri də nəşr edək. Lakin bu zaman qarşımıza “Gəl Fransadan bir əsər nəşr edək”, “Gəl Ukrayna müasir ədəbiyyatı ilə maraqlanıb oradan bir əsər seçib çap edək” kimi məqsədlər qoymadıq.

Nəşrə əsər qəbul edərkən onun hansı dövlətdən, hansı ekzotik ölkədən olması bizim üçün maraqlı deyil, məqsədimiz macar, bolqar və başqa dillərdən əsər tərcümə etmək deyil, bizi konkret müəlliflər, konkret şəxslər maraqlandırır.

Hədəfimiz ölkələr deyil, şəxslərdir. O şəxs hər ölkədən ola bilər. Stendimizdə bir çox dillərdən tərcümə olunmuş kitablar görə bilərsiniz. Burada ispan, ingilis, fransız, italyan, isveç, norveç dillərilə yanaşı macar, Ukrayna, hətta Koreya dilindən də tərcümə olunmuş romanlar var. Gördüyünüz kimi, biz dünyaya açığıq…

- Elə buna görə sizinlə görüşmək istədim. Bəlkə Azərbaycan dilindən də kitablar tərcümə etmək sizin işiniz ola bilər.

- Elə onu deyirdim... Biz hər dəfə xarici ədəbiyyat nəşr edəndə məqsədimiz ölkə olmur, bu gün filan ölkədən kitab nəşr edək, sabah o biri ölkədən olan yazıçını, birisi gün Azərbaycan ədəbiyyatı ilə maraqlanaq, görək orada nə var… Əksinə, biz hər dəfə şəxsi, yazıçını axtarırıq. Ukraynalı müəllifi nəşr etmək qərarı verərkən oradan iki-üç yazıçı nəşr etmək məqsədilə yola çıxmamışdıq, bizi Ukrayna ilə ədəbi əlaqələr qurmaq maraqlandırmır, Ukrayna ədəbiyyatında nə proseslərin getməsi qayğılandırmır. Biz sadəcə konkret
Vyana Beynəlxalq Kitab Sərgisinin stendləri
Vyana Beynəlxalq Kitab Sərgisinin stendləri
ukraynalı müəllifi bəyənmişik və nəşr etmişik. Bir sözlə, məqsədimiz Nigeriya ədəbiyyatı deyil, konkret bir yazıçıdır. O yazıçını tərcümə edirik.

- Tutalım, Azərbaycanda bir müəllifin eynilə nəşr etdiyiniz digər xarici müəlliflər kimi, marağınızı çəkə biləcək qədər gözəl ədəbiyyat dili var. Lakin alman-Azərbaycan dilləri üzrə bədii tərcüməçilər yoxdursa, həmin müəllif öz əsərini sizə ingilis və ya rus dilində təqdim edə bilərmi?

- Demək, Azərbaycan dilindən alman dilinə bədii ədəbiyyat tərcüməçisi tapmaq sahəsində çətinliklər var. Aydındır. Amma biz başqa dillərdə əsər qəbul etmirik, yalnız almanca, çünki bizim fokusumuz dildir, alman dili. Əgər siz ailə romanı, detektiv və ya vurğusu süjetə, hekayətə salınan başqa bir şey yazmısınızsa, almandilli ölkələrdə elə nəşriyyatlar var ki, onları ingilis dilində də qəbul edərlər. Var belə nəşriyyatlar. Məsələn, “Residenz Verlag” mən bildiyimə görə, ingilis dilində də əsər qəbul edir, təki süjet, hekayət bəyənilsin. Sonra özləri alman dilinə tərcümə etdirirlər. Lakin bizim nəşriyyat xüsusidir, fokusumuz xüsusidir, bizə yalnız alman dilində əsər təqdim etmək olar. Dil və üslub üzrə ixtisaslaşmış nəşriyyatıq. Bəlkə mən sizə həmin nəşr etdiyimiz xarici müəlliflərin bizə necə baş vurduğunu deyim?

- Maraqlıdır.

- Bütün hallarda tərcüməçi özü almandillidir, Almaniyada və ya Avstriyada yaşayır, həmin xarici dili öyrənib. O, bizə məsələn, bolqar və ya Ukrayna dilindən tərcümə etdiyi əsəri təklif edir. Biz həmin tərcüməçilərin necə işlədiyini bilirik, onların işinə etibar edirik.

Ədəbiyyat agentlikləri ilə də işləmək olar, lakin agentliklər adətən ingilisdilli mətnlər göndərirlər. Mən Ukrayna dilini, yaxud bolqar dilini, macar dilini bilmirəm, nəşriyyatımızda bu dilləri bilənlər yoxdur. Yalnız həmin tərcüməçilərin sayəsində bu nəşrlər və əlaqələr baş tutur.

- Deməli, yaxın illərdə sizin nəşriyyatda Azərbaycan dilindən tərcümə olunmuş əsər nəşr olunmayacaq.

- Almaniyada və Avstriyada bir çox dillər üzrə ədəbiyyat tərcüməçisi yoxdur. Bu, bizdə problemdir. Azərbaycan dili də bu sıradadır. Bir daha deyirəm ki, bir nəşriyyat olaraq, bizim üçün alman dilində əsər oxumaq vacibdir.

- Avstriyanın bugünkü ədəbi həyatını necə qiymətləndirirsiz?

- Avstriyada ədəbi həyat rəngarəngdir. Burada oturuşmuş, yaxşı ənənələri
olan ədəbiyyat, dünyada tanınan müəlliflər var. Friederike Mayröcker, Elfriede Yelinek kimi imzalar gözümün qarşısına gəlir. Gənc nəsl daha rəngarəngdir. Hər janrda, hər üslubda yazan var.

Ədəbiyyat mükafatları ədəbi həyatda vacib rol oynayır. Yazıçıların fikrincə, bizdə ən yaxşı ədəbiyyat mükafatı Ingeborg Bachmann mükafatıdır. Bachmann həyatının böyük hissəsini İtaliyada yaşayıb, sonda elə Romada öz yataq otağındaca müəmmalı şəkildə yanaraq ölüb.

Dediyim mükafat onun xatirəsinə yaradılıb. Avstriya ədəbi həyatı haqda çox şey danışmaq olar, amma mən bir azdan nəşriyyatımızın əlinizdə tutduğunuz kataloquna daxil olan macar, bolqar, Ukrayna və digər dillərdən almancaya tərcümə olunmuş kitablar haqda çıxış etməyə hazırlaşıram, buna görə də fikrimdə o mövzudur.

- Bəs sizin nəşriyyatla “Lichtungen” adlı bu jurnal niyə eyni köşkdə yerləşir?

- Yaxşı yadıma düşdü, “Lichtungen” jurnalının baş redaktoru Dr. Markus Jaroschka gələn il Ermənistan və Azərbaycana getməyi planlaşdırır. Bu jurnal bizim nəşriyyatda nəşr olunur.

Yaxşı münasibətlərimiz var. Ona görə burada da bir yerdəyik. Jurnalın hər sayı bir başqa ölkənin ədəbiyyatına həsr olunur. Buyurun, bu da Markus Jaroschkanın visit kartı.

Nərmin Kamal
XS
SM
MD
LG